Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-137/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakdan payın müəyyən olunması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X27 və X3 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)- 940/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Quşçu kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0,4351 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X8, X9, X6, X13, X22, X7 və X4 ümumi birgə mülkiyyətindədir.
2. Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 28 fevral 2007-ci ildə ölmüşdür.
3. Şamaxı RİHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 sentyabr 2022-ci il tarixli, 509 saylı arayışından görünür ki, mərhum X10 vəfat etdiyi günə kimi, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmuş və məhrumun vəfatından sonra, qardaşları İddiaçı, X14 və bacısı Cavabdeh1 adlı varisləri vardır.
4. Notariat əməliyyatı aparmaqdan imtina haqqında 06 may 2024-cü il tarixli, 1161 saylı qərardan görünür ki, miras qoyan X5 məxsus olmuş Şamaxı rayonu, Quşçu kəndində yerləşən torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalan **********44 saylı Çıxarışa əsasən, Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,4351 ha torpaq sahəsinin 1/8 hissəsi üzrə 1/3 hissədə və Torpağın mülkiyyətə verilməsinə dair JN-195 A, kod 41012018 saylı şəhadətnmayə əsasən, X2 qalan 0,45 ha torpaq sahəsindən ibarət miras əmlakda İddiaçı 1/3 hissədə payının müəyyən edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən **********44 saylı Çıxarışa əsasən, Şamaxı rayonu, Quşçu kəndində yerləşən 0,4351 ha torpaq sahəsi İddiaçı, X8, X9, X6, X13, X22, X7 və X5 məxsusdur. Eyni zamanda, X5 Şamaxı rayon AİK-nın 05 iyun 1997-ci il tarixli 108 saylı qərarı ilə 0,45 ha torpaq sahəsi verilmişdir. X10 onun bacısıdır. Bacısı Fərzidə xx.xx.2007ci il tarixdə ölmüşdür. Bacısı öldükdən sonra, bütün miras əmlak onun tərəfindən qəbul edilib və həmin mirasa sahiblik etmişdir. Hal-hazırda vərəsəliyin açılması üçün, X30 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etsə də, onlar 06 may 2024-cü il tarixli 1161 saylı qərarı ilə notariat əməliyyatını aparmaqdan imtina etmişlər. Səbəb isə göstərilmişdir ki, vərəsələr arasında payların həcmi və mirasın bölüşdürülməsi ilə bağlı mübahisə vardır.
7. Daha sonra, İddiaçı nümayəndəsi məhkəmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, yalnız X1 miras qalan **********44 saylı Çıxarışa əsasən, Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,4351 ha torpaq sahəsinin 1/8 hissəsi üzrə 1/3 hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-940/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia təmin edilmiş, X1 miras qalan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44 nömrəli çıxarışa əsasən, Şamaxı rayonu, Quşçu kəndində yerləşən 0,4351 ha torpaq sahəsinin 1/8 hissəsi üzrə 1/3 hissədə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1252, 1243.2, 1243.3, 1255, 1259-cu maddələrinin və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-940/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X10 28 fevral 2007-ci il tarixdə vəfat etdiyindən ondan qalmış 0,45 ha torpaq sahəsinə vərəsəliyin açılması müddəti çox ötmüşdür. Belə ki, 2007-ci ildə vəfat etmiş şəxsin əmlakı üçün 17 ildən sonra saxta və qanunsuz vərəsəliklər açdırıb ölmüş şəxsin əmlakının pay-bölüş edilməsi qaydası Azərbaycan Respublikasının heç bir qanununda yazılmamışdır. Odur ki, o, birinci instansiya məhkəməsində vərəsəlik açılmasına dair iddia müddətinin keçməsini məhkəməyə bildirmiş və buna görə də iddiaçı iddia müddətini ötürdüyündən onun ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dair onun tələbinə münasibət bildirməmişdir. Digər tərəfdən isə iş materiallarına daxil edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-195 A, kod 41012018 saylı şəhadətnamədən görünür ki, orada bacısının adı “Fərzidə” yox “Fəridə” yazılmışdır. Bununla əlaqədar İddiaçı “Daşınmaz Əmlakır Dövlət Kadastrı və Reyestri” X29 14 saylı Şamaxı Ərazi İdarəsinə və üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 qarşı “mərhum bacısı X4 adının çıxarışdan silinməsi” tələbi üzrə məhkəməyə müraciət etsə də Şamaxı Rayon Məhkəməsinin 2(074)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Sonra İddiaçı iddia tələbinin adını dəyişdirib yenidən başqa formada indiki iddia ərizəsini məhkəməyə təqdim etmiş və 17 il əvvəl vəfat etmiş bacılarının əmlakına məhkəmə yolu ilə qeyri-qanuni olaraq vərəsəlik açdırıb əmlakı pay-bölüş etdirmişdir. Halbuki, vərəsəliyin açılma müddəti illərlə olmaqla çox ötmüş və buna dair müddətin bərpası ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Beləliklə, vərəsəlik açılması üçün ötürülmüş 17 il müddətin üzürlü sayılaraq müddətin bərpasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından 17 il bundan əvvəl vəfat etmiş bacıları mərhum X5 məxsus daşınmaz əmlaka dair vərəsəlik açdırıb pay almağa dair Şamaxı Rayon Məhkəməsinin 2(074)-940/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qeyri-qanunidir. Bu qətnamədə yuxarıda qeyd etdiyi əsaslarda maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuş, tətbiq edilməli olan normativ aktlar və qanunlar tətbiq edilməmiş, tətbiq olunanlar isə səhv təfsir edilmişdir. Odur ki, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamış və işin bütün faktiki halları tam aydınlaşdırılmamışdır. Belə çox kobud pozuntulara yol verilməklə qət edilmiş qətnamə isə dərhal ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 öz payını Cavabdeh2 verdiyini bildirdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 və üçüncü şəxs Şamaxı Regional “ASAN” xidmət mərkəzində Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 29. Mülkiyyət hüququ (...) Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
19. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
20. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
21. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
22. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
23. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
24. Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
25. Maddə 1291.Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
26. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı
28. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.
A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarı
29. ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
31. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı
32. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
37. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. İş materiallarından müəyyən olunur ki, Şamaxı rayonu, Quşçu kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0,4351 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X8, X9, X6, X13, X22, X7 və X4 ümumi birgə mülkiyyətindədir.
44. X10 28 fevral 2007-ci ildə ölmüşdür. Qardaşları İddiaçı, Cavabdeh2, X11 və bacısı Cavabdeh1 mərhum X4 varisləridir.
45. Şamaxı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1161 nömrəli qərardan görünür ki, miras qoyan X5 məxsus olmuş Şamaxı rayonu, Quşçu kəndində yerləşən torpaq sahəsinə dair İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir.
47. Qərarda həmçinin qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
48. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, X10 28 fevral 2007-ci il tarixdə vəfat etdiyindən, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir.
49. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
50. Kollegiya qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
51. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
52. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, mübahisəli Şamaxı rayonu, Quşçu kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0,4351 ha torpaq sahəsi mərhum X10 ilə yanaşı iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmuşdur. İddiaçı ümumi birgə mülkiyyətdə olan həmin torpaq sahəsinə sahiblik və ondan istifadə etməklə faktiki olaraq mirası qəbul etmişdir.
53. Həmçinin işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, cavabdehlər, o cümlədən xx.xx.2009-cu il tarixdə vəfat etmiş digər vərəsə X11 Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduqlarını miras qoyanın vəfat etdiyi tarixdən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişlər, o cümlədən mirası faktiki qəbul etməmişlər.
54. Beləliklə kollegiya hesab edir ki, iddiaçı mirası faktiki olaraq qəbul etdiyindən, cavabdehlər, o cümlədən xx.xx.2009-cu il tarixdə vəfat etmiş digər vərəsə X11 miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına ərizə vermədiklərindən, miras qoyanın mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətlərinin olduğunu bildirmədiklərindən, həmçinin mirası faktiki olaraq qəbul etmədiklərindən, MPM-in 218.3-cü maddəsinə əsasən verilmiş tələbə qiymət verilməli olduğundan, birinci instansiya məhkəməsi mövcud iddia tələbinin təmin edilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir.
55. Kollegiya apellyasiya şikayətinin hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməli olması barədə dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-940/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-940/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.