Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1330/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh və eyni zamanda Cavabdeh1 nümayəndəsi olan Nümayəndə, Cavabdeh3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1678/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 12 iyun 2007-ci il tarixli, AZ-İ seriyalı, 322408 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2007ci ilin iyun ayının 12-ci günündə 507 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşəliyev, arvada isə Məmədova soyadı verilmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 248448 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin mart ayının 19-cu günündə 1476 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh1, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal sahəsinin 1074 nömrəli, xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, ünvan ünvan 1əbəsində yerləşir. Üç otaqdan ibarətdir. Sahəsi 39,60 m2 təşkil edir. Mənzil xx.xx.1989-cu ildə Cavabdeh1 adına dörd nəfər ailə üzvünə verilmişdir. Cavabdeh1, Baxşəliyeva Svetlana, Cavabdeh3, Nümayəndə qeydiyyata alınmış, Baxşəliyeva Əsmər isə sonradan qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal sahəsinin 1073 nömrəli, xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yaşayan – Cavabdeh3, Nümayəndə, İddiaçı ( 2005-ci ildən xx.xx.2023-cü ilə kimi həmin ünvanda yaşamış, qeydiyyatı olmamış), Baxşəliyeva Əsmər kimi ailə üzvləri vardır. 14 aprel 1989-cu il tarixli, 177 nömrəli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21 ünvanında yerləşən 39,60 kv.metr sahədən ibarət olan 36 nömrəli mənzil QORZO-da şofer vəzifəsində işləyən Cavabdeh1 verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 16 fevral 2024-cü il tarixli məktuba cavabdan görünür ki, qərardadda qeyd olunan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21 ünvanında yerləşən 36 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də, daşınmaz əmlakın dövlət reyestrində sözügedən daşınmaz əmlakın üzərinə qadağanın qoyulması ilə bağlı müvafiq qeydiyyat aparılmamışdır. Mənzilin özəlləşdirilməsi ilə bağlı idarəyə müraciət olunacağı təqdirdə qərardadın icrasının nəzərə alınacağı bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun, İddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yerləşən üç otaqlı mənzilə istifadə hüququnun tanınması, qızı X1 və onun, yəni İddiaçı göstərilən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, Cavabdeh1 ilə 12 iyun 2005-ci ildən faktiki, 2007-ci ildən isə Sumqayıt şəhərində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh1lə nikaha daxil olduqdan sonra, arvadı kimi ona aid olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yerləşən mənzilə köçmüşdür. Həmin mənzildə yaşayarkən birgə nikahdan 2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. 2023-cü ilin iyun ayına qədər o, bu mənzildə əri, qızı Əsmər, ərinin birinci arvadından olan oğlu Mehman ilə bir mənzildə yaşamışlar. Cavabdeh1 xəstə olduğundan o, bu illər ərzində ona baxmışdır. Bütün əziyyətini çəkmişdir. Lakin 2022-ci ildə ərinin birinci arvadından olan qızı Nümayəndə Türkiyədən qayıtdıqdan sonra aralarında münasibətləri gərginləşdirərək, dözülməz həddə çatdırmışdır. Sonra isə onu və qızı Əsməri evdən qovmuşdur. Qızı Əsmər həmin mənzildə qeydiyyatdadır. Onu isə qeydiyyata almasalar da on altı il ərzində orada yaşamışdır. İndi onları qovandan sonra kürəkəninin evinə gəlmiş, burada müvəqqəti məskunlaşmışdır. Bildirmək istəyir ki, mənzil dövlət fonduna aiddir. Özəl deyildir. Mənzilin əsas kirayədarı əri Cavabdeh1dir. Dəfələrlə mənzilə daxil olmaq istəsə də ərinin birinci arvadından olan oğlu Mehman və qızı Adilə onları mənzilə buraxmırlar. Müvəqqəti olaraq kürəkəninin evində yaşayır. Həddi-buluğa çatmayan uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Bildirir ki, cavabeh Cavabdeh1lə onların nikahları pozulmamışdır. Həmin nikahdan bir qızları vardır ki, onun da artıq on altı yaşı vardır. Həmin mənzildə qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1678/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı övladı – xx.xx.2008-ci il təvəllüdlü X4 ilə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yerləşən mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225.1 və 228-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 32.1ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3 və 30.4-cü maddələri, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.8-ci bəndi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt şəhər məhkəməsinin 2(060)-1678/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin İddiaçı mənzilə istifadə hüqunun təmin edilməməsi hissəsində ləğv edilməsini, İddiaçı Sumqayıt şəhəri,18-ci mkr,ev-21,mən-36 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin araşdırılması zamanı maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmiş, işin ədalətli və qanuni həlli üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamış, nəticədə əsassız və qanunsuz qərar qəbul edərək, onun mənzilə olan istifadə hüququnu tanımamaqla konstitusiyon hüquqlarının pozulması ilə nəticələnən bir qətnamə qəbul etmişdir. Sumqayıt şəhər məhkəməsinə təqdim etdiyi iddia ərizəsində bildirdiyi kimi o, Cavabdeh1 ilə 12 iyun 2005-ci ildən faktki, 2007-ci ildən isə rəsmi nikaha girərək ailə qurmuşdur. Cavabdehlə ailə qurduqdan sonra onun arvadı kimi, mənzil-kirayə müqaviləsi ilə orderi ona aid olan mənzilə köçmüşdür. Həmin mənzildə yaşayarkən birgə nikahdan 2008-ci il təvvəlüdlü qızları X4 anadan olmuşdur. 2023-cü ilin iyun ayına qədər həmin mənzildə qızı Əsmər, əri Müqabi Baxşəliyev, onun birinci arvadından olan oğlu Cavabdeh3 və qızı Nümayəndə birlikdə yaşamışlar. Nümayəndə bir müddət Türkiyədə yaşamış, oradan geri döndükdən sonra onunla tez-tez yersiz mübahisələr yaradaraq, bildirirdi ki, o, bu evdən getməlidir. O, isə həmişə yaranmış konfliktə baxmayaraq ailənin qorunması və qızın Əsmərin xətrinə Adilə və Cavabdeh3lərin təhqir və təhdidlərinə dözmüşdür. Əri Cavabdeh1 həmişə onlara fikir verməməyi, dözməyini istəyir. Lakin, nəhayət 2023-cü ilin iyun ayının ortalarında gecə yarısı Cavabdeh1 oğlu Adilə və qızı Mehman yalandan evdə mübahisə yaradaraq onu və qızını evdə qovub çölə atmış, çərəsiz qalaraq bir otaqda kirayədə qalan qızının evinə getmişdir. Əri Cavabdeh1 xəstə olduğundan övladlarına heç nə deyə bilmir, onlar sadəcə onu eşitmirlər. Mənzilin açarını da dəyişiblər ki, o, evə daxil ola bilməsin, onun əri ilə əlaqə saxlamğına, danışmağına mane olurlar. Əri ondan ayrılmaq istəmir, lakin övladlarının təzyiqi altında danışa bilmir. Vəziyyətin bu həddə çatmasından sonra, onu mənzilə buraxmadıqları üçün o, məhkəməyə mənzilə köçürülməyi və istifadə hüququnun tanınmasına dair iddia ərizəsi iə müraciət etdi. Sumqayıt şəhər məhkəməsi onun və qızı Əsmərin cavabdehin yaşadığı Sumqayıt şəhəri,18-cimkr,ev-21,mənzil-36 ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə qəbul etsə də, mənzilə istifadə hüququnu tanımamışdır. Səbəbini isə, AR MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasından istifadə hüquqnun yaranmasını həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqələndirmişdir. Lakin, məhkəmə həmin normanı düzgün tətbiq və təfsir etməmiş, nəticədə onun mənzilə istifadə hüqunun tanınması ilə nəticələnən səhv və qanunsuz qərar qəbul etmiş və onun mənzilə yaranmış konstitusion hüququnu pozmuşdur. Birincisi, Cavabdeh1 adı çəkilən mənzilə mülkyyət hüququ yoxdur, mənzil dövlət balansında olmaqla, mənzil kirayə müqaviləsinə əsasən onun icarəsində və sahibliyindədir. MM-nin 228.1-ci maddəsi isə mənzil şəxsin mülkiyyətində olduqda tətbiq edilir. O, 2005-ci ildən həmin mənzildə yaşayır, 2007-ci ildən isə rəsmi nikahıları vardır. Həmin illərdə, yəni, yeni mənzil məcəlləsi qəbul edilənədək o, mənzilə köçürüldüyünə görə onun mənzilə istifadə hüququ 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil məcəlləsinə əsasən yaranmışdır və bu münasibətlərin yaranması da həmin məcəllənin normaları ilə müəyyən edilməlidir. 2009-cu ilə qədər qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideyinləri hesab olunur. AR Mənzil məcəlləsinin 54-cü maddəsi həmin qanunun 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideyinlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Bu maddənin birinci hissəsinin şərhi haqqında AR Konstitusiya məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında da icarədar tərəfindən mənzilə köçürülən şəxslərin mənzilə istifadə hüququnun yaranması tanınır və təsdiq edilir. Konstitusiya məhkəməsinin bu qərarı qüvvədə olduğu üçün həmin normalarla şəxsin mənzilə istifadə hüququ tanınmalıdır. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş yoxdursa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququna malikdirlər. AR MPM-nin 217.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən qətnamə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına əsasən çıxarılmalıdır. Göründüyü kimi, məhkəmə onun mənzilə köçdüyü zaman qüvvədə olan maddi hüqquq normasını deyil, ondan sonra qəbul edilmiş normanı tətbiq etmiş və səhv qərar qəbul edilməsi ilə nəticələnən qərar qəbul edilmişdir. Məhkəmə, hətta tətbiq etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, AR Konstitusiya Məhkəməsiunin 16 dekabr 2014-cü il qərarına əsasən AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən ,bu hüququn yaranması və həyata keçirilməsi üçün AR MM-nin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Cavabdeh1 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1678/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsini qismən-ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv etməklə İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi və qətnaməni qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı özünə məxsus olan əmlakları da götürməklə bu mənzili daimi olaraq tərk etmiş, başqa ünvana köçmüş və artıq nikahın pozulması barədə mülki iş məhkəməyə təqdim olunmuşdur. Mənzil cavabdehin potensial mülkü sayılır və iddiaçının bu evə istifadə hüququ yoxdur və onun bu mənzilə köçürülməsi də əsassızdır, buna görə də iddia tələbini qəbul etməmiş və iddianın rədd olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə iddia tələbinin qismən təmin edilməsi və iddiaçının uşaqla birlikdə bu mənzilə köçürülməsi barədə qətnamə qət etmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi mübahisəli mənzil xx.xx.1989-cu ildə ona, yəni Cavabdeh1 adına dörd nəfər ailə üzvümlə yaşamaq üçün verilmişdir. Cavabdeh1, Baxşəliyeva Svetlana, Cavabdeh3, Nümayəndə bu order əsasında mənzilə qeydiyyata alınmış, Baxşəliyeva Əsmər isə sonradan qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil Kommunal sahəsinin 1073 nömrəli, xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanında yaşayan – Cavabdeh3, Nümayəndə, İddiaçı (2005-ci ildən 7.2023-cü ilə kimi həmin ünvanda yaşamış, qeydiyyatı olmamış), Baxşəliyeva Əsmər kimi ailə üzvləri vardır. 14 aprel 1989-cu il tarixli, 177 nömrəli orderin surətindən görünür ki, Cavabdeh1 QOR 30-da şofer vəzifəsində işləmişdir. Sumqayıt şəhəri, 18-ci mikrorayon, 39,60 kv.metr sahədən ibarət olan 36-cı binanın 21-ci mənzili həmin şəxsə verilmişdir. Göründüyü kimi bu mənzilin orjderində iddiaçının adı belə yoxdur və o mənzili bir il bundan qabaq daimi tərk edərək getmiş, onu- yataq xəstəsi olan 1-ci qrup əlil insana baxmamış, lakin indi ondan mənzil, aliment tələb edir. İnsan Hüquqlarının və X5Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-cimaddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Onun bu mənzil üzərində gözlənilən mülkiyyət hüququ vardır və bu hüquq iddiaçı ilə ailə həyatı qurmamışdan qabaq yaranmışdır. Bu halda onun bu mənzilə istifadə hüququ tanına bilməz və onun bu mənzilə köçürülməsi üçün də əsas yoxdur. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1.ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə iddiaçının bu mənzildən daimi olaraq öz istəyi ilə köçməsini və mənzildə ona məxsus hər hansı bir əmlakın belə olmamasını və mənqzilin mənim ptensial mülkiyyətim sayılmasını,iddiaçı ilə nikaha girməmişdən qabaq əldə etdiyini nəzərə almayaraq onun mənzilə köçürülməsinə qərar vermişdir. Halbuki o yataq xəstəsidir və ona övladları baxır, iddiaçı isə onu köməksiz vəziyyətdə qoyaraq getmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək iddiaçının şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh və eyni zamanda Cavabdeh1 nümayəndəsi olan Nümayəndə, Cavabdeh3 cavabdehin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. xx.xx.1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsi (qüvvədən düşüb) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1678/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsi İddiaçı və Cavabdeh1 tərəfindən mübahisələndirilmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməlidir. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh1 ilə İddiaçı arasında nikah xx.xx.2007-ci il tarixdə bağlanmışdır. Onların birgə nikahdan xx.xx.2008-ci il tarixdə X4 anadan olmuşdur. İddiaçı nikaha girdikdən sonra Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21, mənzil 36 ünvanınnda yaşamışdır. Həmin mənzil 14 aprel 1989-cu il tarixli, 177 nömrəli orderə əsasən Cavabdeh1 verilmişdir. Mübahisəli olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21 ünvanında yerləşən 36 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin digər faktiki hallarından görünür ki, İddiaçı ərinin birinci nikahdan olan uşaqları olan Adilə və Mehman Bəxşəliyev ilə münasibətlər pozulduğundan, o, 2023-cü ildə qızı Əsmər ilə birlikdə məcbur olub mübahisəli mənzili tərk etmişdir. Hal-hazırda iddiaçı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbinin yalnız mənzilə köçürülməsi hissəsində təmin etmiş, iddia tələbini qalan hissədə təmin etməmişdir. Qətnamədə maddi normalar kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225.1 və 228-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 32.1-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3 və 30.4-cü maddələri göstərilmişdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “iddiaçı mənzilə 2007ci ildə köçürüldüyünə görə onun mənzilə istifadə hüququ 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən yaranmışdır və bu münasibətlərin yaranması da həmin məcəllənin normaları ilə müəyyən edilməlidir”. Kollegiya iddiaçı tərəfindən şikayətində göstərdiyi dəlili ilə razılaşaraq aşağıdakıları qeyd etməyə zəruri hesab edir. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin qüvvədə olan müddətdə yaranmışdır və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsini tətbiq etməməklə və İddiaçı mənzilə istfadə hüququnu tanınmasına dair iddiasının təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Həmin maddəyə görə “icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.” Beləliklə kollegiya hesab edir ki, iddiaçının mübahisəli mənzilə 2007-ci ildən istifadə hüququ yaranmışdır və hal-hazırdakı vaxtadək mövcuddur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Odur ki, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilməli, iddia tam təmin edilməlidir. Kollegiya Cavabdeh1 şikayətin “mənzil üzərində gözlənilən mülkiyyət hüququn olması, bu hüququn iddiaçı ilə ailə həyatı qurmamışdan qabaq yaranması və iddiaçının bu evə istifadə hüququn olmaması” ilə bağlı dəlillərə hüquqi qiymət verərək, qeyd edir ki, köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmçinin kollegiya cavabdehin şikayətin “iddiaçının mənzili daimi olaraq tərk etməsi, başqa ünvana köçməsi” ilə bağlı dəlillərə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, həmin hallar məhkəmə araşdırmaları zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığından, əsaslı hesab oluna bilməz. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tam təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin, Cavabdeh1 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1678/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21 ünvanında yerləşən 36 nömrəli mənzilə istifadə hüququ tanınsın, Məmmədova X2 Əsmər Müqabil qızı ilə birlikdə göstərilən mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1330/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1330/2024
09.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver