Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1334/2022 25.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(060)-3147/2022 nömrəli qərardadından Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(060)-3147/2022 nömrəli qərardadı ilə (hakim Almaz Süleymanova) ərizəçilər Ərizəçi1, X8, X7 və Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə bigə qaydada verdikləri ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadının ləğv edilib, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-3147/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Ərizəçilər Ərizəçi1, X8, X7 və Qaniyeva (Maliki) Əfsun Bəhmən qızı Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə birgə qaydada ərizə ilə məhkəməyə müraciət edib, X4 01.06.1951-ci ildə Zaqatala şəhərində doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması, atası X5, anası isə X1 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması, X4 - X6 qardaşı, X4 - X3 bacısı, X4 - Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının atası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 18 aprel 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normaların tələbi pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə doğum haqqında akt qeydinin bərpası ilə bağlıdır. Bu barədə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə, Zaqatala rayon Qeydiyyat şöbəsinə və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin şöbələrdən onlara ünvanlanan cavab məktublarında qeyd olunmuşdur ki, X4 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyildir. Akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməkdə haqlı olmuş və akt qeydinin aşkar olunmaması barədə məhkəməyə zəruri sənədləri təqdim etmişlər. X4, X6 qardaşı, X4 – onun X3 bacısı, X4 – onun, Qaniyeva (Maliki) Əfsun Bəhmən qızının atası olması faktının müəyyən olunması barədə tələbə gəlincə isə bildirilir ki, onlar akt qeydindəki səhvlərin düzəliş olunmasını yox, qohumluq münasibətinin müəyyən olunmasını tələb edirlər. Belə olan halda qeydiyyat şöbəsinə müraciət etməli deyillər. Akt qeydindəki səhvlərin düzəlişilə bağlı məhkəməyə müraciət etsəydilər, o zaman qeydiyyat şöbəsinə müraciət edib həmin müraciətin əsasında verilən imtinanı ərizələrinə əlavə edərdilər. Hazırkı vəziyyətdə buna heç bir zərurət yoxdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəni icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 150.1.1, 152.1.1, 153.2.1-ci maddələrinə istinad edib hesab etmişdir ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçilər birgə qaydada məhkəməyə müraciət edərək, bir hissədə tələb qohumluq faktının müəyyən edilməsi, digər hissədə isə doğum akt qeydinin bərpasını xahiş etmişlər. Ərizəçilər sənədlər arasında ziddiyyət olduğu əsası ilə çıxış etsələr də, həmin ziddiyyətin nə ilə bağlı olması, həmin səhvin aradan qaldırılması ilə bağlı Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına müraciət etmələri və bundan imtina edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişlər. Belə ki, yol verilmiş səhvlər vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı baş vermişdirsə bu halda həmin səhvlər göstərilən orqanlar tərəfindən aradan qaldırılmalı, bundan imtina edildikdə isə MPM 37-ci fəslində nəzərdə tutulmuş xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməlidir. Sənədlər arasında ziddiyət vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə əlaqəli olmadığı halda şəxsin qohumluq faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən isə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan normalardan göründüyü kimi Mülki Prosessual Məcəlləsinin 307.2.1- 307.2.10-1-ci maddələrində nəzərdə tutulmuş hüquqi əhəmiyyətli faktlardan başqa digər faktlar yalnız o zaman məhkəmə tərəfindən müəyyən edilə bilər ki, bu faktın müəyyən edilməsi üçün qanunvericilikdə başqa qayda nəzərdə tutulmamış olsun. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri qaytarır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və birinci instansiya məhkəməsi ərizənin icraat qəbul etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 155, 156, 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizəçi1 nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(060)-3147/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1334/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1334/2022
25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver