Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-131/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İKB ("xxxx") ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: faiz borcu, ipoteka predmetinin likvid dəyəri) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı "xxxx" (İddiaçı İKB) ASC-nin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(012)-76/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcverən İddiaçı İKB ASC-nin “4 saylı” filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış həmin Müqaviləyə üzrə sonuncuya 60 ay müddətinə, illik 25 %-lə 22000 manat məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 götürdüyü kredit məbləğini müvafiq qrafikə əsasında aylıq 645,73 manat olaraq ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını Cavabdeh1 imza etmişdir.
3. İş materiallarında olan İddiaçı İKB ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 18432 manat əsas borcu, 18051,78 manat faiz borcu və 3072,56 manat cərimə borcu olmaqla, 39556,34 manat təşkil edir.
4. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72,12 kv.m ümumi, 33,8 kv.m yaşayış, 38,32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir.
5. İş materiallarında olan 19 avqust 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı İKB ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72,12 kv.m ümumi, 33,8 kv.m yaşayış, 38,32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 55000 manat olaraq müəyyən edilmişdir.
6. RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 mülkiyyətində olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72,12 kv.m ümumi, 33,8 kv.m yaşayış, 38,32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi İddiaçı İKB ASC-nin 4 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 37 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. 14.08.2014-cü il tarixli 123 №-li Arayışdan müəyyən edilir ki, Cavabdeh2 həqiqətən də, Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evində Cavabdeh1 və Cavabdeh3 ilə birgə daimi qeydiyyatdadır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 24 aprel 2020-ci il tarixli, 3929 №-li rəyindən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 Zülfüqar oğlunun 12 iyul 2019cu il tarixinə İddiaçı İKB ASC-yə olan borcu əsas borc üzrə 18.432,00 manat və 18.145,23 manat olmaqla, ümumilikdə 36.577.23 manat məbləğində müəyyən edilir. Cərimə borcu isə hesablanmamışdır.
9. "xxxx" MMC tərəfindən verilən 28 oktyabr 2020-ci il tarixli, 208/E №-li ekspert rəyindən müəyyən edilir ki, Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 44000 manat olaraq müəyyən edilmişdir.
10. Cavabdeh2 göndərilən xx.xx.2019-cu il tarixli bildiriş məktubundan müəyyən edilir ki, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı İKB ASC-nin xeyrinə yüklü edilməsi qeydiyyata alınmışdır. Eləcə də xx.xx.2019-cu il tarixli İddiaçı İKB ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixli bildirişin qeydə alması xahiş edilmişdir.
11. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6510 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11-G-1-0-536-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 18.431,93 manat, faiz borcu üzrə 18.145,12 manat.
12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2562 nömrəli ekspert rəyinə əsasən müqaviləyə görə 60 ay müddətinə illik 25%-lə verilmiş 22000 manat məbləğində kredit üzrə hesablanmalı olan borc məbləği nəzərə alınmaqla, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11-G-1-0-536-14 saylı kredit müqaviləsi üzrə borcalanm kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 18.431,93 manat, faiz borcu üzrə 18.529,22 manat.
13. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2399-9/2606 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin təqribən 60000,0 manat, likvid dəyərinin isə təqribən 57000,0 manat məbləğində olduğu müəyyən olundu.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Manafova Çimnaz Manaf qızı və Cavabdeh3 qarşı "borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 18432 manat əsas borcu, 18051,78 manat faiz borcu və 3072,56 manat cərimə olmaqla, ümumilikdə 39556,34 manat məbləğində borcun, ödənilmiş dövlət rüsumu üçün 30 manatın, ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu üçün 10 manatın və 20 manat xidmət haqqının tutulması,tutmanın Cavabdeh2 məxsus olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72,12 kv.m ümumi, 33,8 kv.m yaşayış, 38,32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi,satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,Cavabdeh2 məxsus olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72,12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38,32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “4 saylı” filialından illik 25 %-lə olmaqla, 60 ay müddətinə 22 000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi 19 avqust 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir və Cavabdeh2 Manaf qızı ilə 19 avqust 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2019-cu il iyulun 12-dək Cavabdeh1 banka olan borcu 18432 manat əsas borcu, 18051,78 manat faiz borcu və 3072,56 manat cərimə olmaqla, ümumilikdə 39556,34 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu ödəməkdən boyun qaçırır. Bu barədə ona bildiriş göndərilsə də, hər hansı bir nəticə əldə olunmamışdır.
16. Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(012)-76/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Nikoyl» İKB ASC və Cavabdeh1 arasında bağlanmış 19 avqust 2014- cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 18432 manat əsas borc, 18051,78 manat faiz borcu və 180 manat cərimə olmaqla, ümumilikdə 36663,78 manat (otuz altı min altı yüz altmış üç manat yetmiş səkkiz qəpik) pul və ödənilmiş dövlət rüsumu üçün 20 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72,12 kv.m ümumi, 33,8 kv.m yaşayış, 38,32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənməsinə yönəldilməsi, ipoteka predmeti olan evin likvid dəyərinin 44000 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva)
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh1 19 avqust 2014-cü il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı İKB ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı İKB ASC və Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli 18432 manat əsas borc, 18051,78 manat faiz borcu və 180 manat cərimə olmaqla, ümumilikdə 36663,78 manat (otuz altı min altı yüz altmış üç manat yetmiş səkkiz qəpik) pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir.
18. İddia tələbinin evin hərracdan satılandan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılmalı və "xxxx" ASC-yə təhvil verilməsi,cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi tələb ipoteka predmetinə yönəldiyi halda cavabdehlərin həmin evi boşaltmaları barədə iddiaçı qarşısında hər hansı notariat qaydada təsdiqlənmiş yazılı öhdəlikləri yoxdur və həmin şəxslərin istifadə hüquqlarının itirilməsini tələb etmək hüququ isə yeni mülkiyyətçiyə məxsus olduğundan, habelə tələbin ipotela predmetinə yönəldiyi halda mənzildə yaşayanları yeni mülkiyyətçi ilə kirayə müqaviləsi bağlamaq hüquqları olduğundan iddia bu hissələrdə əsassız olmaqla təmin edilməməlidir.
19. Məhkəmə tələbin İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış 19 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi müqavilə şərtələri cavabdeh tərəfindən pozulduğundan iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Müli Məcəlləsinin 317, 319.1, 319.6, 424.5, 421.1, 421.2, 427.3, 445.1, 448.1, 462.1, 465.2, 467-ci maddələri, İpoteka haqqında AR Qanununun 59.1, 59.2, 59.3, 59.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)-76/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi; məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq eskpetizalarını təyin edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə onların Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfliaraşdırmamışdır.
23. İddianın tələb olunan məbləğ hissəsinə nəzər saldıqda aşkar görülür ki, bank tərəfindən hesablanmış faiz məbləği hədsiz şişirdilib və ümumilikdə tələb edilən cəmi borc məbləği düzgün hesablanmayıb. Belə ki, tərəfindən həyata keçirilmiş ödənişlər bank tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi də kobud pozuntu edərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında formal qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Hakim ekspert qarşısında qoyduğu suallara cavab vermək üçün xüsusi biliyə malik olsa da, ekspertiza təyin edilməsi zəruridir, belə ki, ekspert və hakim funksiyası bir araya sığmır. Lakin birinci instansiya məhkəməsi qanunun bu tələbini də pozaraq iş üzrə borcun hesablanmasına dair mübahisə olmasına baxmayaraq, məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən faiz və əsas borcu olduğu kimi qət etmişdir.
24. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmeti olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən 2 otaqlı 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 44000 manat müəyyən edilmişdir. Halbuki bu qiymət həmin ərazinin torpaq sahəsinin qiymətidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 208/E №-li ekspert rəyini əsas götürmüşdür ki, həmin rəy fərdi yaşayış evinin real bazar qiymətini nəinki əks etdirmir, hətta dəyərindən dəfələrlə aşağı qiymətləndirilmişdir. Belə ki, cvabdehə məxsus olan fərdi yaşayış evi tam təmirli olmaqla yanaşı şəhər ərazisində yerləşir. Həmin evin hazırki bazar dəyəri orta hesabla 150000-200000 manat arasında dəyişir. Göründüyü kimi həmin hesabat reallığı əks etdirmir və mülkiyyətçi kimi onun hüquqlarını pozmaqla yanaşı iddiaçının maraqlarını qoruyur. Bu isə bir daha sübut edir ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi mənim Konstitusiya və qanunlarla qorunan hüquqlarımı pozmaqla yanaşı bərabərlik prinsipinə riayət edilmədən qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" (İddiaçı İKB) ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
32. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
33. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
34. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
35. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
36. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
«İpoteka haqqında» AR Qanunu
37. Maddə 34.1.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
38. Maddə 36.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
39. Maddə 34.1.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
40. Maddə 39.3.3. Məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Apellyasiya şikayətindən görünür ki, cavabdehlər Abşeron Rayon Məhkəməsinin 2(012)-76/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsini mübahisələndirmişlər.
50. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsinin yalnız mübahisələndirilən yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi 18051,78 manat faiz borcunun tutulması və ipoteka predmeti olan evin likvid dəyərinin 44000 manat müəyyən edilməsi edilməsi hissəsində dəyişdirilməlidir.
52. İş materiallarından aydın olur ki, Cavabdeh1 İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətindən 60 ay müddətinə, illik 25 % ödəmək şərtilə 22000 manat məbləğində kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi mərhum Cavabdeh2 zamin durmuşdur, Cavabdeh2 mülkiyyətində olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir.
53. İşdən görünür ki, birinci instansiya məhkəməsi faiz borcunun məbləğini 18051,78 manat və ipoteka predmetinin likvid satış qiymətini 44000 manat müəyyən etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə apellyasiya şikayətində bundan narazılığını ifadə edərək, faiz borcu və ipoteka predmetinin likvid satış qiyməti ilə razı olmadığını bildirmişlər. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünaslıqqiymətləndirmə ekspertizları təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/6510 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11-G-1-0-536-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu (əsas borc üzrə - 18.431,93 manat, faiz borcu üzrə 18.145,12 manat) müəyyən edilmişdir.
54. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 32/2-1090/2023 nömrəli mütəxəssis rəyinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən 60 nömrəli fərdi yaşayış evinin hazırkı real bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla 55000 (əlli beş min) manat təşkil edir.
55. Lakin bu məbləğlə, habelə faiz borcunun məbləği ilə cavabdehlər razı olmamış, iş üzrə təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəşünaslıq ekspertizalarının keçirilməsini xahiş etmişlər. Bu mübahisənin aradan qaldırılması üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizları təyin edilmişdir.
56. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/2562 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə aldıqda Cavabdeh1 Züifiqar oğlunun xx.xx.2014-cü il tarixli, 11-G-1-0-536-14 saylı kredit müqaviləsinin ödəniş cədvəli üzrə ödəmələri vaxtında həyata keçirilmədiyindən xx.xx.2019-cu il tarixə kimi banka ödənilməli olan lakin qrafik üzrə ödənilməyən borcu 29289,18 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 18431,93 (22.000,0 - 3568,07) manat, faiz borcu üzrə 10857,25 (16743,64 - 5886,39) manat. Müqaviləyə görə 60 ay müddətinə illik 25%-lə verilmiş 22000 manat məbləğində kredit üzrə hesablanmalı olan borc məbləği nəzərə alınmaqla, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11-G-1-0-536-14 saylı kredit müqaviləsi üzrə borcalanm kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 18431,93 manat, faiz borcu üzrə 18529,22 manat.
57. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2399-9/2606 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin təqribən 60000 manat, likvid dəyərinin isə təqribən 57000 manat məbləğində olduğu müəyyən olunmuşdur.
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, ipoteka predmeti olan mənzilin likvid satış qiymətini 44000 manat, faiz borcunun məbləğini isə 18051,78 manat müəyyən etməklə səhvə yol vermişdir.
59. Belə ki, iş materiallarında olan ipoteka saxlayan İddiaçı İKB ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş evin qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında 55000 manat dəyərində qiymətləndirilmişdir. Bundan başqa yuxarıda göstərilən mütəxəssis rəyində mübahisəli yaşayış evinin dəyərinin 55000 (əlli beş min) manat təşkil etməsi əks olunmuşdur. İşdən həmçinin görünür ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində isə fərdi yaşayış evinin bazar dəyərinin təqribən 60000 manat, likvid dəyərinin isə təqribən 57000 manat məbləğində olduğu müəyyən olunmuşdur.
60. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin bağlandığı tarixdən keçən müddət (9 ildən artıq) ərzində daşınmaz əmlak bazarında qiymətlərin azalması deyil, əksinə artması daha real və ağlabatan olduğundan ipoteka predmetinin likvid dəyərinin müqavilə üzrə, habelə mütəxəssis rəyində nəzərdə tutulmuş məbləğdən daha aşağı qiymətə müəyyən olunması məqsədəmüvafiq deyildir.
61. Məhkəmə kollegiyası məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razılaşır və qeyd olunanlara əsasən hesab edir ki, ipoteka predmeti olan X1 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən fərdi yaşayış evinin açıq hərraca çıxarılarkən ilkin satış qiyməti onun likvid dəyərinə uyğun 57000 manat müəyyən edilməlidir.
62. Faiz borcunun məbləği ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği yuxarıda qeyd olunan ekspert rəyi əsas götürülməklə 10857,25 (on min səkkiz yüz əlli yeddi manat, iyirmi beş qəpik) manat həddində müəyyən edilməlidir.
63. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, kredit müqaviləsi üzrə faiz borcunun tutulması və ipoteka predmeti olan evin likvid dəyərinin müəyyən edilməsi hissəsində qətnamə dəyişdirilməli, Cavabdeh1 10857,25 (on min səkkiz yüz əlli yeddi manat, iyirmi beş qəpik) faiz borcu tutulmaqla İddiaçı İKB ("xxxx") ASC-yə verilməli, ipoteka predmeti olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat müəyyən edilməlidir.
64. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 300 (50+150+100) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(012)-76/2021 nömrəli qətnaməsi 18051,78 manat faiz borcunun tutulması və ipoteka predmeti olan evin likvid dəyərinin 44000 manat müəyyən edilməsi edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 10857,25 (on min səkkiz yüz əlli yeddi manat, iyirmi beş qəpik) faiz borcu tutulmaqla İddiaçı İKB ("xxxx") ASC-yə verilsin. İpoteka predmeti olan Xırdalan şəhəri, Abşeron rayonu, Hüseyn Arif küçəsində yerləşən, 2 otaqlı, 72.12 kv.m ümumi, 33.8 kv.m yaşayış, 38.32 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.