Məhkəmə qərarları › İş №2(105)-1261/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1261/2025

25.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1261/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X10 və X8 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh, nümayəndəsi Nümayəndə3 və nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-74/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli RX ******* saylı olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən İddiaçı məxsus 0,08 ha torpaq sahəsinin 56 kv.metr, yəni 0,0056 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması, 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Qobu qəsəbəsi ərazisində mülkiyyətində 0,08 ha torpaq sahəsi vardır. X7 adına həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən ƏMDK yanında DƏDRX tərəfindən RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017ci il tarixli çıxarış verilmişdir. Bu torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi Dairəsi tərəfindən A 150821 nömrəli, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Daha sonra bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ƏMDK yanında DƏDRX tərəfindən RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarış Asiya Qafarovanın nəvəsi İddiaçı adına verilmişdir. 2023-cü ilin əvvəlində qardaşı Nümayəndə1 ilə torpaq sahəsinə baş çəkdikdə torpaq sahəsinə girilərək qanunsuz tikinti işlərinin aparıldığını görmüş, tikintinin sahibini maraqlandıqda həmkəndlisi Cavabdeh olduğunu öyrənmiş, Cavabdeh və sonuncunun oğluna tikintinin qanunsuz olduğunu, tikintinin bir hissəsinin onun torpaq sahəsinə girdiyini bildirmiş, Cavabdeh və oğlu isə tikintini dayandıracaqlarını və qanunsuz tikilini sökəcəklərini bildirmişlər. 2023-cü ilin avqust ayında torpaq sahəsini yoxlamaq üçün getdikdə tikintinin davam etdiyini, hətta torpaq sahəsində 2 mərtəbəli ev tikildiyini görmüşdür. Cavabdeh iradını bildirdikdə, sonuncu tikintini sökməyəcəyini, torpaq sahəsindən çıxmayacaqlarını bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş peyk görüntülərindən görünür ki, Cavabdeh məxsus qanunsuz tikili faktiki İddiaçı qanuni mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmişdir. Müəyyən edilmişdir ki, qanunsuz tikilinin İddiaçı mülkiyyətində olan torpaq sahəsindəki hissəsi eni 3,5 metr, uzunluğu 16 metr olmaqla, ümumilikdə 56 kv.metrdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-74/2025 saylı qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, RX ******* saylı, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin 50 kv.metrində Cavabdeh tərəfindən inşa olunmuş tikili (fərdi yaşayış evinin şimal istiqaməti) cavabdehin hesabına sökülməsi, həmin ölçüdə torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pulun Cavabdeh tutularaq İddiaçı qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan cəmi 100 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışa və A 150750 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq torpaq sahəsinin naturada öz yerində olduğu, lakin 50 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Mütəxəssis və ekspertiza rəylərinə əsasən təsdiq olunur ki, İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə Cavabdeh məxsus tikilinin (fərdi yaşayış evinin şimal istiqaməti) koordinatları ilə üst- üstə düşən hissəsi 0,0050 ha (50 m2) təşkil edir. İddiaçıya məxsus hüquq müəyyənedici sənədlər hazırda qüvvədədir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsi, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(012)-74/2025 saylı qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırmışır ki, hazırkı məhkəmə mübahisəsi ilə əlaqədar Abşeron Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkil Nümayəndə2 ilə xx.xx.2025-ci il tarixdə müqavilə bağlamış, məhkəmədə təmsilçiliklə bağlı etibarnamə vermişdir. Lakin xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsindəki proseslə təxminən eyni vaxtda etibarnamə üzrə nümayəndəsi və vəkilinin Bakı şəhəri Səbail Rayon Məhkəməsində əvvəlcədən təyin olunmuş, cinayət işinə dair yekun məhkəmə prosesi də olmuş, təxirə sala bilməmişdir. Həmçinin işlə tanış olmaq üçün hakimdən vaxt verməsini, iddiaçı ilə barışıq əldə edilməsinə dair danışıqlar həyata keçirmək istədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:40-a təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməmişdir. Lakin məhkəmə barışıq sazişinin bağlanması, həmçinin vəkilimin işlə tanış olması üçün ona müddət verməmiş, iclasda onun iştirakının təmin olunması üçün prosesi təxirə salmamışdır. Məhkəmə barışıq əldə edilməsi üçün şərait yaratmayaraq onun hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, bəlkə də vəkil vasitəsilə iddiaçı ilə arasında müəyyən razılıq əldə olunar, barışıq sazişi bağlanardı. Mübahisəli torpaq sahəsini X3 2021-ci ilin yay ayında almışdır. Belə ki, 0.04 ha torpaq sahəsini X3 aralarında şifahi razılıq əsasında etibarnamə vasitəsi ilə əldə etmişdir. Abşeron Rayon Qobu Bələdiyyə Şurasının 10 nömrəli qərarı ilə X4 0.04 ha torpaq sahəsi satılmışdır. xx.xx.2011-ci il tarixli Torpaqların alqı-satqısına dair akt və xx.xx.2011-ci il tarixli, 1046 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin rəyi 0.04 ha torpaq sahəsinin X1 ilə əlaqədar tərtib olunmuşdur. 15 iyun 2021-ci il tarixində isə X5 ona həmin torpaq sahəsi üzərində sərəncam vermə və s. digər hərəkətlərin aparılmasına dair 70 illik etibarnamə vermişdir. Buna görə X4 3500 manat pul ödəmişdir. Həmin vaxt ona torpağın başqasının mülkiyyətində olması ilə bağlı heç bir məlumat verilməmişdir. Belə ki, vicdanlı alıcı kimi məlumatı olmadan bələdiyyənin möhürlü, imzalı təsdiq olunmuş rəsmi sənədinə baxaraq həmin torpaq sahəsini almışdır. Qətnamədən də göründüyü kimi məhkəmə onun vicdanlı alıcı kimi torpağı əldə etməyini nəzərə almamışdır. Bununla bağlı heç bir məlumatı qətnamədə qeyd etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, ev noyabr-dekabr ayları ərzində tikilib, iddiaçının nümayəndəsi isə növbəti ilin avqustunda gəlib iradını bildirmişdir. Tikintiyə özü nəzarət etmiş, tikilinin şiferi dekabr ayında vurmuşlar.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, evin inşasına 35000-40000 manat xərc çəkmişdir. İddiaçı şifer vurulandan və sayğaclar quraşdırılandan təxminən 2 ay sonra gəlib iradını bildirib.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, bu tip işlər ekspert rəyi ilə bağlıdır. Abşeron rayonu ərazisi isə ümumiyyətlə sürüşmələrin çox baş verdiyi ərazidir. Peyk çəkilişi zamanı ölçülər səhv hesablanıb. Cavabdeh həmin torpaq sahəsini vicdanlı alıcı kimi 2021-ci ildə almışdır. Torpaq sahəsinin cavabdeh tərəfindən alındığını əks etdirən sənədləri apellyasiya şikayətinə əlavə etmişdir. Cavabdeh qəsdən iddiaçının torpaq sahəsini zəbt etməyib. Torpaq sahəsini alıb, orada ev tikdirib, həmin müddətdə heç bir problemlə qarşılaşmayıb. Mənzil tikilən zaman iddiaçı tərəf onlara heç bir irad bildirməyib. İddiaçının nümayəndəsi barışıq üçün elə təkliflər edir ki, cavabdehin evinin yarısı sökülüb, başqa ərazidə yenidən tikilsə daha ucuz başa gələr. Sonuncu təklif ondan ibarət olub ki, 5-10 min manat qarşılığında ev iddiaçının nümayəndəsinə verilsin, hansıki cavabdeh evin tikintisinə 35-40 min manat xərc çəkilmişdir.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq baba yurdudur, əkin sahəsi olub, 8 sota çıxarışı var, 25 ildir torpaq sahəsi onlardadır. Çıxarışla ona məxsus olan torpaq sahəsinin 56 kv.m cavabdeh tərəfindən zəbt olunub. Torpaq sahəsinə illər öncə fundament tökdürmüşdür. Cavabdeh tikinti zamanı məhz həmin daşlardan istifadə edib. İmkanı olmadığına görə torpaq sahəsini hasara almamışdır. Barışığa cəhd etmiş, lakin razılaşma olmamışdır. Zəbt etdikləri torpaq sahəsinin dəyərini istəmiş, lakin razılıq əldə olunmamışdır. Hazırda heç bir barışıq imkanı yoxdur. Cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edir.

İşdə olan sübutlar

14. RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Onun adına A 150750 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-332/2-5818/2024 saylı mütəxəssis rəyindən görünür ki, **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi sxemdə göstərilmişdir. **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə Cavabdeh məxsus tikilinin (fərdi yaşayış evinin) koordinatlarının üst-üstə düşən hissəsi 0,0050 ha (50 kv.metr) təşkil edir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-332/2-5818/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə Cavabdeh məxsus tikilinin (fərdi yaşayış evinin) koordinatlarının üst-üstə düşən hissəsi 0,0050 ha (50 kv.metr) təşkil edir.

17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/23920/2025 nömrəli mütəxəssis məktubuna əsasən qeyd olunur ki, **********25 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə Cavabdeh məxsus tikilinin (fərdi yaşayış evinin şimal istiqaməti) koordinatları ilə üst- üstə düşən hissəsi 0,0050 ha (50 m2) təşkil edir.

18. Abşeron Rayon Qobu Bələdiyyə Şurasının 10 nömrəli qərarından görünür ki, X4 fərdi yaşayış evinin inşası üçün 0.04 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

19. xx.xx.2011-ci il tarixli Torpaqların alqı-satqısına dair akta əsasən 0.04 ha torpaq sahəsi X5 tərəfindən bələdiyyədən alınmışdır.

20. 15 iyun 2021-ci il tarixli etibarnamədən görünür ki, X2 Rayon Qobu Bələdiyyə Şurasının 10 nömrəli qərarı əsasında ona satılmış torpaq sahəsi üzərində sərəncam vermə və s. digər hərəkətlərin aparılması üzrə səlahiyyətlərini Cavabdeh vəkalət etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

24. Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)-161/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə aid hissədə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)- 161/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdehin tikdirdiyi tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməklə, cavabdeh hər hansı bir hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili inşa etmişdir. Bu hal əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə də təsdiqini tapmışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının qonşuluğundakı torpaq sahəsinin Abşeron Rayon Qobu Bələdiyyə Şurasının 10 nömrəli qərarına və xx.xx.2011-ci il tarixli Torpaqların alqı-satqısına dair akta əsasən X5 adlı şəxsə satıldığını, həmin torpaq sahəsini isə etibarnamə əsasında ondan aldığını bildirsə də həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hərçənd ki, cavabdeh etibarnamə ilə ona verilmiş səlahiyyətlərdən istifadə etməklə torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırıb, torpaq sahəsinin planı və ölçüsü sənədini əldə etməklə istifadəsinə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən etdikdən sonra orada tikinti işləri aparmaqda haqlı hesab oluna bilərdi. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinə münasibətdə iddiaçının hərəkətlərində isə hər hansı bir hüquqdan suiistifadə halına yol verməsi də müəyyən edilməməmişdir. Belə ki, cavabdeh həmin tikilini iki ay ərzində inşa etdiyini, inşa işlərindən sonra iddiaçının buna etiraz etdiyini bildirmişdir ki, iddiaçının cavabdeh tərəfindən torpaq sahəsini zəbt etməsini və orada inşa işləri aparmasından daha əvvəl məlumatlı olması və buna dair hər hansı bir hərəkətsizlik və ya hüquqdan sui istifadə halına yol verməsi müəyyən edilməmişdir. İşin müəyyən edilmiş hallarına görə isə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin kiçik bir hissəsi deyil, 50 kvadratmetr hissəsi zəbt edilmişdir ki, həmin sahə cavabdehin istifadəsinə verilmiş 0,04 ha torpaq sahəsinə münasibətdə, eyni zamanda iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin əhəmiyyətli hissəsi hesab olunmuşdur. İddiaçı ilə cavabdeh arasında barışıq əldə edilməsi də mümkün olmamış, həmçinin məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq mübahisənin barışıq yolu ilə həll olunması təşəbbüsü nəticə verməməklə, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasında israrlı olmuşdur.

29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(012)-161/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar