Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1314/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı, onun vəkili X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-2/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Qobustan rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 fevral 2021-ci il tarixli 54 saylı arayış əsasən, Təklə kəndinin 03 nömrəli təsərrüfatbaşına kitabın 187 nömrəli təsərrüfatında Qobustan rayon Təklə kənd sakini İddiaçı Atam oğlunun 0,12 ha həyətyanı torpaq sahəsi və yaşayış evi olduğu göstərilir.
2. Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-169A KOD 30709018 saylı şəhadətnaməsinin surətinə əsasən, İddiaçı 6 nəfər ailə üzvləri ilə birlikdə Qobustan rayon Aqrar İslahat kimissiyasının 15 aprel 2002-cü il tarixli 3 nömrəli qərarı ilə 0,08 hektar torpaq sahəsi verilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyinə əsasən, 1-ci sual üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. 2-cü sual üzrə: mütəxəssis rəyinə əsasən, mülki iş materiallarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmadı. 3-cü sual üzrə: mütəxəssis rəyinə əsasən, İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 naturada istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu müəyyən edilmişdir. 4-cü sual üzrə sualda qeyd olunan mübahisəli tor hasar naturada mövcud deyildir. 5-ci sual üzrə: Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə,0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşür.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1963-cü ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmaqla həmin kənddə yaşayır. On beş ildən çox müddətdir ki, ailəsi ilə birlikdə mübahisəli torpaq sahəsində yaşayır. Həmin torpaq sahəsinə dair JN-169A KOD 30709018 saylı şəhadətnamə almışdır. 2004-cü ildə həmin torpaq sahəsini sənədləşdirərkən götürdüyü torpaq sahəsi çox olduğundan qardaşı qızı Hicranı çağırıb ona torpaq sahəsi vermişdir. Hicran da həyat yoldaşı Altayla birlikdə təxminən 4 il bundan əvvəl onlara verdiyi torpaq sahəsində ev tikib yaşamağa başlamışlar. Lakin onlara verdiyi torpaq sahəsinə dair heç bir sənəd almamışlar. Cavabdehlərə ayırdığı torpaq sahəsindən onlar artıq torpaq sahəsi götürmüşlər. Həmin sahədə o uzun müddət tərəvəz əkib-becərmiş, bir neçə il əvvəl tərəvəz əkdiyi sahənin aşağısında xeyli miqdarda ağac əkmişdir. Cavabdehlər onun barışıq sazışləri ilə razılaşmamışdır. 2021-ci ilin fevral ayının əvvəllərində qardaşı qızı Hicran onun sənədləşdirdiyi torpaq sahəsinə çəkdiyi məftildən hazırlanmış toru sökərək həmin torpaq sahəsini tor məftillə hasarlamışlar və buna görə də aralarında mübahisə yaranmışdır. Onların hərəkətlərindən polis şöbəsinə şikayət etmiş, polis şöbəsində işləri araşdırılmış və həmin iş mülki xarakterli olduğundan ona məhkəmədə iddia qaldırmağı bildirilmişdir. O, bu şin həll olunması üçün cavabdehə təkliflər vermiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-2/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat ekspertiza xərcinin müştərək qaydada alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirələm Quliyev).
7. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə yerində İddiaçı, cavabdeh Şıkarova Hicran Şahlar qızının və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə baxış keçirilərkən həmin torpaq sahəsinin şərq hissəsində İddiaçı və ondan aşağı hissədə isə X1, qərb hissəsində birinci ev və həyətyanı sahə Kərimov Ağalara, ondan aşağıdakı ev və həyətyanı sahə Əhmədov Vüqara məxsusdur. Mübahisəli torpaq sahəsini qeyd edilən şəxslərin həyətyanı torpaq sahəsindən kubik daşla tikilmiş hasar və təsərrüfat təyinatlı tikililər ayırır. Mübahisəli torpaq sahəsinin çınqıl yola tərəf hissəsi dəmir torla hasarlanmışdır. Həmin yerdə torpaq sahəsinin eni təxminən 22-24 metrdir, yol tərəfdə çəkilmiş tordan həyətin cənub tərəfinə 12-13 metr ərazi boşdur. Boş sahədən cənub tərəfə xeyli sayda əkilmiş ağaclar vardır. İddiaçı və cavabdeh hər-biri həmin ağacları onların əkdiyini bildirir. S. A. Kərimov öz tərəfindən ağac əkilmiş sahənin qurtardığı yerdə dəmir tor çəkdiyini, lakin cavabdehlər tərəfindən həmin torun söküldüyünü bildirdi. Söküldüyü iddia edilən tordan cənub istiqamətdə cavabdehlərə məxsus dəmir turba və armaturdan düzəldilmiş çardaq, ondan aşağıda isə onlara məxsus ev vardır. Qonşu iddiaçının qardaşı oğlu, cavabdehin isə əmisi oğlu, Vəkil1 vəsatətinə əsasən baxış keçirilən yerə dəvət olundu və ağacların kimin əkdiyi sualınaağacların Şikarov Hicranın tərəfindən əkildiyini bildirdi.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə,0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşür. Bələdiyyə mülkiyyətində olan 0,08 torpaq sahəsi hasara alınmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.3, 180.4, Torpaq Məcəlləsinin 111, Mülki Prosessual Məcəllənin 14.2, 39.1, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(026)-2/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razı deyil. Hesab edir ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə bu işə baxarkən həm mülki və prosessual qanunveriyin tələblərini pozmuşdur. Göründüyü kimi tələb qanunsuz tikilinin (tor hasarın) sökülməsi və torpağın əvvəlki vəziyyətinin bərpasıdır. Yəni, belə çıxır ki, burada əsas tələb birinci tələbdir. İkinci tələb birincidən asılı olan tələbdir. Birinci tələbin predmeti mövcud deyilsə iklinci tələbdən söhbət gedə bilməz. İşin materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı rəyindən görünür ki,mübahisəli ərazidə hər hansı tikili və tor hasar aşkar olunmamışdır. Yəni iddia tələbinin əsas hissəsinin predmeti mövcud deyil. Belə olan halda məhkəmə hansı əsasla iddianı qismən, torpağın əvvəlki vəziyyətinin bərpa olunması hissəsində təmin etmişdir? Anlaşılmaz bir qətnamədir. Bu isə MPM-nin 220-ci maddəsinin tələbinin pozulmasıdır. Həmin maddənin tələbinə əsasən qətnamə dəqiq, anlaşılan qaydada tərtib olunmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən gəldiyi nəticəni əsaslandırmamışdır.
12. Məhkəmə mülki mühakimə icraatının çəkişmə prinsipini, ədalətli məhkəmə araşdırması prinsiplərinin tələbini pozaraq bizim təkrar ekspertiza keçirilməsi və bu zaman “Azərbaycan Respublikasında torpaqların elektron Kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” barədə Azərbaycan Respublikası prezidentinin 07 may 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş Qaydaların nəzərə alınması barədə verdiyi vəsatəti təmin etməmişdir. Hansı ki, həmin vəsatətin təmin olunması, ekspertizanın yeni elektron kadastr sisteminin yaradılması qaydalarına əməl olunmaqla keçirilməsi işin obyektiv həllinə kömək edə bilərdi.
13. Elektron kadastr sisteminin yaradılması qaydalarına əsasən torpaq sahələrinin əvvəllər mövcud olmuş kadastr göstəriciləri, sənədlərdə göstərilmiş yerləşmə vəziyyəti elə də əhəmiyyət kəsb etmir. Əsasən həmin ərazinin faktiki yerləşmə vəziyyəti nəzərə alınmaqla Elektron – SAD-da yerləşdirilir. Konkret halda iddiaçının sənədində qeyd olunan 0.08 ha torpaq sahəsi onun ev yenidən bu əsasdan bu predmet üzrə işə baxılmasını istisna edir. İddiaçı bu barədə ərizə vermişdi. Və cavabdeh tərəf də ərizə ilə bu vəsatəti qəbul etdiyini bildirmişdi.
14. Aralarında barışıq olduğundan o, də İddiaçı qarşı qaldırdığı ziyan tələbinə dair iddiadan imtina etmişdir. Amma bir həftə sonra iddiaçı verdiyi ərizənin nəzərə alınmaması və iddiasını davam etdirdiyi barədə yenidən ərizə vermişdir. Məhkəmə bu ərizələri müzakirə etmədən icraatı davam etdirmişdir. Əslində birinci ərizə nəzərə alınaraq icraata xitam verilməli idi. Çunki iddiadan imtinaya dair ərizədən imtinaya yol verilmir. Məhkəmə bunu nəzərə almamış, umumiyyətlə bu ərizələr məhkəmədə müzakirə olunmamışdır. Bu isə prosessual qanunvericiliyin pozulmasıdır.
15. Məhkəmə qətnaməsində qeyd olunan, mübahisəli ərazidə olan 0.03 ha sahə elektron SAD-da həmin sahə ilə bir konturda işlənməmişdir. Yəni yeni qaydalara əsasən 0.08 ha iddiaçı tərəfindən tikilmiş və hasara alınmış 0.22 ha torpaq sahəsinin daxilində elektron – SAD-a daxil olunmuşdur. Bu isə o deməkdir ki, artıq onun həmin hasardan kənarda olan torpaq sahəsinə dair heç bir subyektiv hüququ yoxdur. Məhkəmə isə işə baxarkən bu qaydalara və qaldırdığı vəsatətə ümumiyətlə əhəmiyyət veməmişdir. Bu mübahisənin həlli zamanı “Azərbaycan Respublikasında torpaqların elektron Kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” barədə Azərbaycan Respublikası Prezidentinin 07 may 2016-cı il tarixli fərmanından və “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1455 nömrəli Fərmanından irəli gələn müddəalar tətbiq olunmalı olduğu halda tətbiq olunmamışdır
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
21. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
25. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 Qobustan Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(026)-2/2023 nömrəli qətnaməsini tam mübahisələndirmişdir.
36. Ona görə də kollegiya Qobustan Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir.
38. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, göründüyü kimi tələb qanunsuz tikilinin (tor hasarın) sökülməsi və torpağın əvvəlki vəziyyətinin bərpasıdır. Yəni, burada əsas tələb birinci tələbdir. İkinci tələb birincidən asılı olan tələbdir. Birinci tələbin predmeti mövcud deyilsə ikinci tələbdən söhbət gedə bilməz.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarını araşdıran zaman müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə nəticəyə gələrkən, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gələrkən tələbdən kənara çıxmış və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
40. Belə ki, məhkəmə kollegiyası iddia ərizəsindən müəyyən etmişdir ki, iddiaçı həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsini və torpağın əvvəlki vəziyyətinə qaytarılmasını tələb etdiyi halda, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyinə istinad etməklə mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsinin İddiaçı JN- 169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə düşməsinə əsas götürərək həmin hissəyə hüquqi qiymət vermişdir.
41. Halbuki MPM-in 218.3-cü madəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı işdə tələbdən kənara çıxmaq üçün hər hansı müstəsna hal müəyyən edilməmişdir.
42. İddiaçının iddiasında irəli sürdüyü tələbin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı rəyində mübahisəli tor hasarın naturada mövcud olmadığı müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
44. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
45. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
46. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı iddiaçının mübahisələndirdiyi torpaq sahəsində torun mövcudluğu öz təsdiqini tapmadığından, iddia tələbi rədd edilməlidir.
47. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh öz apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmiş, iddiaçı isə iddia tələbinin əsaslarına dair məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir.
48. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
49. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)- 2/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-2/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş ürə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.