Məhkəmə qərarları › İş №2(105)-1307/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1307/2024

01.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1307/2024 01.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)- 181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Turab Nuralıyev 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir.

2. 12 yanvar 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir.

3. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli, sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir.

4. "xxxx" MMC-nin direktorunun 01 dekabr 2022-ci il tarixli 162 saylı əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 maddəsinin “b” bəndi-müddətin qurtarmasi əsası ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqlarının ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuşdur. 2021-ci ilə kimi həmin idarədə işləmişdir. xx.xx.2021-ci il tarixdə müdriyyətin sərəncamı ilə idarə etdiyi avtomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı “Yol istismarı“ MMC-yə işə göndərilmişdir. Bir il iki aydır ki, həmin idarədə işləyir. Bir neçə gün əvvəl idarənin müdiri Nazim Eynallı onu çağırıb bildirmişdir ki, müqavilə müddəti bitmişdir, onunla yeni müqavilə bağlamır, ona görə də avtomaşını təhvil verilməlidir. Ona bildirmişdir ki, baş idarədən çıxarılıb bura göndərilmiş, burada onunla müqavilə bağlanılması yadına gəlmir. Müqavilə bağlamış olsaydı belə onu işə qəbul olduğu vaxt yəni xx.xx.2021-ci ildən hesablanmaqla 01 oktyabr 2022-ci il tarixdə, yəni 1 ilin tamam olanda çıxarmış olmalı idi. Amma 1 il 2 aydır ki, burada işləyir. Müqavilə müddəti bitəndən sonra hələ 2 ay işləmiş, bu isə o deməkdir ki, avtomatik olaraq müqavilə növbəti müddətə uzadılmış hesab olunur. Bu gün bu əsasla işdən azad edilməsi qanunsuzdur. Maşın idarəyə məxsus olsa da idarə bu maşının üzərinə bir manat da olsun xərc qoymayıb. Təkərlərini, akkumulyatorunu, bütün sınan hissələri özü öz hesabına təmir etdirmişdir. İndi maşını əlindən alıb, özünü də işdən çıxarır. Mediasiyaya müraciət etmiş, orada aralarında razılıq olmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.

7. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 180 saylı əmək müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdi ki, iddiaçı Turab Nuralıyev 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 12 yanvar 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli, sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Sonda T.Nuralıyevin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xitam verilmişdir. (Əmr № 162). İkincisi, iddiaçı ərizəsində hər hansı bir müqavilənin olmadığını qeyd edir. Halbuki, cavabdeh tərəfindən iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmiş xx.xx.2022-ci il tarixli 128 nömrəli xəbərdarliq da onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Nuralıyev xəbərdarlığı aldıqdan sonra bu barədə müvafiq qrumlardan və ən azından “ASAN XİDMƏT” dən şəxsiyyət vəsiqəsini təqdim edərək məlumat ala və əmək müqaviləsinin olmadığı barədə rəsmi arayışı məhkəmə əsaslı sübut kimi təqdim edə bilərdi. Güman edir ki, yuxarıda sözügedən məlumatı iddiaçı artıq almış, lakin həmin məlumat onun üçün sərfəli olmadığından yenə də yalnış fikir formalaşdırmaq məqsədilə ərizəsində bu sözləri qeyd etmişdir. Üçüncüsü iddiaçı ərizəsində maşın idarəyə məxsus olsa da idarənin bu maşının üzərinə bir manat da olsun xərc qoymadığını, təkərlərini, akkumlyatorunu, bütün sınan hissələri özü öz hesabıma təmir etdirdiyini bildirmişdir. T.Nuralıyev bu yalnış sözlərlə məhkəmənin diqqətini öz istəyinə uyğun formalaşdırmağa çalışmışdır. 13 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktında iddiaçı özü imza edərək idarə etdiyi “Tatra” markalı yuk avtomobilinin təmiri üçün dörd ədəd yeni şini təhvil götürmüşdür. Maraqlı məntiqi bir sual yaranır ki, 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı alan bir şəxs yük avtomobilini necə öz hesabına təmir etdirə ehtiyat hissələri ala bilər? Bundan başqa iddiaçı işlədiyi dövrdə əmək və icra intizamını dəfələrlə pozmuşdur. Belə ki, 02 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X4 "xxxx" MMC-nin Baş Mexaniki Fərid Ağayev tərəfindən həmin MMC-nin direktoru N.Eynallıya hazırki iş üzrə iddiaçı X2 istifadəsində olan “Tatra-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobilini dəfələrlə deyilməsinə baxmayaraq idarənin avtoqarajına gətirməməsi barədə rəsmi xidməti məruzə təqdim etmişdir. MMC-nin direktoru N.Eynallı tərəfindən həmin xidməti məruzə yə dərkənar qoyularaq nəqliyyat vasitəsinin gətirilməsinin təmin edilməsi MMC-nin Baş Mexaniki Fərid Ağayevə tapşılmışdır. 04 noyabr 2022-ci il tarixdə sözügedən avtomaşın məcburi qaydada idarənin qarajına gətirilərək saxlanılmışdır. Bu barədə MMCnin 5 nəfər işçisinin iştirakı ilə həmin tarixdə AKT tərtib edilmişdir. Həmin AKT-da həmçinin T.Nuralıyevin idarə etdiyi “Tatra-815” markalı, 10 JZ-207 dövlət nömrə nişanlı yük avtomobilini öz məqsədləri üçün istifadə etməklə idarəyə tabeçilik göstərməməsi digər işçilər arasında da əmək intizamının pozulmasına səbəb olduğu qeyd edilmişdir. Bundan başqa T.Nuralıyevə 04 dekabr 2022-ci il tarixdə istifadəsində olan “Tatra-815” markalı, **- JZ-*** dövlət nömrə nişanlı yük avtomobilini 01 dekabr 2022-ci il tarixdə qaraja gətirməməsi barədə izahat verməsi təklif edilmiş, lakin o, bu izahatı verməkdən imtina etmişdir. Sözügedən məsələ də MMC-nin aidiyyatı əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Bundan başqa, T.Nuralıyev 17 və 18 noyabr tarixlərində bir daha əmək intizamını pozaraq hər iki gün heç bir üzürlü səbəb olmadan 5 saat yarım iş yerini tərk etmiş və məhz bu səbəbdən də "xxxx" MMC-nin direktoru Nazim Eynallının 17 noyabr 2022-ci il tarixli 27 saylı və 18 noyabr 2022-ci il tarixli 28 saylı əmrləri ilə onun əmək haqqı işdə olmadığı saatlara görə az hesablanmışdır. Bundan başqa T.Nuralıyevə 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş və bu barədə əmrin digər surətinə imza atmaq təklif edilmişdir. O, öncə əmrin surətinə imza atmış lakin sonra imza atığı sənədi götürərək cırmışdır. T.Nuralıyev həmçinin əmək kitabçasını təhvil alması barədə sənədə imza etməkdən imtina etmişdir. Hər iki hal həmin tarixdə iştirakçılar tərəfindən aktlaşdırılmışdır. Qeyd edilən halların mövcudluğu iddiaçının işdən əmrlə qovulmasına tam hüquq vediyi halda rəhbərlik tərəfindən onun əmək müqaviləsinin vaxtının bitməsinə az bir vaxtın qalması səbəbindən T.Nuralıyevə humanistlik göstərilmiş və sonda o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən işdən çıxarılmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqənin aşağı hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmişdir, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 40-43-cü vərəqlərində olan 01 aprel 2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqində “11.2 İşçinin soyadı, adı, atasının adı və ünvanı” hissəsində “İmza:” qrafasındakı imzanı - tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız oluğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən, həmin imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, ştempel boya ilə icra olunmuş möhür əksinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “01 aprel 2022-ci il tarixli 180 saylı əmək müqaviləsində olan yazılar (əl və çap üsulu ilə) həmin tarixdə yazılmışdır yoxsa sonradan icra edilmişdir? Sualı üzrə tədqiqat aparılmamışdır.

10. Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilmiş, 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 220 manat pulun cavabdeh Avtomobil yolları dövlət agentliyi "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2021-ci il il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyinə əsasən cavabdeh tərəfindən təqdim edilmiş tərəflər arasında bağlanmış əmək müqaviləsinin İddiaçı tərəfindən imzalanmamış ona aid hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmiş, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, əmək müqaviləsi işçi tərəfindən imzalanmadığından etibarsız sayılmalıdır.

12. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324.4, 324.6, 329.1, 331.1, 331.3, 337.1, 337.3, 337.4-cü maddələrinə, Əmək Məcəlləsinin 44-cü maddəsinə istinadla əsaslandırmışdır.

a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin olunmayan hissəsində ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı (işçi) ilə, cavabdeh (işəgötürən) arasında bağlanmış xx.xx.2022-ci il, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilirsə, Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmri də ləğv olunmalı idi. İddiaçı Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunmalı və məcburi işburaxma üçün əmək haqqlarının ona ödənilməsi barədə iddia tələbi tam təmin olunmalı idi. Bir daha təsdiq olunur ki, məhkəmə qanunun tələblərini pozaraq yanlış nəticəyə gəlmişdir. Məhkəmə İddiaçı idarə etdiyi “Tatra-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü kimi xx.xx.2011-ci ildən xx.xx.2021-ci il tarixinədək Bakı şəhəri "xxxx" QSC-nin 73 nömrəli Yol istismarı müəssisəsində qüsursuz və fasiləsiz 10 il müddətində işləməsini, "xxxx" MMC-nin balansından avtomaşınla birlikdə "xxxx" MMC-nin balansına verilməsini və "xxxx" MMC-nin ştat cədvəlinə əlavə edilməsini ümumiyyətlə nəzərə almamışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(105)-1928/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, Azərbaycan Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmrinin ləğv olunması, iddiaçının Azərbaycan Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissələrdə təmin edilmiş, Azərbaycan Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli ,162 saylı əmri ləğv olunmuş, İddiaçı Azərbaycan Avtomobil X3 "xxxx" MMC-də sürücü vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının iddiaçıya işə bərpa olunduğu günədək hesablanaraq ödənilməsi qət edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli 180 saylı əmək müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçı xx.xx.2022-ci il tarixli 180 saylı əmək müqaviləsinin etibarsız hesab olunması tələbinə qiymət verərək tələbi həmin hissədə təmin etmiş, tələbin Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi hissəsinə münasibət bildirməmiş, tələbin həmin hissələrdə təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də əsaslandırmamışdır.

17. Məhkəmə kollegiyası iddia tələbinin həmin hissələrinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuş, 2021-ci ilə kimi həmin idarədə işləmiş, xx.xx.2021-ci il tarixdə müdiriyyətin sərəncamı ilə idarə etdiyi avtomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı “Yol istismarı“ MMC-yə işə göndərilmişdir.

18. İşə əlavə edilmiş Azərbaycan Avtomobil X3 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Agentliyin vəsaitlərin əvəzsiz olaraq balansdan balansa verilməsi barədə xx.xx.2021-ci il tarixli, 43 saylı sərəncamına əsasın 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan **-JZ-*** dövlət nömrə nişanlı "xxxx" markalı avtomoblilin 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansına verilməsi ilə əlaqədar olaraq 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin stat cədvəlindən 1 nəfər sürücü (tarif dərəcəsi 8) çıxarılaraq 19 nömrəli Xüsusi Təyinalı Yol İstismarı MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.

19. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilmiş, məhkəmənin gəldiyi bu nəticə cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bir halda ki, iddiaçının işdən azad edilməsinə dair 01 dekabr 2022-ci il tarixli, 162 nömrəli əmrin əsasını iddiaçı ilə xx.xx.2022-ci il tarixədək bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi təşkil edir, həmin müqavilə iddiaçı tərəfindən imzalanmaması əsası ilə etibarsız hesab edildiyindən həmin müqavilənin müddətinin qurtarması əsası ilə işçinin fəaliyyətinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 162 nömrəli əmr əsaslı ola bilməz və əmək müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilənin bitməsi əsası ilə işçinin əmək fəaliyyətinə xitam verilməsi qanuni hesab edilməməlidir.

21. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri tərəflər bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi və müqaviləyə dəyişiklik edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə tənzimlənməlidir.

22. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə bağlanmış sonuncu müqavilə xx.xx.2022-ci il tarixli müqavilədir və müqavilənin sonu xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Qeyd edilən tarixdən sonra iddiaçı ilə hər hansı əmək müqavilə bağlanmamış, işçi həmin tarixdən işdən azad olunan tarixədək əmək fəaliyyətinə davam etmişdir.

23. Belə olan halda iddiaçının əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad olunması barədə əmr əsaslı olmamışdır.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, bir-birilə əlaqəli olduğuna görə iddia tələbi əmrin ləğv olunmasına dair hissədə təmin olunduğundan iddia tələbi digər hissələrdə, yəni işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbləri də təmin olunmalıdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissələrdə təmin etməyərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, mübahisələndirilən əmrin verilməsinə əsas olmuş əmək müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlsə də, nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsasdır.

26. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324, 329, 331, 337-ci maddələrinə, Əmək Məcəlləsinin 5, 42, 43, 44, 45, 68, 73 və 296-cı maddələrinə, “Mediasiya haqqında” Qanunun 32 və 35-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 217 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır.

a) kassasiya instansiyası məhkəməsindəki icraat

27. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1252/2024 nömrəli iş üzrə 08 may 2024-cü il tarixli qərarı ilə "xxxx" MMC kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(105)-1928/2023 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

29. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin işəgötürənin istinad etdiyi müqavilə müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə etibarsız əqd olduğundan həmin müddət xx.xx.2022-ci il tarixdə deyil, əvvəlki müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə bitəcəyindən xx.xx.2022ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr düzgün verilməmişdir.

30. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə, əmək mübahisəsini həll edən məhkəmənin iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul etməsi iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından mütənasiblik prinsipini aşmaqla, onun haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin hüquqlarının əsassız pozulmasına gətirib çıxarmışdır.

31. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.

32. Əmək hüquq münasibətləri baxımından da işçi və ya işəgötürən tərəfindən yol verilmiş əmək hüquq pozuntularına görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi).

33. Hazırkı işdə, işə baxan məhkəmələr iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarmaları qeyd olunan prinsipin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir.

34. İşəgötürən müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Həmin əmrin müqavilənin etibarsız hesab edilməsi əsası ilə ləğv edilməsi işəgötürənin etibarlı əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir.

35. Yəni, bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması düzgün yanaşma deyil və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olur.

36. Əks yanaşma yuxarıda da qeyd olunduğu kimi, işəgötürənin hüquqlarının pozulması deməkdir. Yəni, işəgötürən tərəfindən işçiyə müqavilənin müddətini uzatmayacağı barədə iradəsi ifadəsinin olduğu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin davam edəcəyi ən uzun müddət etibarlı müqavilə üzrə uzadılmış müddətin bitdiyi gün olacaq və həmin müddətin sonunda işəgötürən əlavə heç bir əsaslandırma aparmaqdan sahib olduğu hüquqdan istifadə edərək, əmək müqaviləsinə xitam verəcəkdi. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

39. Maddə 45.1 Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

40. Maddə 45.4 Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

41. Maddə 45.5 Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

42. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

43. Maddə 68.2 (“b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.

44. Maddə 73.1 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

45. Maddə 73.2 İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

46. Maddə 83.1 Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

47. Maddə 84.1 Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

48. Maddə 84.2 Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

53. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

55. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

57. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

58. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

59. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

60. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

61. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

62. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1252/2024 nömrəli, 08 may 2024-cü il tarixli qərarı ilə "xxxx" MMC kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(105)- 1928/2023 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir.

65. İşin araşdırılan hallarından müəyyən edilir ki, "xxxx" MMC və İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 3 aylıq müddətə müddətli əmək müqaviləsi bağlanılmış, xx.xx.2022-ci il tarixdə müqaviləyə dəyişiklik edilərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülməsi barədə müqavilə və yenə müqaviləyə dəyişiklik edilərək xx.xx.2022-ci il tarixədən xx.xx.2022-ci il tarixədək müddətli (8 aylıq) xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi bağlanmışdır.

66. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilmiş və həmin hissədən cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə həmin hissədə qüvvəyə minmişdir.

67. Belə olan halda sonuncu dəyişiklik barədə xx.xx.2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi və müqaviləyə dəyişiklik edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə tənzimlənməlidir. Həmin müqavilələr üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemdə qeydə alınmış bildirişlərə əsasən xx.xx.2022-ci il tarixli müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.

68. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

69. Sonuncu etibarlı müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, ondan sonra iddiaçı ilə əmək münasibətləri xx.xx.2022-ci il tarixinədək davam etmiş və nəticədə sonuncu müqavilə hər dəfə 3 aylıq müddətə uzadılmış hesab olunmaqla, əmr verilərkən həmin müqavilənin müddəti bitməsə də, onun müddətinin xx.xx.2023-cü il tarixdə bitəcəyinə 1 ay müddət qalmışdır.

70. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

71. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.

72. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

73. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

74. Bu baxımdan məhkəmə kollegiyası tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü və bu müddət qurtardıqda ona xitam verilməsini müəyyən edən Əmək Məcəlləsinin 73-cü maddəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

75. Şərh olunan norma müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına həsr olunub. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması, ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.

76. Nəzərə alınmalıdır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə və ya əsaslandırma aparmasına gərək yoxdur.

77. Göründüyü kimi, hazırkı halda işəgötürənin qeyd olunan maddənin tələbinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin işəgötürənin istinad etdiyi müqavilə müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə etibarsız əqd olduğundan həmin müddət xx.xx.2022-ci il tarixdə deyil, əvvəlki müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə bitəcəyindən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Odur ki, həmin əmrin ləğv olunması hissəsində birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

78. Kollegiya həmçinin qeyd edir ki, həmin əmrin müqavilənin etibarsız hesab edilməsi əsası ilə ləğv edilməsi cavabdehin etibarlı əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir. Belə ki, cavabdeh müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə etmişdir.

79. Etibarlı müqaviləyə əsasən müddət xx.xx.2023-cü il tarixdə bitdiyindən, məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsi həmin tarixdən xitam verilmiş hesab edilməlidir.

80. Yəni, bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına və hüquqlarının pozulmasına səbəb olur.

81. Göstərilənlərə əsasən kollegiya həmçinin hesab edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqı da xx.xx.2023-cü il tarixə hesablanaraq iddiaçıya ödənilməlidir.

82. Kollegiya qeyd edir ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.

83. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

84. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

85. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - xx.xx.2022-ci il tarixli, 162 saylı əmrin ləğv olunması və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərərk, həmin hissədə yeni qətnamə qəbul edilməli, Azərbaycan Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmri ləğv olunmalı, İddiaçı ilə cavabdeh Azərbaycan Avtomobil X3 "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilməli və xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmaya görə əmək haqqı cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - xx.xx.2022-ci il tarixli, 162 saylı əmrin ləğv olunması və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Azərbaycan Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmri ləğv olunsun. İddiaçı ilə cavabdeh Azərbaycan Avtomobil X3 "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilsin və xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmaya görə əmək haqqı cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar