Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1260/2021 05.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(074)-939/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, pensiyasından saxlanmış 120 manatın geri qaytarılması, cavabdehdən xeyrinə 380 manat miqdarında ona dəymiş maddi zərərin əvəzinin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.05.2018-ci ildə pensiyaya çıxmışdır. Pensiya ilə əiaqədar olaraq 06.11.2019-cu ilədək məhkəmələrdə sürünmüşdür. İndi də 01.04.2016-cı ildə qapanmış, 2015-ci ilin məhkəmə əmri ilə əmr icraatı qaydasında pensiyasından 120 manat pul saxlayırlar. Səbəbkar DSMF-nin Şamaxı rayon şöbəsinin işçisi Cavabdehdur. Ona poçtla məktub göndərib xahiş etsə də faydası olmamışdır. Sonra elektron poçtla tələbini etmişdir. 29 iyun 2018-ci il tarixli 1222-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Prosessual Məcəlləsinin 276.2.2 maddəsinə dəyişiklik edilmişdir. Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Yəni, qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq müəyyən tələblər əmr icraatı qaydasında tələb edilə bilməz. Cavabdeh məqsədi nədir deyə bilməz, amma bu adam elə bil ki, öhdəlik götürüb ki, pensiya almağını ona haram etsin. Guya ki, icra məmuruna deyə bilmirdi ki, məhkəmə əmr icraatı ilə pul tələb etmək ləğv olunub, məhkəmə qərarı gətir, icra edim. Cavabdeh məhkəmə əmri ilə məhkəmə qərarını birbirindən fərqləndirə bilməli idi. Xəbər olmadan pensiyasından pul saxlatması (həm də 16 martda) heç bir məntiqə sığmır. Qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Cavabdeh tərəfindən ona dəymiş maddi zərəri 380 manat miqdarında dəyərləndirir. Odur ki, pensiyasından saxlanmış 120 manatın geri qaytarılması, cavabdehdən xeyrinə 380 manat miqdarında ona dəymiş maddi zərərin əvəzinin tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, İddiaçı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini cavabdehin hazırkı tələb üzrə cavab verməli olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli 2(074)-1689/2015 saylı məhkəmə əmrinə əsasən, xx.xx.1954-ci ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan İddiaçı ünvan 1 ünvanında yerləşən “xxxx” KB ASC-nin xeyrinə, 259.23 manat əsas, 31.42 manat faiz, 1.22 manat cərimə, cəmi 291.87 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması əmr edilmişdir. İş materiallarında olan xxxx KB ASC tərəfindən Şamaxı rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 29.01.2020-ci il tarixli sənəddən görünür ki, icraatınızda borclu İddiaçı “xxxx" KB ASC-nin xeyrinə kredit borcunun tutulmasına dair Şamaxı rayon məhkəməsinin 2(074)- 1689/2015 saylı, 23.10.2015-ci il tarixli icra vərəqəsi vardır. Tərəfimizdən müəyyən olunmuşdur ki, DSMF-nin Şamaxı Rayon Şöbəsindən təqaüd alır. Hal-hazırda qalıq borc 99.76 manat təşkil edir. Odur ki, “İcra Haqqında” AR Qanununun 24.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq icra sənədini borclunun əmək haqqından (digər gəlirlərindən) birdəfəlik və ya vaxtaşırı tutmalar aparılması üçün iş yerinə göndərməyinizi və həmin Qanunun 24.2-ci maddəsinə əsasən gələcəkdə icra vəziyyətini yoxlamağınızı Sizdən xahiş edirik. Tutulacaq məbləğ aşağıda göstərilən hesab nömrəsinə köçürülməlidir. İş materiallarında olan DSMF-nin Şamaxı rayon Filialının 06 noyabr 2020-ci il tarixli, Şamaxı rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Şamaxı rayon Sabir qəsəbə sakini İddiaçı Fondun Şamaxı rayon filialından yaşa görə 270.75 manat əmək pensiyası alır. Şamaxı rayon İcra və probasiya şöbəsinin 03.01.2020-ci il tarixli 387/1 saylı icra vərəqinə əsasən “İcra haqqında “ Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə borclu İddiaçı aldığı əmək pensiyasından 2020-ci ilin mart ayı üçün ödənilmiş məbləğdən 99.76 manat xxxx KB ASC-nin hesabına, 21.83 manat isə icra və probasiya şöbəsinin hesabına cəmi 121.59 manat tutularaq köçürülmüşdür. Bu barədə İddiaçı dəfələrlə izahat verilmişdir ki, əmək pensiyasından tutulan məbləğ Şamaxı rayon İcra və probasiya şöbəsinin 03.01.2020-ci il tarxiii 387/1 saylı icra vərəqinə əsasən tutulub. Lakin buna baxmayaraq o, bir dəfə də olsun Şamaxı rayon İcra və probasiya şöbəsinə müraciət etməmişdir. İşdən görünür ki, İddiaçı pensiyasından 120 manat məbləğində pulun və ona cavabdeh tərəfindən 380 manat zərər dəydini iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi iddiaya cavab verməli olan şəxsə qarşı yönəldilməmişdir. Məhkəmə əmrinə əsasən verilmiş icra sənədinə əsasən iddiaçının pensiyasından tələbkar “xxxx” KB ASC-nin hesabına 99,76 manat, 21,83 manat isə İcra və Probasiya şöbəsinin hesabına köçürülməlidir. Göründüyü kimi iddiaçıdan tutulmalar tam qanuni əsaslarla tutulmuşdur. Odur ki, iddia tələbi istər 120 manat məbləğində pulun tutulması, istərsə də 380 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi əsassız olduğu və eləcə də zərərin tutulması hissəsində iddia ona cavab verməli olan şəxsə qarşı verilmədiyindən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı rayon məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1260/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1260/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver