Məhkəmə qərarları › İş №2(105)-1289/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1289/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1289/2022 07.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “X11 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə Fazil oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, iddiaçı “X11 Azərbaycan” QSCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X3 qarşı “fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e- 2(012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mülkiyyət hüququ ilə “X11 Azərbaycan” QSC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh2, Cavabdeh1, X7, X5 və digər şəxslər tərəfindən əşyalarla birlikdə evin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, banka olan borcunun hissə-hissə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı “X11 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə “X11 Azərbaycan” QSC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh2, Cavabdeh1, X7, X5 və qeyriləri tərəfindən əşyalarla birlikdə evin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, bankdan 72000 ABŞ dolları kredit götürmüş, ABŞ dollarının məzənnəsi qalxdıqdan sonra ödəniş edə bilməmişdir. Övladı epilepsiya xəstəsidir. Pulu müalicəyə xərcləyib. Götürülən məbləğin müəyyən hissəsi ödənilib. Lakin iddiaçı təşkilat onun ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırıb. Bank fürsətdən istifadə edərək hərraca çıxardaraq evi əlindən alıb. Hazırki gündə də yeni cədvəllə pulu ödəmək istəyir. Odur ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, banka olan borcunun hissə-hissə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X11 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə Fazil oğlu apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, apellyasiya şikayətinin qəbul edilmiş qətnamə ilə əlaqəsi yoxdur. Cavabdeh borcun hissə-hissə ödənilməsini xahiş edir. Lakin hazırda tələb bankın mülkiyyətində olan mənzilin boşaldılması tələbidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ev satılarkən hərrac barədə heç bir məlumatları olmayıb. Evin bankın mülkiyyətinə keçməsindən yalnız icraçı onların evdən çıxmasını bildirdikdə məlumatlı olmuşlar. Borcu ödəməkdən imtina etmirlər. Apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, banka olan borcunun hissə-hissə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyşdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2016-ci il tarixli 2(008)-5144/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən və X4 müştərək qaydada 57417,93 ABŞ dolları əsas kredit borcu, 7978,49 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 200 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu cəmi 65596,42 ABŞ dolları məbləğində kredit borcu və 11,75 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə zamin və borcluya bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə poçt xərcləri, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 41,75 manat məbləğində çəkilmiş xərc tutularaq “X11 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 03 avqust 2018-ci il tarixli 96/2 saylı hərracın yekunları barədə protokoldan görünür ki, sözügedən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “X11 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ümumi sahəsi 82.9 kvadratmetr olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 22.02.2019-cu il tarixdə “YapıKredi Bank Azərbaycan”QSC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 24.06.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, “X11 Azərbaycan” QSC-nin şikayətinə baxılmasının nəticələrinə dair DİN-in Apellyasiya şurasının 15.06.2019-cu il tarixli Qərarının 2-ci bəndi icra olunaraq Cavabdeh2, Cavabdeh1 Əiisanab qızı, X7 və X1 rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi ev 13 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən müəyyən etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2016-ci il tarixli 2(008)- 5144/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən və X4 müştərək qaydada 57417,93 ABŞ dolları əsas kredit borcu, 7978,49 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 200 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu cəmi 65596,42 ABŞ dolları məbləğində kredit borcu və 11,75 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə zamin və borcluya bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə poçt xərcləri, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 41,75 manat məbləğində çəkilmiş xərc tutularaq “X11 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, tutma ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsinin qət edilməsi, qətnamənin icraya yönəldilməsi, əmlakın satılması üçün hərraca çıxarılması, Hərracın nəticələri barədə 03 avqust 2018-ci il tarixli 96/2 saylı Hərracın yekun Protokoluna əsasən “X11 Azərbaycan” QSC tərəfindən əldə edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışa əsasən ümumi sahəsi 82.9 kvadratmetr olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ********** qeydiyyat nömrəsi ilə, 22.02.2019-cu il tarixdə “YapıKredi Bank Azərbaycan” QSC-nin mülkiyyətinə qeydiyyata alınmasını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 24.06.2019-cu il tarixli sorğuya cavab məktubuna əsasən "xxxx" QSCnin şikayətinə baxılmasının nəticələrinə dair DİN-in Apellyasiya şurasının 15.06.2019-cu il tarixli Qərarının 2-ci bəndi icra olunaraq Cavabdeh2, Cavabdeh1 Əiisanab qızı, X7 və X2 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını, lakin adları qeyd olunmuş vətəndaşların əssasız olaraq iddiaçı “X11 Azərbaycan” QSC-nə məxsus olan daşınmaz əmlakdan istifadə edərək yaşımalarını daşınmaz əmlakı boşaldılmasından imtina etmələrini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157, 203, 205, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiaysı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə borca görə mübahisəli mənzilə tutma yönəldilmiş, həmin məhkəmə qətnaməsii qanuni qüvvəsini almış, daha sonra mübahisəli mənzil hərracda satılmış və iddiaçı təşkilat tərəfindən alınmışdır. Bundan sonra mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Həmçinin qeyd edilən şəxslər mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışlar. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətinə keçsə də cavabdehlər mübahisəli mənzildən könüllü çıxmamışdır. Belə olan halda, iddiaçı təşkilat mülkiyyətində olan mənzilə dair hüquqlarını həyata keçirə bilməmişdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətindədir, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları iddiaçının mənzilə dair mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını həyata keçirməsinə maneə yaranır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, banka olan borcunun yeni cədvəl əsasında hissə-hissə ödənilməsinə qiymət verərək qeyd edir ki, cavabdehlərdən borcun tutulmasına dair məhkəmə qətnaməsi mövcuddur və qətnamə qanuni qüvvəsini almış, tutma ipoteka predmetinə yənəldilmiş və ipoteka predmeti hərracda iddiaçı təşkilat tərəfindən alınmışdır. Bu səbəbdən bankdan götürülmüş borcun hissə-hissə ödənilməsi barədə xahişə hazırki halda baxıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edilməlidir və şikayətin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyşdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar