Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1364/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Elbəyli Vüsalə Rasim qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin bölünməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(074)-655/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində iddiaçının təklifi (32 kv.m.) nəzərə alınmaqla cavabdeh və onun ailə üzvlərinə düşən payın ayrılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşadığı evin mülkiyyətçisi olaraq oğlu X2 və onun ailə üzvlərini mənzildən pay verməklə ayırmaq istəyir. O, ümumbirgə yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 32 kv.m. sahəsini cavabdehə və onun ailə üzvlərinə yaşamaqları üçün bağışlamağa razı olsa da, lakin oğlu iş üzrə Cavabdeh onun təklifi ilə razılaşmır. Əvvəlcə DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə yaşayış sahəsinin onunla cavabdeh və cavabdehin ailə üzvləri arasında payların müəyyən edilərək bölünməsi üçün rəsmi ərizə ilə müraciət edib. Oradan onları Şamaxı regional “ASAN xidmət” mərkəzində yerləşən Dövlət Notariat ofisinə göndəriblər. Lakin, cavabdeh narazılıq edərək ümumbirgə mülkiyyətlərində olan mənzildən daha çox pay istədiyinə görə ailə üzvləri arasında notarial qaydada saziş bağlanması mümkün olmayıb. DƏDRX-nin14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş **********89 saylı, 18 yanvar 2024-cü il tarixli rəsmi cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. 19 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Çarhan kəndində iddiaçıya məxsus fərdi yaşayış evində 8 nəfər ailə tərkibi vardır. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən onlara məxsus fərdi yaşayış evi 0.14 ha torpaq sahəsində yerləşməklə birmərtəbəli, ümumi sahəsi 132.2 kv.m. olan 4 otaqlı mənzildir. Fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən onlara məxsus fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla 7 nəfər ailə üzvlərinin payı olması yazılmışdır. Ölüm şəhadətnaməsindən görünür ki, mübahisəli mənzilin çıxarışında adı yazılmış övladı X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Oğlu 1986-cı il təvəllüdlü X4 həqiqətən 2014-cü il tarixdən ŞRMX-nın Poliklinika şöbəsində Həkim-Psixiatrın “Şizofreniya paranoid forma. Fasiləsiz gedişli” diaqnozu ilə qeydiyyatdadır. O, həm də əlildir. O, ünvan 2 ünvanında yerləşən onlara məxsus fərdi yaşayış evinin mülkiyyətçisi kimi həmin evdən 32 kv.m. yaşayış sahəsini övladı X1 və onun ailə üzvlərinin istifadəsinə və mülkiyyətinə vermək istəyir. Bu istəyinin səbəbi odur ki oğlu müddətsiz olaraq 3-cü qrup əlil olmaqla ruhi-əsəb xəstəsidir. Onunla birgə yaşamaqları mümkün olmayacaq həddə çatmışdır. Bu səbəbdən bütün günü evlərində söz-söhbət və narahatçılıq olur. O və həyat yoldaşı yaşlı adamlardır. Hünər onların övladları olsa da onun normal olmayan davranış tərzi nəticəsində rahatçılıqları və istirahətləri pozulmuşdur. Ona görə də mülkiyyətçisi olduğu sözügedən mübahisəli mənzildən 32 kv.m. hissə ayrılıb cavabdehin və onun ailə üzvlərinin (arvadı və üç uşağı) yaşaması üçün onların mülkiyyətinə və istifadəsinə verilməli, bu bölgüdən sonra evdə arakəsmələr inşa edilməli və cavabdeh və onun ailə üzvlərinə veriləcək yaşayış sahəsi ümumbirgə yaşayış sahəsindən tamamilə təcrid olunmalıdır. Cavabdehdən başqa digər övladları və yoldaşı bu təkliflə razıdırlar. Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(074)-655/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(074)-655/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni qaydada əsaslandıraraq həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsində işin bütün faktiki halları tam aydınlaşdırılmamış və qət edilmiş qətnamə işin hallarına uyğun olmamaqla məhkəmənin hakimi tərəfindən çox əsassız və qərəzli qətnamə çıxarılmışdır. Hesab edir ki, mülkiyyətçisi olduğu sözügedən mübahisəli mənzildən 32 kv.metr hissə ayrılıb cavabdehin və onun ailə üzvlərinin (arvadı və üç uşağı) yaşaması üçün onların mülkiyyətinə və istifadəsinə verilməli, bu bölgüdən sonra evdə arakəsmələr inşa edilməli və cavabdeh və onun ailə üzvlərinə veriləcək yaşayış sahəsi ümumbirgə yaşayış sahəsindən tamamilə təcrid olunmalıdır. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, fərdi yaşayış evindən 32 kv.m. payın ayrılması o və ailə üzvləri üçün çox az oduğundan 50 kv.m. payın ayrılması ilə razılaşa bilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir, həmin evin yerləşdiyi 0,14 ha torpaq sahəsi isə onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan 11 dekabr 2023-cü ildə tərtib olunmuş texniki pasportdan və işin 27-ci vərəqində olan çıxarışa əsasən müəyyən olunur ki, 1976-cı ildə tikilmiş Şamaxı rayonu, Çarhan kəndi ərazisində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Lakin buna baxmayaraq birinci instasniya məhkəməsi düzgün olmayaraq fərdi yaşayış evinin iddiaçının ailə üzvlərinin ümumi birgə mülkiyyəti kimi göstərmişdir.Həmin yaşayış evi birgə nikah dövründə tikildiyi halda ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilə bilər.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən Mülki Məcəllənin 666-cı maddəsinə əsasən hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayıldığından həmin əqdin bağlanması üçün təkcə iddiaçının iradə ifadəsi kifayət deyil, həmçinin cavabdehin də iradə ifadəsinin olması vacibdir. Hazırki halda isə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində 32 kv.m. payın cavabdeh və onun ailə üzvlərinə ayrılması ilə cavabdeh razılaşmır. Buna görə də iddiaçının iddia tələbini təmin etməməklə birinci instasiya məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. İddiaçının cavabdehlə birgə yaşamasının mümkün olmaması dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bununla əlaqədar iddiaçı evdən istifadə qaydasının müəyyən edilməsi ilə əlaqədar və ya cavabdeh və onun ailə üzvlərinə evdən istifadə hüququna kompensasiya verilməklə xitam olunmasına dair müvafiq iddia ərizəsi ilə yenidən birinci instasniya məhkəməsin müraciət edə bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(074)-655/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1364/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1364/2024
29.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver