Məhkəmə qərarları › İş №2(105)-1288/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1288/2021

09.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1288/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı işə bərpa, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi haqqında tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(060)-6355/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Dövlət Universitetinin rektoru E.Hüseynovun onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmağı barədə 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmrin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunması, 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində cavabdehdən onun xeyrinə pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-2016-ci tədris ilindən 02 oktyabr 2020-ci ilə kimi Sumqayıt Dövlət Universitetində dosent vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Universitetin nüfuzunun qaldırılması üçün əməyini əsirgəməmiş, əmək intizamına, o cümlədən etik davranış qaydalarına daim əməl etməklə kollektivdə nüfuz sahibi olmuşdur. Sumqayıt Dövlət Universitetinin rektoru E.Hüseynov heç bir əsaslı səbəb olmadan, onunla ədavətdə olan bəzi əməkdaşların subyektiv və qərəzli mövqeyini əsas götürərək 01 oktyabr 2020-ci il tarixdə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etmişdir. Əmrdə göstərilir: « Rəhbərlik tərəfindən dəfələrlə şifahi, yazılı (Əmr № K-102/3. 30.05.2018- ci il) xəbərdarlıqlara baxmayaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, qeyri-etik davranışları nəticəsində iş yoldaşlarının əmək hüquqlarını pozduğuna, qanunla qorunan mənafelərinə zidd hərəkət etdiyinə, universitetin Daxili intizam qaydalarına, kollektiv müqavilənin şərtlərinə, onunla bağlanmış fərdi əmək müqaviləsinin 3.2. maddəsinə əməl etmədiyinə və işlədiyi kollektivdə mütəmadi gərginlik yaratdığına görə Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 01.10.2020-ci il tarixindən xitam verilsin. İstifadə etmədiyi məzuniyyət günləri yoxdur. Əsas: Rektor prof. E.B.Hüseynovun dərkənarı ilə Humanitar məsələlər üzrə prorektor dos. R.A.Hüseynovun 25.09.2020-ci il tarixli 08-440/20 nömrəli təqdimatı, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dos. S.S.Məhərrəmovanın 18.09.2020-ci il tarixli 08-420/20 nömrəli təqdimatı, Tarix və onun tədrisi metodikası kafedrasının 14.02.2019-cu il tarixli 10 saylı protokolundan çıxarış, həmin kafedranın dosenti R.V.Əhmədovun və baş müəllim N.M.Abdullayevin izahatları, müəllim B.M.Cəlalzadənin 18.09.2020-ci il tarixli C-25/20 nömrəli ərizəsi və ona aid 6 səhifədən ibarət materiallar, dos.İddiaçı izahatları, HİK-in 25.09.2020-ci il tarixli 83 saylı protokolundan çıxarış, fakültə dekanı, kafedra müdiri və bir qrup kafedra əməkdaşları tərəfindən tərtib olunmuş İddiaçı şifahi xəbərdar olunduğunu təsdiqləyən iki ədəd akt». Rektor onu Əmək Məcəlləsinin 70-ci maddəsi ç bəndinin «İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə» hissəsi ilə işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin maddəsində göstərilir ki, işəgötürən işçini 70-ci maddənini ç bəndində göstərilən bir əsas üzrə işdən azad edə bilər. Əmrdən göründüyü kimi, həmin maddənin tələbi pozularaq o, işdən həmin bənddə göstərilən iki əsas üzrə əmək funksiyasını yerinə yetirməməyə və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. Əmr ümumi xarakter daşımaqla yalnız və yalnız hər hansı bir vasitə ilə onun arzuolunmaz şəxs kimi işdən azad olunmağının əsaslandırılmasına yönəlmişdir. Belə ki, o, Sumqayıt Dövlət Universitetində işlədiyi müddətdə əmək intizamına həmişə riayət etmiş, yalnız bir dəfə 2018- ci ilin mart ayında Universitetin Tələbə Elmi Cəmiyyətinin bölmə üzrə iclasında universitetin müəllimi Sarvan Bədəlovun məqsədli surətdə onu əsəbləşdirməsi nəticəsində əsəb sarsıntısı keçirərək Tibbi Klinikalara müraciət etmiş, həkimlərin tövsiyəsi ilə ev şəraitində müalicə almışdır. Yaşadığı qəsəbədə qeydiyyatda olmadığına, habelə həkimlərin tövsiyəsi ilə yataq rejimində olmalı olduğu üçün həyat yoldaşı qeydiyyatda olduğu ünvan üzrə poliklinikaya vaxtında müraciət edib bülleten açdıra bilmədiyi üçün, bülletendən kənar iki gün üzürsüz səbəbə görə iş buraxma vəziyyəti yaranmışdı. O, vəziyyəti olduğu kimi rəhbərliyə sənədlər əsasında izah etsə də, xəstəliyi ilə bağlı ona maddi-mənəvi kömək etmək əvəzinə Universitet rektoru tərəfindən 30.05.2018-ci il tarixli K-102/3 saylı əmrlə ona xəbərdarlıq edilmişdi. Əvvəla Əmək Məcəlləsinin 186-cı maddənin 3-cü bəndinə əsasən xəbərdarlıq intizam tənbehi sayılmır, bundan başqa, 190- cı maddənin 1-bəndinə əsasən intizam tənbehi törədildiyi gündən altı ay müddətində qüvvədə olur. Verilən qərəzli əmrdə artıq qüvvəsini itirmiş olan, habelə intizam tənbehi sayılmayan xəbərdarlığa istinad olunması onu təsdiq edir ki, rektorun onu işdən azad etməyə heç bir qanuni əsası olmamışdır. Lakin bütün bunlara baxmayaraq o heç bir qüvvəsi olmayan xəbərdarlığa istinad etməklə onu əsassız və qanunsuz olaraq işdən azad etmişdir. Sonrakı işlədiyi müddətdə tərəfindən heç vaxt əmək intizamı pozulmamışdır. Bunu ona rəhbərlik tərəfindən bu müddət ərzində hər hansı bir intizam tənbehinin verilməməsi də təsdiq edir. Halbuki onun əmək fəaliyyəti əmrdə göstərilənlərin əksinə olaraq rektorluq tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Belə ki, 05 oktyabr 2017-ci il tarixdə rektor E.Hüseynovun tərəfindən «Səmərəli elmi-pedoqoji fəaliyyətinə, gənc nəslin təlim — tərbiyəsindəki uğurlarına görə və 5 oktyabr - X5 münasibəti ilə Fəxri Fərmanla təltif olunmuşdur. 2017-ci ildə yüksək elmipedoqoji fəaliyyətinə görə 5 illik dosent vəzifəsinə seçilmişdir. 2018-ci ilin fevral ayında isə Universitetin Elmi Şurasının yekdil qərarı ilə sənədləri “Attestatlı dosent” adının verilməsi üçün Ali Attestasiya komissiyasına göndərilmiş, Ali Attestasiya Komissiyası 2018-ci ilin may ayında «Attestatlı dosent» adını təsdiq etmişdir. 2017-2018-ci tədris ilindən 2019- 2020-ci tədris ilinin sentyabr ayına qədər “Tarix və Coğrafiya” fakültəsinin Dövlət İmtahan Komissiyasının 5 üzvündən biri kimi fəaliyyət göstərmişdir. Hər tədris ili rektorun əmri ilə iki magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. Habelə nümunəvi işçi kimi onlarla namizədin arasından Rektor tərəfindən Universitetin 4 əməkdaşından biri kimi Türkiyə Respublikasına ezamiyyətə göndərilərək «Mövlana» proqramı üzrə müəllim mübadiləsi ilə əlaqədar olaraq 2019-cu ilin oktyabr ayının 10-dan 24-nə kimi «X11» Universitetində 14 gün müddətində mühazirələr oxumuş, yüksək təcrübə əldə etmişdir. Sonradan «X11» Universitetinin rektorluğu tərəfindən Sumqayıt Dövlət Universitetinin rektorunun adına onun oradakı nümunəvi fəaliyyəti barədə sertifikat göndərilərək təşəkkür bildirilmişdir. Bundan sonra 2020-ci ilin fevral ayında onun fəaliyyətini yüksək qiymətləndirərək Universitetin rəsmi yığıncağında «Tarix və Coğrafiya» fakültəsi üzrə elmi işlərlə bağlı dekan müavini vəzifəsinə namizədliyi irəli sürülsə də, hansı səbəbdənsə Rektor həmin vəzifəyə onu deyil, dörd vəzifə daşıyan «Tarix və onun tədrisi kafedras»nın müdiri, onunla qərəzli olan, ona qarşı təşkil edilən qarayaxma kompaniyasının başında duran Sona Məhərrəmovanı təyin etmişdir. Belə ki, S.Məhərrəmova onun artan nüfuzundan qorxurdu ki, onu onun yerinə kafedra müdiri seçə bilərlər. Onun «Şimali Azərbaycanda Milli Oyanış Hərakatı» (19-cu əsrin sonu 20-ci əsrin əvvələri) adlı kitabı X8 xanım Əliyevanın sponsoru olduğu «Məktəb Pres» qəzetində silsilə şəklində dərc edilmişdir ki, buna görə də ona «Qızıl qələm» media lauretı mükafatı da verilmiş və fakt Universitetin saytında da yayımlanmışdır. 2020-ci ilin mart ayının 3-dən etibarən pandemiya ilə bağlı universitetdə canlı dərslər dayandırılaraq onlayn tədrisinə keçilmişdir. 2020-ci ilin may ayının 7-si 10.47də zarafatla bir tanışına göndərmək istədiyi mesaj səhvən 822-ci qrupun nümayəndəsi olan, (qrup rəhbərlərinin telefon nömrələri müəllimlərdə də olur) Samirə İbrahimliyə getmişdir. Təxminən bir dəqiqə sonra o, mesajın səhv göndərilməsini başa düşüb həmin tələbəyə zəng edərək, mesajın ona səhv getməsini bildirərək silməsini xahiş etmiş, tələbə də mesajı oxumadan sildiyini ona bildirmişdi. Sonradan məlum oldu ki, həmin tələbə mesajı silməyərək onunla qərəzli münasibətdə olan kafedranın əməkdaşı Samir Kərimliyə göndərmiş, o, da həmin mesajı onunla olduqca pis münasibətdə olan kafedra müdiri Sona Məhərrəmovaya göndərmişdir. S.Məhərrəmova isə onu Universitet rəhbərliyinin gözündən salmaq, gələcək karyerasına zərbə vurmaq üçün qanunsuz olaraq həmin mesajı ictimailəşdirərək hər vəchlə çalışırdı ki, onu ləkələsin, nüfuzdan salsın. S.Məhərrəmova ilə münasibətlərinin korlanmasının, onun ona qarşı qərəzli olmasının digər səbələrini zərurət yanarsa məhkəmədə bildirər. Rektorun ona qarşı qərəzli olmasını, onunla bağlanmış əmək müqaviləsinə xitam verəcəyini qabaqcadan planlaşdırmasını onun 2020-2021-ci tədris ili üçün ona dərs yükünün ayrılmaması barədə göstərişi ilə də təsdiq olunur. Ona dərs yükü ayrılmamasına baxmayaraq o, 02 oktyabr da daxil olmaqla dərs günləri Universitetdə, işlədiyi dekanlıqda olmaqla ona dərslərin ayrılmasını tələb etmişdir. Sonra onun məsələsi əsassız olaraq Universitetin Həmkarlar İttifaqının iclasına çıxarılmış, yuxarıda qeyd etdiyi, tələbəyə göndərdiyi mesaj əsas gətirilməklə Rektorun təzyiqi ilə əsassız olaraq işdən azad olunmağına Həmkarlar İttifaqının razılığı alınmışdır. Cavabdeh onu işdən azad edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələblərini də pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilir: «Bu Məcəllənin 70- ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Onun tərəfindən həmin bənddə göstərilən pozuntuya səbəb olan hər hansı bir hərəkət edilməmişdir. Bu barədə tərtib edilən aktlar, yazılan təqdimatlar saxta olmaqla həqiqətə uyğun deyil, qərəzli olaraq tərtib edilmişdir. Belə ki, göstərdiyi kimi, 2020-ci ilin mart ayının 3- dən Universitetdə dərslər onlayn qaydada keçirildiyi üçün onlar müəllimlər həmin gündən sentyabr ayının 11 -nə kimi iş yerlərində olmamışlar, evlərindən, 07 iyuldan-11 sentyabra kimi məzuniyyətləri istisna olmaqla) onlayn qaydada dərslər vermişlər, bəzi hallarda fərdi qaydada çağrılaraq Universitetdə imtahanları götürmüşlər. Bu vaxtlar isə kollektivin üzvlərindən kiminlə isə hər hansı bir münaqişəsi olmamışdır. Belə bir fakt da mövcud deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə isə belə bir əsaslandırma yoxdur. Belə çıxır ki, onun tərəfindən intizam xətası 03 mart 2020-ci il tarixə kimi törədilməli idi. Bu halda isə 6 aylıq müddət ötürüldüyünə görə Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən onun barəsində intizam tənbehi verilə bilməzdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, Sumqayıt Dövlət Universitetinin rektoru E.Hüseynovun onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı barədə 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmrinin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası” kafedrasına dosent vəzifəsinə bərpa olunması, 2020-ci il sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi, hamı üçün bayramlarda nəzərdə tutulmuş pul hədiyyəsinin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100.000 manat məbləğində pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X4 ifadəsində 2014-cü il tarixdən Sumqayıt Dövlət Universitetində tarix və onun metodikası kafedrasında laborant işlədiyini, 2018-ci ildən laborant vəzifəsindən tarix müəllimi vəzifəsinə keçirildiyini göstərmişdir. Laborant işlədiyi müddət ərzində iddiaçının ona qarşı münasibəti xoşuna gəlmədiyindən həm onun özünə, həm də rəhbərliyə məlumat vermişdir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini İddiaçılə əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam verilməsi, iddia tələbinin əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, iddia tələbi əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və 10.000 manat mənəvi zərərin ödənilməsindən ibarətdir. Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və ya daha artıq əsasla, həmçinin qanunvercilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (Əmək Məcəlləsinin 71.2., 71.3. maddəsi). Göründüyü kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin yuxarıda qeyd olunan maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini ləğv etmək üçün işçi əmək funksiyasını və vəzifə borcunu qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməli və iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozsun və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin. Lakin hazırkı işdə belə bir hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh işəgötürən kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini kifayət qədər əsaslandırmamışdır. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh müəssisədə müəllim kimi fəaliyyət göstərən Bənövşə Cəlalzadənin qeyd etdikləri iddiaçının əmək müqaviləsinin xitamı üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsinə əsas olmadığından, Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmri ləğv olunmalı, İddiaçı Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunmalı, 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqı tam ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hamı üçün bayramlarda nəzərdə tutulmuş pul hədiyyəsinin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması hissəsinə gəldikdə qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 10.000 (on min) manat məbləğində pulun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, apellyasiya şikayətində hamı üçün bayramlarda nəzərdə tutulmuş pul hədiyyəsinin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulmasını xahiş edir. Bu isə faktiki olaraq iddia tələbinin həcminin artırılmasına yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 372.4 və 372.5-ci maddələrinin tələblərinə cavab vermir. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun (MPMnin 372.3., 372.4. və 372.5. maddələri). Məhkəmə kollegiyası iddia tələbinin ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində cavabdehdən onun xeyrinə pul tutulması hissəsinə gəldikdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarda göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmri ləğv olunsun, İddiaçı Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunsun və 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqı tam ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar