Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1369/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı1, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı1 Cavabdeh1 qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilib, İddiaçı1 övladı X8 ilə birlikdə gəlin köçüb yaşadığı, hazırda Cavabdeh1 yaşadığı Şabran rayonu, Vələsli kəndində yerləşən evə köçürülməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2011-ci ilin iyun ayında ailə həyatı qurmuş, lakin 28.11.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 08.06.2012-ci il tarixdə Fatimə adlı bir nəfər uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra o, cavabdehin yaşadığı evdə bir müddət yaşamış və onunla həmin evdə birgə təsərrüfat idarə etmişlər. Ailə münnasibətləri pozulandan sonra o, övladı ilə valideynlərinin yaşadığı mənzilə köçmüşdür. Övladı böyüdükcə orada yaşamaq çətinlik yaradır. Bu səbəbdən gəlin köçüb yaşadığı, hazırda övladının atasının yaşadığı Şabran rayonu Vələsli kəndinə köçmək zərurəti yarandığına görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, onun övladı X8 ilə birlikdə gəlin köçüb yaşadığı, hazırda Cavabdeh1 yaşadığı Şabran rayonu, Vələsli kəndində yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi 05 mart 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 27.1, 27.3, 146.2, 228.1, 228.2, 228.5-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2, 30.4, 68-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili K.M.Məmmədov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olur ki, İddiaçı1 və Cavabdeh1 2011-ci ilin iyun ayında faktiki surətdə ailə həyatı qurmuş və nikahlarını 28.11.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Həmin vaxt İddiaçı1 Şabran rayonu, Vələsli kəndində yerləşən mübahisəli yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından 08.06.2012-ci il tarixdə Fatimə adlı bir nəfər uşaqları doğulmuşdur. İddiaçı1 ailə daxilində yaranmış mübahisələrə görə yaşadığı evi tərk etmiş və valideynlərinin evinə qayıtmışdır. Hazırda tərəflər arasında mövcud olan ailə münasibətləri pozulmuş və tərəflər ayrı yaşayırlar. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli, 2(031)- 705/2012 saylı qətnaməsi ilə İddiaçı1 və Cavabdeh1 arasında 28 noyabr 2011-ci ildə Şabran rayon Əmirxanlı İƏD-si üzrə nümayəndəliyində bağlanmış 27 saylı nikah pozulmuş, Cavabdeh1 hər ayda 50 manat sabit pul məbləğində alimentin tutulub 08 iyun 2102-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X7 verilməsi qət edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-003A, kod 30411048 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 04 saylı qərarı ilə X14, X2, X9, X11, X12, X13 və X4 mülkiyyətinə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və s. məqsədi ilə 0.29 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 37,9 kv.metrdən ibarət yaşayış evinin olması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 07 fevral 2020-ci il tarixli məktubdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən Şabran rayonu, Vələsli kəndində Cavabdeh1 adına fərdi yaşayış evi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etdikdə hesab etmişdir ki, İddiaçı1 və Cavabdeh1 2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili movcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı1 həmin evə gəlin köçüb orada yaşamış, birgə təsərrüfat aparmışlar. Cavabdeh1 mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçının da həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri 2011-ci ilin iyun ayında yaranmışdır. Ona görə də, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarının təsiri altına düşür və həmin qanunvericiliyin tələblərinə uyğun olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 və 14.3-cü maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi şərh olunan hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətiçi arasında mənzildən istifadə ilə bağlı razılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz. Hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı onunla yaşayış evindən istifadə ilə bağlı bağlanan razılıq, mülki və ya ailə qanunvericiliyi ilə nəzərdə tutulan bu və ya digər müqavilənin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Mənzil qanunverciliyinin tələblərinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 övladı X8 ilə birlikdə gəlin köçüb yaşadığı, hazırda Cavabdeh1 yaşadığı Şabran rayonu, Vələsli kəndində yerləşən evə köçürülmələri barədə iddianı təmin edərkən qanunverciliyin tələbləri pozulmuş, tərəflər arasında mövcud olan hüquq münasibətlərinə düzgün hüquqi qiymət verilməmiş və sonda səhv nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilib, İddiaçı1 Cavabdeh1 qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilib, İddiaçı1 övladı X8 ilə birlikdə gəlin köçüb yaşadığı, hazırda Cavabdeh1 yaşadığı Şabran rayonu, Vələsli kəndində yerləşən evə köçürülməsi barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(031)-165/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdeh1 qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilib, İddiaçı1 övladı X8 ilə birlikdə gəlin köçüb yaşadığı, hazırda Cavabdeh1 yaşadığı Şabran rayonu, Vələsli kəndində yerləşən evə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1369/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1369/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver