Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1317/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(012)-3115/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 313-K nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun "xxxx" MMCnin Nəqliyyat şöbəsinin sürücüsü (yük avtomobili) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, təxminən 2022-ci ilin yayından xx.xx.2024-cü il tarixinə kimi "xxxx" MMC-nin Nəqliyyat şöbəsində sürücü vəzifəsində işləmiş və **-AC-*** dövlət qeydiyyat nömrəli, “Hyundai H72” markalı yük avtomobilini idarə etmişdir. İşlədiyi müddət ərzində hər hansı intizam pozuntusuna yol verməmiş, vəzifəsi üzrə üzərinə düşən öhdəliklərini tam icra etmişdir. Təxminən 2024-cü ilin sentyabr ayının əvvəllərində qarajda məsul vəzifə tutan Şahid onu yanına çağıraraq onun idarə etdiyi maşının satışa çıxarıldığını və həmin maşın satıldıqdan sonra yeni maşının alınaraq onun istifadəsinə veriləcəyini demişdir. Bundan sonra təxminən 20 gün işə gedib gəlməsinə baxmayaraq, maşının hələ də qarajda olduğunu görmüşdür. Daha sonra Şahid ona “başına çarə qıl, get özünə başqa iş tap” demişdir. O da Şahid 3 aylıq əmək haqqı məbləğində kompensasiya verilməsini tələb etmiş, Şahid isə qanunda belə normanın nəzərdə tutulmadığını, lakin rəhbərliklə maraqlanıb ona bildirəcəyini demişdir. 2 gün sonra Şahid ona daha işə gəlməməsini bildirmiş, o da daha ofisə getməmişdir. 1 həftə sonra ofisə getdikdə ona işdən çıxarıldığı bildirilmiş, kimin onu işdən çıxartdığını soruşduqda katibə işləyən Aysel xanım işdən çıxarılma səbəbini bilmədiyini, Şahid sözü ilə onun işdən çıxarıldığını bildirmişdir. O, Şahid ilə danışmaq üçün qaraja getdikdə Şahid onu təhqir edərək oradan getməsini bildirmiş, o, şikayət edəcəyini bildirdikdə isə Şahid “kimə istəyirsən, get şikayət et” demişdir. Ofisə qayıtdıqda əmək kitabçasını və işdən çıxarılması bardə əmri ona vermişdirlər. Əmri oxuduqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığını bilmişdir. O, həmin vaxt bu maddənin mahiyyətini başa düşməmişdir. 1 gün sonra Şahid ilə danışdıqda ona 3 övladının olduğunu və banka kredit ödədiyini bildirərək işdən çıxarılma əsasının dəyişdirilməsini xahiş etmişdir. Lakin Şahid bu maddənin gələcəkdə işə düzəlməsində hər hansı problem yaratmayacağını ona demişdir. Daha sonra tanışlardan maraqlandıqda bu maddə ilə işdən çıxarılmasının gələcəkdə işə düzələcəyi zaman onun üçün problem yaradacağını bildirmişdir. Onlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə, Əmək Məcəlləsinin 294-cü maddəsinə və “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq mediasiya prosesindən keçmiş, lakin qarşı tərəf işə bərpa, əmrin ləğvi tələbinə dair mübahisə üzrə 07 noyabr 2024-cü il tarixdə keçirilən X2 iştirak etmədiyi üçün iclas baş tutmamışdır. Qeyd olunanlardan dolayı o, Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan əvvəl də mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olmuşdur. Məhkəmə baxış iclası zamanı cavabdehin nümayəndəsi onun işə bərpa olunacağını bildirmişdir və bununla bağlı məhkəmə iclasının video-audio yazısına dair qeydlərdə də məlumat vardır. O da cavabdehin nümayəndəsinə inanaraq məhkəmə iclasında mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizə yazmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-833/2025 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Cavabdehin nümayəndəsi ona Novruz bayramından sonra işə çağırılacağını bildirmiş, lakin bayramdan sonra onunla əlaqə saxlanılmadığından o, özü şirkətə getmiş, ancaq Əlövsət adlı şirkətin əməkdaşı onun işə bərpa edilməyəcəyini bildirmişdir. Həmin şəxsin “Whatsapp” proqramı ilə ona göndərdiyi səs yazıları da mövcuddur. Beləliklə, qarşı tərəf onu aldatmış, özlərinin haqsız olduğunu bildiklərindən onun işə bərpa olunacağına dair yalan vəd verərək mülki işə baxılmamasına dair ərizə yazmasına nail olmuşdurlar. Bu səbəbdən o, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. “İşçinin iş yerində olmaması haqqında” 14 sentyabr 2024-cü il tarixli, 01 nömrəli; 16 sentyabr 2024-cü il tarixli, 02 nömrəli; 17 sentyabr 2024-cü il tarixli, 03 nömrəli və 18 sentyabr 2024-cü il tarixli, 04 nömrəli aktların təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-nin Nəqliyyat şöbəsinin sürücüsü (yük avtomobili) İddiaçı 14 sentyabr 2024cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək heç bir üzrlü səbəb olmadan, heç bir məlumat vermədən əmək funksiyalarının icrası üçün iş yerinə gəlməmiş, işçi ilə mobil telefon vasitəsilə əlaqə yaradılmış, amma işçi telefon zənglərinə cavab verməmiş və bu faktı "xxxx" MMC-nin Nəqliyyat şöbəsinin rəis müavini Şahid, Logistika şöbəsinin Logistika mütəxəssisi X7, İnsan Resursları, Ümumi və Hüquqi təminat şöbəsinin hüquqşünası X4, İnsan Resursları bölməsinin aparıcı mütəxəssisi X5 öz imzaları ilə təsdiq etmişdirlər.
5. "xxxx" MMC tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli, 313-K nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-nin Nəqliyyat şöbəsinin sürücüsü (yük avtomobili) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi əmr edilmişdir.
6. "xxxx" MMC tərəfindən X1 ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli Təqdimatın məzmunundan görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq bildirilməsi ilə bağlı müraciət olunmuşdur.
7. Həmkarlar İttifaqı Komitəsinin 18 sentyabr 2024-cü il tarixli Protokolundan görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə Həmkarlar təşkilatı öz razılığını bildirmişdir.
8. "xxxx" MMC tərəfindən elektron kabinet vasitəsi ilə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, 212 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixindən "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmış, "xxxx" MMC-nin bütün hüquq və vəzifələri "xxxx" MMC-yə ötürülmüşdür.
9. "xxxx" MMC tərəfindən təqdim edilmiş İddiaçı müəssisənin davamiyyət proqramındakı məlumatlara dair Arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-dən 18 sentyabr 2024-cü il tarixdə işdən azad edilmişdir. Müəssisənin davamiyyət proqramının arxivi maksimum 3 ay təşkil edir. Bu səbəbdən davamiyyət proqramından çıxarış almaq mümkün deyildir.
10. 2024-cü ilin sentyabr ayı üzrə iş vaxtı tabelindən görünür ki, İddiaçı adı qarşısında 14,16,17,18 sentyabr 2024-cü tarixlərdə Akt qeydi aparımışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Abşeron Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(012)-3115/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin 313-K nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun "xxxx" MMC-nin Nəqliyyat şöbəsinin sürücüsü (yük avtomobili) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün ona əmək haqqının ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
13. Abşeron Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(012)-3115/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun tərəfindən verilən iddia tələblərinin əsaslı olmasına əhəmiyyət verməmişdir. Qeyd etmək istəyir ki, cavabdeh yalandan sənədlər gətirmişdir ki, guya o, işdə olmamışdır, lakin cavabdeh tərəfindən ona icazə vərəqəsi verilmişdir. Oradan görsənir ki, o, işə cıxmışdır. Ondan ərizə alınmışdır ki, o, işə qayitmağına razıdır və işi dayandırmışlar. Sonra cavabdehin işcisi Şahid onu aldatmış və nəticədə işə bərpa etməmişlər. O, şirkətə getdikdə ona bildirmişlər ki, onlarlıq deyil, Abşeron Rayon Rəhkəməsinə ərizə versin, o da ikinci dəfə məhkəməyə iddia verməyə məcbur olmuşdur. Məhkəmə iclasında üzləşmə olanda Şahid ona heç bir cavab verə bilməmişdir. Belə ki, o, həmişə işdə nizam-intizam qaydalarına əməl etmişdir. Əmr üzrə onun aldadılmağı ilə bağlı kifayət qədər sübutlar vardır. Göründüyü kimi o, həmişə işə vicdanla yanaşmış, öz üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Himayəsində üç nəfər azyaşlı uşaqları vardır. Qətnamədə onun haqlı iddia tələbinin təmin edilməməsi bir cümlə ilə onunla əsaslandırılmışdır ki, “İddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də, lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş”. Lakin məhkəmə nəzərə almamışdır ki, işciyə icazə vərəqəsinin verildiyi və işcinin aldadılması ilə bağlı faktlar mövcüd olduğu halda, bu işcinin işdən azad edilməsi ücün əsas ola bilməz. Cavabdeh isə özü də tutarlı sübutlar təqdim edə bilməmişdir, yalandan sənəd gətirmişlər ki, guya o, işdə olmamışdır. Belə ki, işəgötürən tərəfindən buna görə intizam tənbehi verilə bilərdi və yalnız intizam tənbehindən nəticə cıxarmadıqda 6 ay ərzində təkrar əmək funksiyasını pozduqda işcinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilə bilərdi. Bu işdə isə belə olmamışdır, intizam tənbehi verilmədən və 6 ay gözləmədən dərhal onun barəsində 313-K nömrəli, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmr verilmişdir. Bu isə qanunla yolverilməzdir. Lakin buna baxmayaraq məhkəmə onun əsaslı iddiasını təmin etmək əvəzinə iddianı təmin etməmişdir, formal mülahizələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığı ondan ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, onun iddiaçı olaraq cavabdehə qarşı iddia tələbləri tamamilə əsaslıdır, məhkəmə həmin hallara göz yümmuşdur, sanki görməmişdir, onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən aldadılmışdır, cünki təxminən 2024cü ilin sentyabr ayının əvvəllərində qarajda məsul vəzifə tutan Şahid onu yanına çağıraraq idarə etdiyi maşının satışa çıxarıldığını və həmin maşın satıldıqdan sonra yeni maşının alınaraq onun istifadəsinə veriləcəyini demişdir. Bundan sonra təxminən 20 gün işə gedibgəlməsimə baxmayaraq, maşının hələ də qarajda olduğunu görmüşdür. Daha sonra Şahid ona “başına çarə qıl, get özünə başqa iş tap” demişdir. O da Şahid 3 aylıq əmək haqqı məbləğində kompensasiya verilməsini tələb etmiş, Şahid isə qanunda belə normanın nəzərdə tutulmadığını, lakin rəhbərliklə maraqlanıb ona bildirəcəyini demişdir. 2 gün sonra Şahid ona daha işə gəlməməsini bildirmiş, o da daha ofisə getməmişdir. 1 həftə sonra ofisə getdikdə onun işdən çıxarıldığı bildirilmiş, kimin onu işdən çıxardığını soruşduqda katibə işləyən Aysel xanım işdən çıxarılma səbəbini bilmədiyini, Şahid sözü ilə onun işdən çıxarıldığını bildirmişdir. O, Şahid ilə danışmaq üçün qaraja getdikdə Şahid onu təhqir edərək oradan getməsini bildirmiş, o, şikayət edəcəyini bildirdikdə isə Şahid “kimə istəyirsən, get şikayət et” demişdir. Məhkəmə nəzərə almamışdır ki, işciyə icazə vərəqəsinin verildiyi və işcinin aldadılması ilə bağlı faktlar mövcüd olduğu halda bu işcinin işdən azad edilməsi ücün əsas ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə görə işçiyə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Belə izahat nəinki alınmamış, ümumiyyətlə belə bir izahat verilməsi təklif edilməmişdir. Qanunun mənasına görə isə iddiaçıdan işdən azad etmə səlahiyyəti olan işəgötürən yazılı formada izahat verilməsini tələb etməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə görə Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işəburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Ona görə də qətnamədə Azərbaycan Respublikasi MPM-nin 77.1-ci maddəsinə istinad edilərək onun iddia tələbinin əsaslılığını sübut edə bilməməsi qənaətinə gəlinməsi də tamamilə əsassızdır. Yuxarıda qeyd olunanlardan görünür ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. 1-ci instansiya məhkəməsi tərəfindən subutlar tam araşdırılmamışdır. Belə ki, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ondan ibarətdir ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. Cavabdeh tərəfindən gətirilmiş dəlillər onun tərəfindən əmək funksiyasının kobud şəkildə pozulmasını sübut etmir. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ondan ibarətdir ki, məhkəmə iddia verilərkən yalnız cavabdehin mövqeyindən çıxış etmişdir, iddiaçının mövqeyi ilə maraqlanmamışdır və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
17. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Maddə 71. (İ və İİ hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. (3-cü hissə) İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. a) Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 84. (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 296. (2-ci hissə) Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissə Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə işçi İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İddiaçı "xxxx" MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 14,16,17,18 sentyabr 2024-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan əmək funksiyalarının icrası üçün iş yerinə gəlməmişdir. Bundan sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinə qanuni əsas olmadığını iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
25. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilməmişdir.
26. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir.
27. Məhkəmə qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
29. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində mübahisələndirilən hallar formal olmaqla nəticə etibarı ilə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
30. Məhkəmə kollegiyasının qənatincə iddiaçının heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi cavabdeh tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur. Qanunvericiliyin tələbinə görə heç bir üzürlü səbəb olmadan işçinin işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir ki, bu hal da Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin dispozitiv şərtləri ilə uzlaşır.
31. Kollegiya qeyd edir ki, apellyator qeyd olunan tarixlərdə işdə olduğunu bildirsə də cavabdeh tərəfindən təqdim edilən sübutları təkzib edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir.
32. Apellyatorun əsas dəlillərindən biri də ona icazə vərəqəsinin verilməsi ilə bağlıdır.
33. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş İcazə vərəqəsindən görünür ki, sürücü İddiaçı 10 sentyabr 2024-cü il tarixdə 5 saat müddətinə şəxsi işlə bağlı icazə verildiyi göstərilir. Lakin həmin icazə vərəqəsi işəgötürən tərəfindən imzalanmamış, nə də möhür vurulmamaşdır. Bu isə həmin sənədin mötəbər sübut kimi qəbul edilməsini istisna edir.
34. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisə düzgün həll edilmişdir. Odur ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(012)-3115/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2(012)-3115/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.