Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1278/2023 15.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə əhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(027)-217/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Quba şəhəri, Alpan kəndində yerləşən, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli Çıxarışa əsasən onun mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 ilə 20 il əvvəl qeyri-rəsmi qaydada el adəti üzrə evlənərək ailə qurmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri bir-birinə uyğun gəlməməyə başlamışdır. Aralarında tez-tez mübahisələr yaranmışdır. Birgə ailə münasibətlərindən bir qızları dünyaya gəlmişdir. Qızları yetkinlik yaşına çatmışdır. Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli Çıxarışa əsasən, onun mülkiyyətindədir. Cavabdehdə onunla bu illər ərzində ona məxsus evdə yaşamışdır. Lakin uzun müddətdir ki, cavabdehlə aralarında yaranmış mübahisələr nəticəsində bir evin içində ayrı yaşayırlar. Cavabdehdən evindən çıxmasını tələb etsə də, cavabdeh onun mülkiyyətində olan evdən çıxmır. Əksinə onun evinə girməyinə, evində yaşamağına, evindən istifadə etməyinə maneələr yaradır. Bu isə onun qanunla müəyyən olunmuş mülkiyyət hüquqlarını pozur. Cavabdeh onun mülkiyyətində olan evindən çıxarılmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(027)-217/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh mübahisəli evin mülkiyyətçisi olmasa da, həmin evdən istifadə hüququna malik olduğundan, onun həmin evdən istifadə etməsinə məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Avropa Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüquqlarına, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2 və 158.2-ci maddələri ilə tənzimlənmiş əmlakdan istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Tərəflər arasında rəsmi nikah bağlanmasa da, onlar el adəti üzrə 2000-ci ilin əvvəlində toy edərək birgə yaşamışlar. Cavabdeh ailə üzvü olaraq iddiaçı ilə birlikdə ümumi təsərrüfat aparmışlar. Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evi inşa edildikdən hal-hazıradək bu evdə yaşayır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 158.4, 228.1, 228.5, Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 53, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarına, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(027)-217/2023 saylı qətnaməsinin ləğv olunması, iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə hüquqi münasibət 2000-ci ildən sonra yaranmışdır. Belə olan halda 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsini tətbiq etməkdə məhkəmə haqlı deyildir, yəni məhkəmə həmin məcəlləni düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin mənasından göründüyü kimi onun mülkiyyətində olan mübahisəli evdən cavabdeh istifadə hüququna bu şərtlə malik ola bilərdi ki, həmin maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe evə cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olan və ya həmin (dəlillər) evin tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilsin. Lakin iş materiallarından göründüyü kimi Quba rayonunun Alpan kəndində yerləşən mülkiyyətində olan evə cavabdehin istifadə hüququ yoxdur, mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma da yoxdur. Birinci instansiya məhkəməsi cavabdehin onun evindən istifadə hüququnu onunla arasındakı ailə münasibəti ilə, yəni, cavabdehin onun arvadı olması ilə əsaslandırmışdır. Bununla da məhkəmə Azərbaycan Respublikasinin Ailə Məcəlləsinin 2-ci maddəsinin müddəalarını pozmuşdur. Belə ki, Ailə Məcəlləsinin 2 və 9.4cü maddələrinin mənasına görə ailə münasibəti əsasında ər-arvad hüququ müvafiq icra hakimiyyəti orqanında nikah qeydiyyata alındıqda yaranır. İş materiallarından göründüyü kimi iddiaçının cavabdehlə nikah qeydi olmamışdır. Deməli o, onunla ailə münasibətində olmamışdır, aralarında ər-arvad hüququ yoxdur. Göründüyü kimi, hazırki mülki iş üzrə hüquqi münasibət 2000-ci ildən sonra yaranmışdır. Belə olan halda 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsini tətbiq etməkdə məhkəmə haqlı deyildir, yəni məhkəmə həmin məcəlləni düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin mənasından göründüyü kimi iddiaçının mülkiyyətində olan mübahisəli evdən cavabdeh istifadə hüququ bu şərtlə malik ola bilərdi ki, həmin evə cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ola və ya həmin evin tərkib hissəsindən istifadə hüququ mən mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilsin.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlə toyu olmayıb. Amma cavabdeh onun evinə razılığı əsasında gəlib. Cavabdeh onun ata evinə gəlin gəlib. Orada 2 il yaşayıb. Sonra ev tikmişlər, 3 il tikinti gedib. 2003-cü ildə evə köçüblər. Qızı ailə qurub. Ailə qurana qədər həmin evdə yaşayıb. Cavabdeh cehiz gətirmişdi. Sonradan ailə qurmayıb, cavabdeh deyir ki, qızı köçürdüyü üçün artıq ona lazım deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(027)-217/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, şikayəti kifayət qədər əsaslandırıb. İddiaçı ilə cavabdeh 2000-ci ildə faktiki nikah münasibətlərinə daxil olublar. Münasibətlərin ilin hansı ayında başlandığı ona məlum deyil. Torpaq iddiaçının adına olub. Ev cavabdeh ora köçəndən sonra tikilib. Odur ki, apellyasiya şikayətinin təmin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(027)-217/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı ilə 2000-ci il 28 mart tarixindən faktiki nikah münasibətlərindədir, iddiaçının atasının evinə gəlin köçüb. Sonra qaynanasının göstərişi ilə nənə-babadan qalan evi söküb mübahisə predmeti olan evi tikiblər, ev nənə-babadan qalan evin tikinti materialları hesabına tikilib. Bağı, çardağı o salıb. Bunun üçün 20 baş qoyununu satıb, iddiaçı 12 sot torpağı onunla ailə qurduqdan sonra 100 ABŞ dollarına aldı. 23 il birlikdə yaşamışlar. Ev nənəsinin evinin tikinti materialları hesabına tikilib. Apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(027)- 217/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 13. Mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olması, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması təsbit edilmişdir. Maddə 29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 158.1.2. Əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.1. Yaşayış binası mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
15. Mənzil Məcəlləsi (köhnə redaksiyada) Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Maddə 53.1. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 53.3. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
16. Mənzil Məcəlləsi (yeni redaksiyada) Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
19. Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Madddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(027)-217/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Quba şəhəri, Alpan kəndində yerləşən, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalıdır.
22. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu Alpan kəndində yerləşən ümumi sahəsi 36 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatna alınmışdır.
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu Alpan kəndində yerləşən ümumi sahəsi 36 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında rəsmi nikah bağlanmasa da, onlar el adəti üzrə 2000-ci ilin əvvəlində toy edərək birgə yaşamışlar. Cavabdeh ailə üzvü olaraq iddiaçı ilə birlikdə ümumi təsərrüfat aparmışlar. Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evi inşa edildikdən hal-hazıradək bu evdə yaşayır. Mübahisəli ev hazırda İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının və onun nümayəndəsinin bildirdiyinə görə cavabdeh onu evə buraxmır və evdən istifadəsinə maneələr yaradır. Cavabdehin evi, mənzili və ya başqa yaşayış sahəsi yoxdur. Həmçinin Cavabdeh Quba rayonu Alpan kəndində yerləşən və hazırda İddiaçı məxsus fərdi yaşayış evinə istifadə hüquqları olduğundan, onun evdən çıxarılması qanunsuz və əsassızdır və ona görə də iddia təmin edlilə bilməz.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmamışdır.
25. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır
26. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınmadığından onlar arasında hər hansı hüquq və vəzifələr yaranmamışdır.
27. Belə olan halda Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 123 və 53-cü maddəsinə əsasən cavabdeh iddiaçının ailə üzvü-arvadı olmadığından cavabdeh həmin evə dair iddiaçı ilə eyni hüquqlara malik deyildir.
28. Həmçinin iş materiallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər xx.xx.2022-ci il tarixində (fərdi yaşayış evinin İddiaçı adına dövlət qeydiyyatına alınması tarixi) yarandığından mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmaqla cavabdeh mənzildən çıxarılmalıdır.
30. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. 2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
32. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.
33. Qanunvericiliyə əsasən şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
34. Hazırki işdən görünür ki, iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri mövcud deyildir.
35. Məhkəmə kollegiyası mübahisəli fərdi yaşayış evinin nənəsinin evinin tikinti materialları hesabına tikilməsinə dair cavabdehin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh qeyd edilən halları təsdiq edəcək sübutlat təqdim etməmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edir.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(027)-217/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Quba şəhəri, Alpan kəndində yerləşən, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalıdır. 39.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(027)-217/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Quba şəhəri, Alpan kəndində yerləşən, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir