Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1339/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1445/2024 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********23-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,1278 ha torpaq sahəsi Cavabdeh1 Nəbi oğlunun, orada yerləşən 116,2 kv.metrlik fərdi yaşayış evi isə İddiaçı mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 Nəbi oğlu mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,1278 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********23-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və orada yerləşən 116,2 kv.metrlik fərdi yaşayış evi isə İddiaçı mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-4974/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Nəbi oğlunun iddiası təmin olunmuş, cavabdehlər X6, X2, Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin onun mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, X10 küçəsində yerləşən 13 saylı ev 1976-ci ildən atasının Cavabdeh1 Nəbi oğlunun, hazırda isə onun mülkiyyətindədir. Həmin torpaq sahəsi 29 yanvar 1978-ci il tarixdə Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən Abşeron rayonu XDS İcraiyyə Komitəsinin verdiyi qərar əsasında atası Cavabdeh1 Nəbi oğlunun adına qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır (reyestr kitabı № 10247, inventar iş № 566). 17 iyul 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən atası, Cavabdeh1 Nəbi oğlu tərəfindən yaşadığı evini və 0.1278 ha torpaq sahəsini ona bağışlanmışdır. Həmin tarixdən o qeyd etdiyi evin mülkiyyətçisidir. 18 oktyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı çıxarışına əsasən Cavabdeh1 Nəbi oğlunun mülkiyyətində olan torpaq sahəsinin 0.1413 ha hissəsi, onun nə məlumatı, nə də ki razılığı olmadan Cavabdeh3 adına rəsmiləşdirilmişdir və saxta yolla yaratdıqları torpaq sahəsinin ünvanı kimi, onun mülkiyyətinin ünvanı Saray qəsəbəsi, X10 küçəsi, ev 13 göstərilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərardadı ilə Abşeron rayonu, Saray qəsəbəsi, X10 küçəsi, 13 saylı ümumi sahəsi 136.3 kv.metr, 56 kv.metr və 79.8 kv.mter olan 3 otaqlı 1 mərtəbədən ibarət fərdi yaşayış evinin Cavabdeh3 adına verilmiş 18 oktyabr 2017-ci il tarixli, RX ******* saylı, **********20- 10301 reyestr nömrəli mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Maraqlısı odur ki, Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2016cı il tarixli qətnaməsinə əsasən Cavabdeh3 digər ailə üzvləri ilə birgə həmin sahədən yaşayış hüququ itirilmiş hesab edilmişdir. Rusiya vətəndaşı olan qardaşı X5, evdə qeydiyyatsız yaşayan onun həyat yoldaşı Cavabdeh3 və onların övladı Cavabdeh1 həmin qətnaməni icra etməkdən boyun qaçıraraq onun mülkiyyətindəki evi tərk etməmişlər. Bu barədə onlara müraciət edərkən onlardan yalnız hədə-qorxu, nalayiq söyüşlər və fiziki təsir görür. Cavabdehlər hələ də onun mülkiyyətində olan evi tərk etmək istəmirlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1445/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı evdən çıxarılmaları, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılması qət edilmişdir (hakim Məlahət Abbasova). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndi və 60-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələri, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X5 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1445/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Firdovsi Nəbiyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim olunmuş sübutları obyektiv araşdırmamış, işin faktiki hallarına uyğun olmayan və qərəzli yanaşmış, qanunazidd qətnamə qəbul etmişdir. Belə ki, o həmin ünvanda qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə orada yaşayır. Həmçinin o sözügedən ünvanda doğulmuşdur və atasının gələcək qanuni vərəsəsidir. Bağışlanma edilməmişdən və sənədləşmə aparılmamışdan öncə onun razılığı alınmalı idi. Lakin bu prosesə əməl edilməmiş və məhkəmə də bu halı nəzərə almamışdır. Mülki Məcəllənin maddələri pozulmuşdur. Xüsusilə bildirir ki, məhkəmə qətnamə çıxararkən Mülki Məcəllənin 1200-cü maddəsinin tələbini də pozmuş, həmin maddənin şərhi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına da nəzər yetirməmiş və bu da onun qanunla qorunan konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin qərarda göstərilmişdir ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. O həmin ünvanda doğulmuşdur və ailəsi ilə də orda yaşayır. Həmin daşınmaz əmlak atasının yeganə əmlakı olduğu halda eyni zamanda onun ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadıqları təqdirdə eyni zamanda məcburi pay hüququna malik olması nəzərə alınmadan qanunsuz qərar qəbul edilmişdir. Qanunun bu maddəsində də göstərilmişdir ki, əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Lakin sözügedən mənzil bütovlükdə 3-cü şəxsə bağışlanmış, onun həmin həmin mənzildə anadan olub, hal-hazırda da ailə üzvləri ilə də həmin mənzildə də yaşadığı nəzərə alınmamışdır. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ərarvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Qanun bir daha göstərir ki, əgər yeganə mülkiyyət vərəsəlik hüququ üzrə məhdudlaşdırılmışsa həmin əmlakın 3-cü şəxsə bağışlanmasına yol verilmir. “Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdi təsdiq edərkən digər vəzifələrlə yanaşı notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə əqd layihələrinin mənasını və əhəmiyyətini və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamış, özgəninkiləşdirilən fərdi yaşayış evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədəarayış tələb etməmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə müvafiq məhkəmə araşdırması təyin olunmalı olduğu halda bunu etməmiş, öz mülahizəsi əsasında qətnaməni əsassız olaraq qəbul etmiş və mənim qanunla qorunan mülkiyyət hüquqlarımı pozmaqla qanun pozuntusuna yol vermişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onlarıxəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin Abşeron Rayon Məhkəməsinin icraatında olan zaman iş obyektiv tədqiq edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətlədirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin və ya qərardadın qəbuledilməsinəsəbəb olsun. Yuxarıda qeyd olunan əsaslara görə hesab edir ki, qətnamə qanunsuzdur. İşə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxaraq qətnamə qəbul etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Müraciətdə qaldırılan qanun üzrə vərəsələrin məcburi paylarının tamamlanmasını tələb etmək hüquqlarının mövcudluğu məsələsinə gəlincə qeyd edilməlidir ki, Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir. Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Vərəsəlik hüquq institutu ailə və əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən, bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Həmin fəsil bağışlamaya dair normaları təsbit edərək, bağışlama müqaviləsini sağ ikən bağlanan və hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirən, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən müqavilə kimi müəyyən etmişdir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ərarvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatın verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1445/2024 saylı qətnaməsindən yalnız cavabdeh X5 apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini X4 aid hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədə olmaqla, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı evdən cavabdehlərin çıxarılması barədədir. İddiaçının sözügedən mənzildən çıxarılmasını istədiyi şəxslər qardaşı, qardaşının arvadı və qardaşının yetkinlik yaşına çatmış oğludur. Əvvəla kollegiya qeyd edir ki, hazırkı iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilmiş hallarına görə evin əvvəlki mülkiyyətçisi olan Cavabdeh1 (İddiaçı və cavabdeh Firdovsi Nəbiyevin atası) ilə hazırkı iş üzrə cavabdehlər arasında bundan əvvəl də həmin ev üzərində istifadə hüququ ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-4974/2016 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 Nəbi oğlunun iddiası təmin olunmuş, cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Bundan o nəticəyə gəlmək olur ki, Cavabdeh1 Nəbi oğlu evi qızı İddiaçı bağışlayarkən həmin ev yüklü olmamış, cavabdeh X2 artıq həmin evə istifadə hüququ qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında itirilmişdir. Apellyasiya şikayəti vermiş cavabdeh isə iş üzrə sözügedən mənzilə dair hər hansı hüquqlarının olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla belə, iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mövcuddur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin daşınmaz əmlak atasının yeganə əmlakı olduğu halda eyni zamanda onun ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadıqları təqdirdə eyni zamanda məcburi pay hüququna malik olmasını göstərmişdir. Kollegiya həmin dəlili əsassız hesab edərək, qeyd edir ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi miras əmlakı olmadığından, həmin əmlaka apellyantın məcburi pay hüququ yarana bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə fərdi yaşayış evi üzərində mülkiyyət, istifadə və ya digər hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Kollegiya eyni zamanda birinci instansiya məhkəməsində apellyantın iştirak etməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız sayır, çünki iş materiallarından görünür ki, apellyant birinci instansiya məhkəməsinin xx.xx.2014-cü il, xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 1445/2024 nömrəli qətnaməsi cavabdeh X4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1445/2024 nömrəli qətnaməsi cavabdeh X4 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1339/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1339/2024
09.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver