Məhkəmə qərarları › İş №2(105)-1277/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1277/2022

09.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1277/2022 09.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi Nümayəndə Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçının hüquqi varisi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdeh X9, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər Corat bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(060)-28/2022 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi Nümayəndə verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş bərbərxananın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Hüquqları DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışla təsdiq edilmişdir. Qeyri-yaşayış binası 2 mərtəbə olub, 0,0062 ha torpaq sahəsində yerləşir və ümumi sahəsi 89.7 kv.metr təşkil edir. Cavabdeh neçə illər bundan əvvəl ona məxsus torpaq səhəsində bərbərxana tikmişdir. Dəfələrlə cavabdehə bildirmişdir ki, mülkiyyətçisi olduğu torpaq sahəsinə qeyri-qanuni girmiş və orada bərbərxana binası tikib ondan istifadə edir. Cavabdeh ilk əvvəl ona bildirmişdir ki, “Siz evi tikib tam başa çatdırandan sonra mən tikdiyim bərbərxananı sökəcəyəm”. Lakin cavabdeh getdikcə daha böyük torpaq səhəsini zəbt edərək mülkiyyətçisi olduğu torpaq sahəsini qeyri-qanuni yollarla ələ keçirmiş, mülkiyyətçisi olduğu binanın giriş qapısını mişar daşı ilə hörərək binadan istifadəsində çətinlik yaratmışdır. 2-ci qrup əlil və yataq xəstəsidir. Cavabdehin günahı ucbatından həmin obyektdən istifadə edə bilmir. Bu da onun ağır olan maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 may 2013-cü il tarixli, ********** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 89.7 kvmetr olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla, həmin tikilinin yerləşdiyi 0,0062 ha torpaq sahəsi Dövlət mülkiyyət növünə aiddir.

5. DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 24 nömrəli mənzil üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 04 may 2007-ci il tarixdə ********* qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmoğlu küçəsi ünvanında yerləşən 23 nömrəli qeyri-yaşayış binası üzərində X5 daşınmaz əmlakın dövlət reyestrində 14 dekabr 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 17 yanvar 2013-cü il tarixli, 4Ə-01/67 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş, 13 may 2013-cü il tarixdə ********** reyestr nömrəli çıxarış ilə adına qeydiyyata alınmışdır. Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 752 nömrəli 0.12 ha bağ torpaq sahəsi üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 20 fevral 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 30 dekabr 2012-ci il tarixli 4Ə-05/1762 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmişdir. Digər şəxs Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

6. Sumqayıt şəhər Corat bələdiyyəsi tərəfindən verilmiş 15.1.2020-ci il tarixli, 224 saylı məktubdan görünür ki, bələdiyyələr yaranmamışdan əvvəl qəsəbə Ağsaqqallar Şurasının təşəbbüsü ilə qəsəbədə əhaliyə məişət xidməti göstərilməsi məqsədilə bərbərxana tikilmişdir. Bələdiyyələr yarandıqdan sonra bələdiyyənin 13 oktyabr 2000-ci il tarixli, 18 saylı protokol qərarına əsasən torpaqdan qanunsuz istifadə edən vətəndaşlar vergiyə cəlb olunmuşdurlar. Torpaq sahəsindən istifadə etdiyinə görə Cavabdeh vergiyə cəlb olunmaqla onunla icarə müqaviləsi bağlanmışdır. Beləliklə həmin vaxtdan indiyədək torpaq sahəsi onun istifadəsindədir. Hal-hazırda Cavabdeh sözügedən torpaq sahəsinin vergi ödəyicisidir.

7. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 03 №-li müqavilədən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 579a ünvanında yerləşən torpaq sahəsi Cavabdeh xx.xx.2006-cı il tarixdən başlayaraq 15 il müddətinə əhaliyə xidmət (bərbərxana) məqsədilə icarəyə verilir.

8. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 472 saylı məktubdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində bərbərxana tikintisinə dair icazənin verilməsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində məlumat yoxdur.

9. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür.

10. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı Nümayəndə xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

11. Torpaq sahəsinin icarəyə verilməsi haqında 16 fevral 2021-cı il tarixli, 02 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh Corat bələdiyyəsində olan torpaq sahəsini Corat bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 21 saylı protokoluna əsasən 15 il müdətinə icarəyə götürmüşdür.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/4374 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan bərbərxana tikilisinin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hüdudları xaricində inşa edildiyi və həmin tikilinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin istifadəsinə texniki cəhətdən hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4960 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik inşa olunduğu və həmin tikiliyə dair hüquqmüəyyənedici və texniki sənədlərin mövcud olmadığı nəzərə alınaraq həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli Qərarının 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən olundu. Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik inşa olunması və cavabdeh tərəfindən inşa olunmuş qeyriyaşayış sahəsinin sol tərəfində olan hissənin mişar daşı ilə hörülməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin həmin hissədə yerləşən xarici divarlarına texniki qulluğun (suvaq, boya və s.) göstərilməsinə maneə yaradacaqdır.

14. İddiaçının hüquqi varisi Nümayəndə xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri tərəfindən iddia ərizəsi düzgün tərtib olunmadıöına görə, iddia ərizəsinə dəqiqləşdirmə vermək və ya iddianın əsasını dəyişdirmək üçün iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddiaçının hüquqi varisi X2 iddia ərizəsinin baxılmamış saxlanılması barədə vermiş olduğu ərizəni qəbul etməyərək mülki işə mahiyəti üzrə baxılmasını tələb etmişdir.

16. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(060)-28/2022 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı hüquqi varisi Nümayəndə Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qeyri-qanuni inşa edilmiş bərbərxananın sökülməsi tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat pulun İddiaçı hüquqi varisi Nümayəndə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, mübahisə predmeti olan bərbərxana tikilisinin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hüdudları xaricində inşa edildiyi və həmin tikilinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin istifadəsinə texniki cəhətdən hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 140, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 158.4, 170, 180, 180.2, 180.3, 180.4-cü maddələri, Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələri, Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75-ci maddəsi və Mülki Prosessual Məcəllənin 77.1, 101.3, 106.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçının hüquqi varisi Nümayəndə apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(060)-28/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

20. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170, 180-cı maddələrinin, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 69.1, 69.2, 69.4, 69.5.1, 72.1-ci maddələrinin və prosesual qanunverciliyin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. İddiaçının hüquqi varisi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər.

23. Cavabdeh X9 apellaysiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

24. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə

26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

27. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

29. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

32. Maddə 170. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

33. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

34. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.

35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

36. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

37. Torpaq Məcəlləsi

38. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

39. Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Mülki Prosesual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

48. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, iddiaçı mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun məhdudlaşdırıldığına istinad edərək, cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsini və cavabdehin sahədən məcburi çıxarılmasını tələb edir, cavabdeh isə qeyri-yaşayış sahəsini inşa etdiyi torpaq sahəsinin Corat bələdiyyəsinin mülkiyyətində olmaqla 2006-cı il tarixdən etibarən icarə müqaviləsi əsasında istifadəsində olmasını və son 16 il ərzində qeyri-yaşayış sahəsində əhaliyə xidmət etdiyi göstərir.

51. Belə olan halda, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyyən edilərək iddia həll edilməlidir.

52. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa rədd edilir.

53. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

54. Baxılan işdə yaşayış evi iddiaçı tərəfin mülkiyyət hüququ Dövlət qeydiyyatına alınsa da, cavabdehin istifadəsində olan tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikintilnin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində deyil, qonşu sahədə, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşməsi işin mübahisəsiz haldır.

55. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır.

56. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşşat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.

57. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan birimülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.

58. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

59. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.

60. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, hazırkı işin düzgün həlli üçün cavabdeh tərəfindən mübahisəli tikililər inşa edilərkən iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman inşaatın aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, iddiaçının tikintiyə etiraz edib-etməməsi, əgər etməmişsə səbəbi, etmişsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada ictimai əsaslarla qəsəbə sakinlərinə xidmət etməsi və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir.

62. Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmoğlu küçəsi ünvanında yerləşən 23 nömrəli qeyri-yaşayış binası üzərində X5 daşınmaz əmlakın dövlət reyestrində 14 dekabr 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 17 yanvar 2013-cü il tarixli 4Ə-01/67 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş, 13 may 2013-cü il tarixdə ********** reyestr nömrəli çıxarış ilə adına qeydiyyata alınmışdır. Cavabdeh isə qeyri-yaşayış sahəsini inşa etdiyi torpaq sahəsinin Corat bələdiyyəsinin mülkiyyətində olmaqla 2006-cı il tarixdən etibarən icarə müqaviləsi əsasında istifadəsindədir.

63. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə iddia düzgün olaraq təmin edilməmişdir.

64. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir.

65. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

66. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.

67. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 10/4960 nömrəli ekspert rəyinin tədqiqat dəyəri 50 manatdır.

70. Apellyasiya şikayəti təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul iddiaçının hüquqi varisi Nümayəndə alınıb AZ.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçının hüquqi varisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(060)-28/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul iddiaçının hüquqi varisi Nümayəndə alınıb AZ.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar