Məhkəmə qərarları › İş №2(105)-1331/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1331/2024

09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1331/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X23 Filialına qarşı ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmək stajının olması faktının müəyyən olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X17 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, ərzəçinin vəkili və nümayəndəsi Vəkil, maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1830/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X23i Filialı tərəfindən Ərizəçi ünvanlanmış güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (21 il 4 ay 25 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1986xx.xx.1990-cı il, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2007-2023-cü illər üzrə 12 il 5 ay)) təşkil etmişdir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36087,03 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə görə şəxsin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sığorta stajını “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Məlumat üçün bildirilmişdir ki, yuxarıda qeyd olunan məlumatlara əsasən 1990- 1993-cü illəri iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq Ərizəçi Tə\mleyxa oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadıqları təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən verilmiş 11/76 saylı, 19 dekabr 2023-cü il tarixli arxiv arayışından görünür ki, Cəbrayıl rayonu xx.xx.1993-cü ildə işğal olunan zaman Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsinin 1984-cü il və Cəbrayıl rayonu N.Nərimanov adına 1990-1993-cü illərinə aid olan arxiv sənədləri işğal zonasında qalmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun 2-ci arxiv fondunun sənədlərinə əsasən xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi əmək fəaliyyəti aşağıdakı qeyd olunduğu kimi göstərilir: xx.xx.1994-cü il tarixli 260/K saylı əmrə əsasən xx.xx.1994-cü il tarixindən HMD (hərbi mühafizə dəstəsinə) İİ dərəcəli nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1996-cı il tarixli 73 saylı əmrə əsasən xx.xx.1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında arayışdan görünür ki, Ərizəçi həqiqətən “X22” MMC-də xx.xx.2012 - xx.xx.2019 tarixində Qaz kəsici vəzifəsində çalışmışdır. Ərizəçi “X22” MMCdə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Qaz kəsici peşəsində altı il yeddi ay doqquz gün işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən "Azərsu” ASC-nin "Bakı Sukanal" İdarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində xx.xx.2019-cu ildən hazırki dövrədək qazla kəsən peşəsində işləyir. Ərizəçi "Bakı Sukanal" İdarəsində “Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qazla kəsən peşəsində üç il üç ay on dörd gün işləmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-163/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X7 xx.xx.1968-ci ildən xx.xx.1970-ci ilə kimi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində çilingər və xx.xx.1972-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində sürücü işləməsi faktı müəyyən edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-343/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X5 xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi Cəbrayıl rayonu C.Cabbarlı adına kolxozda kolxozçu və xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Avtobazasında sürücü işləməsi faktı müəyyən edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-414/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X1 1981-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində çilingər işləməsi faktı müəyyən edilməklə sosial sığorta stajının bərpa edilməsi qət edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-63/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X11 1973-cü ilin avqust ayından xx.xx.1974-cü ilə kimi Cəbrayıl rayonunun Şəybəy kənd 8 illik məktəbində müəllim, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə kimi Cəbrayıl rayon Daşkəsən knd orta məktəbində müəllim, xx.xx.1977-ci ildən xx.xx.1992-ci ilə kimi Cəbrayıl rayon Süleymanlı kənd XDS-nin icraiyyə komitəsinin katibi xx.xx.1992-ci ldən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon N.Nərimanov adına kolxoz idarə heyyətinin sədri və xx.xx.1993-cü ildən xx.xx.1993cü ilə kimi Cəbrayıl rayon Daşkəsən kənd orta məktəbində müəllim işləməsi faktı müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3971/2011 nömrəli, xx.xx.2011-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X12 1982-ci il sentyabr ayından 1993-cü ilin avqust ayına qədər Cəbrayıl rayon Daşkəsən kəndi N.Nərimanov adına kolxozda işləməyi faktı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Ərizəçi 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1963-cı il tarixdə Cəbrayıl rayonu, Papı kəndində anadan olmuşdur. O, 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu, Avtonəqliyyat müəssisəsində fəhlə işləmişdir. 07 noyabr 1990cı il tarixdən isə 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləmişdir. Məlum hadisələr nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Bundan başqa ərizəçi hazırki vaxtadək əmək fəaliyyətini davam etdirir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X23 Filalına müraciət etmişdir. Müraciətinin məqsədi güzəştli şərtlərə əmək pensiyasına çıxmaq olmuşdur. Lakin Cəbrayıl rayonunda işlədiyi əmək stajı nəzərə alınmadığından ərizəçinin ümumi stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Ərizəçinin 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə işlədiyini və 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyini şahid qismində də təsdiq edə bilərlər. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazımdır. Belə ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ümumi 25 il əmək stajı və həmin əmək stajının 12 il 6 ayı güzəştli işlərdə çalışmaq lazımdır. Ərizəçi uzun müddətə X2 “Üzvi Sintez” zavodunda, Bakı Sukanal İdarəsində və "xxxx" MMC-də zərərli işlərdə işləmişdir. Lakin Cəbrayıl rayonunda işlədiyi yuxarıda göstərdiyi əmək stajı iş stajına daxil edilmədiyindən məhkəməyə müraciət etməyə məcburdur. Cəbrayıl rayonunda işlədiyi illərə dair sənədlərin əldə edilməsi mümkünsüzdür. Çünki Cəbrayıl rayonu işğal olunduqdan sonra düşmən tərəfindən məhv edilmişdir. Artıq həmin sənədləri başqa cür əldə edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, ərizəçi onun iş yoldaşı olmuşdur. Belə ki, Ərizəçi ilə birgə Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində çalışmışdır. O, 1984-cü ildə həmin müəssisəyə çalışmağa gəlmişdir. 1993-cü ildə ölkədəki müharibə vəziyyəti ilə əlaqədar batalyona keçdiyindən ərizəçinin 1984-cü ildən hansı tarixədək Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində çalışdığını xatırlamır. Bildirdi ki, məhkəmə qətnaməsi ilə özünün Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində işləməyi təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək bildirdi ki, Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində 1977-ci ildən 1993-cü ilədək sürücü işləmişdir. Ərizəçi 1984-cü ildə həmin müəssisəyə işləməyə gəlmişdir. Hansı müddətə qədər işlədiyini dəqiq bilmir. Bildirdi ki, məhkəmə qətnaməsi ilə özünün Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində işləməyi təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirdi ki, Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində çilingər kimi işləməyə başladığı zaman ərizəçi həmin müəssisədə çalışmışdır. 2013-cü ildə əlilliklə bağlı pensiyaya çıxdığı zaman məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadə verərək bildirdi ki, Afiqi öncədən də tanımış, kolxoza gəldikdən sonra yaxından tanımışdır. Özü 1992-1993-cü illərdə kolxozda işləmişdir. Ərizəçi kolxozda işlədiyi zaman Afiq orada baş mühasib işləmişdir. Torpaqlar işğal olunana qədər kolxozda işləmişdir. Ərizəçi baş mühasib işləməzdən əvvəl avtobazada işləmişdir. Onun özünündə sənədləri işğal zamanı Cəbrayılda qalmış və sonradan məhkəmə qətnaməsi əsasında bərpa edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək bildirdi ki, özü 1989- 1993-cü illərdə yanacaq doldurma məntəqəsində işlədiyi zaman ərizəçini tanımışdır. Ərizəçi həmin vaxt kolxozda mühasib işləmişdir, ondan əvvəl harada işlədiyini isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, ərizəçini orta məktəbdə oxuyan vaxtdan tanıyır. Özü 1989-cu ildən 1993-cü ilədək kolxozda işləmişdir. Ərizəçi özü də əvvəl avtobazada fəhlə, 1990-1993-cü illərdə isə kolxozda mühasib işləmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1830/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi 1984-cü ilin yanvar ayından 31 avqust 1984cü il tarixə qədər Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyi müəyyən edilməklə əmək münasibətlərində olma faktı müəyyən olunması qət edilmişdir (hakim Elmir Hüseynov). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.11, 308-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.6, 13.4-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X23 Filialı apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1830/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən olunur ki, işləmə faktını ərizəçini birgə işdən tanıyan və onun işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Hazırki iş üzrə ərizəçi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində və Nəriman Nərimanov adına kolxozda baş mühasib işləməsi faktının müəyyən edilməsini xahiş edir. Şahid qismində çıxış edən X4 münasibətdə qeyd edirik ki, məhkəmə qətnamədə onun 1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində işləməsi faktının 29 may 2018-ci il 2(072)-414/2018 nömrəli Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edildiyini qeyd etmişdir. Lakin məhkəmədə ifadə verən zaman Ərizəçi əvvəlcə sözügedən müəssisədə 1992-1993-cü ilədək işlədiyini qeyd etmiş, sonradan xatırlamadığını bildirmişdi. Şahidin həmin dövrü xatırlamaması ərizəçinin işləməsi faktını şübhə altına salır. Şahid qismində çıxış edən X9 münasibətdə qeyd edirik ki, məhkəmə qətnamədə onun 1977-ci ildən 1993-cü ilədək Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində işləməsi faktının 06 mart 2014-cü il 2(072)-163/2014 nömrəli Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edildiyini qeyd etmişdir. Şahid qismində çıxış edən X8 münasibətdə qeyd edirik ki, məhkəmə qətnamədə onun xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək Cəbrayıl rayonu C.Cabbarlı adına kolxozda və xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon Avtobazasında işləməsi faktının 18 iyul 2013cü il 2(072)-343/2013 nömrəli Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edildiyini qeyd etmişdir. Lakin A.Salmanov və İ.Əliyev məhkəmə çıxış edən zaman həmin müəssisədə işləmə faktını məhkəmə qətnaməsi ilə təsdiq etmələrinə baxmayaraq, həmin vaxtı şahid qismində çıxış edən şəxsləri xatırlamadılar. Bu hal inzibati orqanda şübhə yaratmışdır. Əlavə olaraq şahid qismində çıxış edən İ.Əliyevin Cəbrayıl rayon Avtobazasında işləməsi faktı məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur, hazırda ərizəçi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində işləməsi faktının təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən müvafiq müəssisələrin eyni müəssisə olması müəyyən edilməmişdir. Ərizəçinin xx.xx.1990-xx.xx.1993-cü illərdə N.Nərimanov adına kolxozda işləməsi faktına münasibətdə qeyd etməyi zəruri hesab edirik ki, qanunvericiliyin tələbinə əsasən ərizəçini birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan i k i nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid qismində çıxış edən X15 münasibətdə qeyd edirik ki, məhkəmə qətnamədə onun xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon N.Nərimanov adına kolxozda işləməsi faktının 03 fevral 2014-cü il 2(072)-63/2014 nömrəli Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edildiyini qeyd etmişdir. Göründüyü kimi ərizəçi xx.xx.1990xx.xx.1993-cü illərdə sözügedən kolxozda işlədiyini iddia etsə də, Q.Quliyevin xx.xx.1992-xx.xx.1993-cü il tarixlərdə işləməsi faktı məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Əlavə olaraq şahid qismində X19 və Şahid çıxış etməsinə baxmayaraq həmin dövrdə işlədiyini təsdiq edən sənəd mövcud deyildir. Həmçinin bildiririk ki, Plenum Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İş materiallarına əlavə edilmiş Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə- 146156/2023 nömrəli imtina məktubuna əsasən, müəyyən olunur ki, müvafiq dövrlər məhkəmə qətnaməsi ilə təsdiq olunmasına baxmayaraq qanunla tələb olunan sosial sığorta stajı (25 il) tamamlanmır. Həmçinin Ərizəçi güzəştli şərtlərlə pensiya təyinatı üçün ümumi iş stajı ilə yanaşı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da kifayət etmir. Göründüyü kimi hazırki iş üzrə ərizəçinin işləməsi faktı onun hər hansı hüququnun yaranması, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Hesab edirik ki, məhkəmə müvafiq qətnamədə bu hallara aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Məhkəmə yekun qərar qəbul edərək işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Məhkəmə tərəfindən əlavə araşdırılma aparılmadan Cəbrayıl rayon Avtobazası və Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsi eyni müəssisə kimi nəzərə alınmış, bu barədə məhkəmə tərəfindən tədbir görülməmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən ərizəçini birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Lakin qanunvericiliyin bu normasına riayət olunmamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ərzəçinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 №-li qərarı Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Apellyasiya baxışının hədləri Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1830/2024 nömrəli qətnaməsinin ləğvini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında ərizəçinin özünün və şahidlərin ifadələri ilə Ərizəçi Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində və Nəriman Nərimanov adına kolxozunda işləməyi müəyyən edilməklə əmək münasibətlərində olma faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasında bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. İşçinin əmək fəaliyyətini təsdiq edən sənəd isə əmək qanunvericiliyinə əsasən əmək kitabçası yaxud qanuni qüvvəyə minmiş məhkəmə qətnamə ola bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyə zəruri hesab edir. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut şahid ifadəsidir ki, həmin şahidlərdən ikisi – X14 xx.xx.1972-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində sürücü işləmişdir, X6 1981-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində çilingər işləmişdir. Digər iki şahidlər - X18 xx.xx.1992-ci ldən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon N.Nərimanov adına kolxoz idarə heyyətinin sədri işləmişdir, X19 1982-ci il sentyabr ayından 1993-cü ilin avqust ayına qədər Cəbrayıl rayon Daşkəsən kəndi N.Nərimanov adına kolxozda işləmişdir. (bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri var) Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq, hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1830/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1830/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar