Məhkəmə qərarları › İş №2(105)-1322/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1322/2024

14.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1322/2024 14.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağakişiyeva Lətafət Almazxan qızının katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(012)-202/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(012)-202/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019cu il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin 0.0050 ha (50 kv.metr) hissəsində tikilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və Cavabdeh əşyaları ilə birlikdə torpaq sahəsindən çıxarılması, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100,40 manat (bir yüz manat qırx qəpik) pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun ailə üzvlərinin, cavabdehlə birlikdə yaşayan digər şəxslərin bütün əmlakları (məişət əşyaları, istehsal vasitələri, heyvanlar və sair daşınar əşyaları) ilə birlikdə onun tam mülkiyyətində olan Hüquqların dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən 23 oktyabr 2019-cu il tarixli **********41 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli torpaq sahəsindən çıxarılması, onun tərəfindən tikilmiş qanunsuz tikilinin (həmçinin qanunsuz çəkdiyi elektrik xətti də daxil olmaqla) cavabdehin hesabın sökülməsi (qanunsuz olaraq yararsız hala saldığı elektrik xəttinin bərpası təmin edilməklə), ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumu əvəzinin cavabdehdən tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o və həyat yoldaşı Elçin övladlarlarının gələcəyi üçün torpaq sahəsi almaq niyyətinə düşmüşdülər. Bununla əlaqədar olaraq həyat yoldaşı Elçin internet üzərindən Abşeron rayonu, Qobu qəsəbəsində torpaq elanı görmüş və elanı yerləşdirən şəxslə telefon vasitəsi ilə əlaqə saxlamış, bir-neçə gün sonra həmin insanla görüşmüşdür. Görüş əsnasında torpaq sahəsinin sənədləri ilə tanış olan yoldaşı heç bir problemin olmadığını müəyyən etdikdən sonra elanı yerləşdirən şəxslə birlikdə torpaq sahəsini əyani görmək üçün Qobu qəsəbəsinə yola düşmüşdür. Torpaq sahəsini ümumi müşahidə edərkən, eyni zamanda yoldaşı tərəfindən dəvət edilmiş Abşeron rayonu üzrə Daşınmaz Əmlakın nümayəndəsi tərəfindən torpaq sahəsinin koordinatlarının faktiki sahə ilə uyğunluğunun tutuşdurulması zamanı yoldaşı 6 metrin əskik olduğunu, normalda 20x20 metr olan sahəsinin 6 metrini (1.2 sot) qonşunun zəbt etdiyini müəyyən etmiş və bununla bağlı öz iradını satıcıya bildirmişdir. Torpaq sahəsini almaq fikrindən daşınmaq ərəfəsində olarkən bu səfər 6 metr torpaq sahəsini qanunsuz öz torpaq sahəsinə qatan və ev tikən qonşu, hazırkı iddia üzrə Cavabdeh həyat yoldaşı Elçinə bildirmişdir ki, “sən bu torpaq sahəsini al, heç bir problem yoxdur, mən zəbt etdiyim ərazidən çıxacam və ya zəbt etdiyim ərazinin dəyərini sənə ödəyəcəm, ümumiyyətlə mənim əlim hər yerə girir, necə desən elə də edəcəyik”. Həyat yoldaşı Elçin ilə Cavabdeh arasında olan bu şifahi razılıqdan sonra Elçinlə birlikdə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini satın aldılar (torpaq sahəsinin çıxarışı qoşmada əlavə edilib). Bir neçə gün keçdikdən sonra cavabdehlə danışıq aparan zaman cavabdeh verdiyi sözləri danmaqla yanaşı, həyat yoldaşını təhqir etmiş, belə bir razılığın olmadığını, "demişəmsə deməmiş olum" kimi ifadələr işlətməklə belə bir fikirdə qəti şəkildə olmadığını vulqar ifadələrlə bildirmişdir. Bundan sonra oğlu həmin torpaq sahəsində ev tikmək qərarına gəlir, bu zaman yenə Yulət adlı şəxs "Mən naxçıvanlıyam, nə dövlət tanıyıram, nə qanun, sənə torpağlarımı verməliyəm?" kimi ifadələrlə həm tikintiyə mane olur, bununla yanaşı dayanmadan yoldaşının və oğlunun dini əqidəsini təhqir edir və onu başqa hərəkətlər etməyə təhrik edirdi. Əlavə olaraq istifadə etdikləri elektrik xəttindən özünə qeyri-qanuni elektrik naqili çəkməklə də onun mülkiyyət hüququnu bir daha pozmuşdur. Bu uzun surən sıxıntılar və Cavabdeh tərəfindən yaradılan qanunsuz maneələrə 2 ildən artıq dözsələr də, artıq hədəqədən çıxmış, bu adam barəsində dövlətin müvafiq orqanlarının tədbirlər görməsinin lazım olduğu qənaətinə gələrək, qanunsuz zəbt etdiyi topraq sahəsi hissəsindən çıxarılması, tikdiyi qanunsuz tikilinin isə öz hesabına sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa məcbur olublar. Cavabdehə dəfələrlə xəbərdarlıq etmələrinə, eləcə də polisə şikayət etmələrinə baxmayaraq, o həmin ərazidən çıxmamış və qanunsuz fəaliyyətinə davam etmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqları kobud şəkildə pozulmaqdadır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-202/2024 saylı qətnaməsinin ləğv edilib apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin əsl cavabdehlə əvəz edilməsini, təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsini, eskpertizada onların iştirakının təmin edilməsini, həmçinin fors-major hal kimi ərazinin sürüşmə zonası olmasının nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə razı deyil, ekspertiza onun iştirakı ilə keçirilməmişdir. Abşeron rayonunda bütün torpaqlarda sürüşmə var. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 43 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli etibarnaməsindən də görünür ki, X3 həmin etibarnamə ilə ona “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 Abşeron Ərazi İdarəsindən verilmiş çıxarışa əsasən Abşeron rayon, Qobu qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsindən istifadə etməyi, tikinti işləri aparmağı, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka, girov qoymağı, dəyişməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 80 il müddətinə verilmiş və xx.xx.2093-cü ilədək qüvvədədir. Avropa Məhkəməsinin də presedentlərindən görünür ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. İddia tələbinin onun, ailə üzvlərinin torpaq sahəsindən çıxarılması hissəsi qeyri-müəyyəndir, yəni ailə üzvlərinin adı göstərilməmişdir, elektrik xəttinin sökülməsi, bərpa edilməsi hissəsi iddiaçı tərəfindən sübut edilməmişdir. Eyni zamanda, sözügedən iddia tələbi üzrə əsl cavabdeh o deyil, həyat yoldaşı olmalı idi, çünki torpaq sahəsi onun adınadır. İş materiallarına əlavə edilmiş çıxarışdan da görünür ki, torpaq sahəsinin mülkiyyətçisi həyat yoldaşı X4r. Digər tərəfdən qeyd edir ki, ekspert rəyi ilə razı deyil, çünki ekspert əraziyə baxış keçirtmədən rəy vermişdir. Həmin ərazidə yaşayış var, lakin ekspertiza keçirilməsi barədə onlara məlumat verilməmiş, bildiriş təqdim edilməmişdir. Həmin evdə yaşayış var. Ekspert gəlsə idi, bundan məlumatlı olardılar. Məhkəmədə də bildirmişdir ki, torpaq həyat yoldaşının adınadır, eyni zamanda təkrar məhkəmə ekspertizasının keçirilməsini istəmişdir. Hətta, məhkəmə iclasının gedişində hakimin qərəzli olduğunu müşahidə edəndən sonra hakimə etiraz təqdim etsələr də, etiraz təmin edilməmişdir. Eyni zamanda, qətnamə tamamilə əsassız mülahizələrlə doludur. Orda göstərilmişdir ki, guya kommunal xətləri qanunsuzdur, halbuki, qanuni sayğaclardan istifadə edir. Eyni zamanda bildirir ki, həmin ərazi sürüşmə zonasına aiddir. İddiaçının torpaq sahəsi yerindədir, əskik deyil, 20x20 m olmaqla 4 sotdur. Ərazi sürüşmə zonasında olduğu üçün hamı bir-birinin yerinə keçmişdir, bu ümumi problemdir. Ümumilikdə hesab edir ki, qətnamə qanunsuz və əsassızdır, çünki torpaq onun adına deyil, həyat yoldaşının adınadır, bu işdə cavabdeh ola bilməz. Həmçinin hesab edir ki, bu iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməlidir, çünki rəylə razı deyillər. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməli və yeni ədalətli qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(012)- 202/2024 nömrəli qətnaməsi qismən - iddianın təmin olunduğu hissədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə rədd edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi X2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, A-4391525 saylı “Torpaq sahəsinin plan və ölçüsü”nün surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində alıcı ilə satıcı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4ə-1840 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilmısinə dair xx.xx.2019-cu il tarixli, 01/37415 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli ********** №-li ərizəsinə və xx.xx.2019-cu il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən ərizəçinin mülkiyyətində (icarəsində, istifadəsində) olan torpaq sahəsi üçün qiymətləndirmə işi aparılmışdır. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixinə bazar dəyəri 4000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 1/6/1567 saylı məktubundan görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********41 reyestr nömrəli çıxarışı ilə Qobu qəsəbəsi ərazisində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş birmərtəbəli fərdi yaşayış evinin (80 m2 ) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəflərindən bu şərtlər daxilində razılaşdırılmışdır: 1.Tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılsın; 2. Tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunsun; 3.Tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH başçısı Aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. Qeyd edilən şərtlər vətəndaş tərəfindən pozularsa, mövcud məlumatlandırma icraatı öz qüvvəsini itirmiş hesab olunsun. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10in 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/7-7488 saylı məktubundan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən İddiaçı torpaq sahəsinin peyk vasitəsi ilə ölçülməsi və qanunsuz tikili barədə müvafiq sənədin hazırlanması ilə bağlı 20.06.203-cü il tarixdə daxil olmuş (daxilolma: **********9) müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerində dəqiqləşməsi ilə bağlı (xidmət haqqı ödənilməklə) müraciət edildiyi təqdirdə ərizənin icrasına tərəflərindən baxılacaqdır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq olunmuş xidmətlərinin tariflərinə əsasən, torpaq sahələrinin koordinatlarının yerində müəyyən edilməsi, 4 xarakterik döngə nöqtəsi üçün 120 manat, əlavə hər döngə nöqtəsi üçün 20 manat nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi F.İbrahimovaya İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin yerinin və koordinatlarının dəqiqləşdirilməsi üçün mütəxəssis ayrılmasına köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10in 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-1292/2024 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 0.0267 ha təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin və tikilisinin koordinatlarının üst-üstə düşən hissəsi 0.0050 ha (50 kv.metr) təşkil edir, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrə çıxarışa əsasən, İddiaçı sənəd üzrə xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan koordinatlara əsasən 0.0083 ha (83 kv.metr) hissəsi digər qonşuların faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizası üzrə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1359 nömrəli ekspert rəyi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X10in 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-2/-3-32/2- 1292/2024 nömrəli mütəxəssis rəyinin nəticələri eynilə təsdiq edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı və cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən qonşu torpaq sahələrinin mülkiyyətçiləridir, onların hər birinin mülkiyyətində 0.04 ha (400 kv.m) torpaq sahəsi vardır. Cavabdeh özünü mülkiyyətçi və əsl cavabdeh hesab etməsə də (torpaq sahəsinə aid reyestr çıxarışı həyat yoldaşının adına olduğu üçün), lakin həyat yoldaşının (iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X2) adına qeydiyyata alınmış 0.04 ha torpaq sahəsi ər-arvadın birgə mülkiyyəti olmaqla eyni dərəcədə onun da mülkiyyəti sayılır. İddiaçı hazırda ona məxsus olan 0.04 ha torpaq sahəsini başqa şəxsdən qanunla müəyyən olunmuş qaydalara əməl etməklə almış, həmin torpaq sahəsi hasar (çəpər) daxilində 0.04 ha ölçüdə olmuşdur. Torpaq sahəsini almamışdan əvvəl “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ PHŞ-nin Abşeron Ərazi İdarəsindən nümayəndə (mütəxəssis) dəvət etmişlər ki, torpaq sahəsinin sənəddəki koordinatlarının faktiki koordinatlara uyğunluğunu yoxlatdırsınlar. Məlum olmuşdur ki, sənəd üzrə olan koordinatlara əsasən iddiaçının almaq istədiyi torpaq sahəsinin bir hissəsi qonşunun (cavabdehin) həyətinə düşür və həmin hissədə tikili də vardır. İddiaçının izahatlarına görə, o və həyat yoldaşı torpaq sahəsini almaqdan imtina etmək istəmiş, lakin cavabdeh problemi hər hansı yolla özü həll edəcəyinə onları əmin etmişdir və onlar cavabdehin sözünə inanıb həmin torpaq sahəsini almışlar. Lakin sonradan cavabdeh verdiyi sözü danmış, onlara zəbt etdiyi torpağın əvəzini verməkdən (ödəməkdən) imtina etmişdir... Cavabdeh isə izahatlarında bildirir ki, o, heç kəsin torpağını zəbt etməmiş, ona həyat yoldaşının adına olan sənəddəki torpaq sahəsi kimi məhz indi faktiki istifadələrində olan torpaq sahəsini ölçüb vermişlər, onun istifadəsində sənəddə olan ölçüdən artıq torpaq sahəsi yoxdur. Vaxtilə torpaq sahələrinin ölçülüb verilməsi zamanı müvafiq mütəxəssislər tərəfindən qeyri-dəqiqliyə, sürüşmələrə yol verilmiş, nəticədə indi həmin ərazidə bütün həyətyanı torpaq sahələrinin sənədlərdəki koordinatları ilə faktiki koordinatları arasında uyğunsuzluqlar mövcuddur, halbuki, neçə illər, hətta on illər bundan əvvəl insanlar onlara verilmiş, ya da sonradan aldıqları torpaq sahələrində evlər tikmiş, təsərrüfatlar yaratmışlar. Hesab edir ki, əgər sənədə əsasən iddiaçının torpaq sahəsinin hər hansı hissəsi onun həyətinə düşürsə, bunda onun təqsiri yoxdur və iddiaçı ondan mübahisəli torpaq sahəsinin, yaxud əvəzinin verilməsini tələb etməkdə haqlı deyildir. İşdə olan mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, tərəflər arasındakı mübahisəli torpaq sahəsi 50 kv.m təşkil edir, həmin torpaq sahəsi cavabdehin istifadəsində olmaqla orada sonuncuya məxsus tikilinin (yaşayış evinin) bir hissəsi yerləşir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi hüquq müəyyənedici sənədə əsasən iddiaçıya məxsusdur, lakin həmin sahə hələ iddiaçıdan əvvəlki mülkiyyətçinin vaxtından cavabdehin sahiblik və istifadəsində olmuş, cavabdeh orada tikinti işləri apararkən mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi buna etiraz etməmiş və sözügedən sahənin ona məxsus olmasını, cavabdehin oranı zəbt etməsini sonuncuya bəyan etməmişdir. İddiaçı da indi mülkiyyətində olan torpaq sahəsini alarkən həmin torpaq sahəsinin bir hissəsinin cavabdehin sahiblik və istifadəsində olduğunu, hətta orada cavabdehə məxsus tikilinin olduğunu bilmiş, buna baxmayaraq, torpaq sahəsini əvvəlki mülkiyyətçisindən qeyd edilən vəziyyətdə almağa razılaşmışdır. İddiaçı tərəfindən məhkəməyə cavabdehin mübahisəli məsələni hər hansı formada (torpaq mübadiləsi və ya kompensasiya ödənilməsi yolu ilə) özü həll edəcəyinə dair üzərinə öhdəlik götürməsi ilə bağlı aralarında razılaşma olduğunu təsdiqləyən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 172.3-cü maddəsinə əsasən, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Həmin Məcəllənin 173.3-cü maddəsinə əsasən, əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Qanunvericiliyin mövqeyindən göründüyü kimi, başqasının mülkiyyət hüququnu pozmaq yolverilməzdir. Bununla belə, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Bu müddəa onu ehtiva edir ki, tikinti başa çatandan sonra həmin tikinti ilə torpaq sahəsinin sərhədi pozulmuş mülkiyyətçi pozucudan (tikinti sahibindən) tikintinin sökülməsini və zəbt olunmuş (tikinti yerləşən) torpaq sahəsinin qaytarılmasını tələb edə bilməz. Belə vəziyyətdə tikinti sahibi istifadə etdiyi özgə torpaq sahəsinin mülkiyyətçisinə ağlabatan əvəz (pul kompensasiyası) ödəməklə həmin (istifadə etdiyi) torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilər. Şərh olunanlara əsasən konkret halda iddiaçının da cavabdehə qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələblərini irəli sürməsi əsassızdır. Belə ki, öz torpaq sahəsində yaşayış evi tikmiş cavabdeh qərəzsiz olaraq, yəni özününkü bildiyi qonşu torpaq sahəsinin sərhədini pozmuş, buna görə ona heç kəs tərəfindən irad və etiraz bildirilməmiş, qeyd edilən pozuntu faktını sonradan qonşu torpaq sahəsini alqı-satqı yolu ilə əldə edən iddiaçı aşkar edərək mübahisələndirməyə başlamışdır. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Halbuki, hazırkı iş üzrə cavabdeh neçə illər bundan əvvəl öz torpaq sahəsində yaşayış evi tikmiş, həmin vaxt tikintinin qonşu torpaq sahəsinə keçməsi bilinməmiş, cavabdeh və ailə üzvləri həmin evdə neçə illər yaşayandan sonra üzərində tikilinin olduğu 50 kv.m torpaq sahəsinin sənəd üzrə qonşuya (iddiaçıya) məxsus olduğu ortaya çıxmışdır. Böyük məsrəflər hesabına başa gəlmiş və cavabdehin ailəsi ilə birlikdə yaşayış yeri olan tikilinin sökülərək mübahisəli torpaq sahəsinin iddiaçıya qaytarılması cavabdehə ağır maddi və mənəvi zərər vurmuş olar, halbuki, mübahisəli 50 kv.m torpaq sahəsi iddiaçının ümumi (0.04 ha) torpaq sahəsinin cüzi (1/8) hissəsini təşkil edir. Buna görə də hazırda cavabdehin evinin sökülməsi tələbi ədalətsiz və qeyri-humanist yanaşma kimi təzahür edir. Belə halda, qanunvericilikdə (Mülki Məcəllənin 172.3 və 173.3-cü maddələri) nəzərdə tutulduğu kimi, sərhədi pozulmuş qonşu (iddiaçı) müəyyən əvəz (pul kompensasiyası) almaqla həmin pozuntuya dözməli və zəbt olunmuş torpaq sahəsinə özünün mülkiyyət hüququnu əvəz müqabilində faktiki sahibə ötürməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təsvir olunan vəziyyətdə cavabdehə qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələblərinin irəli sürülməsi həm də hüquqdan sui-istifadə əlamətlərini ehtiva edir. Belə ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3 və 560.3.4-cü maddələrində isə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hallarından biri kimi müəyyən olunmuşdur... Göründüyü kimi, cavabdehə ev tikərkən qonşu torpaq sahəsinə keçdiyi barədə neçə illər ərzində heç bir irad və etiraz bildirilmədiyi üçün o, qonşu torpaq sahələrinin mülkiyyətçiləri ilə normal və mübahisəsiz münasibətlərə güvənmiş olduğu halda indi ona qarşı tikilisinin sökülüb torpaq sahəsindən çıxarılması tələbinin irəli sürülməsi tələbkarın hüquqdan sui-istifadəyə yol verməsinə dəlalət edir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmadığından və yol verilmiş pozuntunun aradan qaldırılması (yəni iddiaçının 50 kv.m torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüququnun bərpası) cavabdehin tənasübsüz maddi-mənəvi zərərə məruz qalması ilə nəticələnə biləcəyindən hazırkı iş üzrə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə maddi hüquq normalarının tələbləri baxımından düzgün qiymət verməmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, maddi hüquq normalarının təfsir və tətbiqində səhvə yol vermiş, nəticə etibarilə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, həmin şikayətin dəlilləri kifayət qədər əsaslı olmasa da, lakin cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etməyib qətnamədən apellyasiya şikayəti verməkdə haqlı olmuşdur. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməlidir. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(012)-202/2024 nömrəli qətnaməsi qismən – “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin 0.0050 ha (50 kv.metr) hissəsində tikilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi və Cavabdeh əşyaları ilə birlikdə torpaq sahəsindən çıxarılması, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100,40 manat (bir yüz manat qırx qəpik) pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Hazırkı qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmamış şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamə, ondan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar