Məhkəmə qərarları › İş №2(105)-1313/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1313/2025

02.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1313/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron-Xızı Regional şöbəsi) mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3124/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) İddiaçı oğlunun xx.xx.2024-cü il tarixli 043-İRD\x nömrəli əmrin ləğv edilərək, işsiz qaldığı müddət üçün əmək haqqı ödənilməklə iş yerinə bərpa edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 043-İRD\x nömrəli əmrin ləğv edilərək, işsiz qaldığı müddət üçün əmək haqqı ödənilməklə iş yerinə bərpa edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu ildən 09 sentyabr 2024-cü ilə qədər STP-də çalışmışdır. Bu illər ərzində işində heç bir nöqsanı olmamış, heç bir xəbərdarlıq almamışdır. 2 may 2023-cü ildə Hicran Valehovun STP-yə icraçı direktor təyin edilməsi ilə iddiaçıya qarşı təqib və təzyiqlər başladılmışdır. 17 avqust 2023-cü ildə Hicran Valehovun birbaşa göstərişi ilə iddiaçı STP-yə heç bir aidiyyatı olmayan Sumqayıt Üst Trikotaj Fabrikinə keçirilmiş və orada işi 02 oktyabr 2023-cü iləcən davam etmişdir. Həmin tarixdə STP-yə qayıdıb, yazılı göndəriş olmadığı təqdirdə Sumqayıt Üst Trikotaj Fabrikinə getməyəcəyini bildirmişdir və bu "özbaşınalığının” cəzası olaraq 03 oktyabr 2023-cü ildən 24 oktyabr 2023-cü iləcən STP ərazisinə buraxılmamışdır. 25 oktyabr 2023cü ildə işə çağırılsa da, yenə də öz rəsmi iş yerinə buraxılmamış, əvəzində iddiaçını STP daxilində SƏTƏM deyilən müəssisəyə göndərilmişdir, həmin müəssisədə 09 sentyabr 2024-cü iləcən çalışmışdır. İş yerində iddiaçıya qarşı təşkil edilmiş təzyiq və təqibə son qoymaq üçün fevral 2024-cü ildə STP-nin rəhbər şəxsləri barədə Sumqayıt Məhkəməsinə iddia ilə müraciət etmişdir. İş məhkəmədə ola-ola 05 sentyabr 2024-cü ildə rəsmi iş yerinin ixtisarı ilə bağlı xəbərdarlıq məktubu almış və 10 sentyabr 2024-cü ildən STP ərazisinə buraxılmamışdır. Bundan sonra Hicran Valehovun xx.xx.2024-cü il tarixli 043-İRD\x nömrəli Əmri ilə iddiaçının müddətsiz əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam verilmişdir. Həmin əmri qeyri-qanuni edən hallar: İddiaçı ilə STP arasında məhkəmə çəkişməsi hələ bitməmiş və Hicran Valehov məhkəmədə cavabdeh qismində iştirakçı olmuşdur. Ştat ixtisarı ilə bağlı qərar Həmkarlar Təşkilatı ilə razılaşdırılmamışdır. Həmin ştatda işləmədiyinə baxmayaraq yalnız iddiaçının rəsmi ştatı ixtisara salınmış, iddiaçının ixtisar edildiyi yerə əlavə olaraq 3 nəfər işçi götürülmüşdür. STP-də 15 illik iş stajının olmasına baxmayaraq iddiaçıya alternativ iş təklif edilməmişdir. Yuxarıda göstərilənləri sübut edəcək səs və votsap yazışmaları vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim etdiyi audio və video materiallara baxmamış, birtərəfli və qərəzli mövqe sərgiləmişdir. Hakim təqdim etdiyi sübutlara qərəzli şəkildə qiymət verməmiş, verdiyi sorğunu isə qəsdən cavablandırmamışdır. Bununla da hakim "Vətəndaşların müraciəti haqqında" Qanunun müvafiq tələblərini pozmuşdur. İlkin instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin izah hissəsində deyilir: "İşdən və iş materiallarından göründüyü kimi, iddiaçı Mediasiya prosesinin tətbiqi barədə məlumatsız olduğundan ilkin məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətinin axımı dayandırılmış hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə əsasən Qanunu bilməmək məsuliyyətdən azad etmir." Göründüyü kimi hakim iş materialları ilə tam tanış olmamış, iki dəfə mediasiyadan keçib, məhkəməyə müraciət etdiyini bilməyərək, birtərəfli və qərəzli mövqeyini burada da göstərmişdir. "Mediasiya haqqında Qanunun" 35-ci maddəsinin 1-ci bəndində deyilir: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Dəfələrlə məhkəmə iclaslarında bu Qanuna istinad etsə də, qanunu bilməməkdə suçlayan hakim nədənsə həmin Qanuna istinadını da qətnamədə göstərməyib, üstəlik əgər iddia müddətini buraxmışdısa 6 (altı) məhkəmə iclasının keçirilməsinə nə ehtiyac var idi. Bütün sübutlar təqdim edilib, sadəcə onları araşdıran olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. İddiaçının 25 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-də “İnzibati işlər və İnfrastruktur departamentinin Təsərrüfat və iaşə bölməsinin təsərrüfat sahəsinin Təmizlik və Xidmət Qrupunun çayçısı vəzifəsində çalışması və işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad olunması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləyə xitam verilməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşdən görünür ki, "xxxx" MMC-nin 08 yanvar 2024-cü il tarixli 001-İRD/b nömrəli əmri ilə təsdiq edilmiş işçilərinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli, № 018-İRD/b saylı əmrə əsasən cəmiyyətdə iaşə xidmətlərinin keyfiyyətinin artırılması, optimallaşdırılması və peşəkar səviyyədə təmin edilməsi məqsədilə sözügedən xidmətlərin bu sahə üzrə ixtisaslaşmış 3-cü şəxslər tərəfindən təşkil ediləcəyini nəzərə alaraq, 8 yanvar 2024-cü il tarixli 001-İRD/b nömrəli əmr ilə təsdiq edilmiş cəmiyyətin işçilərinin ştat cədvəlində İnzibati İşlər və İnfrastruktur Departamentinin Təsərrüfat və İaşə bölməsinin “çayçı, aşpaz, qəssab, aşpaz köməkçisi, qabyuyan” ştatları (vəzifələri) ixtisar edilmişdir. İnzibati İşlər və İnfrastruktur departamentinin Təsərrüfat və iaşə bölməsinin Təsərrüfat sahəsinin Təmizlik və xidmət qrupunun çayçısı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, 2023/2024-cü illərin əmək məzuniyyətinin istifadə etmədiyi 19 təqvim günü əvəzinə kompensasiya ödənilmiş, orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İşdən həmçinin müəyyən olunur ki, iddiaçı ilk dəfə mediasiya təşkilatına xx.xx.2024cü il tarixdə yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməzdən əvvəl müraciət etmiş və ilkin mediasiya sessiyası barədə xx.xx.2024-cü il tarixli bildiriş cavabdehə göndərilsə də, həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Halbuki, mübahisə üzrə ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həmin arayış iddia ərizəsi üzrə mediasiya prosesində iştirakı təsdiq edən sənəd kimi qəbul edilmədiyindən, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı isə mövcud tələblə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməsinin səbəbi kimi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2025-ci il tarixdə baxılması və sözügedən qərardadın onun elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsini göstərmişdir. Məlum olduğu kimi, iddia müddətinin axımının kəsilməsinin əsasları Mülki Məcəllənin 380.1. maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, müəyyənləşdirilmiş qaydada iddia şübhəsizdir ki, iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Göstərilən əsas üzrə iddia müddətinin axımının kəsilməsi üçün iddia qanunla müəyyənləşdirilmiş qaydada irəli sürülməlidir. İddianın müəyyənləşdirilmiş qaydada irəli sürülməsi qaydaları Mülki Prosessual Məcəllənin Xİİ fəslində cəmləşdirilmiş maddələrində müəyyən edilmişdir. İddia irəli sürülməsi dedikdə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi başa düşülür. “Qanunla müəyyən edilmiş qaydada iddia qaldırması” o deməkdir ki, iddiaçı iddia qaldırması ilə bağlı qanunvericilikdə qoyulmuş qaydalara–aidiyyət və məhkəmə aidiyyəti qaydalarına, iddianın verilməsi şərtlərinə (o sıradan iddia ərizəsinin forması və məzmununa, dövlət rüsumunun ödənilməsi, mediasiya), prosessual qanunvericilikdə nəzərdə tutulan başqa tələblərə əməl etməlidir. Şübhəsizdir ki, belə iddia iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Qeyd olunan normalara əməl etmədən irəli sürülmüş iddia müəyyənləşdirilmiş qaydada irəli sürülmədiyindən, iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia müddətinin axımı davam edir. İddia müddətinin axımı və hesablanması qaydalarını tənzimləyən Mülki Məcəllənin 381.1. maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Nəzərə alınmalıdır ki, bir qayda olaraq iddia mahiyyəti üzrə baxılmamış saxlanmışsa, iddia müddəti heç bir dəyişkənliyə uğramadan ümumi qaydada davam edir, yəni iddia irəli sürülənədək başlanmış iddia müddəti qüvvədə qalmaqla ümumi iddia müddətinə daxil edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının ilk dəfə məhkəmədə qaldırdığı iddiasını mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyini müəyyən edərək xx.xx.2025-ci il tarixli qərardadla baxılmamış saxlamış və apellyasiya instansiya məhkəməsi də öz növbəsində bu mövqe ilə razılaşaraq xx.xx.2025-ci il tarixli qərardadla dəyişdirilmədən saxlamışdır. Bu mənada məhkəmə kollegiyası iddiaçının yuxarıda qeyd edilən dəlilini iddia müddətinin axımının kəsilməsi üçün əsaslı hesab etmir. Əmək Məcəlləsinin 296-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinini iddiaçının işdən çıxarılması zamanı həmkarlar təşkilatının razılığının alınmaması barədə dəlilinə gəldikdə isə qeyd edir ki, ixtisarla bağlı iddaçının əmək müqaviləsinə xitam verilərkən müəssisədə Həmkarlar İttifaqı Komitəsi artıq mövcud olmamışdır. Belə ki, "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin vergi uçotu xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar