Məhkəmə qərarları › İş №2(105)-1305/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1305/2023

02.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1305/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X və X ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin cehiz əmlakının ona məxsus fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçının Siyəzən Rayon Məhkəməsinə verdiyi etiraza Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı “cavabdehin cehiz əmlakının ona məxsus fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, Siyəzən şəhəri, F.Əliməmmədov küçəsində yerləşən ona məxsus 122 nömrəli fərdi yaşayış evindən cavabdehin cehiz əmlakının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus 1 ədəd künc divanın, 1 ədəd masa və 6 ədəd stulun, güzgülü kamodun, televizor altının, şüşəli şkafın, divan önünə qoyulan kiçik masanın, mətbəx divanının, mətbəx masası və 2 ədəd stulun, 1 ədəd çilçırağın, 3 ədəd xalçanın, yorğan-döşəyin və qab-qaşığın Siyəzən şəhəri, F.Əliməmmədov küçəsində yerləşən ona məxsus 122 nömrəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Siyəzən Rayon Məhkəməsinə etirazla müraciət edərək, mülki işin baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş gəlini Cavabdeh və oğlu Nümayəndə1 arasında bağlanmış rəsmi nikah Siyəzən Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh özünə aid cehiz əmlakını ona məxsus fərdi yaşayış evindən boşaltmır. İki otaqlı fərdi yaşayış evinin bir otağı cavabdeh tərəfindən zəbt olunmuş, hər tərəfi toz basmışdır. Gülər Nəcəfova tez-tez ona aid fərdi yaşayış evinə gələrək, qapını qəsdən qərəzli olaraq çırpır, ağır ürək əməliyyatı keçirmiş ərini və həmin xəstəlikdən əziyyət çəkən onu narahat edir. O, cavabdehin ona məxsus yaşayış evindən “cehiz əmlakının boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərov qəsdən, öz şəxsi maraqları naminə məhkəmə baxışlarını uzatmaqla, onun haqlı tələbini təmin etmir. Nə vaxtadək onlar Bəylər Ələkbərovun qurbanına çevriləcəklər? Əslində birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əsasən, uzağı 90 gün ərzində qərar qəbul etməlidir. İnanın ki, ağır cinayətin araşdırılması belə uzun çəkir. Mülki işlər isə uzağı 90 gün ərzində bitməlidir. Onun artıq Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərova heç bir inamı yoxdur. Elə bu səbəbdən bu mülki işin Şabran Rayon Məhkəməsində araşdırılmasını istəyir. Qeyd edilənlərə əsasən xahiş etmişdir ki, bu şikayətini nəzarətə götürməklə, mülki işin Şabran Rayon Məhkəməsinə həvalə edilməsi istiqamətində əməli tədbirlər görülsün. Həmçinin, qeyd etmişdir ki, məhkəmə qarısında ekspertiza keçirilməsinə dair vəsatət qaldırılsa da, məhkəmə onun vəsatətini əsassız olaraq rədd etmişdir. Siyəzən Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(059)-202/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin cehiz əmlakının ona məxsus fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddiası üzrə İddiaçı Siyəzən Rayon Məhkəməsinə verdiyi etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 etirazın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası etiraza cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-21.4-cü maddələrinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Etiraz etmə və ya öz-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını subut etməlidir. Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir. «Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 5.3-cü bəndində göstərilir ki, bütün məhkəmə tərkibinə etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir. Həmin qərarın 5.4-cü bəndinə görə isə etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad (qərar) qəbul etməklə baxılmamış saxlanılır. Etiraz ərizəsindən görünür ki, İddiaçı Siyəzən Rayon Məhkəməsinə etiraz versə də, etirazın əsaslarını konkret olaraq göstərməmişdir. Etirazın əsasını onun heç bir sübuta əsaslanmayan subyektiv mülahizələri təşkil edir və həmin təktərkibli məhkəmənin hakiminin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsaslar yoxdur. Ona görə də iddiaçının verdiyi etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 21-22 və 263-264cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən təktərkibli Siyəzən Rayon Məhkəməsinin hakiminə edilmiş etiraz təmin edilməsin. İddiaçı Cavabdeh qarşı cavabdehin cehiz əmlakının ona məxsus fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar