Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1290/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X3 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və ona məxsus bir otaqlı yaşayış evinin tam bərpa edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-15/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Evin yerləşdiyi 0,0163 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir.
2. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, ünvan 1Q (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (55.20 m²) və torpaq sahəsi (0.015550 ha) Cavabdeh1 xüsusi mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yaşayan Cavabdeh1 ona mülkiyyət hüququ əsasında məxsus olan Şamaxı şəhəri, Şəhriyar küçəsi 25 ünvanında yerləşən torpaq sahəsindən çıxarılmasına, ona məxsus bir otaqlı yaşayış evinin tam bərpa edilməsinə, dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılması və Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında faktiki yaşayır. Mərhumə bibisi X4 qanun üzrə vərəsələri olmadığına görə ona mülkiyyət hüququ əsasında məxsus olan, Şamaxı şəhəri, Şəhriyar küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 0,0163 ha olan torpaq sahəsi və üzərində yerləşən yaşayış evini, Azərbaycan Respublikası Qobustan rayonunun Dövlət notariat kontorunda 10 iyul 2008-ci il tarixində iki nəfər şahidin iştirakı ilə ona vəsiyyət etmişdir. X1 19 iyul 2008-ci il tarixində Şamaxı şəhərində vəfat etmişdir. X1 vəfat etdikdən sonra təxminən 2013-cü ilin əvvəllərində ona vəsiyyətnamə qoyduğunu bilmişdir. Ondan sonra, mirasın faktiki qəbul edilməsi barədə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 10 yanvar 2014-cü il tarixli, 2(074)-47/2014 saylı qətnaməsinə əsasən miras əmlaka hüququ tanındıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək vəsiyyət üzrə miras əmlak olan və Şamaxı şəhəri, Şəhriyar küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 0,0163 ha olan torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə dair çıxarış verilməsini xahiş etmiş, onun adına ******* nömrəli RX seriyalı, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. Cavabdeh1 ona vəsiyyət olunan əmlakı qanunsuz yolla ələ keçirməkdən ötrü hər cür yola əl atmış və faktiki olaraq əmlakını özbaşına ələ keçirərək, orada yerləşən yaşayış evinin damını sökmüş və yerində özünə digər yaşayış evi tikməsi görüntüsü yaratmışdır. Əslində isə həmin ev yararlı vəziyyətdə olmaqla oradan istifadə etmiş və yaşamışdır. O, həm miras əmlakın tərəfindən faktiki qəbul edilməsi hüquqi faktın tanınması ilə bağlı Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir və həm də ona vurulan maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Çıxarış və texniki pasportda olan rəsmi məlumatlardan görünür ki, mərhum bibisi X2 vəsiyyətnamə üzrə ona qalmış torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin ümumi sahəsi 40,5 kv.m., yaşayış sahəsi 22,7 kv.m., yardımçı sahəsi 17,8 kv.m.olan 1 otaqlıdır. Beləliklə, göründüyü kimi və sənədlərin də göstərdiyinə görə, ona mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanda evin yerləşməsi təsdiqini tapır. Əraziləri - torpaq sahələrinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi sənədlər və faktlarla təsdiqini tapır.
5. Şamaxı Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(074)-5/2016 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş Cavabdeh1 Oktay oğlu tərəfindən İddiaçı məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi, 25 b saylı mənzilə edilən qəsdlərə son qoyulması və onun həmin mənzildən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilərək Cavabdeh1 Oktay oğlundan 4164,0 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2017-ci il tarixli, 2(105)-248/17 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(074)-5/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2017-ci il tarixli, 2(102)-5998/17 saylı qərarının surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2017-ci il tarixli, 2(105)-248/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli 3-16-16/2-10/7736 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirilmişdir. Naturada göstərilən torpaq sahəsi 0.01627 ha təşkil edir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (reyestr nömrəsi **********81-10301) plan ölçü sənədi olmadığından İddiaçı nümayəndəsinin göstərdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
9. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-15/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilmiş və İddiaçı 50 manat məbləğində ekspertiza xərcinin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən verilmiş iddia tələbinin “sökülən evin tam şəkildə bərpa edilməsi” hissəsi ilə bağlı Cavabdeh1 mübahisəli evi yararsız hala salması faktı ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır. Əksinə, həmin mübahisəli evdə əsaslı yenidənqurma və yaxşılaşdırma işləri aparması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı tərəfindən isə yeni yaranmış hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə məhkəmə iclasında iddiaçı cavabdehin onu mübahisəli evdə yaşamağa imkan vermədiyi üçün həmin evə gedə bilmədiyini və orada yaşamadığını bildirmişdir.
11. Məhkəmə iddia tələbinin “torpaq sahəsindən çıxarılma” hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (reyestr nömrəsi **********81-10301) plan ölçü sənədi olmadığından İddiaçı nümayəndəsinin göstərdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda cavabdehin iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,0163 ha torpaq sahəsini zəbt etməsi halı təsdiq edilməmişdir. Ona görə də, iddia tələbi təmin edilməməmişdir.
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, Şəhriyar küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olsa da, cavabdehin qərəzli hərəkətləri ilə mülkiyyət hüququnundan istifadə edə bilmir. Məhkəmə isə ümumiyyətlə bu hissəyə lazımi diqqət yetirməmiş və yalnız 8 il bundan qabaq qəbul edilmiş qanuni qüvvəsini almış qətnaməyə istinad etməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi torpaq sahəsindən çıxarılma ilə bağlı hissəyə münasibət bildirərkən torpaq sahəsinin onun mülkiyyətində deyil, dövlət mülkiyyətində olduğuna və torpaq sahəsinin plan ölçüsü olmadığı üçün torpaq sahəsinin zəbt edilməsi halının müəyyən edilməməsini qeyd etmişdir. Halbuki, nəzərə alınmalıdır ki, xx.xx.2014-cü il tarixli, Seriya RX ******* №-li Çıxarışa əsasən həmin torpaq sahəsi üzərində rəsmi reyestrdə qeydə alınan istifadə hüququ vardır. Torpağın xüsusi mülkiyyətində olmaması çıxarışda qeyd olunan istifadə hüququnun hər hansı şəxs tərəfindən məhdudlaşdırılmasına əsas vermir. Əksinə ona həmin hüququnu maneəsiz həyata keçirmək imkanı verir. Hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi formal mülahizələr əsasında formalaşmışdır, mübahisəni həmin hissədə obyektiv araşdırmaq və həqiqətə nail olmaq əvəzinə iddianı başından edərək heç bir əsaslandırma aparmadan iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi iddianın “sökülən evin tam şəkildə bərpa edilməsi” hissəsini rədd edərkən ən asan əsasladırma yoluna əl atmış, mötəbər sübutların təqdim edilməməsinə istinad etmişdir. Evin sökülüb-sökülməməsi təsdiq edən sübutlardan biri kimi foto şəkillər, video çəkilişlər ola bilərdi lakin, cavabdehin qərəzli hərəkətləri nəticəsində həmin çəkilişləri həyata keçirmək mümkün olmamışdır, yəni həmin sübutları əldə imkanından məhrum edilmişdir. Məhkəmə isə həqiqətə nail olmaq və ədaləti bərqərar etmək kimi vəzifələrini icra etmək niyyətində olsaydı yerli baxış təyin edə bilərdi və bununla da, iddia həmin hissədə daha düzgün və obyektiv araşdırmış olardı. Məhkəmə cavabdehin qanunsuz hərəkətlərinə göz yummuş və onun özbaşınalıq etməsinə sanki şərait yaratmışdır. Halbuki, MPM-nin 202.2-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi müayinənin aparılmasına mane olmur. Zəruri hallarda ekspertlər, mütəxəssislər və şahidlər də çağırılır. Cavabdeh ekspert və mütəxəssis qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparmaları üçün müəyyən baxış və ölçü işlərinin həyata keçirilməsi üçün daim maneələr yaratmış, əsassız etirazlar etmişdir. Bu hal dəfələrlə baş vermiş və mütəxəssisin məktublarında da, öz əksini tapmışdır. Lakin, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və lazımi qiymət verməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianın həmin hissəsini rədd edərkən istinad etdiyi digər bir sübut kimi, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli, 2(074)- 5/2016 saylı qətnaməsinə istinad etmişdir. Qeyd etmişdir ki, həmin evdə əsaslı yenidənqurma və yaxşılaşdırma işləri aparılması qeyd edilən qətnamə ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin qətnamə cavabdehin qərəzli hərəkətləri ilə hələ də, icra edilməmiş və həmin qətnamədən 8 il keçmişdir və bu müddət ərzində fərdi yaşayış evinin mövcud vəziyyətinin dəyişməsi (sökülməsi və quruluşunun dəyişməsi) mümkün olan haldır. Yuxarıda qeyd olunduğu kimi, həmin halları sübut etmək üçün yerində müəyinə təyin edilə bilərdi. Digər bir tərəfdən, birinci instansiya məhkəməsi iddianın “torpaq sahəsindən çıxarılma” hissəsini rədd edərkən ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin çıxarışının plan ölçüsü olmadığından mənim torpaq sahəmin konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmaması müəyyən etmək mümkün olmamışdır. Daha sonra, məhkəmə ekspert rəyində cavablandırılmayan suala özü müstəqil şəkildə cavab verərək zəbt halının təsdiq edilməməsinə istinad etmişdir. Əgər məhkəmə sualı özü cavablandırmaq iqtidarındadırsa o zaman ekspert qarşısın “zəbt edilmişdirmi” sualının qoyulmasına nə ehtiyac var idi? Hesab edir ki, birinci instansiya məhkəməsinin bu cür əsaslandırması qeyri-obyektiv araşdırmanın və ədalətsiz mövqeyin nəticəsidir. Ekspertin mübahisənin həll edilməsində mühüm əhəmiyyət kəsb edən sualı cavablandırmamasına baxmayaraq məhkəmənin o sualın da, sanki cavablandırılmış kimi görməsi və mötəbər sübutlarla təsdiq edilmiş kimi qəti mövqe bildirməsi mülki prosesual qanunvericilin bütün prinsiplərinin kobudcasına pozulması deməkdir. Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, birinci instansiya məhkəməi iddianın dəymiş ziyanla bağlı hissəsinə ümumiyyətlə qiymət verməmiş və həmin hissəyə dair heç bir araşdırma aparmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim edərək göstərmişdir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını və İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən 0,0163 hektar torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilib edilməməsini müəyyən etmək ekspertə tapşırılmışdır. Zəbt edilmişdirsə hansı istiqamətdən və hansı ölçüdə zəbt edilmişdir? Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı nümayəndəsinin göstərdiyi torpaq sahəsinin koordinatları GPS vasitəsi ilə müəyyənləşdirildi. Naturada göstərilən torpaq sahəsi 0,01627 ha təşkil edir. Hüquqların Dövlət Qedydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın (reyestr №**********81-10301) plan ölçü sənədi olmadığından İddiaçı nümayəndəsinin göstərdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. İş üzrə diqqətdən kənarda qalan, iddiaçının ört-basdır etməyə çalışdığı və sonrada ekspert rəyi ilə təsdiq edilən bir məqam var: İddiaçının mülkiyyətində olduğu ehtimal edilən 40,5 kv.metr ibarət əmlakın ünvanı - Şəhriyar küçəsi ev 25, onun mülkiyyətində olan əmlakın ünvanı - Şəhriyar küçəsi ev 25Q-dir. Bu halda iddiaçı onu öz halal əmlakından hansı haqla çıxara bilər? Mülkiyyətində olan öz halal əmlakına sahiblik edir və onun ünvanı ilə heç bir əlaqəsi yoxdur. İddiaçı iddia ərizəsini qəsdən bu şəkildə yazıb ki, çaşqınlıq yaransın, məhkəmə yanlış qərar qəbul etsin. Ekspert rəyi olmasa belə, ən azından nömrə fərqi göstərir ki, əmlakları ayrıdır. İddiaçının çıxarışında göstərilən torpaq sahəsinin ölçülərinin 0,0163 ha təşkil etdiyi göstərilir, onun mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin isə çıxarışında 0,015550 ha olduğu qeyd edilir. Necə ola bilər bu torpaqlar eyni olsun, lakin ölçüləri fərqlənsin? Təbii ki, eyni əmlak və ya evdirsə, torpaq sahəsinin ölçüləri də eyni olmalıdır. Və ya xüsusi mülkiyyətdə olan torpaq sahəsinə dövlət mülkiyyətindədir necə yazıla bilər? Eyni zamanda ekspert rəyi ilə bir daha təsdiq edildi ki, iddiaçının 40,5 kv.metr əmlakını onun zəbt etməyi müəyyən edilmir. ünvan 3 ünvanında yerləşən 0,015550 ha torpaq sahəsi onun mülkiyyətindədir, bunu təsdiq edən çıxarışı var. İddiaçının mülkiyyətində isə hər hansı torpaq yoxdur, onun mülkiyyəti yalnız ehtimal edilən 40,5 kv.metr daşınmaz əmlakadır. Mülkiyyətində olan 0,015550 ha torpaq sahəsi ailələrinə, atasına məxsus olmuş, onun üzərində yerləşən və hazırda yaşadığı evdə anadan olmuşdur. Bu evə başqa şəxsin hər hansı hüququ heç vaxt olmayıb. İddiaçının onun mülkiyyətində olan evə hər hansı mənəvi haqqı belə yoxdur. Bu ev onun ata babasının olub, iddiaçı isə öz evinə dair çıxarışı bibisi Fərruxənin verdiyi vəsiyyətnamə əsasında almış, hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. Belə ki, Fərruxa ilə mərhum əmisi arasında qocalıq dövründə nikah bağlanmışdı. Yəni, əmlakın ata babadan sahibi onlar ola-ola iddiaçının həmin əmlaka hər hansı mənəvi haqqı belə yoxdur. O kənardan gəlib, ailələrinə məxsus əmlaka yeyəlik etmək istəyir. İddiaçı ilk əvvəl məhkəməyə sübutlar verməli idi ki, onun yaşadığı, mülkiyyətində olan ev, torpaq ona məxsusdur, belə sübutu isə o məhkəməyə təqdim etməmişdir. Halal mülkiyyətində olan əmlakın uzun illər yaxşılaşdırmış, oraya vəsaitlər xərcləmiş, həyatını əmlakına sərf etdiyi halda iddiaçı kənardan gəlib ona deyə bilməz ki, bura onundur, çıx burdan. İddiaçı öz mövqeyini həmçinin onunla əsaslandırır ki, əgər mübahisəli ev ona məxsus deyildisə onda niyə Cavabdeh1 ona qarşı iddia qaldırıb, evin təmirinə çəkilmiş xərcin tutulmasını tələb etmişdir. Xərci ona görə tələb etmişdir ki, İddiaçı iddia edib ki, onun evinə dair onun çıxarışı var. O, isə onun bu sözlərinə savadsız olub inanmış və onun sözləri əsasında ziyan tələbi barədə iddia qaldırmışdır. Hazırda müəyyən edilir ki, o məhkəmələri aldadıb, başqa ünvana dair sənəd təqdim etməklə, guya ki, onun evinin bir hissəsinin ona məxsus olduğunu bildirir. Müəyyən edilir ki, əslində onun hüquqmüəyyənedici sənədləri yoxdur, təqdim etdiyi sənədlər natamamdır və onun evinin ona məxsusluğunu təsdiq etmir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
18. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
20. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)
22. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Torpaq Məcəlləsinin
23. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
24. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
25. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
26. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
27. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:
28. 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
29. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
30. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
31. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
32. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
33. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 8.3. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
35. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
36. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
37. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (...)
38. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
40. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
42. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
43. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
45. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
46. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna, dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.
49. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli 3-16-16/2-10/7736 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirilmişdir. Naturada göstərilən torpaq sahəsi 0.01627 ha təşkil edir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (reyestr nömrəsi **********81-10301) plan ölçü sənədi olmadığından İddiaçı nümayəndəsinin göstərdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
51. Məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 sentyabr 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı ünvan 5 evə dair verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın texniki pasportu olmadığından torpaq sahəsininin koordinatlarını müəyyənləşdirmək mümkün olmadı. İddiaçı ünvan 5 evə dair xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilsə də, texniki pasportun verilməsi mümkün olmamışdır. Mübahisə predmeti olan evin dam örtüyü dəyişdirilmiş və yenidənqurma işləri aparılmışdır. Evin içərisində olan divarlar və arakəsmələr sökülüb rekonstruksiya işləri aparıldığından sənəd üzrə ölçmə işləri aparılaraq həmin evə texniki pasportun hazırlanması mümkün olmadığından mübahisə olunan evin çıxarışda göstərilən ünvan 5 evin İddiaçı məxsus hissəsini təyin etmək mümkün olmadı. Ərazi idarəsində halhazırda mövcud olan Ünvan Reyestri informasiya Sisteminə əsasən mübahisə predmeti olan evə 51, 53A və 53 ünvanları verilmişdir.
52. Məhkəmə kollegiyası nəzərə alır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-5/2016 saylı 23 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı məxsus mənzilə edilən qəsdlərə son qoyulması və onun həmin mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcudur.
53. Məhkəmə iclasında iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, həmin qətnamənin icrası onun ərizəsi əsasında dayandırılmışdır.
54. Bundan başqa, ötən müddət ərzində Cavabdeh1 mübahisəli evi əvvəlki vəziyyəti ilə müqayisədə yararsız hala salması faktı ilə bağlı iddiaçı tərəf mötəbər sübut təqdim etməmişdir. Əksinə, həmin mübahisəli evdə əsaslı yenidənqurma və yaxşılaşdırma işləri aparması qanuni qüvvəsini almış həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və buna görə hazırkı iş üzrə iddiaçıdan 4164 manatın Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. İddiaçı tərəfindən isə yeni yaranmış hallarla bağlı mötəbər sübutlar təqdim edilməmişdir.
55. İşdən həmçinin müəyyən olunur ki, iddiaçının çıxarışa istinadən cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən 0.0163 ha torpaq sahəsi dövlət mülkiyyətindədir, lakin iddiaçının istifadəsinə verilmiş torpaq sahəsidir. Bu hissədə iddia tələbinin irəli sürülməsi üçün hüquqi əsas olsa da, ekspert dövlət reyestrindən çıxarışın plan ölçü sənədi olmadığından İddiaçı nümayəndəsinin göstərdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müvafiq torpaq sahəsinin yeri sənəd üzrə dəqiq müəyyən edilmədən mövcud mübahisə üzrə iddiaçının hazırkı tələbi təmin oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi bu hissədə də iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. 56 Nəzərə almaq lazımdır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-15/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.