Məhkəmə qərarları › İş №2(105)-1263/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1263/2022

28.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1263/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs – "xxxx" ASC) qarşı müqavilənin ləğvi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın qismən təmin edilməsi, İddiaçı MTK-ı ilə Cavabdeh arasında bağlanmış 00000076 saylı 07 noyabr 2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsi, cavabdehin Sumqayıt şəhəri, «Bulvar» ərazisində tikilməkdə olan bina 1, blok 3, mərtəbə 3, ümumi sahəsi 100,4 kv.metrdən ibarət 3 otaqlı 97 saylı mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərməklə) cavabdeh ilə bağlanmış 00000076 saylı, 07 noyabr 2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Sumqayıt şəhəri, «Bulvar» ərazisində tikilməkdə olan, bina 1, blok 3, mərtəbə 3, ümumi sahəsi 100,4 kv.metrdən ibarət 3 otaqlı 97 saylı mənzilin boşaldılması və ailə üzvlərinin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, «Bulvar» ərazisində tikilməkdə olan, bina 1, blok 3, mərtəbə 3, ümumi sahəsi 100,4 kv.metrdən ibarət 3 otaqlı 97 saylı mənzilin alınması üçün cavabdeh ilə üçüncü şəxs arasında 07 noyabr 2016-cı il tarixli, iddiaçı, cavabdeh və üçüncü şəxs arasında üç tərəfli 07 noyabr 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən üçüncü şəxs cavabdehə 147.892 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit üzrə faizləri hər ayın 7-dən gec olmayaraq, ödəniş cədvəlinə uyğun olaraq bərabər hissələrlə hər ay 1427 manat məbləği ödəməyi üzərinə öhdəlik kimi götürmüşdür. Həmin kredit müqaviləsi əsasında iddiaçı ilə cavabdeh arasında 00000076 saylı, 07 noyabr 2016-cı il tarixli payçı müqaviləsi bağlanmışdır. Cavabdeh, iddiaçı və üçüncü şəxs arasında bağlanmış olan üç tərəfli daşınmaz əmlakın zaminlik müqaviləsinə əsasən aldıgı kredit vəsaitini hesaba tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə cavabdeh müqavilədə nəzərdə tutulan kredit vəsaitindən istifadə etmişdir. Lakin uzun müddətdir ki, cavabdeh artıq heç bir ödəniş etməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Onunla iddiaçı arasında 07 noyabr 2016-cı il tarixdə payçı müqaviləsi bağlanılıb. İİİ şəxs həmin müqavilənin tərəfi deyil. Həmin müqavilənin 4.2.7-ci bəndinə görə, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında «MTK» birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda «MTK» "xxxx" ASC və «Payçı» arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn «Payçı»nın öhdəliklərini yerinə yetirməlidir. Göründüyü kimi», "xxxx" ASC həmin müqavilədə tərəf kimi çıxış etməyib və öz iradə ifadəsini müqavilədə əks etdirməyib. Buna görə də onun bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iddiaçının «Payçı» müqaviləsini ləğv etmək səlahiyyətinə malik olması demək deyil. Odur ki, iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına aydın şəkildə izah verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verib və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi T.Ə.Məmmədova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 00000076 saylı 07 noyabr 2016-cı il tarixli payçı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, «Bulvar» ərazisində tikilməkdə olan, bina 1 blok 3, mərtəbə 3, ümumi sahəsi 100,4 kv.metrdən ibarət 3 otaqlı 97 saylı mənzili inşa edib cavabdehin mülkiyyətinə verməyi cavabdeh isə həmin mənzilin dəyəri olan 147.892 manat aylıq 1473 manat olmaqla iddiaçı və "xxxx" ASC arasında bağlanacaq üçtərəfli müqavilə əsasında aldıgı kredit hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış 07 noyabr 2016-cı il tarixli 1-xx-xx- 2016 BX-SB nömrəli kredit müqaviləsinə əsasən cavabdeh ilə iddiaçı arasında imzalanmış 00000076 saylı 07 noyabr 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün üçüncü şəxs tərəfindən 147892 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədə göstərilmişdir ki, mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra mənzil ipoteka ilə yüklü edilməlidir. Eyni tarixdə iddiaçı, cavabdeh və üçüncü şəxs arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh iddiaçının kredit müqaviləsi üzrə üçüncü şəxs qarşısında olan öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, cavabdehin hazırda üçüncü şəxsə borcu 17220 manat və 420 gün gecikməsi yaranmışdır. İddiaçıya olan debitor isə 1700 manat, kommunal borcu 296 manat təşkil edir. İşdən görünür ki, üçüncü şəxs tərəfindən cavabdehə 13 aprel 2021-ci il tarixli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və gecikdirilmiş 9950 manat məbləğində gecikmə borcunun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudlugu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən görünür ki, 07 noyabr 2016-cı il tarixli payçı müqaviləsində üçüncü şəxs tərəf kimi çıxış etməmişdir. Lakin, müqavilənin 4.2.7-ci bəndində göstərilmişdir, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC ilə imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda «MTK» Azərbaycan Beynəlxalq Bankı» ASC və payçı arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh iş üzrə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsinin subyektiv hüququna malik olmaması barədə dəlili qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiqedilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403.2-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. İddiaçı ilə cavabdeh arasında bağlanmış 00000076 saylı, 07 noyabr 2016-cı il tarixli payçı müqaviləsinin bəzi müddəalarına üçüncü şəxsin xeyrinə müqavilənin müddəaları kimi qiymət verilməlidir. Belə ki, həmin müqavilədə cavabdehin üçüncü şəxs qarşısında kredit öhdəliklərini lazımınca yerinə yetirmədiyi təqdirdə iddiaçının hazırki müqavilənin ləğvini və mənzilin geri qaytarılmasını tələb etmək hüququnun olduğu təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurdugu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 21 oktyabr 2021-ci il tarixli 2(060)-6759/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar