Məhkəmə qərarları › İş №2(105)-130/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-130/2022

24.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-130/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan pay torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın İddiaçı alınaraq X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməsi, iş üzrə mütəxəssis rəyi xərcini təşkil edən 73,20 manatın İddiaçı alınaraq "xxxx" MMC-nin KOD 200071, VÖEN **********, Müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT kod AİİBAZ2X VÖEN ********** AZ23AİİB******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-403 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktındakı sxemlər üzrə 403 nömrə ilə işarələnmiş 0,36 ha torpaq sahəsinin bütövlükdə, eləcə də, 403L nömrə ilə işarələnmiş 0,24 ha torpaq sahəsindən 0,04 ha hissənin naturada ayrılaraq ona verilməsi, qalan 0,20 ha torpaq sahəsinin isə Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Z.S.Məmmədova ilə 18 aprel 1983-cü il tarixdə nikahılarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Rayonda gedən torpaq islahatı zamanı o, Qarabağ müharibəsi iştirakçısı olduğuna görə ona iki pay olmaqla 0,40 ha, cavabdehə isə bir pay 0,20 ha olmaqla, cəmi 0,60 ha torpaq sahəsi Quba rayon AİK-nın 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş və adlarına JN-403 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib olunmuşdur. Həmin akta əsasən verilmiş torpaq sahəsi iki ayrı-ayrı yerdə olmaqla, bir hissəsi 0,36 ha, digər hissəsi 0,24 hektardan ibarətdir. 30 avqust 2007-cı il tarixli Quba rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. 2007-ci ildə cavabdehin iddiası əsasında Quba Rayon Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qətnaməsi ilə həmin 0,60 ha torpaq sahəsinin 0,40 hektarına onun, 0,20 hektarına isə cavabdehin payı müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin 0,36 hektarı Dövlət Aktında meyvə bağı kimi göstərilsə də, həmin sahədə heç bir meyvə ağacı yoxdur, həmin sahə digər 0,24 ha sahə kimi boş, əkin sahəsi olaraq istifadə olunur. Qətnamə əsasında müəyyən olunmuş payları naturada faktiki olaraq ayrılmadığından, o, müəyyən olunmuş öz payına müstəqil olaraq Çıxarış ala bilmir. Beləliklə də, öz payı üzərində müstəqil sərəncam vermə hüququ məhdudlaşmışdır. Uzun illərdir ki, həmin torpaq sahəsinin Dövlət Aktındakı sxem üzrə 403 nömrə ilə qeyd olunmuş 0,36 ha torpaq sahəsindən bütövlükdə o, istifadə edir, ona görə də həmin 0,36 ha torpaq sahəsinin naturada bölgü aparılarkən ona verilməsi, 403L nömrə ilə işarələnmiş 0,24 ha torpaq sahəsinin 0,20 ha hissəsinin cavabdehə verilməsi, qalan 0,04 ha torpaq sahəsinin ona verilməsi sərfəlidir. Həmin ərazilərin başqa formada bölgüsü nə ona, nə də cavabdehə sərfəli deyildir. Yenə də həmin torpaq sahələrindən müstəqil istifadə etmələrində narazılıq və maneələr yaranacaqdır. Cavabdehlə könüllü olaraq həmin paylarının naturadan ayrılamasına razılığa gələ bilməmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Ən azından ona görə ki, o beləbir iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə cavabdehlə əlbir olaraq onun adından iddia ərizəsi yazdırıb, icraata qəbul edərək qərar qəbul etməklə adından ərizəyə yalan məlumatlar daxil edərək onun qanunla qorunan əmlakına mülkiyyət hüququndan məhrum etmək, həmçinin xəbəri olmadan notariat qaydasında adından təstiq edilən bölgü sxemi əsasında çıxarışın quvvədə saxlanılması və ona vurulan zəzərin əvəzinin tələb etmək hüququndan məhrum etmək məqsədini daşıyır. Quba Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili E.İ.Əlixanlı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, iddiaçı tərəfindən tələb olan bölgüdə torpağın bölünməsinin mümkün olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikaətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı S.C.Məmmədovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)336/2007 saylı, 26.07.2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Z.S.Məmmədovanın cavabdeh İddiaçı qarşı yaşayış hüququnun müəyyən edilməsi və torpaq sahəsinin bölünməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Z.S.Məmmədovanın Quba şəhəri, Əzizbəyov küçəsi, 50 saylı evin, 15 saylı mənzilinə yaşayış hüququ müəyyən edilmiş və JN-403 kod 30301004 «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Aktı əsasında verilmiş 0,60 ha toıpaq sahəsi tərəflər arasında bölünməsi, 0,20 ha torpaq sahəsinə iddiaçı Z.S.Məmmədovanın, 0,40 ha torpaq sahəsinə cavabdeh İddiaçı mülkiyyət hüququ müəyyən edilməsi qət edilmişdir. İşdə olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarına əsasən 24.05.2001-ci ildə JN- 403 kod 30301004 «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Aktı əsasında 0.60 ha torpaq sahəsi tərəflərin mülkiyyətinə verilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Quba şəhəri ərazisində 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş üzrə təyin edilmiş ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27.02.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-403 Kod 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçı və cavabdehin mülkiyyətində olan 0.60 ha pay torpaq sahələrinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən İddiaçı və Cavabdeh payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texnika ekspertizasının 12.05.2020-ci il tarixli, 10/638 saylı rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən, JN-403 kod 30301004 «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Aktına əsasən iddiaçı və cavabdehin mülkiyyətində olan 0.60 ha pay torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahələrinin koordinatları arasında fərq vardır. Bu səbəbdən, İddiaçı və Cavabdeh payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəsinin 22 noyabr 2021-ci il tarixli 10/6134 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən 12 sentyabr 2015-ci il tarixli ********** saylı Cavabdeh adına olan Çıxarış əsasında verilmiş kənd təsərrüfatı təyinatlı 0.20 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin qonşu sərhədləri mülkiyyətçinin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üstüstə düşmür. Buna səbəb 12 sentyabr 2015-ci il tarixli ********** saylı Çıxarışın Torpaq sahəsinin Planı və Ölçüsü sənədindəki torpagın koordinatlarda sürüşməsinin olmasıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdehin faktiki istifadə etdiyi 0.20 ha torpaq sahəsi bütünlükdə Cavabdeh verilmiş hüquqmüəyyənedici sənəddə göstərilən torpagın koordinatları ilə uygun olmadıgı müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən JN-403 KOD 30301004 Dövlət Aktı əsasında Quba rayonu AİKnın 2000-ci il 05 may tarixli 05 saylı qərarı ilə verilmiş 0.60 ha torpaq sahəsinin 0.36 ha olan hissəsində 0.20 ha ölçüdə Cavabdeh 0.16 ha ölçüdə isə İddiaçı Cabir oğlunun faktiki istifadəsindədir. JN-403 KOD 30301004 Dövlət Aktı əsasında Quba rayonu Aqrar İslahat Komissiyasının 2000-ci il 05 may tarixli 05 saylı qərarı ilə verilmiş 0.60 ha torpaq sahəsinin 0.24 ha hissəsi ilə bütövlüklə İddiaçı faktiki istifadəsindədir. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Quba şəhəri ərazisində iddiaçı və cavabdehə Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli, 05 saylı qərarına əsasən 24.05.2001-ci ildə JN-403 kod 30301004 «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Aktı əsasında 0.60 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Tərəflər arasındakı nikah pozulduqdan sonra hazırki, mülki iş üzrə cavabdeh “evə yaşayış hüququnun müəyyən edilməsi və torpaq sahəsinin bölünməsi” iddiası ilə məhkəməyə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 26.07.2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilərək, mübahisəli torpaq sahəsi hissəsində JN-403 kod 30301004 «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Aktı əsasında verilmiş 0,60 ha torpaq sahəsi tərəflər arasında bölünməsi, 0,20 ha torpaq sahəsinə iddiaçı Z.S.Məmmədovanın, 0,40 ha torpaq sahəsinə cavabdeh İddiaçı mülkiyyət hüququ müəyyən edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, tərəflər arasında 0,36 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin JN 403 saylı KOD30301004 «Torpağa Mülkiyyət Hüququna dair» Dövlət Akta əsasən 0,20 ha torpaq sahəsi cavabdeh Z.Məmmədovanın adına, 0,16 ha torpaq sahəsi isə İddiaçı adına sxem üzrə bölünmüşdür. Həmin bölgüdən və sxemdən iddiaçının xəbəri olmuş, lakin bunu heç bir vaxt mübahisələndirməmişdir. Daha sonra, RX seriyalı, ******* nömrəli Çıxarış əsasında Quba şəhəri ərazisində 0.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Göstərilən sənədlər tərəflərin iştirakı ilə hazırlanmışdır və hazırda həmin Çıxarış qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1 və 220.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər və paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə ekspertiza xərci və mütəxəssis rəyinin verilməsi üçün müəyyən olunmuş tərəflər arasında bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, qətnamə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 01 iyun 2020-ci il tarixli 2(027)-160/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan pay torpaq sahəsinin naturada bölünməsinə dair iddiası qismən təmin edilsin. JN-403 KOD 30301004 saylı Torpaq Mülkiyyət Hüququna dair Dövlət Aktındakı sxem üzrə işarələnmiş 0,16 ha torpaq sahəsi və 403L nömrə ilə işarələnmiş 0,24 ha torpaq sahəsi İddiaçı ona verilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 75 (yetmiş beş) manat İddiaçı və 75 (yetmiş beş) manat Cavabdeh alınaraq X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilsin, iş üzrə mütəxəssis rəyi xərcini təşkil edən 36 (otuz altı) manat 20 (iyirmi) qəpik İddiaçı və 36 (otuz altı) manat 20 (iyirmi) qəpik Cavabdeh alınaraq "xxxx" MMC-nin KOD 200071, VÖEN **********, Müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT kod AİİBAZ2X VÖEN ********** AZ23AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar