Məhkəmə qərarları › İş №2(105)-1303/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1303/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1303/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsindən irəli gələn zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-69/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 003 nömrəli krеdit müqаviləsi bağlanmış və bu müqaviləyə əsasən illik 26% olmaqla 36 aylıq müddətinə cavabdehə 35000 (otuz beş min) manat məbləğində krеdit vеrmişdir.

2. Xaçmaz rayon Məhkəməsinin e-2(067)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Quba rayonu Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair İddiaçı BOKT MMC-nin adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış və mülkiyyət hüququna dair qeydin ləğv edilməsi qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkəməsinin 2(105)- 1645/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş və Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e2(067)-351/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-478/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı BOKT MMC-nin kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1645/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9088 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 11 fevral 2014-cü il tarixli, 003 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı BOKT MMC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2017-ci il tarixə əsas borc üzrə 34.794,72 manat, faiz borcu üzrə 25.355,69 manat. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə illik 5% hesablamaqla: əsas borc üzrə— 34.794,72 manat, faiz borcu üzrə—34.068,87 manat, faiz borcu 5% ilə 8713,18 manat müəyyən edilmişdir

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı BOKT MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13231.89 (on üç min iki yüz otuz bir manat səksən doqquz qəpik) manat dəymiş zərər (əldən çıxmış fayda şəklində) və ödənilmiş 130.1 (yüz otuz manat on qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiаçı İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 003 nömrəli krеdit müqаviləsi bağlanmış və bu müqaviləyə əsasən illik 26% olmaqla 36 aylıq müddətinə cavabdehə 35000 (otuz beş min) manat məbləğində krеdit vеrmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərini pozduğu üçün məhkəməyə müraciət olunmuş və Quba rayon Məhkəməsinin 2(027)-64/2016 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddia qismən təmin olunmuş və cavabdehdən 34794.24 manat əsas kredit borcu, 9464.24 manat faiz borcu və 30 manat dəbbə pulu, cəmi 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun tutulması və tələbin ipoteka qoyulmuş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********731- 10301 olan, ********** qeydiyyat nömrəsilə xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 150000 manat məbləğində müəyyən edilməsi, həmin 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı BOKT MMC-yə olan 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin 2(027)- 64/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, açıq hərraca çıxarılarkən ipoteka predmeti olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə 300.8 kv.metr ümumi, 216.8 kv.metr yaşayış və 84.0 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.

8. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-69/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8713,18 (səkkiz min yeddi yüz on üç manat, on səkkiz qəpik) manat dəymiş zərərin və 130,1 (bir yüz otuz manat, on qəpik) manat ödənilmiş dövlət rüsumunun İddiaçı BOKT MMC xeyrinə tutulması, iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Rahim Həsənov).

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində 13231,89 manat məbləğində dəymiş zərərin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, Məhkəmə, iş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9088 saylı ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ona görə də, dəymiş zərər 8713,18 manat məbləğində müəyyən edilməlidir..

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 442, 445.1, 445.2.1, 445.7, 449.1, 449.3, 449.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 82.3, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-69\2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə AR MM-nin 443.1-ci maddəsinə əsasən belə hesab etmişdir ki, iddia təmin edilməlidir. Lakin bu maddi normanın məzmununa zidd olaraq,ondan əlavə illik faizlərin də tutulması qənaətinə gəlmişdir, hansı ki, məhkəmə qətnaməsinə əsasən onun əmlakı hərracdan satılaraq iddiaçının borcu ödənilmişdir və bu halda onu əlavə öhdəliklə yükləməkdə məhkəmə haqlı olmamışdır.

13. Məhkəmə iddianı təmin edib, ehtimal etdiyi gecikdirmə müddəti üçün illik 5 faiz məbləğin ondan tutulub iddiaçıya ödənilməsi qənaətinə gələrkən MM-nin 445.7-ci maddəsinə əsaslanmışdır. Məhkəmə hazırkı maddi normanın məzəmun və tələbini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, MMC kredit borcunun gecikdirilməsinə görə məhkəmə də iddia qaldıraraq, həm əsas borcu, həm də gecikdirilmə faizinin ondan tutulmasını xahiş etmiş, məhkəmə də bu tələbi təmin etmiş, əmlakı hərraca çıxarılaraq satılmışdır. Həmin andan artıq tələb ödənilmiş hesab edilməli və ona qarşı hər hansı bir gecikmə faizinə dair iddia qaldırıla bilməzdi. Çünki o, kredit öhdəliklərinin təmini üçün əmlakını yüklü etmişdir, MMC də pula görə əmlakının satılmasını xahiş etmiş, hərracda əmlakını borc əvəzi qəbul edərək, mülkiyyətinə götürmüşdür. Bununla da icra baş tutmuşdur. Amma iddiaçı həmin icranın sonundan 5 il keçəndən sonra hazırkı iddia ilə müraciət edib gecikmə fazilərini istəmiş, məhkəmədə isə bu hallar iş sənədləri ilə təsdiq edildiyi halda, əsassız olaraq ondan öhdəlik tam icra edildikdən sonrakı illər üçün dəzərər tutmuşdur ki, bu da maddi normanın tələblərinə, işin konkret müəyyən edilmiş hallarına, eləcə də Konstitusiya Məhkəməsinin bu növ işlər üzrə son hüquqi mövqeyinə tam zidd olmuşdur. Belə ki, əgər məhkəmə qətnaməsi ilə borca görə əmlak hərraca çıxarılıbsa, iddiaçı da həmin əmlakı borc əvəzi öz mülkiyyətinə qəbul edibsə, artıq öhdəlik tam icra edilmiş hesab edilir. Amma hazırda onun əmlakı illərdir iddiaçının mülkiyyətində ola-ola, iddiaçı öhdəliyin gecikdirilməsinə görə ondan ziyan tələb edirsə, o, hansı əsasla öhdəliyin gecikdirilməsini irəli sürür və məhkəmə də hansı əsasla bu iddianı təmin edir? Belə hesab edir ki, bu qətnamə maddi hüquq normasının tələblərinin kobud surətdə pozulması ilə qəbul edildiyi üçün ləğv edilməli və iddia rədd edilməlidir.

14. Əmlakı iddiaçının mülkiyyətinə keçəndən sonra rəsmi olaraq banka müraciət edərək kredit və faiz borcunu ödəyərək əmlakının geri qaytarılmasını xahiş etmiş, lakin bank bu günə qədər də bu məsələni həll etməmişdir.

15. Məhkəmə iddiaçı tərəfindən iddianı sübut edən hər hansı bir məhkəmə iddiaçı tərəfindən iddianı sübut edən hər hansı bir dəlil və sübutun təqdim edilmədiyi halda iddianı təmin etmiş və bu zaman öz qətnaməsində hər hansı bir sübuta əsaslanmamışdır. Bu isə kobud prosessual pozuntudur. Çünki iddianı təmin edən məhkəmə bu nəticəyə hansı sübutlar əsasında gəlməsini öz qətnaməsində göstərməli, həm də həmin sübutları sadalamaqla kifayətlənməməli,bunların işin həlli üçün hansı halları təsdiq etdiyini göstərməlidir. Amma hazırkı qətnamədə heç bir sübut sadalanmamış və məhkəmənin iddianı təmin etmək üçün hansı sübutlara istinad etməsi məlum deyildir. Əksinə, mənim təqdim etdiyim sübutlardan və iş materiallarından tam əksi təsdiq edilir və görülür ki,əmlak hərracda satılmaqla kredit öhdəliklərinə son qoyulub və bu halda iddiaçının məndən gecikməyə görə faiz tələb etmək hüququ olmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında və Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

24. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

25. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-69/2023 nömrəli qətnaməsini iddianın təmin edilən hissədə mübahisələndirmişdir.

35. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 003 nömrəli krеdit müqаviləsi bağlanmış və bu müqaviləyə əsasən illik 26% olmaqla 36 aylıq müddətinə cavabdehə 35000 (otuz beş min) manat məbləğində krеdit vеrmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərini pozduğu üçün məhkəməyə müraciət olunmuş və Quba rayon Məhkəməsinin 2(027)-64/2016 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddia qismən təmin olunmuş və cavabdehdən 34794.24 manat əsas kredit borcu, 9464.24 manat faiz borcu və 30 manat dəbbə pulu, cəmi 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun tutulması və tələbin ipoteka qoyulmuş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********731- 10301 olan, ********** qeydiyyat nömrəsilə xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 150000 manat məbləğində müəyyən edilməsi, həmin 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı BOKT MMCyə olan 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir.

39. Beləliklə, məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında kredit müqaviləsi üzrə borc münasibətləri olmuş, cavabdeh borcun ödənilməsini gecikdirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kreditorun vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yarandığından, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən, illik 5 faiz hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

40. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, bununla da bank olmayan kredit təşkilatına zərər vurmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

42. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

43. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)- 69/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-69/2023 nömrəli mübahisələndirilən hissədə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar