Məhkəmə qərarları › İş №2(105)-132/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-132/2022

23.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-132/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 və onlarla yaşayan ailə üzvlərinin ünvan 1 ünvanındakı mənzildən çıxarılması və mənzilin boşaldılması, iş üzrə ödənilmiş 8 manat dövlət rüsumu və 14 manat notariat xərcin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı ASC "Xalq" Banka ödənilməsi, dövlət rüsumunun 2 manatı və notariat xərcinin 1 manatının iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC "Xalq" Bankı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər 1 ay müddətində mülkiyyət hüququ ilə Banka məxsus olan Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 74A ünvanında 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59,7 kv.metr ümumi, 37,4 kv.metr yaşayış, 22,3 kv.metr yardımçı sahədən ibarət olan 15 nömrəli mənzildən çıxarılmaları və mənzilin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq ASC «Xalq» Bankına təhvil verilməsi, 10 manat məbləğində dövlət rüsumunun və 15 manat notariat xərclərinin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 74A ünvanında 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59,7 kv.metr ümumi, 37,4 kv.metr yaşayış, 22,3 kv.metr yardımçı sahədən ibarət olan mənzilə tutma yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra icraatı qaydasında «X3» MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Mənzilin alqı-satqısı Hərrac təşkilatçısı, Xaçmaz rayon İcra və probasiya şöbəsi və iddiaçı tərəfindən imzalanmış hərrac təşkilatçısının hərracın yekunları barədə 180 nömrəli protokolu və iddiaçı ilə hərrac təşkilatçısı arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına dair dövlət reyestrindən çıxarış verilmişdir. Bankın mənzil üzərində mülkiyyət hüququnu əldə etməsindən 6 aydan çox müddət keçməsinə baxmayaraq, Bank bu günədək mənzilə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. Cavabdehlərin qeyd olunan evdə yaşamaları mülkiyyətçinin mülkiyyət hüquqlarını pozur, bank faktiki olaraq həmin yaşayış evindən istifadə edə bilmir. Mənzilin könüllü boşaldılması barədə cavabdehlərə edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə prosesində iştirak etmiş, lakin qətnamədə onun iştirakı qeyd olunmamışdır. Hazırkı pandemiya dövründə, respublika ərazisində yaranmış karantin rejimi ilə əlaqədar olaraq obyektlərin və sexlərin bağlanması səbəbindən işlərin dayandıgı və məhdudlaşdıgı bir vaxtda Bankın ödənişini təmin edə bilməmişlər, evi bankdan geri almaq üçün pulu vaxtında çatdıra bilməmişlər. Bununla əlaqədar pandemiya müddəti bitənə qədər məhkəmə işinin dayandırılmasını və onlara vaxt verilməsini xahiş etmişdir. Qətnaməni əldə edəndən sonra ona məlum olmuşdur ki, mübahisəli evdə üç nəfər qeydiyyatda olduğu halda, iddiaçı digər cavabdehlərin çıxarılmasını tələb etmişdir. Məhkəmə tərəfindən onların mülkiyyət hüququnu pozmuşdur. Xaçmaz Rayon Məhkəməsinin çıxardığı 23 fevral 2021-ci il tarixli 2(067)-333/2021 saylı qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi N.F.Bədirxanov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan evin könüllü şəkildə boşaldılmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh7 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 30.03.2020-ci il tarixli, reyestr nömrəsi **********23-05101- 093013 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 74A ünvanında 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59,7 kv.metr ümumi, 37,4 kv.metr yaşayış, 22,3 kv.metr yardımçı sahədən ibarət olan 15 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə ASC "Xalq" Bankın mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olan hərracın yekunları barədə 180 nömrəli protokoldan müəyyən olunur ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 74A ünvanında 5-ci mərtəbədə yerləşən 4 otaqlı, 59,7 kv.metr ümumi, 37,4 kv.metr yaşayış, 22,3 kv.metr yardımçı sahədən ibarət olan 15 nömrəli mənzilin yeni mülkiyytçisi, hərracın qalibi ASC "Xalq" Bank olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6 Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 74A ünvanında pasport qeydiyyatındadırlar. Məhkəmə kollegiyası cavabdehin pandemiya ilə əlaqədar Banka olan borcun ödəyə bilməməsi ilə əlaqədar olaraq məhkəmə tərəfindən qanunsuz qətnamə qəbul edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının İpoteka haqqında qanunun 59-cu maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasəen daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilşməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(004)-3955/2021 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh7 cavabdeh "xxxx" ASC-nə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Həmin qət apellyasiya və kassasiya qaydasında baxılaraq, dəyişdirilmədən saxlanılmışdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh7 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 23 fevral 2021-ci il tarixli 2(067)-333/2021 nömrəli qətnaməsi Cavabdeh7 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar