Məhkəmə qərarları › İş №2(105)-1361/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1361/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1361/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Elbəyli Vüsalə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, e-2(060)-2101/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 32 saylı mənzilə mənzilə görə kommunal borca görə əsas borc 602 manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 43 ay üçün faiz məbləği 30,10 manat pulun, hüquqi xidmət üçün 80,20 manat, poçt ödənişi üçün 90 qəpik pulun, cəmi 713,30 manat pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov (indiki Sahib Qarayev) küçəsi ev 230-da yerləşən 32 saylı mənzilin sahibi Cavabdeh arasında “Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında” müqavilə imzalanmışdır. Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilənin 1-ci fəslinə görə "xxxx" Mənzil Tikinti Kooperativinin yaşayış binasının sakinlərinin mənzil kommunal xidmətləri ilə təmin edilməsi üçün mənzilin 1 kv.metr üçün 0,25 manat olması göstərilmiş, tərəflər arasında olan razılığa əsasən aylıq kommunal haqqı aylıq 14 manat təşkil edir. "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlər qarşılığında Cavabdeh mənzilə görə 43 ay üçün 602 manat pul məbləğində ödəniş etməmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən hər ay vaxtında ödənilməyən kommunal ödənişə görə əlavə 5 % məbləğ ödənilməsi nəzərdə tutulmuşdur. Borc məbləğinin ödənilməsi ilə əlaqədar Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, həmin məktubda borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin Cavabdeh xəbərdarlıq məktubuna cavab olaraq müxtəlif və əsassız bəhanələr gətirərək borcunun ödənməyəciyini bildirmişdir. İddiaçı qeyd edir ki, mənzilə görə 43 ay üçün kommunal xidmətlər 602 manat pul təşkil edir. Mənzilə görə 43 ay pul ödənmədiyindən verilməyən hər ay üçün 5% məbləğ də hesablanmalıdır. Mənzilə görə hər ay üçün faiz məbləği hesablandığından 43 ay üçün faiz məbləği 30,10 manat təşkil edir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 32 saylı mənzilə görə kommunal borca görə əsas borc 602 manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 43 ay üçün faiz məbləği 30,10 manat pulun, hüquqi xidmət üçün 80,20 manat, poçt ödənişi üçün 90 qəpik pulun, cəmi 713,30 manat pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mənzilə görə kommunal borca görə əsas borc 602 manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 43 ay üçün faiz məbləği 30,10 manat pulun, hüquqi xidmət üçün 80,20 manat, poçt ödənişi üçün 90 qəpik pulun, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev (keçmiş Ü.Hacıbəyov küçəsi) ev 230-da yerləşən 32 saylı mənzilə mənzilə görə kommunal borca görə əsas borc 672 manat pulun, mənzilə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 33,60 manat pulun, hüquqi xidmət üçün 80,20 manat, poçt ödənişi üçün 0,90 manat pulun, dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun, cəmi 817,70 manat pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, e-2(060)-2101/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 672 (altı yüz yetmiş iki) manat əsas borc, 33,60 (otuz üç manat, altmış qəpik) faiz borcu, 80,20 (səksən manat, iyirimi qəpik) manat hüquqi xidmətin əvəzi, cəmi 785,80 (yeddi yüz səksən beş manat, səksən qəpik) məbləğində pul, habelə 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun və 0,90 (doxsan qəpik) manat poçt xərcinin əvəzinin alınaraq iddiaçı "xxxx" MTK-ya ödənilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, e-2(060)-2101/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh 672 (altı yüz yetmiş iki) manat əsas borc, 33,60 (otuz üç manat, altmış qəpik) faiz borcu, 80,20 (səksən manat, iyirimi qəpik) manat hüquqi xidmətin əvəzi, cəmi 785,80 (yeddi yüz səksən beş manat, səksən qəpik) məbləğində pul, habelə 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun və 0,90 (doxsan qəpik) manat poçt xərcinin əvəzinin alınaraq iddiaçı "xxxx" MTK-ya ödənilməsi tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından və analoji iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2099/2024 saylı qətnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2207/2024 saylı qətnamələrindəndə göründüyü kimi iddiaçı müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmir. Həmçinin iddiaçı "xxxx" MTK-nın çoxmənzilli binanın idarəçiliyinin mənzil qanunverciliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirilməsi araşdırılma zamanı müəyyən edilmişdir. Belə ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Lakin buna baxmayaraq "xxxx" MTK mənzil qanunvericiliyin tələblərini kobud surətdə pozduğuna görə MTK-nın cavabdehdən kommunal borclarının tutulmasına dair tələbinin də hər hansı bir hüquqi əsası yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh müqavilə bağladıqdan sonra iddiaçı tərəfindən öhdəlikləri yerinə yetirmədiyinə görə ödənişləri ödəmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2011-ci il tarixli «Kooperativ Mənzil tikintisi haqqında» müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 12 mərtəbəli evin 1A girişində 6-cı mərtəbəsində yerləşən 32 saylı mənzili payçı Cavabdeh təhvil verməyi, payçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər kommunal xidmətlərə görə hər kv.m. üçün 0,25 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsində inşa olunmuş yeni yaşayış binası, ev 230, mənzil 32-də ailə tərkibi ilə birlikdə yaşayır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" MTK-nın vəkili qismində Sumqayıt Şəhər Məhkəməsində təmsil olunmaq üçün Vəkil ******* saylı order üzrə hüquqi xidmətə görə 80,20 manat pul ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın Cavabdeh ünvanladığı xəbərdarlıqdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin "xxxx" MTK-ya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MTK-nın rəhbərliyinə qaldırıcı qurğuların təhlükəsiz istifadəsinin təmin edilməsi, su çəninin və binanın özülünü normalara uyğun izoliyasiya olunaraq binanın təhlükəsiz istismarının və sakinlərin həyat və sağlamlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Sumqayıt şəhər Təmizlik Departamenti” MMC ilə "xxxx" MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, D/056 saylı müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən “icraçı” “sifarişçi”nin müəyyən edilmiş ünvanında yığılmış bərk məişət tullantılarının xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə daşınmasını və Sumqayıt ümumşəhər tullantıları poliqonunda zərərsizləşdirməyə təhvil verilməsini, “sifarişçi” isə “icraçı”nın daşınma ilə əlaqədar işləməsi üçün müvafiq şəraitin yaradılmasını, müəssisənin tullantı qutuları ilə təmin edilməsini və görülən işlərin xidmət haqqının vaxtında ödənilməsini təmin edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqavilə bağlanılmış, Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsində inşa olunmuş yeni yaşayış binası, ev 230, mənzil 32 iddiaçı "xxxx" MTK tərəfindən kommunal xidmətlər ilə təmin edilmiş, cavabdeh tərəfindən kommunal xidmətlərə görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə ödənilməmiş kommunal borcu yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Həmin Məcəllənin 135.1-ci maddəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Həmin Məcəllənin 137.9-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli müqavilədə “Mənzil sahibinin öhdəlikləri” adlı bölməsində cavabdehin yerinə yetirməli olduğu öhdəliklər qeyd edilmişdir ki, həmin bənddə cavabdehin mənzilinə görə isə hər kv.m. üçün xidmət haqqı yalnız 0,25 manat nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh ödənişlər etməli olduğu halda etməmiş, bunu da izahatında təsdiq etmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından da cavabdeh 2020-ci ilin yanvar ayından 2024-cü ilin fevral ayına qədər 48 ay ərzində öhdəliklərini yerinə yetirməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münaisbətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər cavabdehin müqavilə üzrə öhdəliklərini ödəməməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə üzrə yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, e-2(060)-2101/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar