Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1282/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə ilk iddiasına, Cavabdeh İddiaçı qarşı əmlakın evdən çıxarılması barədə qarşılqılı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5263/2020 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5263/2020 saylı qətnaməsilə (hakim R.Qoşqarlı) ilk iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı övladları ilə birlikdə Sumqayıt Bağları, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, ilk iddianın tamamilə rədd olunması, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt Bağları, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt Bağları, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi və həmin evin ½ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxx 2016-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Abdulla, xx.xx.2019-cu ildə isə İnci adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh ilə birgə nikahda yaşayan zaman Sumqayıt Bağlar massivi, 997/Q ünvandakı fərdi yaşayış evi inşa etmişlər. Belə ki, o, gəlin köçən zaman evin bünövrəsi qoyulmuş, lakin sonrakı bütün tikinti işləri atası və qohumlarının iştirakı ilə aparılmış və fərdi yaşayış evi tikilib hazır olandan sonra o, bütün cehiz əşyalarını da oraya yığıb birgə yaşamağa başlamışlar. Sonradan cavabdeh onu zorla evindən çıxararaq qovmuşdur. Bütün cehiz və şəxsi əşyaları həmin fərdi yaşayış evində qalmışdır. Cavabdeh və anası onun cehiz əşyalarını icazəsiz istifadə edirlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Bununla da onun cehiz əmlakları istifadəyə yararsız hala salınır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Sumqayıt Bağlar massivi, 997/Q saylı tikilidə yerləşən cehiz əmlaklarının çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia bununla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ona qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Onların birgə nikahlarından 2 azyaşlı övladları vardır. Cavabdeh hələ nikahları pozulmamışdan əvvəl, özü uşaqları da götürüb onun xəbəri olmadan evdən getmiş, o, bundan işdən gələndən sonra xəbər tutmuşdur. Yəni cavabdehin, onun cavabdehi döyməsi, evdən qovması barədə dedikləri yalandır. Əslində cavabdeh evi 2018-ci ilin mart ayından tərk etmiş, 1-2 dəfə özü geri qayıdıb bir neçə gün qalmış, sonra yenə də çıxıb getmişdir. Cavabdeh özü evdən getdiyi üçün, aydın məsələdir ki qayıdıb burada yaşamaq fikri yoxdu. Cavabdeh məhkəməyə qəsdən, məqsədli şəkildə ona görə müraciət edib ki o, və həmin evin sahibi olan anası dəfələrlə ona və ailəsinə xəbərdarlıq etmişlər ki gəlin cehiz əmlaklarını aparsın. Belə ki bu ev anasına məxsusdur, onların Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 4-də yerləşən 36 saylı mənzilləri olmuşdur. Həmin mənzili satmışlar və pulun xeyli hissəsini bu evin tikintisinə sərf etmişlər. Evin hamam və tualetinin tikintisi, həmçinin evin tam təmiri üçün də anası 2015-ci ilin mart ayında 5000 ABŞ dollarına yaxın kredit götürmüşdür və hələ də kredit ödəyir. Cavabdehin məqsədi odur ki, evə köçmə verib əmlakın oradan çıxarılmasına mane olsun ki, gələcəkdə onlar bu evi sata bilməsinlər və yaxud satsalar da pulunu cavabdehə versinlər. Həmin evdə o, yaşayır və oradakı əmlaklardan da istifadə haqqı vardır. Bundan əlavə, cavabdeh və ya valideynləri evin tikintisinə heç bir pul vəsaiti qoymamışdır. Cavabdehin bu evdə şəxsi geyim və ya digər əşyası yoxdur, onları gedəndə özü ilə aparmışdır. Burada cavabdehin ancaq gələndə gətirdiyi cehiz əmlakları var. Bundan əlavə, cavabdehin yaşayış yeri var, cavabdeh öz valideynlərinin mənzilində yaşayır, orada hər cür şərait də var və özü könüllü olaraq, onunla yaşamaq istəmədiyinə görə evdən çıxıb getmişdir. Əgər cavabdeh evdən qovulmuş olsaydı bu barədə boşanma ərizəsində də heç olmasa bir cümlə qeyd etmiş olardı. Həmin ərizədə o, göstərmişdir ki onların bir yerdə yaşamaları mümkün deyildir. Cavabdeh artıq onun ailə üzvü deyildir, öz valideynlərinin evində yaşayır, lakin cavabdeh cehiz əmlaklarını aparmaq istəmir. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni araşdırarkən mübahisəli tikilinin onun anası X1 məxsus olmasını, onun tərəfindən inşa edilməsini nəzərə almamış, bu şəxsi cavabdeh və ya maraqlarına toxunan şəxs qismində məhkəmə iclasında dindirməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Məhkəmə cavabdehin mübahisəli evdə bütün evlilik boyunca maksimum 7-8 ay yaşamasına, daim valideynlərinin yanında qalmasına, bu evdə yaşamaq istəməməsinə düzgün qiymət verməmişdir. Anası mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mkr., 4 saylı evin 36 saylı mənzilini satmış, həmin pula 2014-cü ildə hazırkı evi tikdirmiş, “xxxx” ASC-nin Sumqayıt filialından 5000 ABŞ dolları kredit götürərək evin sanitar qovşağını təmir etdirmişdir. İddiaçı gəlin kimi bu evə gələndə tikili hazır vəziyyətdə olmuş, qaz, su və elektrik xətləri çəkilmiş, o, bu evin tikinti və təmir işlərində iştirak etməmiş, onun tərəfindən heç bir vəsait qoyulmamışdır. Anasının şəxsiyyət vəsiqəsində problemlər olduğuna görə bu evə dair kommunal ödənişlər onun adına yazılmışdır. Onun tərəfindən dindirilmiş şahid ifadələri nəzərə alınmamış, buna baxmayaraq qarşı tərəfin şahidlərinin ifadələri sübut kimi qəbul edilmiş, məhkəmə ona qarşı qərəzli davranmış, bərabərlik prinsipi pozulmuşdur. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, əsassız qətnamə çıxarılmışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilk iddianın təmin olunmaması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı şikayətə etiraz etdi və bildirdi ki, hazırda yaşamağa heç bir yeri yoxdur. Evin tikintisinə vəsait sərf etdiyinə görə mübahisəli evə köçürülməlidir. O, mübahisəli evdə nikaha daxil olandan boşanana qədər yaşamışdır. Nikah pozulandan sonra isə keçmiş əri onu oradan qovmuşdur. Evin sahibi keçmiş əridir. Buna görə də şikayətin təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan “xxxx” ASC-nin Sumqayıt filialının abonent kartından görünür ki, Sumqayıt Bağları, 997/Q saylı fərdi yaşayış evinə dair su sayğacının abunə kodu Cavabdeh adınadır. İş materiallarında olan “xxxx” ASC-nin abunə haqqında saldosundan görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, ev 0680, mənzil 7713-ə dair elektrik sayğacının abunə kodu Cavabdeh adınadır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X2 və onun qızı İddiaçı da iki azyaşlı uşaqları ilə birlikdə Saray qəsəbəsi, H.Z.Tağıyev küçəsindəki 15 saylı evdə qeydiyyatda olmalarına baxmayaraq, Saray qəsəbəsi Rəsul Rza küçəsində qeydiyyatsız yaşayırlar. Onların yaşadıqları ev kimə məxsus olması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6cı maddəsinə əsasən apelyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, iş üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh keçmiş arvadıdır və onlar xx xxx 2016-cı ildə rəsmi nikaha girərək həmin tarixdən Sumqayıt Bağları massivində yerləşən 997/Q saylı mübahisəli fərdi yaşayış evində birgə yaşamışlar. Həmçinin məhkəmə iclasında sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Sumqayıt Bağları massivində yerləşən 997/Q saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əmlak hesab edilmir. Mübahisəli evin nə vaxt inşa edilməsi barədə işdə hər hansı sübut yoxdur, tikintinin tərəflərin birgə nikahı dövründə inşa edilməsi istisna deyildir. Lakin iş materiallarında olan kommunal xərclərin ödənilməsi barədə qəbz və məlumatlardan görünür ki, evin sahibi məhz Cavabdeh olmuşdur. Belə olan halda, ilk iddia üzrə iddiaçının da bu tikilinin ərsəyə gəlməsində hansısa formada iştirakı istisna deyildir. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, evin yerləşdiyi torpaq sahəsinə dair də hüquq müəyyənedici sənəd mövcud deyildir. Nə qədər ki, torpaq sahəsinin və evin nə vaxt əldə olunması məlum deyildir, iddiaçı da dörd ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırda ilk iddia üzrə cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun ilk iddia üzrə iddiaçı da oradan istifadə edə bilər, çünki həm qüvvədən düşmüş, həm də hazırkı Mənzil Məcəlləsinin anoloji (xüsusi mülkiyyət hüququ ilə qeydə alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşılqdığında isə həmin mübahisəli evə köçürülməsi barədə İddiaçı köçürülmə barədə iddiasının əsaslı olması şübhə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası sadalanan bu normaların tələbi baxımından çıxış edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Sumqayıt Bağları massivində yerləşən 997/Q saylı mübahisəli fərdi yaşayış evinə köçürülməlidir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə düzgün olaraq belə hesab etmişdir ki, hazırki halda, Sumqayıt Bağları massivində yerləşən 997/Q saylı mübahisəli fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd olmaması səbəbindən tikilinin guya ilk iddia üzrə cavabdehin anasına məxsus olmasından, yəni hüquqdan sui-istifadə etməsi ilk iddia üzrə İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisəli evdən cehiz əmlakın çıxarılması barədə qarşılıqlı iddianı məhz Cavabdeh qaldırmışdır və bu fakt da təsdiq edir ki, bu tikilinin sahibi də odur. Məhkəmə kollegiyası bir məsələyə də münasibət bildirməyi zəruri hesab edir. İlk iddia üzrə iddiaçı tələbində özü ilə yanaşı 2 azyaşlı uşağının də mübahisəli yaşayış sahəsinə köçürülməsini tələb etmişdir. AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda azyaşlı Abdullanın və İncinin yaşayış yeri onların valideyinlərindən hansı ilə qalması, yəni həmin valideyinin yaşayış yeri ilə müəyyən edilir. Evə köçürülmə barədə İddiaçı iddiası təmin edildiyindən, ona məxsus əmlakın mübahisəli evdən çıxarılması barədə Cavabdeh qarşılıqlı iddiası da təmin edilməməlidir və bu barədə də məhkəmə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının da qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair tərəflər eyni hüquqlara malik olduqlarından köçürülmə barədə iddia təmin edilməli, İddiaçı mübahisəli evə köçürülməli, onun cehiz əmlaklarının buradan çıxarılması barədə qarşılıqlı iddia isə rədd edilməlidir və bu barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də qüvvədə olan maddi hüquq normalarına uyğundur. Tərəflərin münasibətlərinin pis olması, həmçinin mübahisəli evin onun anasının vəsaiti hesabına inşa edilməsi və buna görə də iddiaçının mübahisəli evə köçürülməli olmaması barədə Cavabdeh apelyasiya şikayətinin dəlilləri əsassızdır və köçürülmə barədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin apelyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı evə köçürülmə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh isə apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5263/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə Cavabdeh özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 5263/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1282/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1282/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver