Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1292/2024 01.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçı A.Abdullayevin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1744/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı1 Sumqayıt şəhəri, 76-cı məhəllə 3 saylı ərazi Hafiz Baxış küçəsi, ev 3/1, 209 saylı fərdi evdə 2013-cü ildən qeydiyyatsız yaşayır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan Sumqayıt şəhər, 76-cı məhəllə, ev 1/3, 209 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul etməyi xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, həyat yoldaşı İddiaçı2 ilə birlikdə Sumqayıt şəhər, 76-cı məhəllə, ev 1/3, 209 saylı fərdi yaşayış evini tikmişlər. Yaşayış evi 2013-2014-cü illərdə tikilmişdir. 2022-ci ilin əvvəllərində qızları Cavabdeh1 İddiaçı1 bildirmişdir ki, onun həyat yoldaşı digər cavabdeh hərbi qulluqçu Cavabdeh2 Bakı şəhərinə 1-2 aylıq ezamiyyə verilmişdir və bu müddətdə gəlib bu evdə yaşamaq istəyir. O, qızı olduğu üçün buna etiraz etməmiş və cavabdehlərə ona məxsus olan fərdi yaşayış evində müvəqqəti yaşamağa icazə vermişdir. Lakin, cavabdehlər evə daxil olduqdan sonra ona və həyat yoldaşına rahatlıq verməmiş və onları evdən qovaraq evə buraxmamışlar. Nəticədə o, və həyat yoldaşı İddiaçı2 ilə birlikdə onun bunun evində yaşamağa məcbur qalmışlar. Odur ki, onların həmin mənzilə köçürülmələrinə zərurət vardır. Həmin ailə hərbçi kimi (Cavabdeh2) aylıq dövlətdən 400 manat da kirayə haqqı alırlar. Buna baxmayaraq da, yenə də onları evə buraxmırlar, nə də evdən çıxmırlar. Özü əlildir.
4. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı onun atasıdır. Onun 12 yaşı olanda anası vəfat etmişdir. Anası vəfat edəndən sonra atası başqa qadınla ailə qurmuşdur. Ailə qurduqdan sonra evi satmağa çalışmışdır. Hazırda o, atasının gəlib həmin evdə yaşamasına etiraz etmir. Atası öz istəyi ilə evdən getmişdir. O, iddiaçılara qarşı heç bir zaman pis davranmamışdır. Atasının əsas məqsədi həmin evi satmaqdır.
5. X3 ifadəsində bildirmişdir ki, o, 76-cı məhəllə ərazisinə köçən zaman Ağabəyi qonşu kimi tanımışdır. O, evi tikən zaman Ağabəy ona kommunal xətlərin çəkilməsində köməklik göstərmişdir. Ağabəy həyat yoldaşı Səidə ilə sözügedən evdə yaşadığının şahidi olmuşdur.
6. X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə 10-cu mikrorayon ərazisində bina evində qonşu olmuşlar. Sonradan o, 76-cı məhəllədə fərdi evə köçmüş, bir müddət sonra iddiaçı Ağabəydə həmin ərazidən torpaq alaraq orada ev tikib yaşamışdır. Ağabəy evi tikən zaman işığı və suyu onun həyətindən istifadə edirdi.
7. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 16 saylı mənzil Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının mənzillərin uçotu, bölüşüdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş 2003-cü il tarixli, 3 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 16 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 4015 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Əzizova (Abduləliyeva) Şəhla Ağabəy qızının adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan Sumqayıt Şəhər 6 saylı Dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 4Ə/4-523 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və mənzil hal-hazırda X6 mülkiyyətindədir.
8. İşdə olan AZ-İİ №558573 saylı, xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikaha daxil olmuşlar.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1744/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 1/3-də yerləşən 209 saylı fərdi evə köçürülmələri və iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, mənzil ilə bağlı mübahisələr həll edilərkən mənzildən məhrum edilənin deyil, mənzildən məhrum edənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrum edənin mənzilə hüququ yoxdursa məhrum etmə qanunsuz sayılmalı, qanunsuz məhrum etmənin nəticələri aradan qaldırılmalı, məhrum edilən mənzilə köçürülməlidir. İddiaçılar evi könüllü surətdə deyil, münaqişə səbəbindən tərk etmiş, hazırda həmin evdə yaşaya bilmirlər. Fərdi evin qaz üzrə abonent saldosunda X9 qeyd edilsə də, iddiaçıların həmin evdə yaşamasına imkan verməməsi cavabdehlər tərəfindən məhkəmə prosesində sübuta yetirilmişdir.
11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən 180.1-ci maddə tətbiq edilərək hesab edilmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 1/3-də yerləşən 209 saylı fərdi yaşayış evi özbaşına tikilidir. Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti aparılarkən lazımi sənədlərin alınmamasına, tikinti normalarının ciddi surətdə pozulmasına dair heç bir sübut təqdim edilməmişdir. Fərdi yaşayış evinin hüquq müəyyənedici sənədləri alınmamışdır, bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamışdır. Məhkəmə tərəfindən Mülki Məcəlləsinin 180.1-ci və 180.2-ci maddələri düzgün təfsir edilməmişdir. Digər tərəfdən qanunun analogiyasına uyğun olaraq məhkəmə tərəfindən Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri düzgün tətbiq edilməmişdir. Məhkəmə bir tərəfdən əsassız olaraq hesab edir ki, fərdi yaşayış evi qanunsuz tikilidir. Digər tərəfdən isə qanunun analogiyasına uyğun olaraq mübahisənin həlli üçün maddi hüquq normaları tətbiq edir. Halbuki Əzizova (Abduləliyeva) Şəhla Ağabəy qızı fərdi yaşayış evinin faktiki mülkiyyətçisidir. O, İddiaçı2 həmin fərdi yaşayış evində yaşamasına razı deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçı A.Abdullayevin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
20. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
21. Maddələr 14.1 və 14.3. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
22. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan Sumqayıt şəhər, 76-cı məhəllə, ev 1/3, 209 saylı fərdi yaşayış evi rəsmi dövlət reyestrində qeydiyyata alınmasa da, faktiki olaraq mövcuddur.
33. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, iddia - dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi status etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir.
34. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
35. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
36. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
37. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
38. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
39. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
40. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı münasibətlər 2016-cı ildə yarandığına görə hazırkı mülki hüquq münasibətlərinə analoji münasibətləri tənzimləyən hüquq normasına-həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qiymət verilməlidir.
41. Belə ki, həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
42. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
43. Hazırkı işdə iddiaçıların köçmək istədiyi evin İddiaçı1 tərəfindən inşa etdirilməsi, bir neçə il iddiaçıların həmin evdə yaşamaları, cavabdeh tərəfin onları yaşadıqları evdən məhrum etməsi işin müəyyən olunmuş halıdır. İddiaçıların birlikdə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəfin isə həmin tikili üzərində hər hansı hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddiaçılara qarşı törədilmiş məhrumetmə (evdə yaşamalarına mane olma) qanunsuzdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, tərəflərin yaşayış yeri olmuşdur. Cavabdeh tərəfin iddiaçıları tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və onların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların isə qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Cavabdeh tərəf mübahisəli tikiliyə iddiaçılardan üstün hüquqa malik deyildirlər.
45. Şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsi isə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
47. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1744/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1744/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.