Məhkəmə qərarları › İş №2(105)-1290/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1290/2021

20.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1290/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2010-ci il tarixli, 2(060)-2100/2010 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2010-ci il tarixli, 2(060)-2100/2010 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ələkbər Hüseynov) Ərizəçi torpaq sahəsinin istifadəsində olması faktının müəyyən edilməsi və həmin torpaq sahəsi üzərində istifadə hüququnun tanınmasına dair mülki iş üzrə ərizə təmin edilmiş, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən sahəsi 2500 kv.metr ərazidən ibarət olan 2792 nömrəli bağ sahəsinin 1989-cu ildən Ərizəçi qanuni istifadəsində olması faktının müəyyən edilməsi qət edilmiş, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Saray bağlar massivində yeləşən 2792 saylı bağ sahəsinin 1989-cu ildən istifadəsində olması faktının müəyyən edilməsi və həmin torpaq sahəsi üzərində istifadə hüququnun tanınması barədə qətnamə cıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı X10 1989-cu ildə pul verərək Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2792 nömrəli bağ sahəsini almışdı. Həmin vaxt bağ sahəsi X3 icarəsində olmuşdur. Bağ sahəsini satarkən X5 29.05.1989-cu il tarixdə ərizə yazmış və bağın onun həyat yoldaşının adına keçirilməsinə razılıq vermişdir. Həmin ərizə notarial qaydada təsdiq olunmuşdur. Həmin vaxtdan bu günədək bağ sahəsi onun ailəsinin istifadəsindədir. Lakin mərhum əri bağı öz adına keçirmədiyindən, bağ bu günədək formal olaraq erməninin adında qalmışdır. Onun həyat yoldaşı 19 aprel 2007-ci il tarixdə vəfat etmişdir. O, vaxtı ilə pul verərək aldıqları bağ sahəsi üzərində öz hüquqlarını lazımi şəkildə qeydiyyata aldıra bilmədiyindən və müvafiq hüquqmüəyyənedici sənədləri əldə etmək imkanından məhrum olduğundan, məhkəmə vasitəsilə hüquqlarını tanıtdırmaq məcburiyyətində qalmışdır. 20 ildən çoxdur istifadələrində olan torpaq sahəsi onların qanuni torpağıdır və hüquqları lazımi şəkildə qeydiyyata alınmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2013-cü il tarixli, 2(060)-2100/2010 saylı qərardadı ilə Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2010-ci il tarixli, 2(060)- 2100/2010 saylı qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilmiş, qətnamənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər şöbəsi tərəfindən Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən sahəsi 2500 kv.metr ərazidən ibarət olan 2792 nömrəli bağ sahəsinə Ərizəçi mülkiyyət hüququnun dövlət qeydiyatına alınması və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair (torpağın plan, ölçüsünün) kadastrın verilməsi üçün əsas hesab edilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalı və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməlidir. Belə ki, qətnamə məhkəmə tərəfindən nə məlumat, nə də icra üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilməmiş, iddiaçı Paşayeva Şükufə Hüseynqulu qızının etibarnamə üzrə nümayəndəsi X6 qətnamənin icra edilməsinə köməklik göstərilməsinə dair 10 sentyabr 2020-ci il tarixli müraciətindən sonra İdarənin sorğusuna əsasən qətnamə məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmişdir. Bu hal özü-özlüyündə məhkəmə qətnaməsinin tamamilə qanunsuz və əsassız olduğunu, həmçinin hansısa maraqlara əsaslanaraq qəbul edildiyini göstərir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd etmişdir ki, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Belə olan halda, bağ sahəsinin qanuni istifadədə olmasının müəyyən edilməsi barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri sözügedən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası MPM-nin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Paşayeva Şükufə Hüseynqulu qızı Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən sahəsi 2500 kv.metr ərazidən ibarət olan 2792 nömrəli bağ sahəsi üzərində istifadə hüququnun qeydiyyatı ilə bağlı qətnamə qəbul edilməzdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, ümumiyyətlə, müraciət etməmişdir. Belə olan halda, məhkəmənin iddiaçının iddiasını mümkün hesab edərək məhkəmə baxışına təyin etməsi və qətnamə qəbul etməsi tamamilə qanunsuzdur. Belə ki, bu halda Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinin tələbinə uyğun olaraq, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı idi. Həmin maddənin məzmununa əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 261.0.9-cu maddəsinə əsasən məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə hakim iş üzrə icraata xitam verir. Bundan başqa, əgər iddiaçı bağ sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdiyi zaman onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilsəydi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məcburetmə haqqında iddianı Sumqayıt Şəhər Məhkəməsində yox, sabiq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qaldıra bilərdi. Hazırki işdə göstərilən qaydaya əməl olunmamış, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qanunvericiliyin müddəalarına əsasən hazırki iş üzrə torpaq sahələrinin sənədləşdirilməsi üçün məhkəməyə qədər nizamlama qaydası müəyyən olunmuşdur. Məhkəmə isə işdə olan sübutları obyektiv, hərtərəfli və tam araşdırmaq, qətnamədə müzakirə etdiyi dəlillərlə əsaslandırmaq əvəzinə, heç bir əsaslı sübut olmadan yalnız iddiaçının izahatına və şahidlərin ifadələrinə əsaslanıb, torpaq sahəsinin qanuni istifadədə olması barədə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Əkbərova (Paşayeva) Şükufə Hüseynqulu qızı 23 mart 1976-cı il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan 30 iyul 1965-ci il tarixli bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Sumqayıt şəhər ZDS İK-nin X9 tərəfindən 0,25 hektardan ibarət olan 221/2792 nömrəli bağ sahəsi X3 icarəsinə verilmiş, müqavilənin müddəti 17.04.1975-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan imzası Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunda 29.05.1989-cu il tarixdə təsdiq edilmiş X3 ərizəsinin surətindən görünür ki, 2792 nömrəli bağ sahəsinin X8 adına rəsmiləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 aprel 2007-ci il tarixdə vəfat etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2500 kv.metr sahədən ibarət olan 2792 nömrəli bağ sahəsinin 30 iyul 1965-ci il tarixli icarə müqaviləsi əsasında X1i istifadəsində olmasına, X3 imzası 29.05.1989-cu il tarixdə Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunda təsdiq edilmiş ərizəsinə əsasən bağ sahəsinin ərizəçinin əri X8 adına rəsmiləşdirilməsinə razılıq verməsinə, X10 və onun ailəsinin həmin bağ sahəsindən 29.05.1989-cu il tarixdən fasiləsiz və etirazsız istifadə etməsinə, X10 19 aprel 2007-ci il tarixdə vəfat etdikdən sonra bağ sahəsinin onun arvadı Paşayeva Şükufə Hüseynqulu qızının istifadəsində olmasına, bağ sahəsi üzrə istifadə hüquqlarının vərəsəlik qaydasında Paşayeva Şükufə Hüseynqulu qızına keçməsinə istinad etmiş, gəldiyi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 16.3-cü, “Torpaq islahatı haqqında” qanunun 9-cu, Azərbaycan Respublikası Torpaq Məcəllənin 92-ci, “Torpaq icarəsi haqqında” qanunun 15-ci və Azərbaycan Respublikası MM-nin 1133.1 və 1159-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. “İcarə haqqında” qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə görə icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ərizəçinin əri X10 ilə Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2500 kv.metr sahədən ibarət olan 2792 nömrəli bağ sahəsinin icarəsinə dair hər hansı müqavilə bağlanmamışdır. Göründüyü kimi, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2500 kv.metr sahədən ibarət olan 2792 nömrəli bağ sahəsi ərizəçinin əri X8 qanuni istifadəsində olmamışdır. Halbuki “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə görə vətəndaşların yalnız qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Belə olan halda, bağ sahəsi üzrə istifadə hüquqlarının vərəsəlik qaydasında Paşayeva Şükufə Hüseynqulu qızına keçməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2500 kv.metr sahədən ibarət olan 2792 nömrəli bağ sahəsinə dair Ərizəçi ilə də bağ sahəsinin icarəsinə dair müqavilə bağlanmamışdır. Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 2500 kv.metr sahədən ibarət olan 2792 nömrəli bağ sahəsinin Ərizəçi qanuni istifadəsində olmasına dair işdə hər hansı bir sübut yoxdur və birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2010-ci il tarixli, 2(060)-2100/2010 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi torpaq sahəsinin istifadəsində olması faktının müəyyən edilməsi və həmin torpaq sahəsi üzərində istifadə hüququnun tanınması barədə ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar