Məhkəmə qərarları › İş №2(105)-13/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-13/2024

06.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-13/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(031)- 35/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-005F KOD 30405028 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin boşaldılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, JN-005F KOD 30405028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin boşaldılması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətinə JN-005F KOD 30405028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Keçmiş qonşusu cavabdeh Əliyev X2 və Bakı şəhərlərində olduğu halda onun torpağını kəsir və öz torpağına qatır. Bu üsulla vaxtilə əkdiyi torpaq sahəsindən çıxması barədə müraciət edilmiş, lakin cavabdeh müraciətə əməl etməmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əliyev X2 Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qeyri-qanuni hesab edir. Onun tərəfindən verilən etirazı nəzərə almamış, səthi yanaşmışdır. İddiaçı “keçmiş qonşum torpağı zəbt etmişdir” ifadəsi işlədir. Halbuki o, keçmiş qonşu deyil. Adı çəkilən torpaq sahəsi babasının mükiyyətində olub. Ondan atasına, daha sonra isə onunla qardaşına miras qalmışdır. Onların əmlakı qeydiyyata alınmış, müvafiq icra orqanı tərəfindən ölçüləri götürülmüş, xəritəsi çəkilmiş və Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə özəl mülkiyyəti təsdiq edən çıxarış sənədi anası X4 adına rəsmiləşdirilərək ailəsinə təqdim edilmişdir. İddiaçı Aslanovun iddiası üzrə təyin olunmuş eksert birtərəfli, qərəzli rəy vermişdir. O, sənədlərinə baxmadan, torpaq sahəsini ölçmədən, ölçüləri düzgün müəyyən etməmiş iddiaçıya sərf edən rəy vermişdir. Onun həyətinin giriş hissəsində Aslanova məxsus 89 kv.metr sahənin zəbt olunduğunu göstərmişdir. Halbuki həmin ərazidə onun torpağının giriş sağ çəpərdən sol çəpərə çıxarışda olduğu kimi 14.40 metr olsa da, həmin zolaqlarla irəlilədikcə onun ərazisi kiçilmiş, DƏDRX-nin verdiyi sənəddə sahənin mərkəz xəttində 36 metr olsa da, hazırkı vaxtda 30 metr qalmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinin iş materialları o cümlədən, ekspertiza rəyi ilə öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 6.1.7, 6.1.9, 152.1, 157.2. 157.4, Torpaq Məcəlləsinin 5.1, 84.1, 68, 111-ci maddələrinə və Avropa Məhkəməsinin qərarlarına istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddia tələbləri Cavabdeh zəbt olunmuş torpaq sahəsindən çıxarılması və boşaldılmasından ibarət olduğu halda, birinci instansiya məhkəməsi mübahisəyə aidiyyəti olmayan Mülki Məcəllənin 152.1, 157.4. maddi hüquq normalarını tətbiq etmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə iddia tələbinin qanuni əsası kimi 157.2. maddəsi ilə yanaşı 152.1, 157.4-cü maddələrinə istinad etməsi düzgün olmamışdır. Çünki həmin normalar baxılan iş üzrə iddia tələbinin qanuni əsası kimi çıxış edə bilməz, ona görə ki iş üzrə əmlakdan məhrum olmamış mülkiyyətçinin öz hüququna törədilən qəsd və ya başqa maneələrə son qoyulması ilə bağlı mübahisə mövcud deyil. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn tələbin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Lakin birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi qənaətinə gələrkən qeyd olunan maddi hüquq normalarının tətbiq edilməsini əsaslandırmamışdır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 385.1.1, 386-cı maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. İşdən göründüyü kimi Dəvəçi (Şabran) rayonu Dağbilici kəndi ərazisində yerləşən 0.26 ha torpaq sahəsinin İddiaçı, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin isə Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbləri cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunduğu kimi 0,26 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. İkinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Qeyd olunmalıdır ki, Cavabdeh apellyasiya şikayətində məhkəmənin bir tərəfdən mübahisə edilən torpaq sahəsi ilə Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə istinad etməsini, torpaq sahələrinin sərhədlərini müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmətikinti ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilməsini və iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə təkrar məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/4486 nömrəli 27 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, mübahisə predmeti olan torpaq sahələrinin naturada forma və ölçülərinin sənədlərdə qeyd olunmuş forma və ölçülərdən fərqli olduğundan iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyəti araşdırmaq məqsədilə təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/9371 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-005 kod 30405028 saylı şəhadətnaməyə əsasən 0,26 ha torpaq sahəsinin cənub-qərb hissəsindən 89.0 kv.metr hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Göründüyü kimi Şabran rayonu Dağbilici kəndində yerləşən 0,26 ha torpaq sahəsinin İddiaçı məxsus olması, həmin torpaq sahəsinin cənub-qərb hissəsindən 89.0 kv.m hissəsinin Cavabdeh sahibliyində olması və bu sahibliyin qanunsuz olması öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 50+100=150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Əliyev X2 rayonu Dağbilici kəndi ərazisində yerləşən İddiaçı məxsus 0,26 ha torpaq sahəsinin cənub-qərb hissəsinin 89.0 kvadrat metrindən çıxarılsın və həmin hissə Cavabdeh tərəfindən boşaldılsın. Cavabdeh ekspertiza xərci 150 (yüz əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar