Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1283/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçı şikayət verib, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında 05.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(012)-5416/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən Abşeron Rayon Məhkəməsinə daxil olmuş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair e-2(012)- 5416/2021 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair 2(012)-4499/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qətnaməsi ilə iddiaçı Rəsullu (Kərimova) Turanə Kamran qızının cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddiası təmin edilib, Rəsullu Cavabdeh və İddiaçı arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə nümayəndəliyində 05.04.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 02 noyabr 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbi pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun Kərimova (Rəsullu) Turanə Kamran qızına qarşı verdiyi nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi 15.07.2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardad ilə icraata qəbul olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun məcburi mediasiya tətbiqi ilə bağlı tələbləri isə 23 iyul 2021-ci il tarixində qüvvəyə minmişdir. Buna baxmayaraq məhkəmə kobud qanun pozuntusuna yol verərək onun verdiyi iddia ərizəsini məcburi mediasiya tələblərinə əməl etmədiyi əsası ilə baxılmamış saxlamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanması barədə nəticəyə gəldikdə Azərbaycan Respubliksı MPM-nin 259.0.13-cü maddəsinin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.3, 3.1, 3.1.2, 3.1.3 və 4.1-ci maddələrinin tələbinə istinad edib hesab etmişdir ki, qanunvericiliyin tələblərindən məlum olduğu kimi, nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət olunmasına dair məlumatı və həmin tələbə riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və iddia ərizəsinin baxılmamış saxlanması məsələsini həll edəkən işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi 15 iyul 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinə müraciət etməsə də, Cavabdeh iddia tələbi üzrə mülki işin 25 və 26-cı səhifələrində olan «Mediasiya dəvət məktubu» və «Mediasiya prosesinin tətbiqi barədə təklif»lərdən müəyyən edilir ki, tərəflər nikahın etibarsız sayılması tələbinə dair mübahisəni məhkəmədən kənar qaydada həll edə bilməmiş və bu barədə aralarında razılıq əldə edilməmişdir. İlk növbədə məhkəmə kollegiyası nəzərə alır ki, Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(012)-5416/2021 nömrəli qərardadı ilə bir icraatda birləşdirimiş hər iki mülki iş üzrə tələb İddiaçı və Rəsullu Cavabdeh arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə nümayəndəliyində 05.04.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılmasından ibarədir. Birinci instansiya məhkəməsi 02 noyabr 2021-ci il tarixdə iki müxtəlif akt qəbul etməklə eyni tələbin təmin edilməsinə yönələn iddia ərizələrindən Rəsullu (Kərimova) Turanə Kamran qızının tələbini təmin etmiş olsa da, İddiaçı tələbinin baxılmamış saxlanması qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Eyni zamanda həmin Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. “Nikahın etibarsız sayılması”na dair mübahisələr Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-28-ci maddələri ilə nizamlanır. 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Maddə 10. Nikahın yaşı 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Maddə 11. Nikahın bağlanma şərtləri 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Maddə 12. Nikahın bağlanmasına mane olan hallar. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Qeyd olunan normalardan çıxış edərək “Nikahın etibarsız sayılması”na dair mübahisələrin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3 və 26-cı maddələrinin təsiri altına düşüb- düşməməsi halları müqayisəli surətdə tədqiq olunub hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nın 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21.9. Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. Bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə. 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2021-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə- Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 360-VİQD nömrəli Qanununun 2.1-ci maddəsi ilə MPM-sinə əlavə edilmiş 4.6-cı maddəsinə görə, “Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunanlar hallar araşdırılmamış, həmin hallar digər sübutlarla birlikdə yenidən müqayisəli surətdə tədqiq edilib, nəticəsindən asılı olaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin 02 noyabr 2021ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı və şikayətin təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 22 aprel 2022-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı ləğv edilib, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə iddiasına yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı və şikayətin təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 22 aprel 2022-ci il tarixli, 2(012)-4499/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1283/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1283/2022
11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver