Məhkəmə qərarları › İş №2(105)-1339/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1339/2023

19.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1339/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik xəttlərinin götürülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(012)-32/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, "xxxx" ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsindən cavabdehin hesabına götürülməklə həmin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasından kənarda quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermiş, cavabdeh tərəfindən tərtib olunmuş şikayətdə şikayət verən şəxsin ünvanı, elektron poçt ünvanı və əlaqə nömrəsi göstərilməmiş, bununla da, apelyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmiş, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, şikayəti geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Məhkəmə kollegiyası bildirir ki, şikayət verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilərkən barəsində şikayət verilən məhkəmə aktının tarixinin düzgün göstərilməməsini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan şikayəti apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 361- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qətnaməsindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar