Məhkəmə qərarları › İş №2(105)-1265/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1265/2023

18.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1265/2023 18.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı Eldar oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2, cavabdehlərin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Eldar oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2023cü il tarixli, 2(060)-1397/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, ”Yaşıldərə” yaşayış Massivində 1-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılmaları və boşaldılaraq iddiaçıya təhvil verilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlər Gültac və Cavabdeh2lər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, ”Yaşıldərə” yaşayış Massivində 1-ci məhəllədə ünvanındakı yerləşən ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir neçə il bundan əvvəl Sumqayıt şəhəri,”Yaşıldərə” yaşayış Massivində İ-ci məhəllədə, sahəsi 220 kv.metr olan torpaq sahəsində ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini özünə tikmiş və bu ev onun sahibliyində və istifadəsindədir. Həmin ünvanda olan evində olmamağından istifadə edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evinə daxil olmuş və oranı qanunsuz olaraq zəbt etmişlər. Həmin fərdi yaşayış evinin onun tərəfindən inşa olunduğunu, istifadəsində və sahibliyində olduğunu, uzun müddət həmin mənzildə yaşamağı qonşular tərəfindən notariat verilmiş ərizədə də təsdiq olunmuşdur. Belə ki, 29 oktyabr 2022-ci ildə Sumqayıt şəhəri, “Yaşıldərə” yaşayış massivində qonşuluqda yaşayan şəxslər tərəfindən akt tərtib olunmuş, həmin aktda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, “Yaşıldərə” yaşayış massivi, İ-ci məhəllədə yaşayan X10, X1, X3, X2, X7 bu aktı ondan ötrü tərtib edirlər ki, qonşuları İddiaçı həqiqətən onların qonşuluqlarında Sumqayıt şəhər “Yaşıldərə” yaşayış massivi, İ-ci məhəllədə, sahəsi 220 kvadrat metr olan torpaq sahəsində ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa etmişdir. İddia ərizəsinə əlavə etdiyi qaz sayğacına məxsus abonentin saldosu sənədindən də görünür ki, xx.xx.2022-ci il tarixində quraşdırılmış Zenner G4T Mexaniki № **********6 nömrəli sayğac onun mənzilinə quraşdırılmaqla onun adınadır. Həmçinin Azərsu ASC-yə məxsus abonent kartı sənədindən də görünür ki, xx.xx.2022-ci il tarixli № 46355497 saylı müqavilə həmin su sayğacı onun adına quraşdırılmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin № 1188 saylı, xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, arayış verilir Cavabdeh1 ondan ki, o həqiqətən Sumqayıt şəhəri, X13 1-ci məhəllədə qeydiyyatsız yaşayır. Bildirir ki, o, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə görə Sumqayıt şəhəri Bələdiyyəsində qeydiyyatda olmaqla vergi ödəyicisidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarını nəzərə almamışdır, obyektiv araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir. Məhkəmə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı ilə Elməddin adlı şəxs əlbir olublar. Onlar mənzillərin alqı-satqısı ilə məşğuldurlar. Mənzili cavabdehlərə həm Elməddin, həm də iddiaçı göstərmiş və cavabdehlər evə baxdıqdan sonra evi bəyənib almışlar. Lakin sonradan Elməddin adlı şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci madddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduğundan iddiaçı belə bir iddia qaldırmışdır. Çünki iddiaçı Elməddin adlı şəxsin cinayət məuliyyətinə cəlb olunduğunu şüurlu şəkildə dərk edərək, ondan pulunu tələb etmək əvəzinə cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Əslində məhkəmə Elməddin adlı şəxsi işə cəlb etməli və işin faktiki hallarını araşdırmalı idi. Çünki hazırkı iş üzrə əlbir olan iddiaçı ilə Elməddin əsassız olaraq varlanmışlar. Belə ki, onlar həm pul vəsaitini almışlar və həm də hazırda da onların həmin mənzildən çıxarılmağı barədə məhkəmə qətnaməsi mövcuddur. İddiaçı hazırda hüquqdan sui-istifadə edir. Hüquqdan sui-istifadə isə yolverilməzdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən İddiaçı cavabdehlərə qarşı iddiası təmin edilməməli və qətnamə ləğv olunmalıdır. Cavabdehlər vicdanlı alıcıdırlar və onlar pul vəsaitini ödəyərək mənzili almışlar və mənzilə qanunsuz və özbaşına yox, normal şəkildə köçüb orada yaşamışlar. Elməddin adlı şəxs cinayət məsuliyyətinə cəlb edilməsəydi iddiaçı da belə bir iddia ilə məhkəməyə müraciət etməyəcəkdir. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehlərin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı Eldar oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, mübahisələndirilən fərdi yaşayış evinin İddiaçı məxsus olduğunu, onun İddiaçıla heç bir şərikliyinin olmadığını, mübahisələndirilən evi Cavabdeh2 satmadığını bildirmişdir. O, həmçinin göstərmişdir ki, Cavabdeh2 ona 13500 (on üç min beş yüz) manat məbləğində pulu Sumqayıt şəhər 4 saylı Notariat Ofisində müqavilə əsasında notarial qaydada vermişdir. 3000 (üç min) manat pulu isə başqa vaxt vermişdir. Cavabdehlər Anara məxsus evə qanunsuz olaraq girmişlər. O, Cavabdeh2 ümumilikdə 40000 (qırx min) manat pul almamışdır. Belə ki, o, Ramilə əvvəlcə Xəzər Bağlarındakı evi satmış və həmin evin qiymətini 40.000 (qırx min) manata razılaşmış, lakin Ramil razılaşdırılan məbləği ödəməyi gecikdirdiyinə görə o, evi başqa adama satmışdır. Bundan sonra Ramilə ödədiyi pulu qaytarmağı təklif etmiş, lakin Ramil ona ev lazım olduğunu bildirərək ona başqa ev satmağını xahiş etdiyi üçün ona bildirmişdir ki, “Yaşıl Dərə” massivində və ya İnşaatçılar qəsəbəsində torpağı olduğunu və həmin yerlərin birində ev tikib, ona təhvil verə biləcəyini Cavabdeh2 bildirmişdir. Buna baxmayaraq Ramil özbaşına ailəsilə birlikdə Anarın evinə qanunsuz daxil olmuşdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisə edilən evin iddiaçı tərəfindən inşa edilməsi, istifadəsində olması, iddiaçının həmin evdə «gözlənti hüququnun» yaranması, cavabdehlərin qanunsuz olaraq həmin evdə yaşamaları ilə əsaslandırmış, maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 48.2, 83.1, Mülki Məcəllənin 157.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə gəldiyi nəticə düzgün olsa da, lakin mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sumqayıt şəhəri “Yaşıldərə” yaşayış massivi, İ-ci məhəllədəki ünvanda yerləşən ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin İddiaçı tərəfindən inşa edilməsi və xx.xx.2022-ci il tarixdə həmin evlə bağlı tərəflər İddiaçı və Cavabdeh1 müraciətləri əsasında Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsində izahatlarının alınması işin mübahisəsiz halıdır. Həmçinin işin mübahisə olunmayan digər halı odur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Baxılan iş üzrə iddia tələbi fərdi yaşayış evindən çıxarma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.8, 158.2 və 164-cü maddələri təşkil edir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (Mülki Məcəllənin 180.1. maddəsi). Qeyd olunmalıdır ki, analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa da, iddiaçı həmin tikiliyə öz vəsaitini xərclədiyindən, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni İddiaçı məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxslərin (cavabdehlərin) hüquqları ilə yüklü edilə bilməz. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (Mülki Məcəllənin 157.8., 158.2. maddələri). Həmin Məcəllənin 164-cü maddəsinin mənasına görə mülkiyyətçinin öz əşyasını özgənin qanunsuz sahibliyindən geri qaytarmağı və öz mülkiyyət hüququnu həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmağı tələb etmək hüquqları eynilə sahibə də məxsusdur. İşdən görünür ki, iddiaçı sözügedən fərdi yaşayış evini öz vəsaiti ilə inşa edərək faktiki sahiblik etməklə sahibə aid bütün hüquq və vəzifələri yerinə yetirdiyini iddia edərək, cavabdehlərin onun iradəsinə zidd olaraq həmin mənzilə girdiklərini və hazırda da həmin evi boşaltmaqdan imtina etdiklərini bildirmişdir. Qeyd olunan hal Cavabdeh1 Sumqayıt şəhər 5-ci Polis Bölməsindəki xx.xx.2022-ci il tarixli izahatında və iş üzrə üçüncü şəxs qismində dindirilən Elməddin Sadıqovun izahatında da öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 evi alarkən Elməddin Sadıqovun da Anarın yanında olması onun öz izahatından başqa işin digər materialları, o cümlədən məhz Elməddin Sadıqovun izahatı ilə də təsdiqini tapmır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, ”Yaşıldərə” yaşayış Massivində 1-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılmalı və boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, ”Yaşıldərə” yaşayış Massivində 1-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılsınlar və boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar