Məhkəmə qərarları › İş №2(105)-1322/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1322/2023

01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1322/2023 01.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X16 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, ərizəçi X2 nümayəndə və vəkili Vəkil2, qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 MMC-nin nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, əizəçi X2 Maraqlı şəxs1nə qarşı əmlaka sahiblik, istifadə və sərəncam verməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-770/2015 saylı, 22 may 2015-ci il tarixli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi X4 Maraqlı şəxs1nə qarşı əmlaka sahiblik, istifadə və sərəncam verilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Quba şəhəri, T.Əhmədov küçəsində X13 ərazisində ona məxsus 54 kv.m. torpaq sahəsində kommersiya məqsədi ilə tikdiyi qeyri-yaşayış binasına sahiblik, istifadə və sərəncam verilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul etilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-770/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Quba şəhəri, T.Əhmədov küçəsində yerləşən sahəsi 54 kv.metr olan qeyri-yaşayış binasına ərizəçi X2 mülkiyyət hüququ üzrə sahiblik, istifadə və sərəncam verməsinə dair hüquqi əhəmiyyətli faktının müəyyən olunması, qətnamənin, həmin Quba şəhəri, T.Əhmədov küçəsində yerləşən sahəsi 54 kv.metr olan qeyri-yaşayış binasına faktiki ölçülər üzrə X2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi üçün əsas olması qət edilmişdir. Qətnamə ilə maraqlarına toxunan Maraqlı şəxs2 MMC-nin vəkili və nümayəndəsi Vəkil1 Quba Rayon Məhkəməsinin 2(027)-770/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan hallar araşdırılmamış, məhkəmə hərəfindən hüquqla bağlı mübahisə olub-olmaması müəyyənləşdirilməmiş, torpaq sahəsinin faktiki sahibi və istifadəçisi olan "xxxx" Kiçik Müəəsisəsi MMC maraqlı şəxs qismində işə cəlb edilməmiş, onun məlumatı olmadan ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. Həmçinin iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs1 də faktiki iştirakı təmin edilməmişdir. Göründüyü kimi məhkəmə sadəcə ərizəçinin bildirdiyi məlumatlar əsasında "xxxx" Kiçik Müəssisəsi MMC-nin qanuni mənafelərini pozan və qanuna zidd qətnamə qəbul etmişdir. Məhkəmə işə baxarkən hüquq haqqında mübahisə olmasının real olmasını görsə də onu heç bir formada aydınlaşdırmamış və qərəzli şəkildə aşkar edilməməsi üçün "xxxx" Kiçik Müəssisəsi MMC-ni işə cəlb etməyərək ondan xəbərsiz qətnamə qəbul etmişdir. Halbuki baxılan işdə nəzərdə tutulan hüquq mübahisəli olmuşdur. Sırf bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmişdir. Hüquq haqqında mübahisə olmasaydı ərizəçinin məhkəməyə müraciət etməsi də mümkün olmazdı. Bundan başqa ərizəçi qeyd edilən sənədi başqa formada əldə edə bilmədiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu özü də hüquq haqqında mübahisə olduğunu göstərən xüsusatdır. Qətnamədən görünür ki, ərizəçi ümumiyyətlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi şöbəsinə müraciət etməmişdir. Çünki müraciət edəcəyi təqdirdə "xxxx" Kiçik Müəssisəsinin razılığı tələb olunacaqdı. Belə razılıq olmadığnı bildiyi üçün ərizəçi məhkəməyə müraciət etmiş və "xxxx" Kiçik Müəssisəsinin məlumatı olmadan mülki işə baxılmasına nail olmuşdur. Məhkəmənin qətnaməsindən də görünür ki, ərizəçi X4 özü məhkəməyə müraciət edərkən qeyd etmişdir ki, "xxxx" Kiçik Müəssisəsinin ərazisində ona məxsus torpaq sahəsində tikdiyi qeyri-yaşayış binasına hüquqi əhəmiyyətli faktın tanınmasını xahiş etmişdir. Yəni ərizəçinin ərizəsində göstərdiyi dəlillər özü ziddiyyətli olmuşdur. Belə ki o həm torpaq sahəsinin özünə məxsus olduğunu, həm də həmin torpağın "xxxx" Kiçik Müəssisəsinin ərazisində yerləşdiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə "xxxx" Kiçik müəssisəsini işə maraqlı şəxs qismində cəlb etməmiş və "xxxx" Kiçik Müəssisəsinin faktiki sahiblik və istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına sahiblik, istifadə və sərəncam verilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktı tanımışdır. Halbuki həmin torpaq sahəsi faktiki olaraq "xxxx" Kiçik Müəssisəsinin ərazisi ola-ola həmin əraziyə və hüquqa dair tərəflər arasında mübahisə olub-olmamasını dəqiqləşdirməmişdir. Həmçinin 54 kv.m. torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına çıxarış verilməsi üçün faktiki olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə göstəriş versə də həmin idarəni də maraqlı şəxs qismində işə cəlb etməmiş və hüquq haqqında mübahisə olubolmamasını araşdırmamışdır. Göründüyü kimi məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan heç bir faktiki halı aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında qətnamə ilə maraqlarına toxunan şəxs "xxxx" Kiçik Müəssisəsi” MMC-nin nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, təmsil etdiyi təşkilat tərəfindən Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən hazırki qətnamənin mövcudluğundan və qətnamə əsasında alınmış çıxarışdan məlumat olub, bundan sonra qətnamə məhkəmədən götürülüb. Məhkəmə qətnaməsində mübahisəli torpaq sahəsinin təmsil etdiyi təşkilata məxsus olmasını göstərsə də onu məhkəmə iclasına cəlb etməyib, onun iştirakı olmadan yalnız ərizəyə əsasən işə baxıb. Mübahisəli torpaq sahəsi təşkilat tərəfindən 2002-ci il tarixli müqavilə əsasında icarə əsası ilə istifadə edilmiş, 2014-cü il tarixdə də yeni icarə müqaviləsi bağlanmışdır. Məhkəmə təşkilatı işə cəlb etsə idi həmin müqavilə təqdim edilərdi. Odur ki, Quba Rayon Məhkəməsinin 2(027)-770/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ərizəçi X2 nümayəndə və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, torpaq sahəsi dövlət mülkiyyətidir, torpaq sahəsində ərizəçidən başqa şəxslər də var. Ərizəçi torpaq sahəsi üzərində 48,3 kv.metr tikinti tikib. Qətnamə əsasında 2017-ci il tarixdə çıxarış alınıb. Hazırki qətnamə ilə ərizəçiyə istifadə və sahiblik hüququ verilib. Həmin torpaq sahəsinin şikayət verən təşkilata məxsus olmsına dair sübut yoxdur, ərizəçinin obyektinin təşkilata icarəyə verilmiş torpaq sahəsinə düşübdüşməməsi də aydınlaşdırılmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydad məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, ərizəçi və maraqlı tərəfin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçinin uzun müddətdir ki tanıyir, 15 ildən artıqdır ki, Quba şəhəri, T.Əhmədov küçəsində aptek binası tikib istifadə edir, hamı bilir ki, aptekin sahibi Bahəddinov Bahəddindir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 bildirmişdir ki, ərizəçinin uzun müddətdir ki tanıyir, 15 ildən artıqdır ki, Quba şəhəri, T.Əhmədov küçəsində aptek işlətdiyini bilir. Həmin apteki öz vəsati hesabına tikmişdir, hazırda da istifadə edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 bildirmişdir ki, onun bazar ətrafında mağazası var, Bahəddin də 15 ildən artıqdır ki, həmin ərazidə aptel binası tikərək istifadə edir. İş materiallarında olan "xxxx" Kiçik Müəssisəsinin direktoru ilə Ərizəçi arasında bağlanmış 11 fevral 2022-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, "xxxx" Kiçik Müəssisəsi 54 kv.metr torpaq sahəsini 11 fevral 2002-ci il tarixdən 20 il müddətinə, yəni xx.xx.2022-ci il tarixinə kimi illik icarə haqqı 54000 (köhnə) manat icarəyə vermişdir. İş materiallarından olan eksiz layihədən görünür ki, Quba şəhəri, T.Əhmədov küçəsində yerləşən "xxxx" kiçik müəssisəsinin ərazisində olan X3 məxsus olan aptekin ümumi sahəsi 54 kv.metrdir. Həmin tikilinin bünövrəsi butabeton, divarkarı kubik mişar daşından, arakəsmələri bişmiş kərpic, aliminum, plastik materialları, dam örtüyü dəmir təbəqələr və taxta-metal konstruksiyalı materiallardan ibarətdir. İş materiallarında olan qəbzlərdən görünür ki, X1 şəhərində yerləşən aptekin istifadəsi üçün qanunla müəyyən edilmiş qaydada vergi ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçi mübahisəli torpaq sahəsini 20 illik icarəyə götürərək qeyri-yaşayış sahəsi tikmiş, 2002-ci ildən hazəradək tikiliyə sahibılik və istifadə hüququnu həyata keçirir, qeyri-yaşayış binasına görə vergiləri ödəyir və qeyri-yaşayış binası faktiki olaraq onun sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi fakt hüquqi əhəmiyyətli (hüquqi nəticələrə səbəb olan) fakt deyildirsə, onun ərizəsi icraata qəbul edilə bilməz. Ona görə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən məhkəmə müdafiəsindən istifadə edilməsinin məqsədi fiziki və hüquqi şəxslərin öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etməkdir. Beləliklə belə ərizələrin qəbul edilməsi məhkəmə baxışını məzmunsuz (predmetsiz) etmiş olardı. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsi qətnaməsində ərizəçinin üzərində sahiblik, istifadə və sərəncam verməsi hüququnun müəyyən edilməsini tələb etdiyi torpaq sahəsinin ərizəçi tərəfindən icarə müqaviləsi əsasında "xxxx" kiçik müəssəsindən icarəyə götürdüyünü qeyd etsə də, "xxxx" kiçik müəssəsini işə cəlb etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuş, nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin normalarının tələblərinə baxmayaraq, iş materallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən "xxxx" kiçik müəssəsinə məhkəmə iclasları barədə məlumat göndərməmişdir. İşə əlavə edilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki. Quba şəhəri, 29cu məhəllə ünvanında 1,50 ha, ümumi sahəsi 2454,4 kv.metr olan torpaq sahəsi dövlət mülkiyyətindədir, ticarət obyekti isə xüsusi mülkiyyətdədir. Ərizəçin üzərində sahiblik istifadə, sərəncam vermək faktının müəyyən edilməsini xahiş etdiyi torpaq sahəsi də "xxxx" kiçik müəssəsi ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında ərizəçiyə icarəyə verilmiş torpaq sahəsidir. Hazırda "xxxx" kiçik müəssəsini birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə müəyyən etdiyi faktı mübahisələndirilmişdir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, ərizəçi ərizəsində qeyri-yaşayış binasına sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsini xahiş etsə də, həmin halın başqa qaydada müəyyən edilməməsini əsaslandırmamış, eyni zamanda həmin halın müəyyən edilməsi üçün müvafiq orqanlara müraciət etməsi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda hazırki mülki işə xüsusi icraat qaydasında baxılması qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, "xxxx" kiçik müəssəsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə müəyyən etdiyi faktı mübahisələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən ərizəçinin torpaq sahəsini icarəyə götürdüyü müəssisəni işə cəlb etməmiş, həmin torpaq sahəsinə dair hər hansı mübahisənin olub-olmamasını araşdırmamış, hüquq haqqında mübahisənin olduğunu müəyyən etsə də buna əhəmiyyət verməyərək işə mahiyyəti üzrə baxmış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəni bu qaydada həll edən birinci instansiya məhkəməsi qanunun tətbiqində səhvə yol vermiş və bunun nəticəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beləliklə də işə məhkəmədə baxılarkən hüquqi əhəmiyyətli olan faktın tanınmasının hüquq haqqında mübahisə olduğu müəyyən olunmuş və buna görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən prosessual hüquq normasının tələbinə əsasən hazırkı işə xüsusi icraat qaydasında baxıla bilməz və ərizəçi ümumi əsaslarla iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və işdə iştirak edən ərizəçiyə, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-770/2015 saylı, 22 may 2015-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qeyd edilən qətnaməsi əsasında Ərizəçi adına Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən 48,3 kv.metr daşınmaz əmlaka mülkiyyət hüququna dair RX seriyalı, ******* nömrəli xx.xx.2017ci il tarixli Çıxarış alınmışdır. Həmin çıxaırşın verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanıldığı üçün icrada dönüş edilməli, çıxarış ləğv edilməlidir. Mülki-Prosessual Məcəllənin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən 48,3 kv.metr daşınmaz əmlaka dair Ərizəçi adına xx.xx.2017-ci il qeidyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilməlidir. Mülki-Prosessual Məcəllənin 402.2.1-402.2.5-ci maddələrinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-770/2015 saylı, 22 may 2015-ci il tarixli qətnaməsi ləğv olunsun. Ərizəçi X2 Maraqlı şəxs1nə qarşı əmlaka sahiblik, istifadə və sərəncam verməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Quba Rayon Məhkəməsinin 2(027)-770/2015 saylı, 22 may 2015-ci il tarixli qətnaməsi ləğv edildiyindən icrada dönüş edilsin. Quba şəhəri, Tofiq Əhmədov küçəsində yerləşən 48,3 kv.metr daşınmaz əmlaka dair Ərizəçi adına verilmiş xx.xx.2017-ci il qeidyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar