Məhkəmə qərarları › İş №2(105)-1287/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1287/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1287/2021 31.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-2748/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-2748/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 15 (on beş) manat 10 (on) qəpik dəbbə pulu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, cəmi 1575 (bir min beş yüz yetmiş beş) manat 50 (əlli) qəpik məbləğində pulun alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. C avabdeh Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-2748/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, fiziki şəxs “X5” və Cavabdeh arasında bağlanmış nisyə alq-satqı müqaviləsinə əsasən 1530 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC və fiziki şəxs “X5” arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs “X5”-in Cavabdeh qarşı olan 1530 (bir min beş yüz otuz) manat məbləğindəki tələb hüququ “xxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxx” MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqısatqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Cavabdehin 1530 manat əsas borcu və 151,04 manat cərimə borcu yaranmışdır. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirən gün üçün ödəməli olduğu məbləğin 0.5% miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Ona görə də, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 1530 (bir min beş yüz otuz) manat borcun, 151 (bir yüz əlli bir) manat 04 (dörd) qəpik cərimə borcu, 30,40 manat dövlət rüsumunun tutularaq MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “X5” və onun arasında 1530 manat dəyərində mebel dəstinin alınması barədə xx.xx.2019-cu il tarixli, ORB000120 saylı müqavilə bağlansa da, həmin mebel dəsti ona təhvil verilməmişdir. Bu səbəbdən ona təhvil verilməyən əşyalara görə ödəniş etməmiş, müqavilə üzrə alacağı mebel ona təhvil veriləcəyi halda ödənişləri icra edəcəkdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “X5” və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, ORB000120 saylı nisyə alqısatqı müqaviləsindən görünür ki, “X5” (satıcı) 900 manat dəyərində taxt və 630 manat dəyərində divan olmaqla, ümumilikdə 1530 manat dəyərinə olan mebel dəstini Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, malıb dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2ci bəndinə əsasən alıcı malın qiymətini 12 ay müddətinə ayda 128 manat olmaqla ödəməlidir. “X5” və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ORB000120 saylı nisyə alqısatqı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 900 manat dəyərində taxt və 630 manat dəyərində divan təhvil verilmişdir. “xxxx” MMC tərəfindən verilmiş “maliyyə arayış”ından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, ORB000120 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə “xxxx” MMCyə əsas məbləğ üzrə borcu 1530 (bir min beş yüz otuz) manat, cərimə borcu 151 (bir yüz əlli bir) manat 04 (dörd) qəpik, cəmi 1681 (bir min altı yüz səksən bir) manat 04 (dörd) qəpik borcu vardır. «X5» cavabdehə bildiriş göndərmiş və bildirişdə göstərilir ki, pul tələbinin hamısı «xxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «X5» və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ORB000120 saylı alqı-satqı müqaviləsinə əsasən (satıcı) qiyməti 1530 manat dəyərinə olan malı 12 ay müddətinə ödəmək şərti ilə Cavabdeh (alıcıya) satmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarında olan «X5» və “xxxx” MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli faktorinq müqaviləsinə əsasən pul tələbi «xxxx» MMC-yə güzəşt edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən, pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 655.3-ci maddəsinə əsasən, müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 655.6-ci maddəsinə əsasən, faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. «X5» xx.xx.2019-cu il tarixli, ORB000120 saylı alqı-satqı müqaviləsindən irəli gələn alqısatqı müqaviləsi üzrə alıcılara qarşı pul tələbi hüququnu xx xxx 2019-cu il tarixli faktorinq müaviləsinə əsasən “xxxx” MMC-yə güzəşt etdiyinə görə cavabdehin iddiaçı qarşısında qeyd edilən tələbdən irəli gələn öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinin hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edərək birinci instansiya məhkəməsi, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri qrafik üzrə aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apelyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmir. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 151,04 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəbbə borcunun 15,10 manat məbləğinə endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Sadalanan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmiş və cavabdeh apelyasiya şikayətinin təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403,404-1-ci və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-2748/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar