Məhkəmə qərarları › İş №2(105)-136/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-136/2025

14.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-136/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-447/2024 nömrəli qətnaməsindən cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qubadlı rayon KMK üzrə 14 saylı xx.xx.2023-cü il tarixli əmrdə qeyd edilmişdir ki, Qubadlı rayon KMK-nın xidmət göstərdiyi sahələrdə suvarma işlərinin aparılmasında yerli texniki imkanlar olduğundan və dövlət büdcəsinə qənaət etmək məqsədilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 39AC099 nömrəli Kamaz markalı su çəni maşını istifadə edilmişdir. Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci bəndinə əsasən işçinin təqsiri olmadan boş dayanma vaxtı üçün sürücü İddiaçı vəzifə maşının 2/3 hissəsi ödənilsin. Qubadlı rayon KMK-nın baş mühasibi Nümayəndə göstərilən əmrin yerinə yetirilməsi işçinin vəzifə maaşının 2/3 hissəsini hesablayıb kartlarına köçürsün.

2. Qubadlı rayon KMK üzrə 16 saylı xx.xx.2023-cü il tarixli əmrdə qeyd edilmişdir ki, Qubadlı rayon KMK-nın ** AC *** nömrəli Kamaz markalı Su çəni maşınının ilin yaz-yay fəslində KMK-nın xidmət göstərdiyi ərazilərdə gül və kolların yaşıllıq sahələrinin suvarılması məqsədilə fəaliyyət göstərir. Payız-qış mövsümündə suvarma işlərinin aparılmasına ehtiyac olmadığından və avtomobilin növbəti mövsümə saz saxlanması məqsədilə avtomobilin istismarı dayandırılsın. Sürücü İddiaçı xx.xx.2023-cü il tarixində öz hesabına ödənişsiz məzuniyyətə buraxılsın. Müddətsiz müqaviləyə xitam verilsin.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin İddiaçı ünvanladığı 3-17-5/2-i-39666/202 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən İddiaçı ilə müəssisənin rəisi X7 (işəgötürən) arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsinin bağlanıldığı və işəgötürən İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə 16 saylı əmrlə İddiaçı ilə bağlanmış müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2023-cü il tarixdən xitam verildiyi müəyyən olunmuşdur. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.5-ci (İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.) və 76-cı (əməmk müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) maddələrinin tələbləri pozularaq xitam verilmişdir. Aşkar olunmuş pozuntulara əsasən tərəflərindən Qubadlı Rayon Kommunal Müəssisələri Kombinatının rəisi X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsinə müvafiq olaraq onunla bağlanılmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul olunmuşdur. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarda qeyd edilən 20 (iyirmi) gün müddət ərzində törədilmiş hüquqpozma Qubadlı Rayon Kommunal Müəssisələri Kombinatının rəisi X7 tərəfindən aradan qaldırılmadığı üçün barəsində tətbiq edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli Qərar qüvvəyə minmişdir.

4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mediasiya prosesinin keçirilməsinə dair xx.xx.2024-cü il tarixdə tərəflərə (İddiaçı və Qubadlı rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri X7) bildiriş göndərilmiş, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin proses davam etdirilməmişdir.

5. MN №1931847 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X11 tərəfindən Qubadlı rayon Kommunal Müəssisələri Kombinatının rəisi X7 barəsində müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76cı və 172.4-cü maddələrinin tələblərini pozaraq xitam verən zaman yazılı ərizəsi alınmamış və son haqq-hesabı işdən çıxdığı gün ödənilməmişdir. Bu fakt İddiaçı izahatı və təqdim etdiyi bank çıxarışı ilə təsdiq edilir.

6. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN №0020880 saylı xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, vəzifəli şəxs X7 tərəfindən işçi İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir. X2 tərəfindən Azərbaycna Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən X4 2000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir.

7. İddiaçı əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Qubadlı rayon Kommunal Müəssisələri Kombinatına yük avtomobilinin sürücüsü olaraq müddətsiz işə qəbul edilmişdir.

8. İddiaçı xxxxxxx000101 saylı əmək müqaviləsi bildirişinə dəyişiklikliyə dair çıxarışından görünür ki, Qubadlı rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2023-cü il tarixdə sürücü İddiaçı müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2/a bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam vermişdir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 16 saylı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ildə Qubadlı rayon Kommunal Müəssisələri Kombinatında **-AC-*** dövlət nömrə nişanlı, “Kamaz” markalı sudaşıyan maşında sürücü kimi işə qəbul edilmişdir. İşə girərkən onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. 2023-cü ilin iyul ayında kombinatın direktoru X7 ona bildirmişdi ki, idarə etdiyi avtomaşın texniki baxışdan keçmədiyinə görə idarə edilməsin. Buna görə də 2023-cü ilin iyul, avqust, sentyabr və oktyabr aylarına görə ona əmək haqqının 2/3 hissəsində ödənilməsi barədə kombinat üzrə xx.xx.2023-cü ildə 14 saylı əmr verilmişdir. Həmin müddət o işə çıxmamışdır. Həmin müddətdə ona əmək haqqının 2/3 hissəsində ödəniş edilmişdir. xx.xx.2023-cü ildə xx.xx.2023-cü il tarixindən öz hesabına məzuniyyətə buraxılmağı barədə 16 saylı əmr verilmişdir. O, rəhbərliyə bu barədə bildirdikdə ona işə çağrılacağı bildirilmişdir. İşdə olmadığı müddətdə kombinatın rəhbərliyi işdən çıxması barədə müqaviləsinə xitam vermişdir. Həmin əmrdə qeyd olunmuşdur ki, onunla bağlanmış müddətsiz müqaviləyə xitam verilir. Ona 16 saylı əmrlə işdən çıxması barədə hər hansı bir məlumat verilməmişdir və işdən çıxması barədə o, ərizə ilə müraciət etməmişdir. Rəhbərlik tərəfindən ona bildirilmişdir ki, o işdə hesab olunur, iş başladığı halda ödənişsiz məzuniyyətdən geri çağrılacaq. O, işdən çıxması barədə əmrlə tanış olmamışdır. Belə bir əmrin olduğunu bildikdə X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə əmək hüququnun pozulması barədə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında araşdırmalar aparılmış və Kombinatın rəisi X7 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati qaydada cərimə edilmişdir. X8 Xidməti özünün xx.xx.2024-cü il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Kombinat üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 16 saylı əmrlə sürücü İddiaçı xx.xx.2023-cü il tarixində öz hesabına ödənişsiz məzuniyyətə buraxılması barədə əmr verilsə də, xx.xx.2023-cü ildən işdən çıxması barədə 16 saylı əmr verilmişdir. Onun xx.xx.2023-cü il tarixli 16 saylı əmrlə işdən çıxması barədə məlumatı olmamışdır. Əmək haqqı ödənilmədiyi üçün X8 Xidmətinə və müvafiq qanunvericiliyə əsasən Mediasiya təşkilatına müraciət etmişdir. Əmək kitabçası bu günə qədər ona təqdim edilməmişdir. İşə düzələndə təzə əmək kitabçası alaraq idarəyə təqdim edib. İşdən çıxarılmasını Əmək Müfəttişliyinin yoxlamasından sonra bilib və ona bu barədə xx.xx.2024-cü il tarixdə məktub təqdim edilib. Məktubu şəxsən Əmək Müfəttişliyində əldə edib. X3 müraciət edib, lakin cavabdehlə barışıq əldə edilməmişdir.

11. Cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatının rəisi X7 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatına qarşı işə bərpa tələbinə dair iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə müəssisəyə sürücü vəzifəsinə işə qəbul edilmişdir. 2023-cü ilin noyabr ayından sürücü kimi idarə etdiyi avtomobilin sugötürmə mənbəyi olmadığına görə avtomobilin istismarı dayandırılmışdır. Növbəti ildə zərurət olduğu halda avtomobilin istismarı davam etdiriləcəkdi. Bundan sonra iddiaçıya yaranmış vəziyyət ilə əlaqədar olaraq başqa vəzifəyə keçirilməsi təklif edildikdə, imtina etmişdir. Bununla bağlı göndərilən rəsmi məktublar da yaşayış yeri dəqiq olmadığından geri qayıtmışdır. Sonra iddiaçının əmək müfəttişliyinə etmiş olduğu şikayət ilə əlaqədar müəssisəyə xx.xx.2024-cü il tarixində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdi. Lakin həmin qərarda yaranmış pozuntunun aradan qaldırılması üçün 20 gün müddət verilmişdi ki, həmin dövrdə də İddiaçı edilmiş təkliflərdən imtina edərək, təkidlə sürücü vəzifəsinə geri qayıtmasını tələb etmişdi. Lakin onun bu tələbi müəssisənin imkanları xaricində olduğundan tələbi təmin edilməmişdir. Hesab edir ki, onun iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür.

13. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X11 izahatında bildirmişdir ki, iddiaçı onlara maaşının verilməməsinə görə müraciət etmişdir. Bundan sonra Kombinatda araşdırma aparılmışdır. Aydın olmuşdur ki, cavabdeh iddiaçını heç bir əsas olmadan işdən çıxartmışdır. Sistemdə 68.2 a bəndi ilə işdən çıxarılma göstərilsə də, iddiaçının işdən çıxmasına dair ərizəsi alınmamışdır. Nəticədə işçinin işdən çıxmasından xəbərsiz olduğu aşkar edilmişdir. Cavabdeh idarənin rəhbəri barəsində inzibati qərar qəbul edilmiş, ona işçinin işə bərpası təklif edilmişdir. İşçinin işə qaytarılması reallaşmadığından Kombinatın rəisi cərimələnmişdir və eyni zamanda iddiaçıya da məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçının iddiasının təmin edilməsinə etiraz etməmişdir.

14. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-447/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia təmin edilmiş, cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsinə dair verilmiş 16 saylı əmrin ləğv edilməsi, İddiaçı xx.xx.2023cü il tarixdən işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə müddətini ötürməmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Qeyd edilən hüquq normasına əsasən belə olduğu halda işçinin işdən azad edilməsinə dair ərizə olmalıdır, lakin iddiaçı qeyd edir ki, belə bir ərizə yazmamışdır, cavabdeh bu halı etiraf edir və qeyd edir ki, ərizə olmadan işçi işdən azad edilmişdir.

16. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 45.3, 68, 69.1, 76.1, 76.2, 83.1, 83.2, 83.3, 83.4, 84.1, 84.2, 84.3, 128, 129.1, 129.2, 172, 294.4, 294.5, 296.2, 296.3-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2, 35.1, 35.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh Qubadlı rayon Kommunal Müəssisələri Kombinatı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Kamaz” markalı sudaşıyan maşında sürücü kimi işə qəbul edilmişdir. Lakin yoxlama zamanı maşının su çəkən yeri olmadığına görə işlədilməsi qadağan edildiyindən Məhərrəmi bu barədə məlumatlandırmaqla onun barəsində əvvəl boşdayanmaya görə əmr, sonra isə ödənişsiz məzuniyyətə buraxılması və müddətsiz müqaviləsinin xitam verilməsinə dair əmrlər verilmişdir. Ona hər cür köməklik etməyə çalışılmış, heç bir qərəzli mövqe olmamışdır. İdarənin ştat cədvəlini və maliyyəsini İcra Hakimiyyəti müəyyən etdiyinə görə Kombinat iddiaçını sürücü kimi işdə saxlaya bilməzdi, çünki ona əmək haqqı ödənilməyəcəkdi. İddiaçı başqa işlər təklif olunmasına baxmayaraq, o, ancaq “Kamaz” markalı yük maşının sürücüsü olmaq istəmişdir. Müddətsiz əmək müqaviləsinə xitam verildikdən sonra onunla mövsüm gələndə müddətli əmək müqaviləsi bağlamaq fikrində olmuşdur. Boşdayanmaya görə əmək haqqısının 2/3 hissəsi ödənilmişdir. İddiaçının işə qəbuluna dair iddiası ilə razıdır. Lakin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbini qəbul etmir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

23. Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

24. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

25. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

26. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

27. Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

28. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

29. Maddə 84. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

30. Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.

4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

31. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

36. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

38. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

40. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

44. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

45. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

46. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Qubadlı rayon Kommunal Müəssisələri Kombinatı arasında xx.xx.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı sürücü kimi işə götürülmüşdür. xx.xx.2023-cü il tarixli 14 saylı əmrlə işəgötürən Əmək Məcəlləsinin 169.1-ci maddəsini əsas götürərək işçiyə boşdayanmaya görə vəzifə maaşının 3/2 hissəsinin ödənilməsini qərara almışdır. Daha sonra xx.xx.2023-cü il tarixli 16 saylı əmrlə işəgötürən İddiaçı xx.xx.2023-cü il tarixdən öz hesabına ödənişiz məzuniyyətə buraxmağı və müddətsiz müqaviləyə xitam verməyi qərara almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə işçinin xx.xx.2023-cü il tarixdə 16 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə məlumat yerləşdirmişdir. İddiaçının müraciəti əsasında X8 Xidmətində aparılmış araşdırma nəticəsində iddiaçıya xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, onu işdən azad ediblər. Bundan sonra iddiaçı mediasiya təşkilatına müraciət etmiş və cavabdehə mediasiya tətbiqi barədə xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

49. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə əsasən, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

50. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

51. Kollegiya qeyd edir ki, İddiaçı işdən çıxarıldığını bildiyi gündən sonra mediasiya prosesinin tətbiqi üçün müraciət etdiyindən, qanunvericilikdə nəzərdə tutlmuş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək üçün müddəti ötürməmişdir.

52. İddiaçı xxxxxxx000101 saylı əmək müqaviləsi bildirişinə dəyişiklikliyə dair çıxarışından görünür ki, Qubadlı rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2023-cü il tarixdə sürücü İddiaçı müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2/a bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam vermişdir.

53. Qeyd edilən hüquq normasına əsasən belə olduğu halda işçinin işdən azad edilməsinə dair ərizə olmalıdır, lakin iddiaçı qeyd edir ki, belə bir ərizə yazmamışdır, cavabdeh bu halı etiraf etmiş və qeyd etmişdir ki, ərizə olmadan işçi işdən azad edilmişdir.

54. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

55. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.

56. Əmək münasibətləri dedikdə - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

57. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.

58. İşin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən əmrinin əmək qanunvericiliyinin tələblərinin pozulması ilə verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmışdır.

59. Göstərilənlərə əsasən kollegiya həmçinin hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verildiyindən, həmin əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqının da hesablanaraq ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

61. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-447/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar