Məhkəmə qərarları › İş №2(105)-1349/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1349/2021

21.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1349/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il il tarixli, 2(012)-840/2018-002 saylı qətnaməsindən Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəisi F.İsayevin verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(012)-840/2018 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair, 14.06.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılması, iddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və 0,10 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş hissəsinin boşaldılması, həmin zəbt olunmuş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının sahibliyinə qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəisi F.İsayev apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli, 2(012)- 840/2018 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli, 2(105)- 1099/2020 saylı qərardadı ilə İddiaçı iddiadan imtina etməsinə dair ərizəsi qəbul edilib, Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması və daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli, 2(102)-179/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli, 2(105)- 1099/2020 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində bir-biri ilə bitişik olan 0,12 ha torpaq sahəsi və 0,10 ha torpaq sahəsi onun mülkiyyətindədir. Digər 0,10 ha torpaq sahəsi isə JN-1641 saylı 04.01.2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı xüsusi mülkiyyətindədir. 0,10 ha torpaq sahəsi şimalda, 0,12 ha torpaq sahəsi isə onun cənubunda ona bitişik yerləşir. 0,10 ha torpaq sahəsi şimaldan Cavabdeh1 məxsus torpaq sahəsi ilə, şərqdən Cavabdeh4 və Cavabdeh2 məxsus torpaq sahələri ilə qonşudur. 0,12 ha torpaq sahəsi isə şərqdən eyni şəxslərə məxsus torpaq sahələri ilə, cənub tərəfdən isə X1 məxsus torpaq sahəsi ilə qonşudur. X6 2015-ci ildə ona qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq torpaq sahəsini zəbt etdiyini bildirmiş və torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 13.07.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 0,0275 ha hissəsindən çıxarılmışdır (Qətnamədən verilmiş apellyasia və kasasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.11.2015-ci il tarixli qətnaməsi və AR Ali Məhkəməsinin 31.03.2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir). Həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 0,12 ha torpaq sahəsinin 0,0275 ha hissəsinin koordinatları səhvən X1 məxsus torpaq sahəsinin üzərinə keçirilmişdir. Sonradan apardığı ölçmə işləri nəticəsində məlum olmuşdur ki, İddiaçı şimal tərəfdən qonşusu olan X5 İddiaçı dövlət aktı ilə məxsus olan 0,10 ha torpaq sahəsinin bir hissəsini tutmuş və öz torpaq sahəsinə birləşdirmişdir. Bunun nəticəsində 0,10 ha torpaq sahəsi naturada cənuba doğru yəni İddiaçı çıxarışla məxsus olan torpaq sahəsinin üzərinə sürüşmüş, sonuncu isə X1 məxsus torpaq sahəsinin üzərinə sürüşmüş və həmin torpaq sahəsinə naturadakı vəziyyətə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ölçmə işləri zamanı eyni zamanda müəyyən olunmuşdur ki, hər iki torpaq sahəsinin şərq sərhədləri düzgün müəyyən olunmamış, hasar iddiaçının mülkiyyətində olan torpaq sahələrinin içindən çəkilmişdir. Buna görə də onun şərq tərəfdən qonşuları olan Cavabdeh4 və Cavabdeh2 ilə torpaq sahələrinin sərhədləri yenidən müəyyən edilməli və onların istifadəsində olan iddiaçıya məxsus torpaq sahəsi onun qanuni sahibliyinə qaytarılmalıdır. Ona görə də, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair, 14.06.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,12 ha torpaq sahəsinin və 0,10 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş hissəsinin boşaldılması, həmin hissədə inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 24 dekabr 2018-ci il il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəisi F.İsayev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 24 dekabr 2018-ci il il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili T.R.Vəliyev apelyasiya şikayətlərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər K.D.İbrahimov, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair, 14.06.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılması iddiası fiziki şəxsə qarşı yönələn iddia deyil. İddiaçı istinad edir ki, qanuni qüvvəsini almış başqa məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, ona ayrılmış torpağa dair Çıxarış verilərkən kordinatlar düzgün müəyyən edilməmiş, sərhədlər sürüşdürülmüşdür. Ona görə həmin sənəddə düzəliş edilməsini və sənədin həqiqi vəziyyətə gətirilməsini, yəni ona ayrılmış torpağın kordinatlarına uyğun sənəd verilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair, 14.06.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,12 ha torpaq sahəsinin və 0,10 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş hissəsinin boşaldılması, həmin hissədə inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4, maraqlı şəxs DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı yönələn tələbə inzibati icraat qaydasında baxılmalıdır. Çünki tələb 14.06.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,12 ha torpaq sahəsinin və 0,10 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş hissəsinin boşaldılması, həmin hissədə inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılmasından gedir. Bu iddiaya cavab verməli olan orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Apelyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il il tarixli, 2(012)-840/2018-002 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı torpaq sahəsinin sərhədlərini müəyyən edilməsi, torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması və daşınmaz əmlakın Dövlət reyestrində düzəliş edilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar