Məhkəmə qərarları › İş №2(105)-1316/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1316/2025

23.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1316/2025 23.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, İddiaçı, cavabdeh Şabran rayonu Şabran Bələdiyyəsinin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şabran rayonu Şabran Bələdiyyəsinə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-545/2025 nömrəli qətnaməsindən cavabdeh Şabran rayonu Şabran Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-545/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şabran rayonunun Şabran şəhər bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05 saylı əmrinin ləğv edilməsi, İddiaçı Şabran rayonunun Şabran şəhər bələdiyyəsində mühasib vəzifəsinə işə bərpa olunması və ona işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ayaz Məmmədov). Qətnamədən cavabdeh Şabran rayonu Şabran bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Şabran rayonu Şabran bələdiyyəsinin sədri X2 qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Şabran rayonu Şabran bələdiyyəsi tərəfindən işə bərpa olunması və işə bərpa olunduğu günə kimi orta aylıq əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ali təhsillidir, xx.xx.2003-cü il tarixdən cavabdeh Şabran rayonunun Şabran bələdiyyəsində işləmişdir. Sonuncu dəfə onunla xx.xx.2010-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və o, həmin tarixdən işdən azad olunduğu tarixə kimi olan müddət ərzində mühasib vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixində Şabran rayonunun Şabran bələdiyyəsinə yeni seçilmiş sədr Fidan Fərzəliyevə xx.xx.2025-ci il tarixdə keçmiş bələdiyyə sədri ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitdiyini əsas gətirib ona məcburi şəkildə ərizə yazdıraraq onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsi və 68-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. İşlədiyi müddətdə vəzifə səlahiyyətlərinə məsuliyyətlə yanaşmış, daxili nizam-intizam qaydalarına riayət etmiş və ona heç bir intizam tənbehi rəhbərlik tərəfindən verilməmişdir. Üzərinə düşən bütün işləri vaxtlı-vaxtında peşəkarlıqla yerinə yetirmiş, heç bir qanun pozuntusuna yol verməmiş və işdən çıxmaq istəməmişdir. Hesab edir ki, bələdiyyə sədri tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuş və onun işdən çıxarılması əsassız olmuşdur. Onun tərəfindən Azərbaycan Respublikasının Baş prokuroruna, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət olunmuş və məlum olmuşdur ki, bələdiyyə sədri tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları ciddi şəkildə pozulmuşdur. Bu halların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Şabran rayonu Şabran bələdiyyəsi apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-545/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh Şabran rayonu Şabran bələdiyyəsi (vəkili-nümayəndəsi Vəkil) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə özü ərizə yazaraq işdən azad olunmasını xahiş etmişdir. Məhkəmənin 1-ci hazırlıq iclasında və baxış iclalaslarında iddiaçının izahatları ilə də təsdiq olunmuşdur ki, o, 19 fevral 2025-ci il tarixdə işdən azad edilməsini özü xahiş etmişdir. 22 fevral 2025-ci il tarixdə bələdiyyə sədri onu çağırmış, onun işdən azad edildiyini bildirmiş və otağında olan əşyaları ona təhvil vermişdir. Buradan artıq tam məlum olmaqdadır ki, işçi öz hüququnun pozulduğunu hesab etdiyi və bildiyi gün ən azından 22 fevral 2025-ci il tarixidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bildiyi halda, İddiaçı cavabdehə mediasiya barədə təkliflə 41 gündən sonra, yəni 04 aprel 2025-ci il tarixdə müraciət etmiş, qanunvericiliyi pozaraq 10 iş günü müddətini gözləmədən mediasiya keçirilməsi üçün müraciət göndərmiş, hətta burada da mediasiya qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə zamanı təqdim etdikləri akt sübut edir ki, İddiaçı əmri götürməsi təklif edilmiş, lakin əmri götürməkdən iddiaçı imtina etmişdir. Məhkəmə X6nin Şabran bələdiyyəsi haqqında araşdırma apararaq işçi İddiaçı işdən çıxarılması zamanı müəyyən nöqsanlara yol verildiyini aşkar etməsini əsas götürmüşdür. Məhkəmənin diqqətinə çatdırmışdır ki, inzibati orqan olan Əmək Müfəttişliyinin araşdırmasının məhkəmə icraatına aidiyyəti yoxdur. Şabran bələdiyyəsi Əmək Müfəttişliyi tərəfindən cərimlənsə belə, həmin qərarın baxılan mülki iş üzrə preyudisiallığı və bu faktların hazırkı mülki işlə birbaşa əlaqəsi yoxdur. Bundan başqa, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmədə işə baxılarkən tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, məhkəmə isə əmək kitabçasının xx.xx.2025-ci ildə iddiaçıya təqdim edilməsini əsas gətirmişdir. Halbuki, işin mübahisləndirilməyən halıdır ki, iddiaçı özü xx.xx.2025-ci il tarixdə Şabran rayonu Şabran bələdiyyəsinə ərizə verərək işdən çıxarılmasını xahiş etmiş, habelə özü etiraf etmişdir ki, bəldəiyyə sədri 22 fevralda ona işdən çıxarıldığını demiş və əşyalarını götürməsini təklif etmişdir. Cavabdehin hüquqları məhkəmə qaydasında pozulmuş, əsassız qaydada cavabdeh barəsində məhkəmə qərarı çıxarılmışdır. Məhkəmə qətnaməsi qanunvericiliyə zidd, qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. Apellyasiya baxışı iclaslarında iştirak edən cavabdeh Şabran rayonu Şabran Bələdiyyəsinin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etdi. Apellyasiya baxışı iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdeh Şabran rayonu Şabran bələdiyyəsi (vəkili-nümayəndəsi Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-545/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan: Quba 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞQ/MT/040/2025-00226 saylı, xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə xx.xx.2025-ci il tarixdə ünvanlandığı işdən çıxarılma əmrinin ləğvi, işə bərpa və kompensasiya tələbindən ibarət təklif üzrə ilkin mediasiya sessiyasında iştirak etsə də, Şabran Bələdiyyəsi həmin sesiyada iştirak etməmişdir. Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) çap edilmiş əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Şabran rayonunun Şabran Bələdiyyəsi arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsinə işə qəbul edilmişdir. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsində işə qəbul edilmiş (02 nömrəli, xx.xx.2003-cü il tarixli əmr), xx.xx.2005-ci il tarixdə Şabran rayonunun Şabran Bələdiyyəsində baş mühasib vəzifəsinə təyin edilmiş (01 nömrəli, xx.xx.2005-ci il tarixli əmr), xx.xx.2010-cu il tarixdə ərizəsinə əsasən baş mühasib vəzifəsindən mühasib vəzifəsinə işə keçirilmiş (10 nömrəli, xx.xx.2010-cu il tarixli əmr) və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinə və 68-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (05 nömrəli, xx.xx.2025-ci il tarixli əmr). Şabran rayonu Şabran bələdiyyəsinin 05 nömrəli əmrindən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Şabran rayonunun Şabran Bələdiyyəsində vergi və ödənişlərin hesablanması və uçota alınması üzrə mühasib İddiaçı verdiyi ərizəyə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinə və 68-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xx.xx.2025-cil tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli, 3-16-25/2-Q16879-6/2025-C-9968 saylı məktubdan görünür ki, İddiaçı Şabran rayonu Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva tərəfindən heç bir əsas olmadan işdən kənarlaşdırılması və işdən azad olunması haqqında əmrinin ona təqdim edilməməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş müraciətinə regional ədliyyə idarəsində baxılmışdır. Müraciətlə bağlı Şabran rayonu Şabran bələdiyyəsi tərəfindən regional ədliyyə idarəsinə təqdim edilən məlumatda İddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad olunması barədə ərizə verdiyi və xx.xx.2025-ci il tarixdə əmrin surətinin İddiaçı təqdim edildiyi qeyd olunur. İddiaçı yenidən tutduğu vəzifəyə təyin edilməmə səbəbinin isə tutduğu vəzifədə etdiyi nöqsanlar, yəni sistem məlumatlarına vətəndaşların torpaq sahələrinin, şəxsi məlumatlarının, təqaüdçü, əlil, müharibə veteranı və sair güzəşti olan imtiyazlı vətəndaşlar barədə məlumatların, həmçinin vergi ödəyicilərinin “SMS” vasitəsilə məlumatlandırma hissələrinin səhv işlənilməsi səbəbindən onun yenidən tutduğu vəzifəyə təyin edilmədiyi bildirilir. İddiaçı həmin məktubda həmçinin müraciətində qeyd edilmiş məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Şabran rayonu Şabran bələdiyyəsinə dəvət edilərək ona verilən əmr ilə tanış olması və imzalayaraq qəbul etməsi təklif edilmiş, İddiaçı isə həmin əmri qəbul etməkdən imtina etmişdir. Bununla yanaşı, İddiaçı xx.xx.2025-ci il tarixdə həmin aktın surətini almasını öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-512-Ə-49269/2025 saylı məktubundan görünür ki, İddiaçı Şabran rayonunun Şabran Bələdiyyəsində əmək hüquqlarının pozulması barədə X9 ünvanladığı müraciətinə X6 Xidmətində baxılmışdır. Müraciətlə əlaqədar Xidmətə təqdim edilmiş izahatlarda əsas tələbin işə bərpa edilmək olduğu bildirilir. X6 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə Bələdiyyə arasında xx.xx.2010-cu il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (həmin Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər)) əsasən xitam verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar həmin Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya həmin Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Bələdiyyə sədrinin mülkiyyətçi olmaması, eyni zamanda İddiaçı tutduğu vəzifənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulan vəzifələrə uyğun gəlməməsi səbəbindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verildiyi müəyyən olmuşdur. Eyni zamanda, Şabran rayonunun Şabran Bələdiyyəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) pozularaq son haqq-hesabın tam ödənilmədiyi məlum olmuşdur. İddiaçı ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyindən, eyni zamanda işdən çıxarkən son haqq-hesabı tam ödənilmədiyindən Şabran rayonunun Şabran Bələdiyyəsinin sədri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən tərtib edilmiş protokola müvafiq olaraq həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərar qəbul edilmiş, həmçinin xitam əmrlərinin ləğv edilməsi və son haqq-hesabın 30 gün müddətində ödənilərək Xidmətə məlumat verilməsi məqsədilə işəgötürənə xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir... Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması da İddiaçı izah edilmişdir. Azərbaycan Respubliksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) çap edilmiş 05 nömrəli, xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (həmin Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər)) xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respubliksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) çap edilmiş elektron sistemə daxil edilmiş səndələrin imzalanma tarixlərinə dair çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair 05 nömrəli, xx.xx.2025-ci il tarixli əmr xx.xx.2025-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, Şabran rayonunun Şabran bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05 saylı əmrinin ləğv edilməsini, İddiaçı Şabran rayonunun Şabran bələdiyyəsində mühasib vəzifəsinə işə bərpa olunmasını və ona işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Məhkəmə belə nəticəyə gəlməsinin maddi-hüquqi əsası kimi aşağıdakı normalara istinad etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ bəndinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiyanın 35-ci maddəsinin İV bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 63-cü maddəsinin 2-ci hissəsinə əsasən, yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya Əmək Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə görə, müəssisənin mülkiyyətçisinin dəyişməsi (Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər üçün) - əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə həmin Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, həmin maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 7-ci hissəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 300-cü maddəsinin “Qeyd”- inə əsasən həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Həmin Məcəllənin 301-ci maddəsinin 1-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin Məcəllənin 301-ci maddəsinin 2-ci hissəsinə əsasən, məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh Şabran rayonu Şabran bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 05 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərarını qanuni və əsaslı hesab edir. Əslində cavabdeh özü də verdiyi əmrin qüsurlu olmasını və iddiaçının işdən çıxarılması əsasının əmək qanunvericiliyinə uyğun olmamasını qəbul və etiraf etməkdədir. Bununla belə, cavabdeh hesab edir ki, iddiaçı cavabdehin əmrini vaxtında mübahisələndirməmiş, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən olunmuş iddia müddətini ötürəndən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı işdən çıxarıldığını bildiyi vaxtdan 1 təqvim ayı ərzində məhkəmədə iddia qaldıra bilərdi. İddiaçıya işəgötürən (bələdiyyənin sədri) tərəfindən 22 fevral 2025-ci il tarixdə işdən azad olunduğu elan edilmiş, iddiaçı isə bundan 41 gün sonra 04 aprel 2025-ci il tarixdə cavabdehə qarşı iddia tələbinə ilkin (məhkəməyə qədər) baxılması üçün mediasiya qurumuna müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətinin yeganə dəlili olan həmin məsələni birinci instansiya məhkəməsində icraat zamanı da irəli sürmüş və məhkəmədən iddia müddətinin tətbiqini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlilini və bununla bağlı (iddia müddətinin tətbiqi barədə) vəsatətini əsassız hesab etmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli aktda İddiaçı xx.xx.2025-ci il tarixdə Şabran rayonu Şabran bələdiyyəsinə dəvət edilərək ona verilən əmr ilə tanış olması və imzalayaraq qəbul etməsinin təklif edildiyi, İddiaçı isə həmin əmri qəbul etməkdən və imzalamaqdan imtina etdiyi qeyd edilsə də, İddiaçı hansı əmr ilə tanış olması və imzalayaraq qəbul etməsinin təklif edilməsi qeyd olunmamış, bununla yanaşı ona belə bir təklifin edilməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, həmçinin İddiaçı sözügedən aktda xx.xx.2025-ci il tarixdə əmrin surətini almasını öz imzası ilə təsdiq etmiş və məhkəmə iclaslarında da dəfələrlə işdən çıxarılmasına dair əmrin surətinin çoxsaylı müraciətlərinə baxmayaraq ona vaxtında təqdim edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli, 3-16-25/2-Q-16879-6/2025-C-9968 saylı məktuba əsasən isə Şabran rayonu Şabran bələdiyyəsi tərəfindən regional ədliyyə idarəsinə təqdim edilən məlumatda İddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad olunması barədə ərizə verdiyi və xx.xx.2025-ci il tarixdə əmrin surətinin ona təqdim edildiyi qeyd olunur. Qeyd edilənlərlə yanaşı Quba 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞQ/MT/040/2025-00226 saylı, xx.xx.2025-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışa əsasən də İddiaçı cavabdeh Şabran rayonunun Şabran Bələdiyyəsinə xx.xx.2025-ci il tarixdə ünvanladığı işdən çıxarılma əmrinin ləğvi, işə bərpa və kompensasiya tələbindən ibarət təklif üzrə ilkin mediasiya sessiyasında iştirak etsə də, Şabran Bələdiyyəsi həmin sesiyada iştirak etməmişdir... Məhkəmə bu halları, Azərbaycan Respublikası qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini, həmçinin elektron sistemə xx.xx.2025-ci il tarixdə daxil edilmiş 05 nömrəli, xx.xx.2025-ci il tarixli əmrə əsasən Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (həmin Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər)) xitam verildiyini və İddiaçı da bundan xx.xx.2025-ci il tarixdə həmin əmrin surəti ona təqdim edildikdən sonra xəbərdar olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəmsinin gəldiyi nəticə ilə razılaşmaqla yanaşı, əlavə olaraq qeyd edir ki, əvvəla, İddiaçı işdən çıxarılması haqqında ərizəni könüllü surətdə və öz iradəsinə uyğun yazması ağlabatan və inandırıcı görünmür. İddiaçı bir təşkilatda 22 il işləyəndən sonra onun işdən çıxmaq istəməsi üçün hansısa əhəmiyyətli səbəb olmalı idi. İddiaçı isə ərizəsində işdən çıxmasının səbəbi kimi əvvəlki bələdiyyə sədri ilə bağladığı əmək müqaviləsinin müddətinin bitməsini göstərmişdir. Halbuki, iddiaçının izahatlarından göründüyü kimi, bu “səbəb” yeni seçilmiş bələdiyyə sədri tərəfindən irəli sürülmüş və o özünü “yeni mülkiyyətçi” hesab edərək iddiaçıdan Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinə əsasən işdən azad edilməsi üçün ərizə verməsini tələb etmişdir. İddiaçının verdiyi ərizəyə uyğun olmayan sonrakı davranışı, yəni öz işinə qayıtmağa çalışması, barəsində verilmiş əmri mübahisələndirməsi, ayrı-ayrı dövlət orqanlarına işdən qanunsuz çıxarılması barədə şikayətlər etməsi və s. də onun işdən azad olunması barədə ərizəni aldadılma və məcburiyyət təsiri altında yazmasına dəlalət edir. Digər tərəfdən, əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 3-cü hissəsində göstərilən hallardan biri mövcud olduqda isə işçi ilə əmək müqaviləsi ərizəsində qeyd etdiyi gün (1 aylıq müddət gözlənilmədən) ləğv edilə bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Həmin maddənin 5-ci hissəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin maddənin 7-ci hissəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərindən göründüyü kimi, iddiaçı verdiyi ərizədə işdən azad olunmasının gününü göstərmədiyindən və ərizəsini geri götürmədiyi halda cavabdeh onunla əmək müqaviləsinə ərizənin verildiyi gündən 1 ay keçəndən sonra xitam verə bilərdi. Cavabdeh əmək qanunvericiliyinin qeyd olunan tələbini də pozmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin iddiaçını xx.xx.2025-ci il tarixdə vermiş olduğu ərizəsinə əsasən xx.xx.2025-ci il tarixdə işdən azad etməsi və bunu iddiaçıya şəxsən elan etməsi, ona görə də iddiaçı üçün hüququnun pozulduğunu bildiyi günün xx.xx.2025-ci il tarixi olduğu və iddia müddəti axımının da həmin gündən başlaması barədə mülahizələri (apellyasiya şikayətinin dəlilləri) əsassız və qəbulolunmazdır. Belə ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri yazılı formada rəsmiləşdirilməli və elektron informasiya sistemində yerləşdirilməlidir. Ya da işçinin işdən çıxarılması işəgötürən tərəfindən sənədləşdirilmədən onun əmək fəaliyyətini davam etdirməsinə bilə-bilə qəsdən maneə yaradılmasında ifadə olunmalıdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür... Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron informasiya sisteminə Şabran rayonunun Şabran Bələdiyyəsində mühasib vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli 05 nömrəli əmrə əsasən xitam verilməsi barədə bildiriş (məlumat) yerləşdirməsinə dair sənəd (çıxarış) təqdim etsə də, lakin həmin əmrin surətinin işçinin (iddiaçının) elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyini və bu barədə onun məlumatlandırıldığını (elektron poçt və (və ya) SMS vasitəsilə) təsdiqləyən sübutlar təqdim etməmişdir. Ona görə də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 05 nömrəli əmrə dair məlumatın xx.xx.2025-ci il tarixdə elektron informasiya sisteminə yerləşdirilməsi bu tarixdən iddiaçının həmin əmrdən xəbərdar olması anlamını hələ ehtiva etmir... İddiaçının apellyasiya baxışı iclasında verdiyi izahatına görə o, Novruz bayramı ərəfəsində işdən azad olunması barədə ərizə verdiyi vaxtdan artıq 1 aya yaxın müddət keçməsindən və işinə qaytarılacağı ilə bağlı ona verilmiş vədə hələ də əməl olunmadığından narahat olub 18 mart 2025-ci il tarixdə Bələdiyyənin inzibati binasına getmiş, orada işdən çıxarılması barədə əmr verildiyini bilmiş və əmrin surətini tələb etmiş, çox israr edəndən sonra ona növbəti gün gəlib əmrin surətini götürməsi deyilmiş, əmrin surətini yalnız 19 mart 2025-ci il tarixdə ala bilmişdir... Xaçmaz Regional Ədliyyə İdarəsinə Şabran bələdiyyəsi tərəfindən verilmiş məlumatda da İddiaçı (iddiaçıya) işdən azad olunması barədə əmrin surətinin xx.xx.2025-ci il tarixdə təqdim edildiyi bildirilmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə müvafiq olaraq İddiaçı əmək hüququnun pozulmasını bildiyi (aşkar etdiyi) günü xx.xx.2025-ci il tarixdən hesablamaqda və onun iddia müddətini ötürmədən məhkəmədə iddia qaldırması qənaətinə gəlməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-545/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh Şabran rayonu Şabran bələdiyyəsi (vəkil-nümayəndə Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-545/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar