Məhkəmə qərarları › İş №2(105)-1351/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1351/2022

09.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1351/2022 09.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km-dən keçən hissəsində yerləşən bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2282/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim Əfqan Ələkbərov) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilmişdir. Xızı Rayon Məhkəməsinin 2(068)-93/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, onların iştirakları olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Mülki Məcəllədə göstərilmişdir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.2.). Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (159). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (164.1.). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (165.1.). Hazırkı halda iddiaçı özünün azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı km-dən keçən hissəsində yerləşən bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülməsini xahiş edir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçı iddia ərizəsində həmin daşınmaz əmlakın onların birgə nigahı dövründə əldə edilmiş vəsait hesabına tikildiyini, həmin evin onun faktiki yaşayış yeri olduğunu, yəni həmin evin cavabdeh ilə birgə sahibi olduğunu və bu hüququnun cavabdeh tərəfindən pozulduğunu bildirərək məhkəmə tərəfindən öz hüququnun bərpa edilməsini istəyir. Daşınmaz əmlaka münasibətdə sahibin hüquqlarının müdafiəsi yuxarıda qeyd olunan maddi hüquq normalarından əlavə, həmçinin Mülki Məcəllənin179.3-cü maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən “Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi MPM-nin müstəsna aidiyyətlə bağlı məsələləri tənzimləyən 39.1-ci maddəsinin təsir dairəsinə düşür (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Repsublikası MPM-nin 45.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L Dİ: İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar