Məhkəmə qərarları › İş №2(105)-1365/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1365/2022

16.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1365/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)-3258/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə Cavabdeh istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsini almışdır. Bu barədə DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyatı aparılmış və çıxarışla "xxxx" KB ASCnin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixdə “ASAN 1”-dən əldə edilmiş ******* saylı arayışa əsasən "xxxx" KB ASC-nin mükiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsində hal-hazırda Cavabdeh qeydiyyatdadır və bu şəxsin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxsin iradəsindən asılı edilməkdədir. Lakin qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan "xxxx" KB ASC ilə Cavabdeh arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehin həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh qeyd olunan ünvanda qeydiyyatda olması və orada yaşaması qeyriqanunidir. Qanunvericiliyin tələbləri baxımından mülkiyyət hüququ toxunulmaz olmaqla mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ vardır və əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Cavabdehin iddia ərizəsinə qarşı etirazı daxil olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ üzrə iddiaçı "xxxx" KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin və hərracın yekunları barədə 49/04 saylı protokolun surətindən görünür ki, X1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsi 44625 manat qiymətlə "xxxx" KB ASC tərəfindən əldə edilmişdir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Mirişli X2 rayonu, Masazır ərazi dairəsi Masazır kəndi Afiq Abdülhüseynov küçəsi ev 1A ünvanında qeydiyyatdadır. Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)-3258/2021 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia təmin edilib, Cavabdeh ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi və Cavabdeh fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən formal olaraq istifadə hüququnun qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməli, evdən çıxarılmalı, həmin fərdi yaşayış evi boşaldılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 146, 152.1, 178.1, 157.4-cü maddələri və MPM-nin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)-3258/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Şikayətin dəlilləri: Ev almaq üçün 2015-ci ildə ev-alqı satqısı üzrə mütəxəssislər vasitəsilə cavabdehin atası Firudin ilə tanış olmuşdur. O, oğluna məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 135.000 manata satmaq istədiyini bildirmişdir. Evə baxıb bəyənmiş və 500 manat beh vermişdir. Lakin sonradan tələb edilən məbləği ödəyə bilməyəcəyini və qiyməti 80000 - 90000 manat olan ev almaq istədiyini Firudinə bildirmişdir. Cavabdehin atası isə öz növbəsində heç bir problem və sıxıntı olmadığını, evi ondan yaxşı adama satmayacağı kimi ifadələrlə onu evi almağa şirnikləndirmiş və əslində oğluna toy edəcəyi, təcili pula ehtiyacı olduğu üçün evi satmaq niyyətində olduğunu qeyd etmişdir. Bundan sonra aralarındakı razılaşmaya əsasən ilkin olaraq ona 55000 manat pul vermişdir. Bunun müqabilində isə Firudin evin texniki pasportunu və açarlarını ona təqdim edərək “artıq ev sənindir, get yaşa” və evin pulu tam ödənildikdən sonra rəsmi sənədləşmə aparılacağını bildirmişdir. Bundan sonra o, ailəsi ilə köçüb həmin evdə yaşamağa başlamışdır. Bu müddət ərzində müxtəlif vaxtlarda istər Firudin, istərsə də onun oğlu Rəşada 100.000 (bir yüz min) manatdan artıq pul ödəmişdir Lakin hər dəfə Firudinə evin sənədləşdirilməsinin zəruri olduğunu bildirdikdə bundan yayınmış və müxtəlif bəhanələrlə evin sənədləşdirilməsindən boyun qaçırmışdır. Artıq onun və oğlunun bir dələduz olduğu ona məlum olandan sonra onunla qəti məsələni həll etmək qərarına gəlmişdir. 2020-ci ilin sonları 2021-ci ilin əvvəllərində Firudin avtoqəza nəticəsində vəfat etmişdir. Bundan sonra onun oğlu Rəşada evin sənədləşdirilməli olduğunu bildirdikdə, “ev sənindir, bunu danmırıq” deyib, atasının ölümünün il mərasiminə kimi səbr etməyi xahiş etmişdir. O, da el adətinə görə bir il daha gözləməyə məcbur olmuşdur. Artıq 6 ildən çoxdur ki o, ailəsi ilə birlikdə həmin yaşayış evində yaşayır. Birinci instansiya məhkəməsi onu üçüncü şəxs kimi işə cəlb etməmiş və bununla da onun hüquq və mənafelərinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Maraqlı şəxs, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı "xxxx" KB ASC və Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsini almışdır. Bu barədə DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyatı aparılmış və çıxarışla "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Mirişli X2 rayonu, Masazır ərazi dairəsi Masazır kəndi Afiq Abdülhüseynov küçəsi ev 1A ünvanında qeydiyyatdadır və onun mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır. Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)-3258/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixdə icra sənədi verilərək icraya yönəldilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2021-ci i tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)-3258/2021 nömrəli qətnaməsi ilə onun hüquq və mənafeyinə toxunduğunu göstərib, iş üzrə onun maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(012)-3258/2021 nömrəli qərardadı ilə Maraqlı şəxs iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə maraqlı şəxs hesab olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 357.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materialları ilə müəyyən olur ki, Maraqlı şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsinə heç bir hüququ mövcud deyildir. Qanunvericiliyin tələbinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə apelyasiya şikayəti vermiş şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə Maraqlı şəxs apellyasiya şikayəti vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə apellyantın hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onun başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Maraqlı şəxs münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)-3258/2021 nömrəli qətnaməsi Maraqlı şəxs münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar