Məhkəmə qərarları › İş №2(105)-1266/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1266/2024

21.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1266/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh “Etilen-polietilen” zavoduna qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X21 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh “Etilenpolietilen” zavodunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2972/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. ******* nömrəli “Əmək kitabçası”nın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh “Etilen-polietilen” zavoduna 11-ci dərəcəli usta kimi işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir.

2. Azərbaycan Neft və X22 Həmkarlar İttifaqı Respublika Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun işdən çıxmağı barədə ərizə Azərbaycan Neft və X22 Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən araşdırılmışdır. Çalışdığı müəssisə “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodu “A” kateqoriyası zavod olduğundan tütün məlumatlarının istifadəsi üçün nəzərdə tutulmuş yerlərdən başqa istifadəsi qadağandır. Socar-ın xx.xx.2011-ci il tarixli, 93 nömrəli əmrə edilmiş xx.xx.2019-cu il tarixli, Socar **********00040020A00047 nömrəli dəyişikliklə təsdiqlənmişdir. Əmrə əsasən qeyd edilən tələblər pozulduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Bundan əlavə nəzərə çatdırır ki, video görüntü tərəflərindən izlənilmiş və elektron siqaret deyil tütün tərkibli siqarət istifadə etdiyi, özünün digər işçilərin və müəssisəni təhlükə altında qoyduğu görsənilir. Belə olan halda onun işə qayıtmağı üçün Komitə tərəfindən köməklik etməkləri qeyri-mümkündür.

3. Cavabdeh “Etilen-polietilen” zavodunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində “Etilen-polietilen” zavoduna işə qəbul edilərkən etilen və propileni anbarlarının növbə ustasının vəzifə təlimatına imza atmaqla şəxsən tanış edilmişdir. Növbə ustasının vəzifə təlimatının tələbinə görə o, həm özününün, həm də tabeçiliyində olan növbə işçilərihin əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə görə məsuliyyət daşıyır. Tabeçiliyində olan aparatçı X9 ilə birlikdə xx.xx.2024-cü il tarixində “A" növbəsi üzrə işdə olarkən, “A” kateqoriyalı (yanğın-partlayış təhlükəli) risk qrupuna aid olan ərazidə siqaret çəkmişlər. Həmin gün anbarlarda 1265 ton sıxılmış maye etilen qazı və 965 ton sıxılmış maye propilen qazı olmuşdur. Zavod rəhbərliyi gənc, məcburi köçkün olmağını nəzərə almış və zavod, üzrə 14-2-3-1/3-1İ-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrlə ona töhmət verilmişdir. Barəsində intizam tənbehi tədbiri görüldükdən (üç gün sonra - 08.02 2024-cü il tarixində ərizə ilə zavod rəhbərliyinə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağladığını üçün qeyd olunan tarixdən işdən azad edilməyinizi xahiş etdiyinə ğörə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1K-16/2024 nömrəli əmrlə ləğv edilmişdir. Sizinlə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə tam əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. İnzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, işçi İddiaçı əmək və məzuniyyət haqlarının ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablaşmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə X2 Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir.

5. xx.xx.2024-ci il tarixli, №14-2-3-1/3-1İ-95/2024 saylı intizam tənbehi haqqında əmrdən görünür ki, ƏM və TT qaydalrını pozduqlarına görə 22 saylı Hidrogenin zənginləşdirilməsi, Quru qazın və PPF-in təmizlənməsi sahəsinin növbə ustası İddiaçı həmin sahənin xammalın hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması aparatçısı X5 Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş və bir daha belə hallara yol verərlərsə barələrində daha ciddi intizam tənbehi tədbiri görüləcəkdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun xx.xx.2024-cü il tarixli, 14-2-3- 1/3-1K-16/2024 nömrəli əmrinin etibarsız hesab olunaraq ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, xx.xx.2024cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin və məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi 300 (üç yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxxx 1991-ci ildə Qubadlı rayonunda anadan olmuş, Qubadlı Rayonundan məcburi köçkündür. Hazırda yataqxana tipli sanatoriyada qalır. Körpə yaşlarında X12 övladlığa verilmişdir. X3 2005-ci ildə vəfat edib. Valdeyn himayəsindən məhrum böyümüşdür. İki müxtəlif ixtisas üzrə Ali təhsil almış, Azərbaycan Dövlət Aqrar Universitetində bakalavr, İqtisad Unversitetində MBA üzrə Biznesin idarə edilməsi ixtisası mühəndislik və risklərin idarə edilməsi ixtisaslaşması üzrə magistr təhsili almışdır. Müdafiə Nazirliyi “N” saylı hərbi hissədə, Murov dağlarında hərbi xidmət keçmişdir. İki övladı var Cəlili Səid və Cəlili Cəlil adlı övladı anadan gəlmə eşitmə qüsurludur. Beynəlxalq bankdan 2023-cü ildə ailə ehtiyaclarını ödəmək üçün 14000 kredit götürmüş hal-hazırda 8316 manat kredit borcu qalıb, aylıq 396 manat 40 qəpik pul ödəməlidir. (kredit müqaviləsi 213ACBL2********). 10 ilə yaxın müxtəlif sahələrdə əmək müqaviləsi ilə çalışmışdır. 2014-cu ildə SOCAR-ın təlim tədris mərkəzinə qəbul olduğu il üzrə ən yüksək bal toplayaraq “Avtomatik İdarəetmə sistemləri üzrə operator” ixtisası üzrə 1 illik kurs keçmiş və ən yüksək nəticə ilə 100 balla bitirmişdir. xx.xx.2015-ci ildən Yaşıllaşdırmada operator kimi işə başlamışdır. xx.xx.2016-cı ildən işdən çıxıb Karbamid zavodunda 4-cü dərəcə “məsafədən idarəetmə pultunun operatoru” kimi işə başlamışdır. xx.xx.2022-ci ilə qədər Karbamid zavodunda qüsursuz işləmiş və iki dəfə yuxarı dərəcəyə layiq görülmüşdür. Yəni 5-ci və 6-cı dərəcə almışdır. Hazırda ADNSU-nin Kimya Texnologiya fakultəsində Kimya mühəndisliyi ixtisası üzrə 3-cü kursda ikinci ali təhsil alır. xx.xx.2022-ci ildə SOCAR-ın Azərkimya istehsalat birliyində 11-ci dərəcəli usta vəzifəsi üzrə vakansiyasına imtahan verib keçmiş və Etilen polietilen zavodunda işə başlamışdır. İşlədiyi müddət ərzində qüsursuz işləmiş. İddiaçı ilə prinsipyallıq aparan və onun disiplinalı işindən çəkinən iş yoldaşı Elnur Bədəlov onu gizlin video lentə alıb elektron siqaret çəkən zaman zavod rəhbərliyinə göndərib və Socar-ın baş ofisinə ərizə ilə müraciət edib işdən çıxarılmağını təkidlə tələb etməyə başlayıb. Bu hadisədən sonra ondan izahat tələb olunduqda iddiaçıya izahatın mətni diktə edildiyi şəkildə yazmış, etdiyi əməlin səhv olduğunu və birdə təkrarlanmayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya zavodda siqaret çəkməyin qadağan edildiyi barədə təlimat keçirildi və elə həmin vaxtda da bu barədə “Azərkimya” İstehsalat Birliyinin keçmiş direktoru İmran Arzumanzadənin 12 may 2020-ci il tarixli əmri ilə tanış edilmişdir. Qeyd olunan təlimatlandırılma ilə bağlı müvafiq jurnala imza çəkdiriləndə təlimatlandırma tarixinin 2023-cü ilin sentyabr ayı qeyd olunduğunu görəndə həmin jurnala imza atmaqdan imtina etmiş və xx.xx.2024-cü il tarixdə təlimatlandırma keçirildiyi üçün həmin tarixi yazıb imza çəkmişdir. Bir neçə gün sonra zavodun direktoru Oqtay Niftəliyevin 14-2-3-1/3İ- 95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçıya və yanında siqaret çəkən X6 “töhmət” verildi və bu barədə əmrlə tanış edilmişdir. Həmin vaxt sahə rəisi Mikayıl İbrahimov narahat olma işinə davam et demişdir. Bundan sonra sadəcə işlədiyi növbə dəyişdirildi və iddiaçı başqa növbədə işinə davam etmişdir. xx.xx.2024-cü il tarixdə tabe olduğu sahə rəisi Mikayıl İbrahimov tərəfindən iddiaçı ilə və digər yoldaşla fərdi söhbət aparılarkən o bildirdi ki, videonu çəkən iş yoldaşı SOCAR-ın baş ofisinə şikayət göndəribki nə üçün onlar işdən çıxarılmayıblar? və bu şikayətlə əlaqədar baş ofis və Azərkimyanın rəhbəri Elnur Məmmədli onların işdən çıxarılmağını tapşırıb. O, həmçinin ərizəsini yazıb özü işdən çıxmasa Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını və belə olan halda isə heç bir yerdə işə qəbul ola bilməyəcəyi ilə iddiaçını hədələmişdir. Eyni zamanda qeyd etdi ki, vaxtları çox azdır, əgər təcili öz xahişi ilə işdən azad olunmaqları barədə ərizə yazmasalar günün sonunadək əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verəcəklər. Bu kimi təzyiqlər iş günü olmadığı halda zavodun digər vəzifəli şəxsləri tərəfindən də davam etdirildi. Qeyd olunan hədə-qorxular altında iddiaçı və yanındakı iş yoldaşı X5 guya başqa yerdə işə düzəldiyi üçün onların əmək müqavilələrinə xitam verin məzmununda ərizənin mətnini sahə rəisi Mikayıl müəllim cümlə cümlə diktə edərək yazdırdı. Bir neçə dəqiqə ərzində ərizələrinə baxıldı və işdən çıxmaq haqqında əmrləri və əmək kitabçaları onlara verilərək işdən azad olunmuşlar. İşdən çıxarılanda məcburi köçkün olduğunu, ailə vəziyətini iki azyaşlı övladının olduğunu və birinin sağlamlıq imkanları məhdud 1-ci qrup əlil olduğunu bildirsə də “dəxli yoxdu əks halda əmək kitabçana ləkə düşəcək, səni heç bir yerdə işə götürməyəcəklər, bu bizim sənə yaxşılığımızdı, Socarın baş ofisi və zavod rəhbərliyinin göstərişidir” dedilər. Başına gələn qeyd edilən hadisə ilə bağlı bir neçə hüquqşünasla məsləhətləşdikdən sonra cavabdehin hərəkətlərinin qanunsuz olduğu ona bildirildiyi üçün xx.xx.2024-cü ildə zavodun direktoru Oqtay müəlimin qəbulunda olub işə bərpa olunmağını tələb etmişdir. O, bunun artıq mümkün olmadığını iddiaçıya bildirmişdir. Buna baxmayaraq işdən azad olunmağı barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv olunaraq işə bərpa olunmağına dair xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmək istəsə də müəssisənin dəftərxanasının əməkdaşları ərizəsini qəbul etməkdən imtina etdilər. Bundan sonra xx.xx.2024-cü il tarixdə işə bərpa tələbi ilə bağlı ilkin mediasiya təklifini cavabdehə müraciət etmişdir. 1 saylı Sumqayıt mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə ikin mediasiya sesiyası təyin edilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən həmin tarixdə iddiaçıya “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış” təqdim edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən hədə-qorxu üsulu ilə iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edildiyindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv olunmalı və xx.xx.2024-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.

8. Cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, İddiaçı xx.xx.2022-ci il tarixində “Etilen-polietilen” zavoduna işə qəbul edilərkən etilen və propilen anbarlarının növbə ustasının vəzifə təlimatına imza atmaqla şəxsən tanış edilmişdir. Növbə ustasının vəzifə təlimatının tələbinə görə İddiaçı həm özünün, həm də tabeçiliyində olan növbə işçilərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə görə məsuliyyət daşıyır. İddiaçı isə tabeçiliyində olan işçi ilə birlikdə xx.xx.2024-cü il tarixində “A” növbəsi üzrə işdə olarkən, “A” kateqoriyalı (yanğın-partlayış təhlükəli) risk qrupuna aid olan ərazidə siqaret çəkmişdir. Həmin gün anbarlarda 1265 ton sıxılmış maye etilen qazı və 965 ton sıxılmış maye propilen qazı olmuşdur. Zavod rəhbərliyi gənc, məcburi köçkün olmağını nəzərə almış və zavod üzrə 14- 2-3-1/3-1İ95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrlə ona töhmət verilmişdir. Barəsində intizam tənbehi tədbiri görüldükdən üç gün sonra xx.xx.2024 cü il tarixində ərizə ilə zavod rəhbərliyinə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün qeyd olunan tarixdən işdən azad edilməyini xahiş etmişdir. Buna görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3- 1K-16/2024 nömrəli əmrlə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə tam əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

9. Cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmıçdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Etilen-polietilen" zavodunda işə qəbul edilərkən, etilen və propilen anbarlarının növbə ustasının vəzifə təlimatına imza atmaqla şəxsən tanış edilmişdir. Növbə ustasının vəzifə təlimatının tələbinə görə iddiaçı həm özünün, həm də tabeçiliyində olan növbə işçilərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə görə məsuliyyət daşıyır. İddiaçı E.Cəlilov isə tabeçiliyində olan işçi ilə birlikdə xx.xx.2024-cü il tarixdə "A" növbəsi üzrə işdə olarkən, "A" kateqoriyalı (yanğın-partlayış təhlükəli) risk qrupuna aid olan ərazidə siqaret çəkmişdir. Həmin gün anbarlarda 1265 ton sıxılmış maye etilen qazı və 965 ton sıxılmış propilen qazı olmuşdur. Zavod rəhbərliyi iddiaçının gənc, məcburi köçkün olmasını nəzərə almış və zavod üzrə 14-2-3-1/1İ-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrlə ona töhmət vermişdir. Barəsində intizam tədbiri görüldükdən üç gün sonra, xx.xx.2024-cü il tarixdə ərizə ilə zavod rəhbərliyinə müraciət edərək, başqa işə keçməsi (əmək müqaviləsi bağlaması) ilə əlaqədar işdən azad edilməsini xahiş etmişdir. Buna görə də onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə 14-2-3-1/3-1K-16/2024 nömrəli əmrlə ləğv edilmişdir. İddiaçı İbrahim oğlu ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, heç bir qanun pozuntusuna yol verilməmişdir, iddiaçı öz arzusu ilə işdən azad olunmasını xahiş etmişdir. İddiaçının guya ona təsir göstərilməsi, hədə-qorxu gəlinməsi kimi dəlilləri də həqiqətə uyğun deyil və özünümüdafiə xarakteri daşıyır. Belə ki, iddiaçı özünün də qeyd etdiyi kimi, magistr təhsillidir, ikinci ali təhsil alır, bir neçə ixtisas üzrə biliklərə yiyələnmişdir. Təhsilsiz, savadsız deyildir ki, onu təhdid etmək, aldatmaq, məcbur etməklə işdən çıxma əmrinə imza etdirmək mümkün olsun. Digər tərəfdən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin "Etilen- Polietilen" zavodu bu cür hərəkətlərə yol verməyəcək qədər nüfuzlu dövlət müəssisəsidir. Həmişə öz işçilərinin qayğısına, əmək şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyinə qayğı ilə yanaşmış bunu öz vədəsi hesab etməklə yanaşı, həm də insan həyatına, hüquq və vəzifələrinə hörmət hissi, vicdanlılıq prinsiplərindən çıxış edərək etmişdir və etməkdə davam edir. Göründüyü kimi, iddiaçının iddiasının təmin edilməsi üçün heç bir hüquqi əsası yoxur və buna görə də iddia rədd edilməlidir.

10. Məhkəmədə şahid X9 bildirdi ki, o, iddiaçı ilə bir yerdə cavabdeh müəssisədə işləyiblər. Sahə rəisi Mikayıl 8 fevral tarixində iddiaçı ilə onu çağırıb fərdi söhbət etmişdir. Söhbət zamanı bildirmişdir ki, videonu çəkən iş yoldaşı SOCAR-ın baş ofisinə şikayət göndəribki nə üçün onlar işdən çıxarılmayıblar? və bu şikayətlə əlaqədar baş ofis və Azərkimyanın rəhbəri Elnur Məmmədli onların işdən çıxarılmağını tapşırıb. Həmçinin onlar ərizəni yazıb özü işdən çıxmasa Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını və belə olan halda isə heç bir yerdə işə qəbul ola bilməyəcəkləri ilə hədələmişlər. Eyni zamanda qeyd etdi ki, vaxtları çox azdır, əgər təcili öz xahişləri ilə işdən azad olunmaqları barədə ərizə yazmasalar günün sonunadək əmək müqavilələrinə ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verəcəklər. Bu kimi təziqlər iş günü olmadığı halda zavodun digər vəzifəli şəxsləri tərəfindən də davam etdirildi. Qeyd olunan hədə-qorxular altında iddiaçı və o, guya başqa yerdə işə düzəldiyi üçün onların əmək müqavilələrinə xitam verin məzmununda ərizənin mətnini sahə rəisi Mikayıl müəllim cümlə cümlə diktə edərək yazdırmışdır. Bir neçə dəqiqə ərzində ərizələrinə baxılıb və işdən çıxmaq haqqında əmrləri və əmək kitabçaları onlara verilərək işdən azad olunmuşlar.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2972/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 69-cu maddəsinin 1, 2 və 3-cü hissələri, 83-ci maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2972/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2972/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamə çıxarılarkən məhkəmə tərəfindən iş üzrə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, həmçinin işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Hazırki işin faktiki halı ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” Zavodunda gecə növbəsində işdə olarkən iş otağında elektron siqaret çəkərkən Elnur Bədəlov onu gizlin video lentə alıb zavod rəhbərliyinə göndərib və Socar-ın baş ofisinə ərizə ilə müraciət edib işdən çıxarılmağını təkidlə tələb etməyə başlamışdır. Bu hadisədən sonra ondan izahat tələb olunduqda iddiaçıya izahatın mətni diqtə edildiyi şəkildə yazmış, etdiyi əməlin səhv olduğunu və bir də təkrarlanmayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya zavodda siqaret çəkməyin qadağan edildiyi barədə təlimat keçirilmiş və elə həmin vaxtda da bu barədə Azərkimya İB keçmiş direktoru İmran Arzumanzadənin 12 may 2020-ci il tarixli əmri ilə tanış etdirilmişdir. Qeyd olunan təlimatlandırılma ilə bağlı müvafiq jurnala imza çəkdiriləndə təlimatlandırma tarixinin 2023-cü ilin sentyabr ayı qeyd olunduğunu görəndə həmin jurnala imza atmaqdan imtina etmiş və xx.xx.2024-cü il tarixdə təlimatlandırma keçirildiyi üçün həmin tarixi yazıb imza çəkmişdir. Bir neçə gün sonra zavodun direktoru Oqtay Niftəliyevin 14-2-3-1/3İ-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçıya və yanında siqaret çəkən X1 əməllərinə görə “töhmət” intizam tənbehi verilmişdir. Bundan sonra iddiaçı başqa növbədə işinə davam etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının sahə rəisi Mikayıl İbrahimov iddiaçı ilə və digər şəxs O.Allahverdiyevlə fərdi söhbət apararaq bildirmişdir ki, videonu çəkən iş yoldaşı SOCAR-ın baş ofisinə şikayət göndərib ki nə üçün onlar işdən çıxarılmayıblar? və bu şikayətlə əlaqədar baş ofis və Azərkimyanın rəhbəri Elnur Məmmədli onların işdən çıxarılmağını tapşırıb. Həmin vaxt sahə rəisi M.İbrahimov onlara ərizələrini yazıb özü işdən çıxmasalar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını və belə olan halda isə heç bir yerdə işə qəbul ola bilməyəcəkləri ilə iddiaçını və O.Allahverdiyevi hədələmişdir. Eyni zamanda qeyd etmişdir ki, vaxtları çox azdır, əgər təcili öz xahişi ilə işdən azad olunmaqları barədə ərizə yazmasalar günün sonunadək əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verəcəklər. Qeyd olunan hədə qorxular altında iddiaçı və yanındakı iş yoldaşı X5 guya başqa yerdə işə düzəldiyi üçün onların əmək müqavilələrinə xitam verin məzmununda ərizənin mətnini sahə rəisi Mikayıl İbrahimov cümlə-cümlə diktə edərək yazdırmış və bir neçə dəqiqə ərzində ərizələrinə baxılaraq əmək müqavilələrinə xitam verilməsi haqqında əmrləri və əmək kitabçaları onlara verilərək işdən azad olunmuşlar.

15. İşin qeyd olunan faktiki hallarına dair sübutlar olaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Neft və X22 Həmkarlar İttifaqı Respublika Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun, Cavabdeh “Etilenpolietilen” zavodunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun, cavabdehin iddiaçı və digər şəxs barəsindəki xx.xx.2024-ci il tarixli, №14-2-3- 1/3-1İ-95/2024 saylı intizam tənbehi haqqında əmrinin, cavabdehin müxtəlif vəzifəli şəxsləri ilə iddiaçı arasında vhatsapp ani mesajlaşma sistemi vasitəsi ilə aparılmış mesaj mətnlərinin, həmçinin cavabdehin rəsmi facebook səhifəsində messenger ani mesajlaşma sistemi vasitəsilə yazılmış mesajların skrin şəkillərindən ibarət yazılı sübutlardan açıq aşkar görünür ki, cavabdeh iddiaçıya hədə-qorxu gələrək onların iradəsinin əlehinə əmək müqaviləsini ləğv etməyə məcbur edərək ona əmək müqavilələrinin guya öz xahişi ilə ləğv edilməsi barədə ərizə yazdırılmışdır. İşin bu halı iş üzrə şahid qismində ifadə vermiş Oruc Allahverdiyev tərəfindən məhkəmədə verilmiş ifadə ilə də təsdiq edilmişdir. Bununla belə xx.xx.2024-cüil tarixdə cavabdehin rəsmi facebook səhifəsinin messenger ani mesajlaşma sistemi vasitəsilə iddiaçıya verilmiş cavabda da açıq-aşkar bildirilmişdir ki, “Sizə bütün bu ərizənizdə yazdıqlarınıza görə güzəşt edilib və maddə ilə yox (bundan öncə bütün siqaret çəkən şəxslər ƏM-nin Ç bəndi ilə işdən azad edilib, məhkəməyə müraciət edib və uduzublar) öz xahişinizlə işdən azad olunmağınıza şərait yaradılıb... Sizin etdiyiniz pozuntunun cəzası işdən azad olunmaqdır!”

16. Qeyd olunanlardan başqa cavabdehin vəzifəli şəxsi olan (iddiaçının sahə rəisi) Mikayıl İbrahimovun iddiaçıya əmək müqaviləsinin öz xahişi ilə ləğv edilməsi barədə ərizə yazması üçün hədə-qorxu gəlməsi barədə hərəkətlərinin real səs yazısını özündə əks etdirən 1 ədəd SD disk məhkəmənin hazırlıq iclasında sübut qismində məhkəməyə təqdim edilsə də çox təəssüf ki, məhkəmə həqiqətə nail olmaq və işi ədalətli həll etmək niyyətində olmadığını elə həmin vaxt bəlli etməklə həmin sübutu qəbul etməkdən ümumiyyətlə imtina edərək onu qəbul etməmişdir. Baxmayaraq ki, elə iddia ərizəsində də iddiaçı ona öz xahişi ilə işdən azad olunması barədə ərizə yazılması üçün hədə-qorxu gələn şəxslərdən birinin də sahə rəisi Mikayıl İbrahimov olduğu bildirilmişdir. Halbuki, AR Konistitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə əsasən başqa şəxslərlə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

17. Ümumiyyətlə, məhkəmə nəzərə almamışdır ki, eyni gündə siqaret çəkməsinə görə intizam tənbehi almış şəxslərin bundan 3 gün sonra eyni vaxtda öz xahişləri ilə işdən çıxmalarına dair ərizə yazmaları və yenə ərizələrini eyni əsasla, yəni guya başqa işəgötürənlə əmək müqaviləsi bağladıqları üçün ərizədə göstərdikləri gün, yəni ərizənin yazıldığı gün işdən azad olunmalarını xahiş etmələri kifayət qədər şübhəli və ağlabatanlıq meyarlarına ziddir. Bütün qeyd olunanlardan açıq-aşkar görünür ki, cavabdeh əslində iddiaçıya bir əmələ (iş yerində siqaret çəkmək üçün nəzərdə tutulmamamış yerdə siqaret çəkməsi) görə faktiki olaraq iki dəfə intizam tənbehi vermiş və bunu hüquqdan sui-istifadə etməklə icra etməyə cəhd göstərmişdir.

18. Hər kəsə bəllidir ki, bu tip işlərdə əksər hallarda cavabdeh işçiyə hədə-qorxu gəldiyini və bu üsulla onu iradəsi əlehinə əmək müqaviləsinə xitam verilməsinə məcbur etdiyini məhkəmədə könüllü etiraf etmir. Bu hallar işin halları və sübutlar əsasında obyektiv və ədalətli məhkəmə araşdırması yolu ilə müəyyən edilərək qanuni həll edilir. Lakin hazırki iş üzrə məhkəmə iddiaçının adından guya İddiaçı işdən azad edilmə barədə sənədin tərtib olunması mərhələsində ona münasibətdə zor işlədilməsi, hədə-qorxu gəlməsi, yaxud hər hansı başqa üsulla iradəsinə zidd hərəkətlərin olduğunu təsdiq etmədiyi, habelə bu halların olmadığını qəbul etdiyi, iddia ərizəsində bununla bağlı göstərilən dəlillərin əlavə araşdırılmasını məqsədəuyğun saymadığı məzmununda həqiqətə uyğun olmayan məlumatı öz qətnaməsində əks etdirərək bununla işin hallarına, yazılı sübutlara və şahid ifadəsinə hüquqi qiymət verməkdən yayınmışdır. Baxmayaraq ki, nə iddiaçı nə də onun vəkili və nümayəndəsi tərəfindən məhkəməyə belə məlumatlar verilməmiş, bunun əksinə olaraq işin tam, hərtərəfli və obyektiv araşdırılması, sübutların tədqiq edilməsi və onlara lazımi hüquqi qiymət verilərək iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt şəhər məhkəməsinin “elektron məhkəmə” informasiya sisteminin tətbiq edildiyi məhkəmələrdən olduğu nəzərə alınaraq bu hal iclas protokoluna maddi daşıyıcıda əlavə olunmuş məhkəmə iclaslarının video-audio yazılarındakı məlumatlarla asanlıqla müəyyən edilə bilər.

19. Məhkəmə iş üzrə cavabehin qeyd olunan maddi hüquq normalarının imperativ tələblərini pozmaqla iddiaçının əmək müqaviləsinə xitam verilməsi halına düzgün hüquqi qiymət verməmişdir.

20. Məhkəmə iş üzrə cavabeh tərərfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsini hədə-qorxu gələrək işçinin iradəsi əleyhinə əmək müqaviləsini ləğv etməsinə dair kifayət qədər mötəbər sübutları və işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq onlara ədalətli və qanuni hüquqi qiymət verməkdən yayınmışdır. Nəticədə qeyd olunan maddi hüquq normasının imperativ tələblərini pozulmuşdir.

21. Qətnamənin 6-cı səhifəsinin 3-cü abzasında məhkəmə qeyd etmişdir ki, “işin mübahisəsiz hallarından məlum olur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X8” Etilen-Polietilen zavoduna çalışmış İddiaçı 08 fevral 2024-cü il tarixdə işdən azad olunma barədə ərizə ilə cavabdehə müraciət edərək, cavabdehdən onu məhz xx.xx.2024cü il tarixdən müəsissədə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, işdən azad edilmə barədə imzalanan ərizədə İddiaçı öz xətti ilə adı, soyadı və işdən azad olunmaq istədiyi günü aşkar formada qeyd etmişdir. Bununla yanaşı İddiaçı işdən azad edilmə barədə sənədin tərtib olunması mərhələsində ona münasibətdə zor işlədilməsi, hədəqorxu gəlməsi, yaxud hər hansı başqa üsulla iradəsinə zidd hərəkətlərin olduğunu təsdiq etməmiş, habelə bu halların olmadığını qəbul edərək, iddia ərizəsində bununla bağlı göstərilən dəlillərin əlavə araşdırılmasını məqsədəuyğun saymamışdır.” Həmin qətnamənin 7-ci səhifəsinin 5-ci abzasında da məhkəmə yenə qeyd etmişdir ki, “Məhkəmə qeyd edir ki, İddiaçı öz ərizəsi ilə işdən çıxmaq barədə ərizənin verilməsində məcbur edildiyini iddiada göstərsə də, məhkəmə iclasında bu dəllərinin yoxlanılmasına zərurət olmadığını bildirməklə əmək münasibətlərinə könüllü olaraq xitam verilməsi ilə əlaqədar müraciət etdiyini faktiki etiraf etmiş, habelə işdən azad olunma tarixini ərizədə qeyd etməməklə Əmək Məcəlləsinin 69-cu maddəsi baxımından nəzərdə tutulan “xəbərdar etmək” hüququndan imtina etmişdir.” Qətnamədə qeyd edilən məlumatlar və nəticələr işin hallarına və həiqiətə uyğun deyil. Belə ki, nə iddiaçı, nə də onun vəkili və nümayəndəsi tərəfindən məhkəmə iclasında və ya kənarda belə ifadələr və məlumatlar verilməmiş, bunun əksinə olaraq iddiaçı tərəf sonadək öz iddiasını və tələbini müdafiə etmiş, sübutların və işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını, onlara lazımi hüquqi qiymət verilməsini məhkəmədən tələb eilmişdir. İşin bu hallarını yuxarıda da qeyd edildiyi kimi məhkəmə iclas protokollarına maddi daşıyıcıda əlavə edilən məhkəmə iclaslarının video-audio yazılışlarından da asanlıqla müəyyən etmək mümkündür.

22. İddiaçı iddia ərizəsində də göstərmişdir ki, onu əmək müqaviləsini öz xahişi ilə ləğv etmək üçün hədə-qorxu gələn şəxslərdən biri sahə rəisi Mikayıl İbrahimov olmuşdur. O, iddiaçıya öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə verməyəcəyi təqdirdə çox qısa müddətdə, yəni bir neçə saat ərzində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcəyi ilə hədələmiş və iddiaçının iradəsinin əleyhinə olaraq həmin ərizəni almağa müvəffəq olmuşdur. Qeyd olunanlarla bağlı, yəni iddiaçının sahə rəisi M.İbrahimun həmin hərəkətlərini iddiaçı tərəfindən audio yazıya alınmış və həmin məlumat 1 ədəd SD diskdə birinci instansiya məhkəməsinə təqdim edilərkən məhkəmə həmin diski sübut kimi qəbul etməkdən imtina etmişdir. Hesab edirik ki, məhkəmənin bu yanaşması da N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konistitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyə (Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.) zidd olduğundan sözügedən maddi daşıyıcıdakı məlumatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilərək araşdırılmalıdır. Bununla əlaqədar olaraq sözügedən 1 ədəd SD diskdə M.İbrahimova aid səsyazısı məhkəmə iclasında məhkəməyə təqdim ediləcəkdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X8” Etilen-Polietilen zavodunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

29. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

30. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2972/2024 nömrəli qətnaməsinin ləğvini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək qətnaməni tam mübahisələndirmişdir.

40. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.

43. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh “Etilen-polietilen” zavoduna 11-ci dərəcəli usta kimi işə qəbul edilmişdir. xx.xx.2024-ci il tarixli intizam tənbehi haqqında əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə zavod rəhbərliyinə müraciət edərək, başqa işə keçməsi (əmək müqaviləsi bağlaması) ilə əlaqədar xx.xx.2024-cü il tarixdən müəsissədə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Buna görə də onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən ləğv edilmişdir. AZEMİS elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumata əsasən, İddiaçı hal-hazırda "xxxx" MMC-də maşinist vəzifəsində işləyir.

44. Göründüyü kimi, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərini əks etdirən əmək müqaviləsinə işçinin ərizəsinə əsasən xitam verilmişdir.

45. İddiaçı apellyasiya şikayətində başqa işə keçməsinə dair ərizənin təzyiq, hədəqorxu altında və iradəsinə zidd olaraq yazmasına istinad edərək, əmrin etibarsız hesab olunaraq ləğv edilməsini, işə bərpa edilməsini, işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini xahiş etmişdir.

46. Kollegiya qeyd olunan dəlil ilə bağlı hesab edir ki, iş materiallarında olan işçi tərəfindən imzalanmış başqa işə keçməsi ilə əlaqədar ərizənin məhz xx.xx.2024-ci il tarixli intizam tənbehi haqqında əmrdən sonra verilməsi, həmin ərizənin təzyiq altında və iradəsinə zidd verildiyi kimi qymətləndirilə bilməz.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

48. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün olduğundan, yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Odur ki, iddiaçı apellyasiya şikayətində işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verildiyini göstərsə də, məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

51. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2972/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar