Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1310/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X8 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkilləri Vəkil1, Vəkil3, Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 14/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X9 (cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası, Cavabdeh3 əri) mülkiyyətində Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 1.5 ha torpaq sahəsi olmuşdur. İddiaçı qoyduğu vəsait hesabına (həmin torpaq sahəsində tikililər inşa edilmişdir (“Çənlibel” istirahət mərkəzi).
2. Şamaxı RİHB-nin 151 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə Şamaxı rayonu, Avaxıl kənd sakini X11 Avaxıl kəndi ərazisində, yəni Pirqulu-Avaxıl yolunun bir kilometrliyində, ona məxsus 1.5 ha torpaq sahəsində, əhalinin istirahəti məqsədi üçün 11x9 metr ölçüdə mətbəx, 9x4 və 5.5x4 ölçüdə otel tipli binaların tikintisinə icazə verilmişdir.
3. Lətifov Heydər xx.xx.2014-cü il tarixdə qəbz verərək, “Çənlibel” istirahət mərkəzində yerləşən 11 ədəd evlərdə hüququnun olmadığını, evlərin 2002-ci ildə iddiaçı tərəfindən tikildiyini və ona məxsus olduğunu qeyd etmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddiaçının X11 qarşı pul tələbinə dair ilk, sonuncunun iddiaçıya qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizələri geri qaytarılmış və mülki iş baxılmamış saxlanılmışdır. Qərardadda qeyd edilmişdir ki, tərəflər arasında razılıq əldə olunmuş və mübahisənin barışıq yolu ilə həll edilməsi qərara alınmışdır. Ona görə də iddia ərizələrini geri götürürlər.
5. X14 xx.xx.2019-cu il tarixdə ölmüşdür.
6. İddiaçı istirahət mərkəzinin tikintisi üçün 480.000 ABŞ dolları vəsait xərclədiyini, həmin pulun əmlakın satışından əldə olunacaq vəsait hesabına qaytarılması barədə X22lə razılıqlarının olduğunu iddia edir və həmin məbləği sonuncunun vərəsələrindən tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 480.000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin qeyd olunan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, qohumu Şamaxı rayonu Avaxıl kənd sakini X14 ilə birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığa gəlmişlər. Razılığa əsasən X9 Avaxıl kəndi ərazisində olan torpaq sahəsində istirahət mərkəzi tikib birgə işlətməyi qərara almışlar. Razılaşmalarına əsasən ona məxsus torpaq sahəsində istirahət mərkəzinin fəaliyyəti üçün bütün xərcləri çəkməli idi. Çünki onun istirahət mərkəzini tikmək üçün vəsaiti yox idi. İstirahət mərkəzi tikilib istifadəyə veriləndən sonra həmin torpaq sahəsi və tikililər üzərində hər ikisinin mülkiyyət hüququ tanınmalı idi. Torpaq sahəsi üzərində əvvəldən mülkiyyət hüququnun qeydə alınması məsələsini qaldırsa da, sonra bu işin uzun çəkəcəyini və nəticədə istirahət mərkəzinin tikintisinin uzanacağını nəzərə alaraq hələlik bütün sənədləşmələri onun adından həyata keçirməyə qərara almışlar. Razılaşmışlar ki, istirahət mərkəzi fəaliyyətə başladıqdan sonra onun üzərində ikisinin bərabər pay olmaqla mülkiyyət hüququ qeydiyyatdan keçəcəkdir. Sərəncam və digər zəruri sənədləri aldıqdan sonra tikintiyə başlamış və 2005-ci ildə başa çatdırmışdır. Tərəfindən və vəsaitilə həmin sahədə 11 ədəd ev və bir ədəd restoran, avtomobil yolu, elektrik və su xətti, həmçinin bulaq tikilmişdir. Bütün bu tikililərə həmin vaxt 480.000 (dörd yüz səksən min) ABŞ dolları məbləğində pul xərcləmişdir. 2005-ci il tarixdən həmin tikililər “Çənlibel” istirahət mərkəzi kimi fəaliyyət göstərməyə başlamışdır. Fəaliyyətə başlamasından dərhal sonra, yəni 2005-ci ildə istirahət mərkəzinin 50 faizi üzərində mülkiyyət hüququnun sənədləşdirilməsini tələb etmiş, X24 müxtəlif bəhanələrlə həmin əmlak hüququnun sənədləşdirilməsini yubatmışdır. 2009cu ildə Lətifov Heydər ona bildirmişdir ki, istirahət mərkəzi üzərində ona heç bir mülkiyyət hüququ vermək niyyəti yoxdur. Onu həmin mərkəzdən çıxarmaq istəyərək bildirmişdir ki, tikdiyi restoran və 11 ədəd binanı (kotteci) söküb aparsın. O zaman İstirahət Mərkəzinin tikintisinə və fəaliyyətinə çəkdiyi xərci tələb etdikdə Heydər ona bildirmişdir ki, yalnız həmin tikililəri söküb apara bilər. Heç bir kompensasiya vermək niyyəti yoxdur. Həmin tikililərin sökülməsi onların məhv olması deməkdir və heç bir qazanc verməyəcəyini ona bildirsə də, müsbət nəticə verməmişdir. 18 may 2014-cü il tarixli ərizə yazmışdır. Ərizədə həmçinin həmin sahələrin fəaliyyətinə etirazının olmaması göstərilmişdir. Bir müddətdən, 2016-cı ildən sonra aralarında həmin tikililərə qoyduğu xərcin qaytarılması barəsində yenidən mübahisə qalxmış və bununla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Mübahisəyə Şamaxı rayon məhkəməsində baxan zaman Lətifov Heydər də həmin tikintilərin sökülməsi və torpaq sahəsindən çıxarılmağı barədə qarşılıqlı iddia vermişdir. Məhkəmə işə baxan zaman aralarında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən mübahisəli “Çənlibel” istirahət mərkəzi satılır və ora qoyduğu xərc yəni 480000 (dörd yüz səksən min) ABŞ dolları ona qaytarılır. Lətifov Heydər verdiyi sözün təminatı kimi Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpağı atası X6 adına alğı-satqı kimi sənədləşdirmişdir. Bununla əlaqədar atasına xx.xx.2016-cı il tarixli Çıxarış verilmişdir. Bundan sonra xx.xx.2016-cı il tarixli, Lətifov Heydər isə xx.xx.2016-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək barışıb razılığa gəldikləri üçün iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanmasını xahiş etmişlər və mülki iş baxılmamış saxlanılmışdır. Həmin vaxtdan başlayaraq istirahət mərkəzinin satılması üçün müştəri axtarmışlar. X7 26 oktyabr 2019-cu ildə vəfat etdiyi üçün alğı-satqı baş tutmamışdır. İki oğlu və arvadı bütün mirasına o, cümlədən istirahət mərkəzinin yerləşdiyi 1.5 ha torpaq sahəsinə 1/3 hissədə pay almışlar. Cavabdehlər daşınmaz əmlakın alğı-satqı müqavilələrinə əsasən vərəsəlik yolu ilə qəbul etdikləri 1.3 ha, 0.2 ha, 0.73 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə X12 cəmi 530.000 manata, 1.6652 ha torpaq sahəsini isə xx.xx.2020-ci il tarixdə yenə həmin şəxsə 389.000 manata satmışlar. İddiaçı onlara X9 ona olan borcunun ödənilməsi barədə müraciət etmişdir. Lakin cavabdehlər bildirmişlər ki, borclu onlar yox Lətifov Heydər olmuşdur. Buna görə də borcu ödəməli deyillər.
9. Cavabdeh tərəf iddiaya etiraz edərək bildirmişdir ki, mərhum atası X9 iddiaçıya heç bir pul borcu yoxdur və onlar aralarında olan münasibətləri hələ mərhum atası X1 həll etmişlər. Onlar X5nun varisləri olduğundan onun vəfatından sonra iddiaçı öz tələbini Heydərin varislərinə qarşı yönəltmişdir. Heydərlə iddiaçı arasında son məhkəmə prosesi 2016-cı ildə olmuşdur. Tərəflərin razılaşmasına əsasən iddia baxılmamış saxlanılmışdır. Lakin onların arasında olan razılaşmalarda tərəflərin daşıyacaqları öhdəliklər barədə heç bir müddəa yoxdur. Hətta bu halı sübut edəcək hər hansı sənəd və sübut da təqdim olunmamışdır. Pul öhdəlikləri üzrə iddia müddəti 3 il olduğundan, hazırda bu iddianın qaldırılması üçün qanunla müəyyən olunmuş iddia müddəti ötmüşdür.
10. Cavabdehlərin nümayəndəsi Vəkil2 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizə və yazılı çıxışında etirazla yanaşı, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
11. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 10/6261 nömrəli, xx.xx.2022-ci il tarixli rəyə əsasən, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən “Çənlibel” istirahət mərkəzinin ərazisindəki tikililərin inşa olunması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyərinin təqribən 258186 manat məbləğində olduğu müəyyən edilmişdir.
12. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)-14/2022 nömrəli iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada 258186 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, ekspertiza xərci cavabdehlərə aid edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, təyinatı kommersiya fəaliyyəti ilə bağlı olan tikintinin aparıldığı torpaq sahəsinin mülkiyyətçisinin birgə kommersiya fəaliyyəti göstərmək niyyətinin olmaması halı, tikintinin torpaq sahəsinin mülkiyyətçisinin və yerli icra hakimiyyəti orqanının razılığı ilə iddiaçının özünün kommersiya fəaliyyətini həyata keçirməsi üçün aparıldığını təsdiq edir ki, bu halda da torpaq sahəsində tikinti aparmasına razılıq vermiş şəxsin sonradan iddiaçıya həmin fəaliyyəti həyata keçirməyə maneə olması iddiaçını tikintini apardığı vaxt əldə edəcəyinə ümid etdiyi qazancla yanaşı tikintiyə çəkdiyi xərcdən də məhrum etmişdir. Mərhum X2 aparılmış tikintini yaxşılaşdırma olmaması əsası ilə mübahisələndirməmiş, onun vərəsələri olan cavabdehlər də, müvafiq iddia ilə müraciət etmədən torpaq sahəsini özgəninkiləşdirmişlər.
14. Məhkəmə cavabdeh tərəfin “2 ha torpaq sahəsinin borcun əvəzində verilməsi” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Şamaxı rayonu Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaq sahəsi çəkilən xərcin əvəzi olaraq iddiaçıya verilməmiş, iddiaçının atasının mülkiyyətinə də alğı-satqı müqaviləsi əsasında keçmişdir. Ona görə də bu dəlil işin hallarına uyğun hesab edilməmişdir.
15. Məhkəmə iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə MM-in 373.1-ci maddəsində nəzərdə tutulan on illik ümumi iddia müddətinə istinadən qeyd etmişdir ki, X5 qarşılıqlı iddia ərizəsində 2012-ci ildən dəfələrlə iddiaçıya binaları təmir edib işlətməsini təklif etdiyini qeyd etməklə, xx.xx.2014-cü il tarixli əlyazısında Çənlibel istirahət mərkəzinin fəaliyyətində də heç bir etirazının olmamasını, xx.xx.2016-cı il tarixdə isə İddiaçı ona qarşı pul tələbinə dair ilkin iddiası və özünün də İddiaçı qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılmaya dair qarşılıqlı iddia ərizəsi barışıb razılığa gəlmələri barədə ərizə verməklə iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin qaytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən, bununla da iddia müddətinin axımı kəsildiyindən iddiaçı iddia müddətini keçirməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 240.1, 373.1, 380.1, 500.1, 1306.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1924/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər–Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmuşdur. İş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmamışdır.
20. Məhkəmə kollegiyası apellyatorların “iddiaçı ilə mərhum H.P.Lətifov arasında birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığın olmaması, bununla da iddiaçının çəkdiyi xərcin əvəzinin ödənilməsini onlardan tələb etmək hüququnun yaranmaması” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, birgə kommersiya fəaliyyəti göstərmək üçün razılığın olmaması halı iddiaçının başqa şəxsə məxsus torpaq sahəsində Şamaxı Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə nəzərdə tutulan təyinat üzrə fəaliyyət göstərəcək daşınmaz əmlakın tikintisinə küllü miqdarda pul vəsaiti xərcləməsini istisna edir. Bundan başqa, 2(074)-2235/2016 saylı mülki işdəki qarşılıqlı iddia ərizəsində qeyd edilənlərlə müəyyən edilmişdir ki, iddiaçıya öz torpağında tikinti aparmasına mərhum Heydər Lətifov özü razılıq vermişdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 157.7, 240.1, 373.1, 380.1, 500.1, 1257, 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.
23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. Kassatorlar iddiaçının mərhum Heydər Lətifovla birgə kommersiya fəaliyyətini həyata keçirilməsinin sübuta yetirilmədiyini, borcun ödənildiyini və iddia müddətinin ötürüldüyünü mübahisələndirmişlər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1072/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Z.Əliyev, A.Abbasov, V.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1924/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
25. Ali Məhkəmənin mövqeyi aşağıdaki kimi olmuşdur: - İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Lətifov Heydər verdiyi sözün təminatı kimi Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpağı mərhum atam X3 adına alğı-satqı kimi sənədləşdirmişdir. Bununla əlaqədar atama xx.xx.2016-cı il tarixli ********** nömrəli Çıxarış verilmişdir”. Qeyd edilən çıxarış iş materiallarına da əlavə olunmuşdur. Belə olan halda, borcun əvəzləşdirilməsi ilə bağlı cavabdehin dəlillərinə məhkəmələrin verdiyi qiymət işdəki məlumatlarla və xüsusilə də iddiaçının özünün bildirdikləri ilə uzlaşmır. Odur ki, həmin xüsusata qanuni və əsaslı şəkildə hüquqi qiymət verilməlidir. - Cavabdeh tərəfin iddia müddətinin tətbiqi haqqında ərizəsinə münasibət bildirən məhkəmələr on illik ümumi iddia müddətinə dair normanı göstərməklə, bu müddətin ən azı 2016-cı ildən borcun etiraf edilməsi nəticəsində kəsildiyini bildirmişlər. Bununla belə, məhkəmələr nəzərə almamışlar ki, qanunda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Baxılan işdə məhkəmələr sözügedən məsələnin düzgün hüquqi həlli üçün (iddiaçının cavabdehə qarşı tələb hüququ müəyyən edildiyi halda) tələbin qanuni əsas(lar)ını dəqiq göstərməmiş, həmin əsas üzrə tələbə hansı (ümumi, yoxsa xüsusi) iddia müddətinin şamil olunduğunu, bu müddətin nə qədər təşkil etdiyini, hansı tarixdən başlandığını və həmin iddia müddətinin ötürülüb-ötürülmədiyini işin hallarına və qanunvericilik normalarına uyğun şəkildə əsaslandırmamışlar.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
26. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki,: birinci instaniyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və prosessual normalar nəzərə alınmadığı üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. İddiaçının ərizəsində göstərdikləri uydurma və yalandan başqa bir şey deyil. Çünki iddiaçının sözügedən ərazidə ərazinin mülkiyyətçisi olmuş Lətifov Heydərin razılığı ilə tikilmiş 11 ədəd istirahət evindən (kotecdən) savayı İddiaçı heç bir tikilisi olmayıb. Bu hal iddiaçının iddia ərizəsində israrla istinad etdiyi 18 may 2014-cü il tarixli ərizədə öz əksini tapmışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, işə baxan məhkəmə sanki iddianın yalan və təhrif olunmuş dəlillər əsasında qurulduğuna görməməzlikdən yanaşmış, bu azmış kimi bu hallara hüquqi qiymət verməmişdir. Belə ki, iddia ərizəsində iddianın əsaslığını sübut etmək üçün faktlar təhrif olunmuş, həqiqəti əks etdirməyən hallar irəli sürülmüş, bir sözlə iddiada əsaslıq və qanunilik formalaşdırlmasına cəhd edilmişdir. İddiaçılə mərhum Heydər Lətifov arasında hər hansı müqavilə münasibətləri mövcud olmamış, aralarında hər hansı razılaşma və ya müqavilə bağlanmamışdır. Odur ki, iddiaçının hər hansı pul tələb etməsinin hüquqi əsası yoxdur, iddiası tam əsassız və qanunsuzdur. Bundan başqa, iddiaçının tələbləri həmçinin ona görə əsassızdır ki, onun bütün tələbləri 2016-cı ildə haqsız da olsa ödənilmişdir. Belə ki, iddiaçının özünün də iddia ərizəsində etiraf etdiyi kimi, 2016-cı ildə İddiaçı tərəfindən mərhum H.Lətifovun torpaq sahəsində inşa etdirdiyi 11 ədəd istirahət evinin (kotecin) dəyəri mərhum H.Lətifov tərəfindən Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təyinatlı torpaqla əvəzləşdirilmişdir (həmin torpaq sahəsi iddiaçının atası X4 adına alqısatqı kimi sənədləşdirlmişdir) və bu günə kimi həmin torpaq sahəsi iddiaçının atasının adınadır. Şamaxı Rayon Məhkəməsinin 24 aprel 2022-ci il tarixli 2(074)-14/2022 saylı qətnaməsinin “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 258186 manat pulun alınıb İddiaçı verilməsi” hissəsində ləğv edərək, iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdehlərə məxsus 1,5 ha torpaq sahəsində tikililərin aparılmasını onların atası X5 29(074)- 2235/2016 saylı mülki iş üzrə qarşılıqlı iddia ərizəsində təsdiq edir. Və bununla bağlı ərizəsində göstərir ki, həmin obyekt İddiaçı ildə 50-60 min manat xeyir verirdi. Məhkəmənin nəzərinə çatdırılır ki, o dövrdə 1 ABŞ dolları 0,78 manat həddində idi. Göstərilən mülki işlə əlaqədar Şamaxı Rayon Məhkəməsində vurulan zərərin ödənilməsi barədə iddia ərizədə də istirahət mərkəzinin tikintisi və sənədləşdirilməsinə 480.000 ABŞ dolları xərc çəkdiyini bildirərək həmin pulu Lətif Heydərovdan tələb etmişdir. Lətif Heydərov istirahət mərkəzinə çəkdiyi xərci ümumiyyətlə mübahisələndirməmişdir. Sadəcə olaraq oradan hər il 50-60 min manat təmiz qazanc götürməyini qeyd etmişdir. Onunla razılaşsa belə ildə istirahət mərkəzindən 77 000 ABŞ dolları qazanmışdır. Aydındır ki, ucuz bir mərkəzdən bu qədər pul qazanmaq mümkün deyil. Cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizələrində həmin müddətin 2005-ci il tarixdən hesablamağa başlamışlar. Halbuki tərəfindən obyektin tikintisinə məhz 2005-ci ildə başlanılmışdır. Həmin vaxtda hər hansı bir hüququ pozulmamışdır. Bir ildən sonra istirahət mərkəzi fəaliyyətə başlamışdır. Bundan əlavə 2009-cu ildə olan mübahisə tikintilərə bərabər payda mülkiyyət hüququnun verilməsi idi ki, sonradan həmin mübahisə aralarında həll olunmuşdur. İstirahət mərkəzində tikdiyi əmlaklar barəsində 2016-cı ildə məhkəmədə cavabdeh Heydər Lətifova qarşı həmin əmlaklara çəkdiyi 480000 ABŞ dollarının qaytarılması barədə iddia qaldırmışdır. Həmin vaxt da cavabdeh ona məxsus torpaq sahəsindən inşa etdiyi tikililərin sökülüb sahədən çıxarılması barədə qarşılıqlı iddia qaldırmışdır. Lakin yenə də qohumların təşəbbüsü ilə hər iddiaları geri götürmüş və obyekti sataraq ona çatan 480000 ABŞ dollarını qaytarmaqla mübahisəyə son qoymaq qərarına gəlmişlər. Heydər Lətifov əvvəldən ona istirahət mərkəzinin torpağını satmaq istəyirdi. Lakin o razılıq vermirdi. Torpağı satmaq istəməsini 2016-cı ildə Şamaxı rayon məhkəməsində ona qarşı qaldırdığı qarşılıqlı iddia ərizəsinin 1-ci səhifəsinin axırında öz əksini tapmışdır: “Deyirəm, gəl sənə onun torpağını satım . İstəməzsən obyekt kimi satarsan. Buna da razı deyil”. Nəhayət, qohum və ağsaqqalların təşəbbüsü ilə iddia ərizələri geri götürərək belə razılaşmışlar ki, obyekt satılsın və 480000 ABŞ dolları qaytarılsın. Həmin vaxtdan Heydər Lətifovun ölümünə qədər vaxtda istirahət mərkəzinə alıcı axtarmışlar. O vəfat edəndə qardaşlarını və digər ağsaqqalları yığaraq pulunu kimdən istəyəcəyini soruşduqda həmin qardaşları bildirdilər ki, narahat olmasın, mərhumun qırxından sonra məsələ öz həllini tapacaqdır. Bütün bunların təsdiqi kimi Şamaxı rayon məhkəməsində Heydər Lətifovun qardaşları Lətif və Həzi Heydərovların, Şamaxı rayon Avaxıl kənd İcra nümayəndəsini və Bələdiyyə sədrinin məhkəmədə şahid qismində dindirilməsi barədə 01 mart 2021-ci il tarixli vəsatət qaldırmışdır. Vəsatət təmin olunub şahidlərə rəsmi çağırış göndərilsə də, onlar məhkəməyə gəlməmişlər. Cavabdehlər istirahət mərkəzini 2020-ci ildə satdıqdan sonra onlardan çatacaq pulu istədikdə bildirdilər ki, onlar yox, ataları borcludur. Ondan pulu istəsin. Hüququnun pozulduğunu həmin vaxt bilmiş və bir ay ərzində məhkəməyə müraciət etmişdir. MM-nin 377-ci maddəsinin tələbinə tam riayət etmişdir. Bundan əlavə, ağsaqqalların təklifi ilə qərara gəliblər ki, bu razılığın təminatı kimi, Heydər Lətifovun 2 ha torpaq sahəsi atasının adına rəsmləşdirilsin. Həmin 2 hektar torpaq sahəsi 27 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 13000 (on üç min) manat məbləğində qiymətləndirilmişdir. X18 çəkdiyi xərc 480.000 ABŞ dolları olduğu halada, girov kimi verilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hektarı 6500 manat olmaqla, cəmi 13000 manat təşkil edir. Belə olan halda hansı əvəzləşmədən söhbət gedə bilər. Həmin məbləğlər arasında fərqi xüsusi riyazi savad olmadan belə görmək mümkündür. Cavabdehlərin dediklərinə inanılsa, 480000 ABŞ dollarının əvəzinə 13000 manat almaqla razılaşmışdır. Bu ən azı absurddur. Əgər torpağın qiyməti müqavilədə göstərildiyindən yüksək idisə, hansı səbəbdən onun real qiyməti orada əksini tapmayıb. 13000 manat qiymətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 480000 ABŞ dolları ilə əvəzləşdirilməsi məntiqə uyğun deyildir. Əgər əvəzləşmə aparılırdısa, nə üçün o və Heydər Lətifov məhkəmədə barışıq sazişi bağlayıb məsələni biryolluq həll etməmişlər. Sadəcə mübahisənin barışıq yolu ilə həll olunmasına razılaşaraq iddiaları geri götürmüşlər. 2016-cı ildə məhkəmə mübahisəsində hər iki tərəf vəkillə təmsil olunmuşdur. Barışıq sazişinin tərtib edilməsi və imzalanması xüsusi bir çətinlik törətmirdi. Bundan əlavə o və Heydər Lətifov tərəfindən iddanın geri qaytarılması barədə ərizələrində borcun 2 ha torpaq sahəsi ilə əvəzləşməsi barədə belə heç nə deyilmir. Belə ki, İddiaçı tikintiyə sərf etdiyi pul vəsaitinin H.Lətifovdan tutulmasına dair, sonuncunun isə torpaq sahəsindən çıxarılma barədə məhkəmədə qaldırdıqları iddialar Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizələrinin geri götürülməsi (tərəflər arasında razılıq əldə olunmaması və mübahisənin barışıq yolu ilə həll edilməsi) səbəbindən baxılmamış saxlanılmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və bildirdi ki, 2016-cı ildə verilən qarşılıqlı iddia ərizəsində də göstərilib ki, iddiaçı tərəf orada əxlaqsızlıq yuvası yaratmışdır. Əsas mübahisələr o zamandan bəri başlamış, iddiaçı tərəf Lətifov Heydərdən pulunu tələb etmiş, mərhum isə bildirmişdir ki, onun heç bir pulu yoxdur, tikdiyi evləri söküb aparsın. Mərhum aralarında heç bir müqavilə, öhdəlik münasibələri olmadığını bildirmişdir. İddiaçı həmin obyektdən artıqlaması ilə, ildə 50-60 min manat xeyir qazanmışdır. Lətifov Heydərin həmin obyektdə kiçik bir restoranı olmuşdur və aralarındakı razılaşma bundan ibarət olmuşdur ki, iddiaçı həmin 11 evi işlətsin gələnlər də istəsələr həmin restorandan istifadə etsin. Tərəflərin şərikliyi bundan ibarət olmuşdur. Amma obyektdə xoşagəlməz hallar baş verəndən sonra 2016-cı ildə İddiaçı iddia etmişdir ki, 480 000 dollar pul xərcləmişdir. 2016cı ildə tərəflər bir-birinə qarşı qarşılıqlı iddia qaldırmış, İddiaçı pulun verilməsini, X19 evlərin sökülməsini tələb etmişdir. Sonra tərəflər razığa gəlmiş, hər iki tərəf iddia ərizəsini geri götürmüşdür. Birinci instansiya məhkəməsi ekspertiza rəyinə əsaslanaraq iddiaçıya pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul etmişdir. Ancaq təkcə ekspertiza ilə iş bitmir, işin başqa hallarına da baxmaq lazımdır. Tərəflər 2016-cı ildə mübahisəni danışıq yolu ilə həll etmək üçün alqı-satqı müqaviləsi bağlamış, mübahisə həll edilmişdir. 2 ha torpaqla evlər əvəzləşdirilmişdir. Tərəflər arasında girov münasibətləri olmamışdır. Tərəflər arasında girov münasibəti olsa idi, girov müqaviləsi bağlanardı. İddiaçı tərəf alqı-satqı müqaviləsini mübahisələndirməmişdir, həmin müqavilə hal-hazıradək qüvvədədir. İddia müddəti ilə bağlı qarşı tərəf özü də bildirir ki, tərəflər arasında işgüzar münasibətlər olmuşdur. Tərəflər arasında mübahisə 2012-ci ildən başlamış, arada qarşılıqlı iddianın qaldırılması ilə bağlı fasilə olmuş, o da həllini tapmışdır. Münasibətlərin pozulması 2016-cı ildən nəzərə alınsa belə, 3 illik iddia müddəti keçmişdir. Tərəflər arasında birgə fəaliyyətdən irəli gələn müqavilə münasibətləri olmuşdur. Alqı-satqı müqaviləsi isə əvəzləşdirmə idi. Əvəzləşdirməni qəbul edirlər. Tərəflər arasında birgə fəaliyyətdən irəli gələn münasibətlər 2012-ci ildən pozulmuşdur.
29. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh1 bildirdi ki, 2 ha torpaq sahəsi iddiaçının atasının adına keçirilmiş, alqı-satqı müqaviləsi bağlanmışdır. Qarşı tərəflə nə borc, nə də girov müqaviləsi bağlanmamış, elə münasibətlər olmamışdır. Həmin torpaq sahəsi konkret olaraq 11 evin əvəzinə verilmişdir. Vaxtilə, yəni 2004-cü ildə tikintiyə icazə alınıb, istifadə edilib, sonra isə obyektlər yararsız hala düşüb. Ondan sonra həmin obyektdən əxlaqsızlıq yuvası kimi istifadə ediblər. Halbuki, həmin məkan ailəvi istirahət mərkəzi olmuşdur.
30. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, qarşı tərəf birinci instansiya məhkəməsində deyirdi ki, heç bir ev tikilməyib, sonradan qarşılıqlı iddia ərizəsində də etiraf etdilər ki, 11 ev tikilmişdir. Evlərdən əlavə həmin ərazidə 1 km yol, işıq, su xəttləri çəkmiş, transformator qoymuşlar. Texniki xərclər də olmuşdur. Qarşı tərəfin bildirdiyi restoran kiçik bir sahədir. Tərəf bildirir ki, 2016-cı ildə torpaq sahəsi ilə evlər əvəzləşdirilib. Belə olsa idi, o vaxt barışıq sazişi bağlayar, məsələni elə həll edərdilər. 13 min manat dəyəri olan əmlakla, 480 000 manatlıq pul tələbini əvəzləşdirmək mümkün deyil. Qarşı tərəf alqı-satqı müqaviləsi ilə manipulyasiya edir. Qarşı tərəfin bildirdiyi iddia müddətinin keçməsi fikri tamamilə səhvdir. İddia ərizəsində də hansı hüququn pozulmasını göstərmişlər. Tələb əmlak hüququ ilə bağlıdır, sahib kimi mülkiyyətçi ilə eyni hüquqlardan istifadə edə bilərlər. İddia müddəti əmlakla bağlı hüquqlara tətbiq olunmur. Razılaşma ondan ibarət idi ki, obyekt satılır, iddiaçıya düşən xərc oradan ödənilir. Satışın və razılaşmanın hansı müddətdə icra olunması barədə razılaşma olmayıb, Razılaşmanı həyata keçirmək onlardan asılı olmamışdır. Obyekt satışa çıxarılmış, amma müştəri tapmaqla bağlı problemlər olmuşdur. 2019-cu ildə Lətifov Heydər öldükdən sonra vərəsələri əmlakı qəbul edəndən sonra 2020-ci ilin avqust ayında satış olmuşdur. 2 ha torpaq sahəsini almaqla bağlı alqı-satqı müqaviləsi bağlansa da, qiyməti 13 000 manat olaraq müəyyənləşdirilsə də, qarşı tərəfə ödəniş etməmişlər, əslində müqavilə girov müqaviləsidir. 2016-cı ildə hazırkı mübahisə ilə bağlı məhkəmə tərəfindən iddia ərizələri baxılmamış saxlanılan zaman tərəflər barışmamış, sadəcə mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəlmişlər. Torpaq sahəsi girov qoyulan zaman daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 05 noyabr 2016-cı il tarixli arayışa əsasən daşınmaz əmlakın bazar qiyməti 30 000 manat məbləğində qiymətləndirilmişdir. Amma alqı-satqı müqaviləsi bağlanan zaman əlavə xərclərə görə müqaviləni 13 000 manat məbləğində rəsmiləşdirmişlər. Qarşı tərəf iddia edir ki, həmin torpaq sahəsinin qiyməti 1000 manatdır. Buna görə, həmin sahənin yenidən real bazar qiymətinin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X23 Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişlər. Müvafiq qurum tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda həmin torpaq sahəsi 36 000 manat məbləğində qiymətləndirilmişdir. Qarşı tərəf 36 000 manat verərsə, torpağı geri qaytarmağa razıyıq. İddia müddəti ilə bağlı qeyd edirik ki, birinci instansiya məhkəməsi 10 illik iddia müddəti şamil etmişdir. Cavabdeh tərəf izahatında əvvəl iddiaçı ilə aralarında işgüzür münasibət olmadığını, sonra isə aralarında birgə təsərrüfat aparmaq üçün şifahi müqavilə olduğunu bildirərək müqavilədən irəli gələn 3 illik iddia müddətinin şamil olunduğunu bildirmişdir. Qanunvericiliyə əsasən iddia müddəti tərəfin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan yaranır. Hüquqlarının pozulması cavabdehlərin atası öldükdən sonra varisləri tərəfindən birgə işlətdikləri ərazinin satılıb iddiaçının pulunun verilməməsi ilə olmuşdur. Tərəflərin birgə işlətdikləri ərazi cavabdehlərin atası ölən vaxt- 2019-cu ildə satılmışdır. Qarşı tərəflə razılaşma həmin torpaq sahəsi satılan zaman pulun verilməsi olmuşdur. Pul tələbinin hüquqi əsası tərəflər arasında olan biznes münasibətləri-istirahət mərkəzinin işlədilməsi və oradan gəlir əldə edilməsi olmuşdur. Tərəflər arasındakı münasibət müqavilə münasibətləridir. Tərəflərin birgə işlətdikləri obyekt təqribən 2016-cı ildə fəaliyyətini dayandırmışdır.
31. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, girov öhdəliyin təminat tədbiridir. Bunun üçün əsas borc müqaviləsi bağlanmalı, məbləğ göstərilməli, həmin pul məbləği kassaya daxil olmalı və çıxarılmalı idi. Buna görə də girov müqaviləsi yox, alqı-satqı müqaviləsi bağlanmışdır. Öhdəliyin yaranması əsasları ilə bağlı qeyd etdi ki, tərəf etiraf edir ki, torpaq sahəsi onlara, üzərindəki tikililər isə iddiaçıya məxsus olmuşdur. Cavabdeh tərəf torpaq sahəsini üzərindəki tikililərlə birlikdə öz qiymətindən baha sataraq əsassız olaraq varlanmışdır. Öhdəliyin yaranma əsası əsassız varlanmadır.
32. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
37. Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
38. Mübahisəyə baxan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mərhum Cavabdeh3 məxsus olmuş, Şamaxı rayonu, Avaxıl kəndində 1.5 ha torpaq sahəsində istirahət mərkəzi olaraq işlətmək üçün tikililər inşa etmişdir. H.Lətifov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı, mərhumun vərəsələri tərəfindən miras qalmış əmlaka sərəncam verildiyini bildirərək, istirahət mərkəzinin tikintisi üçün 480.000 ABŞ dolları vəsait xərclədiyini, həmin pulun istirahət mərkəzinin yerləşdiyi torpaq sahəsinin satışından əldə olunacaq vəsait hesabına qaytarılması barədə X22lə razılıqlarının olduğuna əsaslanaraq hazırkı iddianı qaldırmışdır.
39. Məhkəmə sözügedən tikililərin H.Lətifovun razılığı əsasında iddiaçı tərəfindən inşa olunması faktına istinad edərək bu qənaətə gəlmişdir ki, inşaat üçün çəkilmiş xərcin dəyəri olan 258186 manat məbləğində pul miras qoyanın vərəsələri olan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Cavabdehlər iddiaya etiraz edərək bildirirlər ki, sözügedən tikililərlə bağlı iddiaçıya ödənilməli olan pul vəsaiti atası tərəfindən iddiaçıya 2 ha torpaq sahəsinin verilməsi ilə əvəzləşdirilmiş və borc qalmamışdır. Bundan əlavə iddia müddəti tətbiq edilməklə tələb rədd edilməlidir.
41. Kollegiya qeyd edir ki, cavabdehin etiraz etdiyi dəlillərlə bağlı işdəki məlumat və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş və bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur.
42. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin əvəzləşdirmə dəlili ilə bağlı qeyd etmişdir ki, Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi çəkilən xərcin əvəzi olaraq iddiaçıya verilməmiş, iddiaçının atasının mülkiyyətinə də alğı-satqı müqaviləsi əsasında keçmişdir.
44. Kollegiya bu mövqe ilə bağlı qeyd edir ki, iddiaçı özü də iddia ərizəsində həmin müqavilənin borcun təminatı kimi bağlandığını bildirmişdir. Yəni həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlansa da, iddiaçı tərəfindən həmin müqavilə ilə bağlı gələcəkdə tərəflər arasında yarana biləcək mübahisənin həlli məqsədilə məbləğin ödənildiyi müəyyən olunmur. Bu səbəbdən kollegiya hesab edir ki, həmin alqı-satqı müqaviləsi yalnız borcun təminatı kimi bağlanmışdır. Bunu iddiaçı tərəfin məhkəmə baxışı zamanı həmin torpaq sahəsini cavabdehlərə qaytarmağa hazır olduqları barədə mövqeyi də təsdiq edir. Belə ki, iddiaçı və vəkilləri məhkəmə kollegiyasının iclaslarında torpaq sahəsini cavabdehlərə qaytarmağa hazır olduqlarını, iddiaçının qoyduğu vəsait hesabına həmin torpaq sahəsində inşa edilmiş tikililərin dəyərinin cavabdehlər tərəfindən qaytarılmalı olduğunu bildirmişlər.
45. 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı barədə müqavilə iddiaçının tikintiyə sərf etdiyi pul vəsaitinin Heydər Lətifovdan tutulmasına dair, sonuncunun isə torpaq sahəsindən çıxarılma barədə məhkəmədə qaldırdıqları iddialar Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia ərizələrinin geri götürülməsi (tərəflər arasında razılıq əldə olunmaması və mübahisənin barışıq yolu ilə həll edilməsi) səbəbindən baxılmamış saxlanıldıqdan sonra bağlanmışdır.
46. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2022-ci il tarixli 10/6261 saylı ekspert rəyindən görünür ki, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən “Çənlibel” istirahət mərkəzinin ərazisindəki tikililərin inşa olunması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 258186,0 manat məbləğində müəyyən edilmişdir.
47. Apellyasiya baxışı zamanı iddiaçının vəkili tərəfindən təqdim olunmuş arayışa əsasən, xx.xx.2023-cü il tarixə Şamaxı rayon Avaxıl kəndində yerləşən 2 ha torpağın bazar dəyəri 36200 (otuz altı min iki yüz manat) məbləğində qiymətləndirilmişdir.
48. Əmlakların qiymətləndirilməsi barədə hesabatlardan da göründüyü kimi, həmin qiymətlər arasında əsaslı fərq mövcuddur. 36200 məbləğində olan torpaq sahəsinin 258186 manat məbləğində müəyyən edilmiş tikililərin əvəzləşdirilməsi üçün iddiaçı tərəfə verilməsini və bununla da mübahisənin həll edilməsini kollegiya məntiqli və ağlabatan hesab etmir.
49. İddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə isə məhkəmə MMin 373.1-ci maddəsində nəzərdə tutulan on illik ümumi iddia müddətinə istinadən göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə H.Lətifov barışığa gəlmələri barədə ərizə verərək (iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin qaytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla) borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Buna görə də iddia müddəti ötməmişdir.
50. İddia müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
51. Cavabdeh tərəfin iddia müddətinin tətbiqi haqqında ərizəsinə münasibət bildirən birinci instansiya məhkəməsi on illik ümumi iddia müddətinə dair normanı göstərməklə, bu müddətin ən azı 2016-cı ildən borcun etiraf edilməsi nəticəsində kəsildiyini bildirmişdir.
52. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin vəkilinin tərəflər arasında şifahi müqavilə olduğu bildirilərək müqavilədən irəli gələn 3 illik iddia müddətinin tətbiq edilməli olması barədə dəlilləri əsassızdır. Çünki Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, ümumi iddia müddəti on il təşkil edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdehlərin atası Lətifov Heydər arasında işgüzar münasibətlər olmuş, Lətifov Heydərin ölümündən sonra əmlakı vərəsələrinə keçmiş və sonuncular hazırki iş üzrə cavabdehdirlər. Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığı üçün hazırki mübahisəyə müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi istisna olunur. Bu səbəbdən mübahisəyə 10 illik iddia müddəti tətbiq olunmalıdır. Həmin müddətin hansı vaxtdan hesablanmasına gəldikdə isə kollegiya qeyd edir ki, xx.xx.2016-cı il tarixdə H.Lətifov barışığa gəlmələri barədə ərizə verərək (iddiaçıya tikintinin aparılmasına sərf etdiyi pul vəsaitinin qaytarılmasını tələb etməyə əsas yaradan halı aradan qaldırmaqla) borcu etiraf etməsini göstərən hərəkətlər etdiyi üçün iddia müddətinin axımı kəsilmişdir. Həmin müddət xx.xx.2026-cı il tarixdə bitdiyinə görə, iddia müddəti ötürülməmişdir.
53. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İşin halları ilə müəyyən olunur ki, Heydər Lətifovun sağlığında da iddiaçı ona müraciətlər etmiş, bununla bağlı məhkəmə mübahisəsi də olmuş, lakin ona pulun qaytarılmayacağı bildirilmiş, tikililərin sökülməsi təklif olunmuşdur. Bundan sonra cavabdehlər də öz növbəsində pulu qaytarmayacaqlarını bildirmiş, özlərinin deyil, mərhum atalarının ona borclu olduğunu, daha sonra isə torpaq sahəsi ilə əvəzləşdirmə aparıldığını və bununla da, mübahisənin bitdiyini bildirmişlər. Halbuki, həmin tikililərin və torpaq sahəsinin atalarının ölümündən sonra kifayət qədər yüksək məbləğlə satılması, onlara müracət olunması iddiaçı tərəfindən bir tərəfdən hərəkətsiz durmamasına, buna müvafiq olaraq iddia müddətinin də keçmədiyinə dəlalət edir, digər tərəfdən isə mübahisəsiz olaraq tikililərin mülkiyyətçisinin qanuni tələblərinə qarşı cavabdehlərin hazırki yanaşması Mülki Məcəllənin 5.3-cü maddəsinə ziddir.
54. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı ilə mərhum Heydər Lətifov arasında hər hansı müqavilə münasibətlərinin mövcud olmaması, aralarında hər hansı razılaşma və ya müqavilə bağlanmaması iddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməməsi üçün əsas deyildir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarının yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-14/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 221986 (iki yüz iyirmi bir min doqquz yüz səksən altı) manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş ekspertiza üzrə 200 manat ekspert xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınıb X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.