Məhkəmə qərarları › İş №2(105)-1337/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1337/2024

24.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1337/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-i tərəfindən onun mülkiyyətində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,007 ha torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməklə, onun üçün yaratdığı maneənin cavabdehin hesabına aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun sonuncudan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin icraatına xitam verilməsinə və Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadı ilə vəsatətin qismən təmin edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə, yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPMin 261.0.1-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı geri qaytarılması, vəsatət işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi hissəsində təmin edilməməsi, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 manat məhkəmə xərcinin İddiaçı aid edilməsi, aparılmış tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manatın İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır (hakim Bəylər Ələkbərov). İddiaçı Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadından şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilən “Elektron məhkəmə” informasiya sistemində yaradılan PDF formatında elektron kabinet vasitəsilə verilsə də, elektron imza vasitəsilə imzalanmış elektron sənəd şəklində verilməmişdir, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Digər tərəfdən, mülki-prosessual qanunveriliyində qərardaddan şikayətin verilməsi nəzərdə tutulduğu halda, hazırkı Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qərardadından “apellyasiya şikayəti” adında sənəd verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə kollegiya hesab edir ki, hazırkı şikayət gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmış elektron sənəd şəklidə verilmədiyindən, şikayətin forması və məzmunu qüvvədə olan prosessual qanunvericiliyinin tələblərinə cavab vermədiyindən, geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, qərardaddan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da Mülki Prosessual Məcəlləsinin mülki işlər üzrə məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyrimümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətin forma baxımından tələblərə uyğunluğu məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 10- 1.3-cü 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-5/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar