Məhkəmə qərarları › İş №2(105)-1351/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1351/2024

07.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1351/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X17 (məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı X8 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti olmaqla əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və onunla əlaqədar əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi hüququnun X13 Xidmətinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-768/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC-ə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti olmaqla əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və onunla əlaqədar əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi hüququnun X13 Xidmətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq ” altsisteminə daxil edilməsi hüququnun X11 həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-768/2024 nömrəli qərardadı ilə iddiaçı X8 tələbinə dair mülki işə məhkəmədə baxılmalı deyil əsası ilə xitam verilməsi, iddiaçıya ilk öncə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət etməsinin, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilməsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün olmasa o zaman iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsinin izah olunması qərara alınmışdır (hakim Rahim Həsənov). İddiaçı X8 vəkili Vəkil Quba Rayon Məhkəməsinin 2(027)-768/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edərək, ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X12 tərəfindən təsisçi və işəgötürən olmaqla xx.xx.2018-ci il tarixdə hüquqi ünvanları Quba rayonu Barlı kəndi olan Cavabdeh2 MMC və Cavabdeh1 MMC yaradılaraq dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan hər iki Cəmiyyətin işə götürən olaraq xx.xx.2018-ci il tarixdə “direktor” vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərini Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin elektron informasiya sisteminə (EİS) daxil edilmişdir. X12 təsisçisi olduğu Cəmiyyətləri xx.xx.2020-ci il tarixdə Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında qeydiyyatda olan X1. Lakin müəyyən səbəblərdən alqı-satqı olan tarixdə elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərinə hal-hazıradək xitam verilməmişdir. Bildirmişdir ki, dəfələrlə X12, X6 informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərinə xitam verilməsi ilə müraciət etmişdir. X2 məhkəmənin 27 aprel 2022-ci il müvafiq hökmü ilə azadlıqdan məhrum edildiyi və həbsdə olduğunu bilmiş, 10 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X13 Xidməti Quba Xaçmaz regional şöbəsinə müraciətində qeyd olunan məsələrə münasibət bildirməsi üçün X5 ünvanına rəsmi dəvət məktubu göndərilmişdir. 26 iyun 2023-cü il tarixdə ünvan 3 təşkilatı tərəfindən X7 müraciətində qeyd olunan məsələrə münasibət bildirməsi üçün 17 saylı cəzaçəkmə müəsisəsinə rəsmi dəvət məktubu göndərilmişdir. Quba Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərardadından iddiaçı X8 vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-934/2024 nömrəli qərardadl ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-768/2024 nömrəli qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı X8 vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinin 07 mart 2024-ci il tarixli, e2(027)-768/2024 saylı qərardadından apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(027)-768/2024 saylı qərardadını ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edərək, ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin apellyasiya şikayətinin buraxımış müddətini üzrlü hesab edərək, buraxılmış müddətin bərpa edilməsi və şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-768/2024 nömrəli qərardadı ilə iddiaçı X12 tərəfindən Quba Rayon Məhkəməsinin 07 mart 2024-ci il tarixli, e-2(027)-768/2024 saylı qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, X8 vəkili və nümayəndəsi Vəkil şikayətinin təmin edilməməsi, X8 vəkili və nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e- 2(027)-768/2024 saylı qərardadından verdiyi şikayətin baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 768/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Belə olan halda, iddiaçı ilk öncə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət etməli idi. Çünki, əmək müqaviləsinə xitam verilməsi barədə müracəit yalnız onun özü tərəfindən edilə bilər. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilməsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün olmasa o zaman iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələbi əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq ” altsisteminə daxil edilməsi hüququnun X11 həvalə edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu baxımdan baxılan iş üzrə irəli sürülmüş tələbin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, iddiaçının tələbi əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və onunla əlaqədar əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi təşkil edir. Kollegiya hesab edir ki, qeyd olunan tələblərə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-768/2024 nömrəli qərardadı ləğv edilməli, iddiaçı X8 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC-ə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti olmaqla əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və onunla əlaqədar əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi hüququnun X13 Xidmətinə həvalə edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-768/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar