Məhkəmə qərarları › İş №2(105)-1272/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1272/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1272/2022 07.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evində olan payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-37/2019 nömrəli, 15.02.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 2(074)-37/2019 nömrəli, 15.02.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus 3/6 hissə payın naturada ayrılması, bunun üçün yaşayış evinin 1-ci və 2-ci mərtəbələrinin tən orta hissəsində arakəsmə divarlar hörülərək, həmin mərtəbələrdəki tikililərin iki hissəyə bölünməsi, həyətyanı sahənin faktiki bölünmüş olan 2-ci hissəsindən evin 2-ci mərtəbəsinə (1-ci hissədə olduğu kimi) pilləkən marşının inşa edilməsi, Cavabdeh 100 manat məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət XəzinadarlığıAgentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edlmişdir ( hakim Natiq İsmayılov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 2(074)-37/2019 nömrəli, 15.02.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 nömrəli fərdi yaşayış evində olan 3/6 payın naturada bölünüb ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasinın iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iş üzrə təyin olunmuş 24 dekabr 2021-ci il tarixli, 10/4399 nömrəli ekspertiza rəyi reallığı əks etdirmir. Belə ki, həmin ekspertiza rəyində “İnşaat norma və qaydalarının” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq mübahisəli yaşayış evində arakəsmə divarlar hörülməklə və digər tərəfdən evin 2-ci hissəsindən 2-ci mərtəbəsinə pilləkən marşı inşa edilməklə mübahisənin həll olacağı yazılsa da amma bu həqiqəti əks etdirmir. Əgər bir evdə narazılıq yaranıbsa, belə halda evin arakəsmə ilə iki hissəyə bölünməsi və digər hissədən ikinci pilləkən marşı inşa edilməsi ilə bunu həll etmək olmaz. Bir halda ki, iddiaçı artıq bunu mübahisələndirib məhkəməyə müraciət edib, onda mübahisəli evin hərraca çıxarılması və satışdan əldə edilmiş gəlirin tərəflər arasında paylara mütənasib bölünməsi daha ədalətli olardı. Yaxud da iddiaçı ona düşən payın pulunu versə, o, ailə üzvləri ilə birgə həmin evi birdəfəlik tərk etməyə razıdır. Odur ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-37/2019 nömrəli, 15.02.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasinın iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-37/2019 nömrəli, 15.02.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 3/6 hissədə İddiaçı, 3/6 hissədə isə Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli, 10/4399 nömrəli ekspertiza rəyindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evinin İddiaçı payına uyğun 3/6 hissəsinin naturada ayrılması “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4, və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün yaşayış evinin 1-ci və 2-ci mərtəbələrinin tən orta hissəsində arakəsmə divarlar hörülərək, həmin mərtəbələrdəki tikililər iki hissəyə bölünməli, həyətyanı sahənin faktiki bölünmüş olan 2-ci hissəsindən evin 2-ci mərtəbəsinə (1-ci hissədə olduğu kimi) pilləkən marşı inşa edilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 3 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi altındakı torpaq sahəsi ilə birlikdə tərəflərin paylı mülkiyyətindədir, həmin əmlakda iddiaçının 3/6 hissədə, cavabdehin isə 3/6 hissədə paylı mülkiyyət hüququ vardır, paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına və ekspert rəyinə istinad edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 215, 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, bu əmlakdan istədiyi kimi istifadə etmək, onun barəsində sərəncam vermək hüququ var və mülkiyyətçi paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan əmlakının naturada bölgüsü mümkün olduğu təqdirdə həmin hissənin ayrılmasını tələb etmək hüququna malikdir. İş materiallarından müəyyən edilir ki, mübahisəli mənzil üzərində tərəflərin hər birinin 3/6 hissədə payları mövcuddur. Hazırda iddiaçı qeyd edilən evin naturada ayrılmasını xahiş etmiş, keçirilmiş ekspert rəyinə əsasən ünvan 3 saylı fərdi yaşayış evinin İddiaçı payına uyğun 3/6 hissəsinin naturada ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Bunun üçün yaşayış evinin 1-ci və 2-ci mərtəbələrinin tən orta hissəsində arakəsmə divarlar hörülərək, həmin mərtəbələrdəki tikililər iki hissəyə bölünməli, həyətyanı sahənin faktiki bölünmüş olan 2-ci hissəsindən evin 2-ci mərtəbəsinə (1-ci hissədə olduğu kimi) pilləkən marşı inşa edilməlidir. Göründüyü kimi, hazırda mübahisəli evin naturada bölünməsinin mümkünlüyü barədə ekspert rəy vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə istiand edərək iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində qeyd edilənlərə qiymət verərək qeyd edir ki, cavabdeh şikayətdə mübahisəli evin məhkəmə qaydasında hərraca çıxarılaraq satışından əldə edilmiş gəlirin paylı mülkiyyətçilər arasında mütənasib qaydada bölünməsinə razı olduğunu, yaxud da iddiaçının ona düşən mülk payına uyğun pul vəsaitinin ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, qeyd edilən məsələ hazırki iddia tələbinin predmeti deyildir, bu barədə cavabdeh tərəfindən iddia ərizəsi təqdim edilməmişdir. Eyni zamanda hazırki qətnamə cavabdehin qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertizanın xərcinin də cavabdehdən tutulması barədə məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-37/2019 nömrəli, 15.02.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-37/2019 nömrəli, 15.02.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar