Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1354/2025 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İsmayıl qızının cavabdeh Ferhat Cegilə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X8 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, İddiaçı İddiaçı İsmayıl qızının cavabdeh Ferhat Cegilə qarşı mənzildən çıxarma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2013-cü il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında E(b)/*** nömrəli müqavilədən görünür ki, “AAAF-İNŞAAT” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivindəki * saylı küçəsində inşa edilən (inşa edilmiş) * saylı, 4 mərtəbəli yaşayış binasında ümümi sahəsi 71 kv.metr olan, 2 otaqdan ibarət ** saylı mənzili İddiaçı İsmayıl qızına satmağı, sonuncu isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Müqavilədən görünür ki, mənzilin dəyəri tam ödənilmişdir.
2. ##.##.2021-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi № M-7663 (Dublikat E(b)\037, ## ##.2013 tarixli müqavilə) (AAAF-İNŞAAT MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) görünür ki, “AAAF-İNŞAAT” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivindəki * saylı küçəsində inşa edilən (inşa edilmiş) * saylı, 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 71 kv.metr olan, 2 otaqdan ibarət ** saylı mənzili Çeğil Sevil İsmayıl qızına satmağı, sonuncu isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Müqavilədən görünür ki, mənzilin dəyəri tam ödənilmişdir.
3. Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş ##.##.2021-ci il tarixli **/q-***/** saylı arayışdan müəyyən olunur ki, X7 Sevil İsmayıl qızı ##.##.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2184 nömrəsi ilə qeyd edilmişdir.
4. İşdə olan AZ-İ ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Sevil İsmayıl qızının nikahı Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarına əsasən xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında ##.##.2022-ci il tarixdə *** saylı akt qeydi aparılmışdır. Nikah pozulduqdan sonra qadına Mehdiyeva soyadı verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İddiaçı İsmayıl qızı cavabdeh Ferhat Cegilə qarşı mənzildən çıxarma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, X5 167, “AAAF Park” yaşayış massivi, ev 8, ** saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2013-cü il tarixdə “AAAF-İnşaat” MMC ilə bağlanmış E(b)/*** nömrəli alğı-satqı müqaviləsinə əsasən öz vəsaiti hesabına Abşeron rayonu, Xırdalan şəhəri, X5, 167 ünvanda yerləşən “AAAF Park” yaşayış massivində küçə 1, ev 8, ** saylı mənzilin pulunu ödəməklə almışdır. Həmin mənzili təmir edib yaşamışdır. ##.##.2013-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq evlənmişdir. Evləndikdən bir müddət sonra cavabdeh tərəfindən dəfələrlə şiddətə məruz qalmış, bu səbəbdən də ona qarşı daha ağır cinayət törədəcəyi təhlükəsini nəzərə alıb valideynlərinin yaşadığı ünvanda onlarla birgə yaşamalı olmuşdur. Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(**)-****/**** nömrəli qətnaməsi ilə nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehdən dəfələrlə mənziliin boşaldılmasını tələb etmişdir. Müxtəlif bəhanələrlə və ona hədə-qorxu gəlməklə mənzilini boşaltmır. Cavabdehin hərəkətlərinin qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur.
7. “AAAF-İNŞAAT” MMC-nin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Mehdiyevə Sevil İsmayıl qızı ilə “AAAF-İNŞAAT” MMC arasında ##.##.2013cü il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, X5 167, “AAAF-Park” yaşayış massivindəki * saylı küçəsində inşa edilmiş * saylı yaşayış binasında ümumi sahəsi 71 kv.m.olan 2 otaqdan ibarət ** saylı mənzilə dair E(b)/*** nömrəli alqı-satqı haqqında müqavilə bağlanmışdır. Alıcı Mehdiyevə (indiki Çeğil) Sevil İsmayıl qızı ##.##.2021-ci il tarixində ##.##.2021-ci il tarixli **/Q***/** nömrəli arayışı, “Respublika” qəzetinin ##.##.2021-ci il tarixli, 246(7142) buraxılışlı nəşrini və Abşeron rayon Polis İdarəsinin ##.##.2021-ci il tarixli ***-*****m nömrəli arayışlarını təqdim etməklə ərizə ilə müraciət edərək E(b)/*** nömrəli, ##.##.2013-cü il tarixli müqavilənin dublikatının verilməsini xahiş etmişdir. Həmin müraciət əsasında ##.##.2021-ci il tarixində M- 7663 nömrə ilə sözügedən daşınmaz əmlaka dair dublikat müqavilə verilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, X5 167, “AAAF Park” yaşayış massivindəki * saylı küçəsində inşa edilmiş * saylı yaşayış binasında ümumi sahəsi 71 kv.m. olan 2 otaqdan ibarət ** saylı mənzildə Ferhat Cegil yaşayır.
8. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia təmin edilmiş, X4 rayonu, Xırdalan şəhəri, X5 167, “AAAF Park” yaşayış massivi, ev 8, ** saylı mənzildən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu , Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Mülki Məcəllənin 27.2, 27.3, 152.1, 152.5, 157.2-ci maddələrinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli Qərarının və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Ferhat Cegil ##.##.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, xeyli müddət (8 il) sonra cavabdehdən asılı olmayan səbəblərdən hazırki iş üzrə iddiaçı ilə münsibətləri pozulmuşdur. Nikahın pozulmasına təşəbbüskar isə Ferhat Cegil olmuşdur. Cavabdeh iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl “AAAF Park” yaşayış kompleksinin inşaasını həyata keçirən “AAAF-İNŞAAT” MMC ilə aralarında işgüzar münasibətlər olmuşdur. Məhz bu münasibətlər əsasında cavabdehlə sözügedən şirkət arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167 ünvanında yerləşən “AAAF Park” yaşayış massivində iki otaqdan ibarət mənzilə dair E(b)/037 №li ##.##.2013-cü il tarixli müqavilə imzalanmışdır. Müqavilə tərtib edilən zaman müəyyən texnikimexaniki səhv səbəbindən müqavilənin birinci səhifəsində, yəni “alıcı” qrafasında hazırki iş üzrə iddiaçının adı qeyd edilmişdir. Lakin buna baxmayaraq müqavilənin bütün səifələrində, eləcə də müqavilənin son vərəqində “alıcı” qrafasında qeyd edilən imzalar cavabdeh Ferhat Cegil tərəfindən icra edilmişdir. Sözügedən müqavilədə icra edilən imzaları işdə olan sənədlərdə, iddia ərizəsi və digər sənədlər, eləcə də apellyasiya şikayətinə əlavə edilmiş cavabdeh tərəfindən verilən etibarnamədə qeyd edilən imzalarla qarşılaşdırdıqda açıq-aşkar görünür ki, imza iddiaçı deyil, məhz cavabdeh tərəfindən icra edilmişdir. Bu da o deməkdir ki, müqavilə üzrə mənzilin faktiki alıcısı cavabdeh Ferhat Cegildir. Ümumiyyətlə mübahisə predmeti olan mənzilə dair iddiaçı müqavilənin imzalanması zamanı orada olmamışdır. Mübahisə predmeti olan mənzil nikahdan əvvəl satın alınarkən təmirsiz vəziyyətdə olmuş və təmirsiz olduğu üçün mənzildə yaşayış olmamışdır. İddiaçı ilə nikaha daxil olduqdan bir neçə il sonra mənzili öz şəxsi vəsaiti hesabına təmir etdirmiş və təmir bitdikdən sonra orada yaşamağa başlamışdır. Cavabdeh bu günədək həmin mənzildə yaşamağa davam edir. İddiaçı isə cavabdehlə münasibətlərinin faktiki pozulduğu (nikahın rəsmi pozulmasına qədər olan dövrədək) tarixdən sonra mənzili öz arzusu ilə tərk etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinad etməklə guya mübahisəli mənzilə dair müqavilənin iddiaçı ilə bağlandığını və mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənildiyini müəyyən etmişdir. Lakin ziddiyyətli və mübahisə doğuran bu halların necə və hansı şəkildə müəyyən edilməsi qətnamədə əsaslandırılmamışdır. Belə ki, işə baxan məhkəmə müqavilədə qeyd edilən imzalarla iddiaçıya məxsus imza arasında oxşarlığın olmamasını ya diqqətdən yayındırmış, ya da ki, işə səthi yanaşmaqla göstərilən halı araşdırımamışdır. Bundan başqa, iş materiallarında mənzilin dəyərini müəyyən edən ödənişə dair hər hansı sənəd (qəbz, çek və sair), eləcə də borcun tam şəkildə ödənilməsinə dair müvafiq maliyyə arayışı, həmçinin mənzilin dəyərinin hansı şəkildə (forma və ya qaydada) ödənildiyini təsdiq edən hər hansı sənəd olmadığı halda məhkəmə həmin mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənildiyi qənaətinə gəlməsi əsaslandırılmadığı üçün qəbul edilə bilməz. Həmçinin iddiaçı tərəfindən mənzilin təmir edilməsi halı da məhkəmə tərəfindən araşdırılmamışdır. Başqa sözlə mənzilin nə zaman təmir edilməsi, təmir xərcləri və bu kimi hallara dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyi halda məhkəmə əsassız olaraq mənzilin iddiaçı tərəfindən təmir edildiyi qənaətinə gəlmişdir. Daha sonra işə baxan məhkəmə iddiaçının guya evləndikdən qısa müddət sonra cavabdeh tərəfindən şiddətə məruz qaldığına, ona qarşı ağır cinayətin törədiləcəyi təhlükəsi səbəbindən evi tərk etməsinə və guya ondan sonra dəfələrlə cavabdehdən mənzili boşaltmağı tələb etməsinə dair gətirdiyi dəlilləri sübut kimi qiymətləndirmişdir. Halbuki tərəflər nikahları pozulan vaxtadək mehriban yaşamışlar və aralarında heç bir münaqişə olmamışdır. Eləcə də hər hansı şikayət qeydə alınmamışdır. İddiaçının gətirdiyi dəlilləri təsdiq edəcək hər hansı sübut olmadığı halda işə baxan məhkəmə iddiaçının yalnız mülahizələrini əsas götürmüşdür. İddiaçının dəlillərinin əksi onu göstərir ki, onun həmin mənzilə əslində nə faktiki, nə hüquqi heç bir bağlılığı yoxdur. Əslində isə qeyd edilən əsassız dəlillər iddiaçının məzlum vəziyyətə düşmüş şəxs obrazını yaratmaqla guya mülkiyyətindən məhrum edilmiş mənzərə yaratmaq məqsədi daşıyır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
14. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
15. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
17. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157. Mülkiyyətin müdafiəsi
19. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
19. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
20. Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (...) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
23. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (...)
24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
26. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Baxılan mübahisə mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır, cavabdehin dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmayaraq, qanunsuz sahibliyi davam etdirilməsinə istinad edərək iddiaçı hazırki iddia tələbini irəli sürmüş və cavabdehin mənzildən çıxarılmasını tələb etmişdir.
33. İş materiallarından görünür ki, iddiaçı və cavabdeh ##.##.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflər arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə ##.##.2022ci il tarixli, AZ-İ ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir.
34. İş materiallarından müəyyən olunur ki, iddiaçı hələ nikahdan əvvəl, yəni ##.##.2013cü il tarixdə E(b)/*** saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivindəki * saylı küçəsində inşa edilən (inşa edilmiş) * saylı, 4 mərtəbəli yaşayış binasında ümümi sahəsi 71 kv.metr olan 2 otaqdan ibarət ** saylı mənzili dəyərini tam şəkildə ödəməklə almışdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024-cü il tarixli, */**** nömrəli qərarına istinadən qeyd edilir ki, ər-arvadın hər birinin mülkiyyətində olan əmlakın ümumi siyahısı Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur: nikaha daxil olanadək onlara məxsus olan; nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Misal üçün ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir.
36. İş materiallarına əlavə edilən qanuni qüvvəyə minmiş Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı Ferhat Cegil cavabdeh İddiaçı İsmayıl qızına qarşı Abşeron rayonu, Xırdalan şəhəri, X5 167, “AAAF Park” yaşayış massivi, ** saylı küçə, bina 08 ünvanında yerləşən, 4 mərtəbəli yaşayış binasında sahəsi 71 kv.m olan, 2 otaqlı, ** saylı mənzilin 1/2 hissəsində iddiaçı Ferhat Cegilin payının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
37. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
38. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan Xırdalan şəhəri, H.Əliyev prospekti özünə məxsus “AAAFPARK” yaşayış massivindəki * saylı küçəsində inşa edilən * saylı, 4 mərtəbəli yaşayış binasının ümumi sahəsi 71 kv.metr olan 2 otaqdan ibarət ** saylı mənzili ##.##.2013-cü il tarixli “AAAF-İnşaat” MMC və İddiaçı İsmayıl qızı arasında bağlanmış müqaviləyə əsasən mənzilin dəyəri olan 39760 manatın tam ödənişi qarşılığında cavabdeh İddiaçı İsmayıl qızı tərəfindən satın alınmışdır. Mənzil tərəflər arasında nikah bağlananadək alındığına görə tərəflərin birgə əmlakı hesab edilə bilməz.
39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarxli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
40. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən mənzilin iddiaçıya məxsus olması səbəbindən və hazırda cavabdehin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ olmadığından, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
44. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.