Məhkəmə qərarları › İş №2(105)-1316/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1316/2022

08.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1316/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(012)-655/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, onun azyaşlı uşaqları 21 fevral 2010-cu il təvəllüdlü X5 və 05 noyabr 2013-cü il təvəllüdlü X3 ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Z.Həbibov küçəsi, 5-ci döngədə yerləşən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə köçürülməsi və həmin yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 25 yanvar 2008-ci il tarixdə rəsmi nikah münasibətinə girərək ailə qurmuş və birgə nikahlarından 21 fevral 2010-cu il təvəllüdlü Kənan və 05 noyabr 2013-cü il təvəllüdlü Nuranə adlı 2 nəfər uşaqları vardır. ünvan 1 ünvanında yerləşən üzərində yaşayış evi inşa edilmiş 0,025 ha həyətyanı torpaq sahəsini Abşeron rayonu 1 saylı DNK-nın 4Ə/01-52 reyestrli, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən almışlar və xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçməklə Cavabdeh mülkiyyətindədir. Mübahisəsi gedən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş evi alan gündən köçərək orada yaşamışlar. Övladları həmin evdə doğulmuşdur. Mübahisə predmeti olan yaşayış sahəsi dövlət qeydiyyatından keçməmişdir. Abşeron Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və 2 yetkinlik yaşına çatmamış uşaqların onun himayəsində saxlanılması qət edilmişdir. Nikahları pozulmamışdan əvvəl Cavabdeh onu evdən qovmuş və həmin vaxt uşaqlarına və özünə məxsus olan geyim əşyalarının bir qismini götürə bilmiş, qalan əmlaklar isə həmin evdə qalmışdır. Hazırda cavabdeh onu həmin evə buraxmır və yaşadığı evdən qanunsuz olaraq məhrum olunmuşdur. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon 1 saylı DNK-nın 4Ə/01-52 reyestr nömrəli,xx.xx.2019-cu il tarixli, AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 adından X1 rayonu, Digah qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha torpaqdan 0.025 ha torpaq sahəsini Cavabdeh mülkiyyətinə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.025 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına Abşeron rayonu, Digah qəsəbəsində 0.025 ha həyətyanı torpaq sahəsi Abşeron rayon 1 saylı DNK-nın 4Ə/01-52 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(012)- 1052/2021 nömrəli qətnaməsi ilə müəyyən olur ki, İsmayılova (Məmmədova) Məryəm Niyaz qızı və Cavabdeh arasında bağlanmış, Ağdam rayon Qiyaslı Ərazi Nümayəndəliyi tərəfindən qeydə alınmış, 25 yanvar 2008-ci il tarixli, 07 saylı nikah qeydi ləğv edilmiş, 21 fevral 2010-cu il tarixdə anadan olmuş X5 və 05 noyabr 2013-cü il tarixdə anadan olmuş X2 anası İsmayılova (Məmmədova) Məryəm Niyaz qızının yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İsmayılova (Məmmədova) Məryəm Niyaz qızının xeyrinə verilməsi qət edilmişdir. Abşeron rayon qeydiyyat şöbəsinin xx.xx.2021- ci il tarixli, AZ-İ № 374861 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin arasında olan nikah Abşeron Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(012)-655/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı azyaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Z.Həbibov küçəsi, 5-ci döngədə yerləşən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş, Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, həmin özbaşına tikili mövcuddur, tərəflər uzun müddət orada yaşamışlar, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin orada yaşamaq hüquqları mövcuddur. İddiaçı azyaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsi, Z.Həbibov küçəsi, 5-ci döngədə yerləşən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş Cavabdeh yaşadığı özbaşına tikiliyə köçürülməli, bu hissədə iddia təmin edilməli, özbaşına tikiliyə istifadə hüququnun tanınması qanunla yol verilməz olduğundan bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 11.1, 11.2, 27.3, 180.1, 180.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 13.4, 14.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(012)-655/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin (1982-ci il redaksiyası) 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (1982-ci il redaksiyası) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin faktiki hallarından göründüyü kimi heç bir özbaşına tikilidən söhbət getmədiyi halda hakim özbaşına tikintinin anlayışını verən və özbaşına tikintidən yaranan münasibətləri tənzimləyən normalara istinad etmişdir. Onun tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmaqla tikilmiş 2 mərtəbəli tikintiyə giriş-çıxışı təmin etmək üçün quraşdırdığı darvazanı özbaşına tikinti adlandırmaq qanunsuz və ədalətsizdir. Bələdiyyə vasitəsilə əldə etdiyi torpaq sahəsində yerləşən Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırmaqla tikdiyi tikiliyə maneəsiz giriş-çıxış hüququnu müvafiq bələdiyyə təmin etməli olduğu halda onun mülkiyyət hüququna mane olan hərəkətlər etmiş, əsassız olaraq cavabdehə qarşı iddia qaldırmış, iddia isə əsassız və qanunsuz olaraq təmin edilmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən Plenum qərarının tələbləri baxımından sübutlara müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş və sübutlara lazımi hüquqi qiymət verməyərək gəldiyi nəticəni qanunauyğun əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddələr 14.1 və 14.3. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşmmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Madə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, tərəflər 25 yanvar 2008-ci il tarixdə rəsmi nikah münasibətinə girərək ailə qurmuşlar. Birgə nikahlarından 21 fevral 2010-cu il təvəllüdlü Kənan və 05 noyabr 2013-cü il təvəllüdlü Nuranə adlı 2 nəfər uşaqları vardır. ünvan 1 ünvanında yerləşən üzərində yaşayış evi inşa edilmiş 0,025 ha həyətyanı torpaq sahəsini Abşeron rayonu 1 saylı DNK-nın 4Ə/01-52 reyestrli, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən almışlar və xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçməklə Cavabdeh mülkiyyətindədir. Onlar mübahisəsi gedən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evini alan gündən köçərək orada yaşamışlar. Övladları həmin evdə doğulmuşdur. Mübahisə predmeti olan yaşayış sahəsi dövlət qeydiyyatından keçməmişdir. İşin müəyyən edilmiş hallarına əsasən Mülki Məcəllənin 225.1, Ailə Məcəlləsinin 32.1 və 32.2.2-ci maddələrinin tələbi baxımından qeyd edilən torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyəti və mübahisə predmeti olan yaşayış evinin birgə nikah dövründə əldə olunub, ər-arvad kimi orada yaşayıb ümumi təsərrüfat aparmaları işin mübahisəsiz hallarıdır. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan Abşeron rayonu, Digah qəsəbəsi, Z.Həbibov küçəsi, 5-ci döngədə yerləşən 0,025 ha torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evi mülkiyyət hüququ əsasında qeydiyyata alınmasa da, cavabdehin sahibliyində və istifadəsindədir. Mülki qanunvericiliyə müvafiq olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur, bununla da tərəflər həmin əmlaka münasibətdə “qanuni gözləntiyə” malik şəxslər kimi qeyd olunan əmlakın sahibi hesab olunurlar. Belə olan halda, iddiaşı sözügedən yaşayış evinə hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir. Bu baxımdan nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri). Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 14.1 və 14.3-cü maddələri). “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilib. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(012)-655/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar