Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-504/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin boşaldılması və mənzilə köçürülmə) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilin boşaldılması və mənzilə köçürülmə" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(060)- 6249/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçının həmin sahəyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışdan göründüyü kimi Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı bildirir ki, o, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. O, faktiki və qeydiyyatda olduğu ünvana iddiaçının keçmiş gəlini olan Cavabdeh tərəfindən buraxılmır. Cavabdeh öz əşyalarını evə daxil etmiş və evi zəbt etmişdir. Hər üsul ilə iddiaçının evə daxil olmağını əngəlləyir və onu mənzildən məhrum edir. İddiaçı qeyd edir ki, Cavabdeh şəxsi olaraq Sumqayıt şəhəri, Saray qəsəbəsi, Üzümlük adlanan sahədə villası var. Onun övladı Könülün ayrıca evi vardır. Ancaq keçmiş gəlini olan Cavabdeh bu evə iddiaçını buraxmamaqla onun mənzildən istifadə və sərəncam hüququnu özündə birləşdirən mülkiyyət hüququnu kobud sürətdə pozur. ünvan 1 ünvanında üç otaq vardır. Bu otaqların ikisi iddiaçının mərhum atası X4 xüsusi mülkiyyətindədir. Digər tək otaq isə iddiaçının xüsusi mülkiyyətindədir. Hal-hazırda iddiaçnın atası öldükdən sonra vərəsəlik prosesi başlanmışdır. xx.xx.2023-cü ildə 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisində miras əmlakdan tam hissədə pay almağı barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ərizəyə əlavə olunur. Hazırda cavadeh həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşayır və onun həmin evdən mülkiyyətçi kimi istifadə etməyinə suni maneələr yaradır, heç bir səbəb olmadan həmin evdə yaşamağına icazə vermir. Mülkiyyətçi kimi iddiaçının həmin evdən istifadə etmək və evə dair sərəncam vermək hüququndan istifadəsini məhrum edir. Dəfələrlə iddiaçının mülkiyyətində olan mənzilə köçmək istəsə də, cavabdeh ciddi-cəhdlə buna mane olmuşdur. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 17319 inventar nömrəli xx.xx.2023-cü il tarixli texniki pasportdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin ümumi sahəsi 17,3 kv.m olan bir yaşayış otağı İddiaçı adınadır.
7. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı X10 tərəfindən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsi miras qalmışdır.
8. Azərbaycan Rüspublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası tərəfindən verilmiş 1 mk-147/2004 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, iddiaçı X4 iddia tələbi təmin edilməmiş, X5 Qubadli rayon 12 saylı MİS-nə qarşı vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərindən şikayətə dair iddiası üzrə Qubadli Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edilmiş X2 və Cavabdeh X6, X3 və Cavabdeh qarşı mənzilə yaşayış hüququnun tanınmaqla pasport qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, X7 və Cavabdeh iki azyaşlı övladı ilə birlikdə ünvan 2-ə yaşayış hüquqları tanınmaqla qeydiyyata alınmışdırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(060)- 6249/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinin Cavabdeh tərəfindən boşaldılması, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinə köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 43-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 52.2, 159, 164.1 və 165.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 216-220-ci və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(060)-6249/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəfindən təqdim edilmiş sübutlara obyektiv, düzgün qiymət verilməmiş, maddi və prossesual hüquq normaları pozulmuşdur. Məhkəmə qətnaməni AR MM-nin 157.2, 157.8, 52.2, 159,164.1, 165.1-ci maddələri ilə əsaslandırmışdır. Lakin məhkəmə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsinin naturada mənzilin hansı hissəsində boşaldılacağını, mənzilin ümumi istifadədə olan hissələrindən, kommunal xidmətlərdən istifadə, dəyərinin ödənilməsi qaydalarını qətnamədə müəyyən etməmiş, mücərrəd qətnamə qəbul etmişdir. Mübahisələndirilən məhkəmə qətnaməsi iddiaçıya Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin istənilən hissəsindən istifadə etmək hüququ verir ki, bu da onun qanunla qorunan yaşayış hüququnu pozur. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1 mk- 147/2004 saylı qətnaməsinə əsasən keçmiş əri X7 və iki azyaşlı övladı ilə birlikdə ünvan 1-ə yaşayış hüququ tanınmaqla qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda yaşayış hüquqları tanındıqdan sonra bu günədək həmin ünvanda yaşamışlar. Hal-hazırda oğlu ilə birlikdə həmin mənzildə yaşamaqla bütün kommunal xidmətlər üzrə ödənişlər tərəfindən tam və vaxtında ödənilir. ünvan 1 ünvanında yerləşən mənzilin 17 kv.m sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli çıxarış əsasında baldızı İddiaçı məxsusdur. Lakin keçmiş baldızı 4-cü mikrorayon, ev 28A/4, mənzil 21 ünvanında qeydiyyatda olsa da, özünə məxsus olan ünvanda yaşayır. İddiaçının qeyd olunan mənzildə yaşamasına heç kim mane olmayıb və o, həmin mənzilə köçürülmə ilə bağlı nə vaxtsa məhkəməyə müraciət etməmişdir. İşin faktiki halları, o cümlədən mənzilə köçməməsinin səbəbləri məhkəmə tərəfindən dəqiq və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının “Mənzil hüququ” adlı 43-cü maddəsinə görə “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum oluna bilməz və dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür”. Göründüyü kimi, Konstitusiya əsasında mənzil hüququ: şəxsin yaşayış yeri kimi mənzildən qanunsuz çıxarılmasının yolverilməzliyi və xüsusi tədbirlər görülməklə mənzilə sahib olmaq hüquqlarının məcmusundan ibarətdir ki, bu da dövlət hüquqi təminatlarla bilavasitə bağlıdır. Başqa cür desək, mənzil hüquq münasibətləri mənzil subyektlərinin hüquq və vəzifələri ilə bilavasitə bağlı olduğundan mənzildən istifadə hüququ da konstitusiya ilə elan olunan mənzil hüququ fonunda “heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının yolverilməzliyi”nə hesablanmış qanunvericlik təminatı kimi çıxış edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 43. I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
18. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28A/4 ünvanında yerləşən 21 saylı mənzilin 17 kv.m sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı mübahisəli mənzilin 17 kv.m sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq həmin sahəyə köçürülməsi tələbi ilə çıxış etmişdir.
24. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
25. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(060)-6249/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir və aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir:
27. Göründüyü kimi araşdırılan iddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır.
28. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).
29. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
30. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbindən göründüyü kimi mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normada nəzərdə tutulan tələb vindikasiya iddiası hesab olunur. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgənin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür.
31. Öyrənilən işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı 17 kv.m mənzil sahəsinin mülkiyyətçisidir, cavabdeh iddiaçını mülkiyyətində olan mənzil sahəsinə buraxmır, öz mülkiyyətindən istifadəsinə maneə yaradır.
32. Məhkəmə iclasında dindirilən cavabdeh mübahisə predmeti olan sahənin iddiaçıya təhvil verilməsinə etiraz etdiyini bildirdi.
33. Kollegiya hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsi üzərində sahibliyi və istifadəni faktiki itirməsi, həmin sahənin iddiaçının istifadəsində olması öz təsdişini tapmışdır.
34. Kollegiya qeyd edir ki, ünvan 2 ünvanına iddiaçının yaşayış hüququ tanınmaqla qeydiyyata alınması araşdırılan iddia tələbinin rədd edilməsi üçün əsas olaraq çıxış edə bilməz. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
35. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(060)-6249/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.