Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1344/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsinə qarşı Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işlədiyi dövrlərin sosial sığorta stajı hesab edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan rayon məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(034)- 434/2019 saylı qətnaməsindən maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan rayon məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Gülsarə İmanova) ərizənin qismən təmin edilməsi, Ərizəçi 1977-ci il tarixdən 1993-cü il oktyabr ayına kimi Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işləməsi faktının müəyyən olunması qət edilmişdir. Maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsi qətnamədən apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İşdən görünür ki, ərizəçi onun 1975-1977-ci illərdə Zəngilan rayonunun Qıraq- Müşlan kəndi üzümçülük sovxozunda fəhlə, 1977-ci ildən 1993-cü ilin oktyabr ayınadək Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işlədiyi dövrlərin sığorta stajı hesab edilməsini məhkəmədən xahiş edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (1.3.). Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir (13.2). Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir (13.3). İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Zəngilan rayon Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 23 sentyabr 2019-cu il tarixli **********3 saylı məktubuna əsasən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 2017-ci il 11 dekabr tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yənidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.1-ci bəndinə əsasən sığortaolunanın əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qaydalarının 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dagıntı, yangın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalıdır. Lakin birinci instansiya məhkəməsi ərizəçinin mülki mühakimə icraatı qaydasında ərizə verməsinə əhəmiyyət verməmiş, ərizəyə mahiyyəti üzrə baxaraq, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən məhkəmə aktını qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizəçiyə 1975-1977-ci illərdə Zəngilan rayonunun Qıraq-Müşlan kəndi üzümçülük sovxozunda fəhlə, 1977-ci ildən 1993cü ilin oktyabr ayınadək Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işlədiyi dövrlərin sığorta stajı hesab edilməsi üçün DSMF orqanına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3. maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8. maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli və ərizəçiyə DSMF orqanına qarşı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan rayon məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsinə qarşı işlədiyi dövrlərin sığorta stajı hesab edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, 1977-ci ildən 1993-cü ilin oktyabr ayınadək işlədiyi dövrlərin sığorta stajı hesab edilməsi nəzərə alınmaqla DSMF orqanına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1344/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1344/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver