Məhkəmə qərarları › İş №2(105)-1293/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1293/2025

19.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1293/2025 19.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), X16 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-304/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" MMC və işçi Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, müqavilə 3 ay 6 gün müddətinə - xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlanılmış, sürücü vəzifəsində olan işçiyə hər ay 345 manat məbləğində aylıq vəzifə maaşı təyin edilmişdir.

2. İşəgötürən "xxxx" MMC və işçi Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş nəqliyyat vasitəsinin saxlanması, başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə, həmçinin işçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam həcmdə maddi məsuliyyət daşıyır və sözügedən müqavilə işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi qüvvədə olduğu bütün dövrə şamil edilir.

3. Mediasiya Şurasının Bakı 18 saylı X4 Mediasiya Sessiyasında iştirak edilməməsi barədə MŞB/18/2024-00413 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Mediasiya Sessiyasında "xxxx" MMC-nin direktoru Nümayəndə3 iştirak etmiş, Cavabdeh isə iştirak etməkdən imtina etmişdir. İMS 50 manat və 10 manat poçt xərci olmaqla, ümumilikdə, 60 manat məbləğində mediasiya xərci "xxxx" MMC tərəfindən ödənilmişdir.

4. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 65/24 saylı məktub və poçt qəbzinə əsasən Cavabdeh bildirilmişdir ki, Cavabdeh "xxxx" MMCdə layihə üçün klinikaya işə qəbul edilmiş, lakin layihə zamanı qəza törətdiyindən layihə yerinə getmək mümkün olmamış, bu səbəbdən layihə ləğv edilmiş və "xxxx" MMC-i maliyyə cəhətdən zərərə salmışdır. Layihənin xalis mənfəətinin aylıq 2000 manat (3 ay üçün 6000 manat) təşkil etməsi nəzərə alınaraq dəymiş zərərin qarşılanması tələb edilmişdir.

5. "xxxx" MMC tərəfindən tərtib edilmiş nöqsan aktına əsasən, "xxxx" MMC-nin balansında olan “Mercedes-Benz” Sprinter 313 CDİ markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobilinə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərək ehtiyat hissələrinin sıradan çıxması aşkar edilmiş, 4420 manat dəymiş zərər və 5500 manat usta xərcləri olmaqla, ümumilikdə 9920 manat zərər dəymişdir.

6. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 103/24 saylı nöqsan aktına əsasən, "xxxx" MMC-ə məxsus İnovytec markalı süni tənəffüz cihazı təmir etmək mümkün olmamışdır.

7. X13, X3, X7, X19, X2, X8 tərəfindən imza edilərək tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 1603/24 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə elektron qaimə əsasında alınmış 4130 manat (ƏDV daxil) qiyməti olan süni tənəffüs cihazı (İnovytec) "xxxx" MMC tərəfindən tərtib olunmuş 103/24 saylı xx.xx.2024-cü il aktına əsasən istifadəyə yararsız vəziyyətdədir.

8. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 84/24 saylı məktub və poçt qəbzinə əsasən, İnovytec markalı süni tənəffüz cihazını təmir etmək mümkün olmadığı bildirilmiş, bununla bağlı klinikaya dəymiş 4130 manat məbləğində zərərin ödənilməsi tələb olunmuşdur.

9. xx.xx.2024-cü il tarixli, İXP6059275 saylı protokola əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat cərimə, 27.2 manat dəbbə pulu olmaqla, ümumilikdə 107.2 manat cərimə hesablanmışdır.

10. Sifarişçi "xxxx" MMC və icraçı "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 2112/23 saylı xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçini təcili tibbi yardım təyinatlı nəqliyyat vasitəsi və siyahısı bu müqaviləyə əlavələrlə müəyyən edilən tibbi avadanlıqlar və tibbi yardım çantası ilə təmin etməyi, göstərişlərinə uyğun olaraq vaxtlıvaxtında və yüksək keyfiyyətlə göstərməyi, həmçinin xidmətlərin yerinə yetirilməsinə yüksək peşəkarlığı olan əməkdaşları cəlb etməyi, sifarişçi isə həmin xidmətlərin müqabilində icraçıya bu müqaviləyə əlavələrdə nəzərdə tutulmuş miqdarda xidmət haqqı ödəməyi öhdəsinə götürür.

11. Həmin xidmət müqaviləsinə 1 saylı əlavə razılaşmadan görünür ki, icraçı və sifarişçi göstərilən xidmətlər (tam təchizatlı təcili tibbi yardım təyinatlı nəqliyyat vasitəsi və sürücü) və onların qiyməti (5500 manat) barədə şəkildə razılığa gəlmişlər.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beyləqan rayon polis şöbəsinin təhqiqat bölməsinin, baş təhqiqatçısı, polis mayoru X6 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh avtomaşınla vuran naməlum sürücünün əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xətaya dair iş üzrə icraata başlanması üçün qəbul edilmiş qərarın surətinin Beyləqan rayon X18 X22 göndərilməsi qərara alınmışdır.

13. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9090 saylı ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu "xxxx" tərəfindən tərtib edilmiş nöqsan aktına əsasən 2002-ci il buraxılışlı, “Mersedes-Benz” Sprinter 313 CDİ markalı, **-GD-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 7175 manat (dəyişilməli hissələrin qiyməti 2975 manat + təmir bərpanın qiyməti 4200 manat) olması müəyyən edilmiş, həmçinin nöqsan aktında və cədvəlin 20-ci bəndində göstərilən akkumlyatorun amperajı və markası barədə ətraflı məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamış, bundan əlavə “İnovytec” markalı süni tənəffüz cihazının istifadəyə yararlı olub-olmaması məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı bildirilmişdir.

14. "xxxx" MMC tərəfindən tərtib edilmiş nöqsan aktında olan cədvəlin 20-ci bəndində “Mercedes-Benz” Sprinter 313 CDİ markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobildə quraşdırılmış 2 ədəd akkumlyatorun ümumi dəyərinin 600 manat olduğu müəyyən edilmişdir.

15. “Legal Hüquq və Ekspert Mərkəzi” MMC tərəfindən xx.xx.2025-ci il tarixli, 401/25 saylı rəyindən görünür ki, sözügedən “İnovytec” markalı süni tənəffüz cihazı qiymətləndirməyə təqdim olunan zaman onun heç cürə işlək vəziyyətə gətirilməsi mümkün olmamış və aparılmış tədqiqat nəticəsində tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. “İnovytec” markalı süni tənəffüz cihazına dəymiş zərərin məbləğinin araşdırma nəticəsində iş materiallarında olan akta birə-bir uyğunluğu tərəflərindən müəyyən edilmişdir. Nəticə etibarilə, “İnovytec” markalı süni tənəffüz cihazına dəymiş zərərin məbləği iş materiallarında olan akta tam uyğundur və cihaz istifadəyə tam yararsızdır. Həmçinin mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 300(üç yüz) manat xidmət haqqı iddiaçı "xxxx" MMC tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı dəymiş ziyanın tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitəsinə dəymiş zərərə görə 9920 manat, nəqliyyat vasitəsindəki avadanlığa dəymiş zərərə görə 600 manat, əldən çıxmış fayda üzrə dəymiş zərərə görə 6000 manat, tənəffüs aparatı üçün ödənilmiş 4130 manat, İXP6059275 nömrəli protokol üzrə çıxarılmış qərar üzrə 107.20 manat, mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədilə ödənilmiş 50 manat, ödənilmiş dövlət rüsumu ilə bağlı 102 manat olmaqla, cəmi 20909.20 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC-də işlədiyi dövr ərzində xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Beyləqan rayon ərazisindən keçən Horadiz-Bəhrəmtəpə avtomobil yolunun 55-ci km-də Bəhrəmtəpə istiqamətinə doğru hərəkət edərkən onun tərəfindən idarə olunan "Mercedes-Benz” Sprinter 313 CDİ markalı, 90GD622 dövlət qeydiyyat nişanlı ambulans avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olan zaman avtomobili yolun sol kənarında yerləşən beton səddə vurmuş, hərəkət hissəsindən sağ boşluq sahəyə çıxarıb aşıraraq nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Sözügedən şəxs tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan sərnişini X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmiş material üzrə cinayət işi rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati tənbeh tədbiri görülməsi barədə 1XP6059275 nöməli protokol üzrə çıxarılmış qərar üzrə 107.20 manat cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixdə qəzaya uğramış “Mercedes-Benz” Sprinter 313 CDİ markalı, 90GD62 dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobilinə "xxxx" MMC-də mütəxəssislər tərəfindən texniki baxış keçirilmiş, sıradan çıxan ehtiyat hissələri və təmiri üçün tələb olunan xərclər müəyyən olunmuşdur. Sözügedən mütəxəssislər tərəfindən vurulan ziyanın yekun məbləği 9920 manat dəyərində müəyyən edilmişdir. Bundan başqa nəqliyyat vasitəsindəki avadanlıqların təmiri üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş nöqsan aktına əsasən 600 manat "Tour Med” MMC tərəfindən hesablanmışdır. Bundan başqa nəqliyyat vasitəsindəki İnovytec markalı süni tənəffüz cihazı istifadəyə yararsız hala düşmüşdür. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş elektron qaiməyə əsasən 4130 manata alınmış və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən avadanlığın istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Bundan əlavə, layihə zamanı qəza törədilməsi səbəbi ilə layihə yerinə getmək mümkün olmamış, bu səbəbdən layihə ləğv edilmiş və iddiaçıya maliyyə cəhətdən zərər dəymişdir. Layihənin xalis mənfəəti aylıq 2000 manat təşkil edəcəkdi ki, bu da 3 ay üçün 6000 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilərək cavabdehdən xx.xx.2023-cü il tarixdə imzalanmış tam maddi məsuliyyət haqqında müqavilədən irəli gələn öhdəliklərinə müvafiq olaraq ümumilikdə 20757.20 manat zərər məbləği tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. O cümlədən, cavabdeh şəxslə sözügedən problemi həll etmək məqsədilə iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət edilərək 50 manat ödənilmişdir. Cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “X9” ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh şəxs müqavilədən irəli gələn öhdəliklərinə uyğun olmayaraq öz vəzifələrini lazımınca icra etməmiş və iddiaçı tərəfindən ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq üzərinə düşən 20757.20 manat məbləğində dəymiş zərəri və mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə 50 manat olmaqla ümumilikdə 20807.20 manat pul məbləğini iddiaçıya ödəməkdən yayınmışdır. Cavabdeh ona işəgötürən (iddiaçı) tərəfindən verilmiş əmlakın salamatlığını təmin etməmiş, öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlamasına baxmayaraq, qanunvericiliyin normalarını pozaraq öz üzərinə düşən öhdəliyin icrasını həyata keçirməmiş, ona edilən xəbərdarlıqları heçə saymışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

18. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-304/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 12012.20 (on iki min on iki manat iyirmi qəpik) manat, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu üçün 126.04 (yüz iyirmi altı manat dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 26.96 manatının iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 40 manat pul vəsaitinin Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 10 manat pul vəsaitinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirhəsənli Mirnəsir).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1, 191.2, 194.1, 194.2, 199, 201.2, 205.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-304/2025 nömrəli qətnaməsininin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixində o iddiaçı "xxxx" MMC tərəfindən Horadiz şəhərində yerləşən baş ofisinə göndərilmişdir. Bununla bağlı yol vərəqəsi verilmişdir. Verilmiş tapşırıq yerinə yetirildikdən sonra onu yol vərəqəsi olmadan Ağdama göndərmişlər və yolda xx.xx.2024-cü tarixində il tarixdə saat 14:00 radələrində Beyləqan rayon ərazisindən keçən Horadiz-Bəhrəmtəpə avtomobil yolunun 55-ci km-də Bəhrəmtəpə istiqamətinə doğru hərəkət edərkən onun tərəfindən idarə olunan "Mercedes-Benz” Sprinter 313 CDİ markalı, 90GD622 dövlət qeydiyyat nişanlı ambulans avtomobili Bakı istiqamətində idarə edib hərəkətdə olan zaman avtomobili yolun sol kənarında yerləşən beton səddə dəymiş, avtomobil hərəkət hissəsindən sağ boşluq sahəyə çıxaraq aşmışdır. Sözügedən şəxs tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan sərnişin X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmiş material üzrə cinayət işi rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi barədə 1XP6059275 nöməli protokol üzrə çıxarılmış qərar üzrə 107.20 manat cərimə məbləği onun tərəfindən ödənilmişdir. Bildirir ki, 06 yanvar 2025-ci il tarixində iddiaçı "xxxx" MMCnin fəaliyyəti dayandırılması ilə bağlı sonradan onun məlumatı olmuşdur. Buna baxmayaraq onlar fəaliyyətini davam etdirərək qanunsuz yol vərəqəsi vermiş, sonradan onu yol vərəqəsiz yola davam etmək məcburiyyətində qoymuşlar. Bütün bunlar barəsində məhkəməyə məlumat versə də məhkəmə tərəfindən bu faktlara qiymət verilməmişdir. Halbuki, səhv iddiaçı "xxxx" MMC-nindir və fəaliyyəti dayandırılmış olduğu halda onu yola salmış və sonradan yol vərəqi olmadan işçi olaraq, yəni tabeçilikdən istifadə edərək onu başqa bir işə buyurmuşdur. Aydınlıq üçün qeyd edir ki, Horadiz şəhərinə çatanda onun yol vərəqi üzrə missiyası başa çatmış olmuşdur. Artıq tabeçilikdə olduğu üçün yola məcburi davam etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinn 1097.5-ci maddəsində qeyd edilir ki, əgər zərərzərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Yəni Horadiz şəhərində missiyası başa çataraq tərəfindən avtomobil tam şəkildə, saz vəziyyətdə təhvil verilmişdir. Sonradan orada olan şirkətin müqaviləsiz, yol vərəqəsiz onu işə məcbur etməsi nəticəsində vurulmuş ziyan üçün məsuliyyəti elə iddiaçının özü və Horadiz şəhərində avtomobili təhvil almış maraqlı şəxs daşıyır. Buna baxmayaraq məhkəmə tərəfindən araşdırmalar birtərəfli iddiaçının mövqeyinə uyğun olaraq aparılmaqla ədalətsiz nəticə verilmiş, tətbiq olunmalı olan maddi hüquq normalarını deyil iddianın birmənalı olaraq təmin edilməsi yönündə qanunvericiliyi tətbiq etmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən iddiaçı "xxxx" MMC-nin həmin dövr üçün fəaliyyətinn dayandırılmasına (klinikada baş vermiş ölüm hadisəsi ilə əlaqədar) qiymət vermədən qətnamə çıxarmışdır. Halbuki bu barədə məhkəməyə müvafiq sənədlər təqdim edilmişdir. Məhkəmə maddi hüquq norması tətbiq edilərkən elə məhkəmə hazırlıq iclaslarında pozuntulara yol verilmişdir ki, nəticədə sözü gedən və maddi hüquq normalarının düzgün tətbiq edilməsi ilə nəticələnən qətnamə çıxarılmışdır.

22. Qeyd etmək istəyir ki, hazırki iş üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 387-ci maddəsinin tələbləri də pozulmuşur. Belə ki, qeyd etdiyi kimi Horadiz şəhərindən sonrakı marşrutun iddiaçı "xxxx" MMC-yə aidiyyəti olmamışdır. Bu səbəbdən də məhkəmə iddia ərizəsinə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 387-ci maddəsinin tələblərinə əməl etməməklə prossesual hüquq normalarını pozmuşdur. Bununla yanaşı göründüyü kimi həmin Horadiz şəhərində yola davam tapşırığını vermiş şəxslər də dəvət edilmədiyindən “387.2.4. məhkəmə işdəiştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;” prosseual hüquq normalarını pozmuşdur. Çünki bununla əlaqədar məhkəmədə bildirişlər təqdim edilmiş və iddiaçının nümayəndəsi tərəfindən etiraflar olmuşdur. Məhkəmə tərəfindən həmin şəxsləri dindirməməklə məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Məhkəmənin bu halları aydınlaşdırmaması artıq nəticə etibarıilə iddianın qabaqcadan təmin ediləcəyindən xəbər verir.

23. Məhkəmənin gəldiyi nəticəyə təsir edən amillərdən biri də odur ki, məhkəmə tərəfindən sübutlara qiymət verilməmişdir. Verilmədiyi üçün də faktiki hallara qiymət verilməmiş və iş üçün bütün mühüm əhəmiyyətli hallarının aydınlaşdırılmamasına gətirib çıxartmışdır. Məhkəmə tərəfindən artıq ilk mərhələdən sübutların gizlədilməsi, faktiki halların araşdırılmaması həyata keçirilmişdir. Qeyd edildiyi kimi, fəaliyyəti dayandırılmış olduğu halda fəaliyyət göstərərək yol vərəqəsi vermiş və belə olan halda delikt özlərinə aid olmalıdır.

24. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərindəhüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadəhalının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli vəyalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Oxşar mövqe X11 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu hallar ona dəlalət edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S .Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixliqərarlar). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

25. Bütün bunlarla bağlı məhkəmədə qarşılıqlı münasibətlərin təzyiq və tabeçilikdən sui-istifadə nəticəsində əmələ gəlməsi məlum olduğu halda məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

28. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

34. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

35. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur

Azərbaycan Respublikası Əmək Məcəlləsi

36. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

37. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

38. Maddə 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

39. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

40. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

41. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda.

42. Maddə 201.2. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

43. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

53. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Beləliklə cavabdeh xx.xx.2024-cü ildə idarə etdiyi "Mercedes-Benz” Sprinter 313 CDİ markalı, 90GD622 dövlət qeydiyyat nişanlı ambulans avtomobili ilə yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı iddiaçının balansında olan sözügedən ambulans avtomobilinə, həmçinin nəqliyyat vasitəsindəki avadanlıqlara zərər dəymişdir. Beyləqan rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən cavabdehin əməlində cinayət tərkibi olmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP6059275 saylı protokola əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat cərimə, 27.2 manat dəbbə pulu olmaqla, ümumilikdə 107.2 manat cərimə hesablanmışdır. 107.20 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyanın əvəzini cavabdehdən tələb edir.

56. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hadisə zamanı əmək müqaviləsi üzrə münasibətlər olmuş və cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. Cavabdeh iddiaçının balansında olan nəqliyyat vasitəsi və avtomobilin daxilində olan avadanlıqları yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə salmış, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmənin təşəbbüsü ilə dəymiş zərərin miqdarı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək hesablanmışdır. Məhkəmə rəyi mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, cavabdehdən maddi zərərin əvəzi kimi məhz 7175 manat pul tutulmalıdır. Məhkəmə həmçinin iddiaçı tərəfindən təqdim edilmiş nöqsan aktına əsasən 2 ədəd akkumulyatora uyğun olaraq hesablanmış dəymiş zərərin 600 manat təşkil etdiyini qeyd edərək hesab etmişdir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda “Legal Hüquq və Ekspert Mərkəzi” MMC tərəfindən xx.xx.2025ci il tarixli, 401/25 saylı rəyindən göründüyü kimi X12 markalı süni tənəffüs cihazına dəymiş zərərin məbləği 4130 manat təşkil edir.

57. Kollegiya "xxxx" MMC-nin fəaliyyətinin dayandırılmasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh buna dair hər hansı sübut təqdim etməmiş, həmin fakt məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

58. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinn 1097.5-ci maddəsinin müddəaları ilə bağlı qeyd edir ki, sözügedən iş üzrə zərərin vurulmasına dair zərərçəkənin xahişi və ya razılığı müəyyən olunmadığından və öz təsdiqini tapmadığından, həmin norma hazırkı mübahisəyə tədbiq oluna bilməz.

59. Əksinə işin mübahisəsiz hallarından görünür ki, işçi Cavabdeh işəgötürən "xxxx" MMC qarşısında xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əmək müqaviləsi qüvvədə olduğu bütün dövr üzrə tam həcmdə maddi məsuliyyəti öz üzərinə götürmüşdür.

60. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.

61. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

62. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

63. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

64. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-304/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-304/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar